15.03.2016

Müharibə iştirakçısı: "Ermənilər siqaretlə sinəmə xaç işarəsi çəkdilər" - Reportaj

Rizvan Məmmədvəliyev haqqında "Qarabağ qazisi: "Mənim kitelimi çıxarıb erməni meyidinin üstünə atmışdılar" — 12 iyun 1993-cü il Mərzili döyüşü" başlıqlı yazının içərisində qeyd etmişdik ki, "Malış" ləqəbli Elfaq 12 iyun Mərzili döyüşündə ermənilərə əsir düşüb.

Maraqlıdır ki, nə ermənilərin, nə də Azərbaycan tərəfinin bu döyüşlə bağlı yazdıqlarında əsir barədə bir cümləyə belə rast gəlmədik. Elfaq 1 ilə yaxın ermənilərin əlində əsir olub. Onun həmin döyüş və əsirliyi barədə yazı və video yaxın günlərdə sizə təqdim ediləcək. Bugünkü yazı isə Malış ləqəbli Elfaq Hacıyevdən bəhs edir...
Hacıyev Elfaq Kamal oğlu - Tovuz rayonunda doğulub. Hərbi xidmətə 1992-ci ildə çağırılıb. Öncə 836 saylı batalyonda, Quzanlıda təlimdə olub. Oradan birbaşa Şirin Mirzəyevin batalyonuna göndəriblər. Şirin Mirzəyevin batalyonundan isə Nail Kazımovun komandirlik etdiyi 864 saylı batalyona qoşulub. Elfaq Hacıyev rabitəçi olub. O, 1993-cü il iyun ayının 12-də Ağdamın Mərzili kəndində ermənilərə əsir düşür. Təxminən bir ilə yaxın əsirlik həyatı yaşayıb.
12 iyun 1993-cü il Mərzilidə erməni UAZ-nın vurulması ilə bağlı araşdırmanı davam etdiririk.
12 iyun 1993-cü ildə Mərzilidə erməni UAZ-nın vurulması ilə bağlı ermənilər də, bizimkilər də yazıb, pozub, hətta PDM 258 adlı film də çəkiblər. Ancaq 12 iyun 1993-cü ildə Mərzilidə erməni UAZ-nın vurulması ilə bağlı nə erməni, nə də bizim versiyada əsir haqqında bir cümlə belə yazılmayıb. Erməniləri başa düşmək olar. Ona görə ki, həmin UAZ-da olan dörd zabitin dördü də o döyüşdə bizim əsgərlərimiz tərəfindən öldürülüb. Onlar bu döyüş haqqında məlumatı yalnız o döyüşdə olan, əsir götürdükləri Elfaq Hacıyev tərəfindən ala bilərdilər. Bizimkilər isə araşdırmadan, o döyüşdə qəhrəmanlıqla döyüşənləri tapmadan bu məsələ haqqında hətta film də çəkiblər...
Rizvan Məmmədvəliyev və Fərrux Əsədovla reportajda onlar həmin döyüş zamanı rabitəçinin əsir düşdüyünü bildirmişdilər. Həmin andan Elfaq Hacıyevi axtarmağa başladıq. Bizə Elfaq Hacıyevi tapmaqda BMP tağımının komandiri Şakir Hacıyev kömək etdi. Elfaq Hacıyevlə reportajı Gəncə şəhərində Şakir Hacıyevin evində etdik.
Ölkə.Az Elfaq Hacıyevlə 12 iyun 1993-cü il Mərzili döyüşü və əsirlik həyatı barədə olan reportajı sizə təqdim edir:
Elfaq Hacıyev 12 iyun 1993-cü ildə Mərzilidə erməni UAZ-nın vurulmasından və əsirlik həyatından danışır...
- Döyüş nə zaman başladı?
- 12 iyun 1993-cü ildə həyəcan siqnalı verildi. Ağdam istiqamətində getdik. Sonradan dedilər, ermənilər Yusifcanlı və Qiyaməddinliyə hücum edib. Biz batalyondan çıxanda mən və köməkçi rabitəçim QAZ 53-də idik. Novruzlu Mərzili arasında "BMP 1"ə mindik. Orada dedilər kim Mərziliyə gedər? Bizim "BMP 1"in ekipaj komandiri Rizvan Məmmədvəliyev bildirdi ki, biz gedərik. Yola düşdük Mərzili kəndinə. Rizvanla bir nəfər kəşfiyyat üçün "BMP 1"dən düşdü. Onları gözlədik. Rizvan bizə irəli işarəsi verdi, biz də Mərziliyə girdik. Rizvanla yanındakı əsgəri götürmədik. Mərzilinin içərisində heç kim yox idi. Nə erməni var idi, nə də bizimkilər. Bir neçə yerdə ot tayası yanırdı. Gəlib kəndin düz axırına çıxdıq. Orada özümüzə mövqe seçdik. Rizvanla yanındakı əsgər gəlib çıxdı. Rizvan uşaqları yerbəyer edəndən sonra çıxdı yaxındakı evin üstünə. Mən də çıxdım onun yanına. Hara gəldiyimiz barədə qərargaha xəbər verməli idim. Gördük Qiyaməddinlidən tanklar gəlir. Biz də bu barədə qərərgaha xəbər verdik, Rizvan rabitə ilə bildirdi ki, minamiyotdan atəş açın, dəqiq istiqaməti deyək, ancaq atəş açan olmadı. Yuxarıdan baxanda toz dumanla, sürətlə gələn maşın gördük. Oradan düşdük aşağı. "BMP 1"in sağ tərəfindən irəlidə dayanmışdım. Bir anda UAZ peyda oldu. "BMP 1"dən bir neçə atəş açıldı. Sonra Rizvan avtomatdan atəş açdı, mən də arxadan UAZ tərəfə güllələr atmağa başladım. UAZ-ın içərisində 4 nəfər idi. Dördünü də 7-8 metrdən gördüm. Rabitəçi köməkçim yaralanmışdı. Onu çəkdim tor hasarın dibinə. Onun yanında dayanmışdım. Atışma sakitləşdi. Yaralı zarıyırdı. Bu zaman erməni tankları çatdı...
Qaçış və əsirlik

- Mən arada qalmışdım. Bizim uşaqlardan ayrı düşmüşdüm. Erməni tankı dayandı. Tankın üstündən 10-15 nəfər töküldü. Rabitə aparatı belimdə, çox ağır idi, avtomat yaralının yanında qalmışdı. Qaçdım. 100-150 metr qaçdım, qaça bilmədim. Arxamca atırdılar. Hiss elədim ayağıma istilik gəldi. Elektrik yarımstansiya var idi, orada daşdan tikili var idi, orada gizləndim. Həyəcandan, qorxudan rabitəni ata da bilmədim. Bir erməni gəlib avtomatla dayandığım yerə xeyli güllə atdı, ancaq mənə dəymədi, ona görə ki, tikilinin içərisində gizlənmişdim. Qışqırdı, nə isə ermənicə dedi, gəlib məni oradan çıxardılar. Çıxardan kimi məni döydülər, əlimi arxadan bağladılar. Məni tankın üstünə atdılar. Gözümün qabağında tor hasarın dibinə çəkdiyim yaralını güllələyib öldürdülər. Özlərinə aid olan 4 meyidi tankın içərisinə qoydular, məni də tankın üstünə bağladılar.
UAZ-da olanlar hamısı yüksək rütbəli erməni zabitləri idi.
- Bizimkilər və ermənilər deyir ki, orada ölən ermənilərdən birinin başına "BMP"dən atılan mərmi dəyib. Meyidlər sənin gözünün qabağında yüklənib. Başından ağır yara alan var idi orada?
- Yox. Orada ölənlər hamısı avtomat gülləsi ilə vurulmuşdu.
- Səni oradan hara apardılar?
- Məni Martuniyə apardılar.
Və əsirlik həyatı başlayır...
- Martunidə məni hərbi hissənin yanacaq saxlanan yerindəki məftil torun arasına qoydular. Döymək istəyirdilər, ancaq zabitlər qoymadı, onsuz da qanın içində idim. Aradan bir müddət keçəndən sonra bir erməni gəlib kəlbətinlə qızıl dişim var idi, onu çıxartdı. 3 sutka suyun içərisində saxladılar. Sonra məni polis idarəsinə apardılar. Orada özümdən getmişəm, bir də səhərisi gün ayılmışam.
Elfaq əsirlik həyatından danışanda elə bil o anları yaşayırmış kimi həyəcan keçirirdi.
Elfaq Hacıyev sinəsini açıb göstərir. Ermənilər Elfaqın sinəsinə siqaret közü ilə xaç işarəsi çəkiblər. İzləri hələ də durur. Elfaqın beli mismarla deşik-deşikdir. Bir barmağını isə bıçaqla kəsiblər.
- 6 aydan sonra barmağıma Qırmızı Aypara tikiş vurdu. Ayağımda güllə yarası var idi, yaranın qanı kəsən kimi təpiklə vurub yenidən qanadırdılar. Hər gün döyürdülər. Hər gün. Ayağımdan asıb döyürdülər. Ayağımdan asırdılar, 7-8 saat sonra gəlib açırdılar. Kimin kefi necə istəyirdi elə döyürdü. Mərzilidə ölənlərin dördü də yüksək rütbəli zabitlər idi. Deyirdilər, ölənlərin qəbri üstündə sənin başını kəsəcəyik.
- Yemək içmək verirdilər?
- Gün ərzində 1 çörəyin dörddə birini, bir stəkan da su verirdilər.
- Martunidən hara apardılar səni?
- Martunidən Xankəndinə apardılar. Xankəndindən gətirdilər Şuşa türməsinə. Şuşa türməsində bir müddət qalandan sonra bıçaqla kəsdikləri barmağım şişdi. Yenidən Xankəndinə aparıb əlimə tikiş vurdular.
- Bizim kəndçiləri harada gördün?
- Yusifcanlıdan Mirzə kişi, Ənnağı kişi və Ənnağı kişinin arvadı Kəklik xalanı Martunidə türmədə gördüm. Kəklik xalanı dəyişdirəndə orada idim. Kəklik xala dəyişilənə qədər bizimkilər elə bilirmiş ki, ölmüşəm. Əsirlikdən qurtardığım üçün Kəklik xalaya borcluyam.
Mənim Qarabağ istiqamətində dəyişdirilməyim imkansız idi. Albert Vaskaryan adlı bir nəfər, əsir dəyişdirməklə məşğul idi. Qarabağdakı bütün əsirlər Albetr Vaskaryanın əli ilə dəyişdirilirdi. O məni Qarabağ zonasından çıxardı. Oranın qərargah rəisinin bacısı oğlu atası ilə Fizulidə qarətdə olanda bizimkilər onlardan birini öldürüb, birini isə əsir saxlamışdılar. Məni kəfəndə maşının yük yerində İrəvana gətirdilər. Məni Qarabağ istiqamətindən sağ dəyişməzdilər, ona görə ki, əsir düşdüyüm döyüşdə dörd yüksək rütbəli erməni zabitini öldürmüşdük. Tovuza gətirdilər. Tovuzda atışma olduğu üçün Tovuz istiqamətində yox, Noyanberyanda, Qazağın Kəmərli kəndində dəyişdilər...
Elfaqla söhbətdən sonra onunla Martunidə əsirlikdə olan Ağdamın Yusifcanlı kəndindən olan Ənnağı kişigilə yollandıq. Ənnağı kişi əsirlik haqqında danışmaq istəmədi. Əsirlikdən bir müddət sonra həyat yoldaşı Kəklik xanım dünyasını dəyişmişdi. Ancaq Elfaqa verilən zülümlər haqqında bir onu deyə bildi ki, ona baxanda elə bil biz istirahət mərkəzində idik...
Elfaq Hacıyevin 12 iyun 1993-cü il Mərzilidə UAZ-ın vurulması zamanı döyüşdə iştirakı, əsir düşməsi bir daha o döyüş toqquşması haqqında indiyənə qədər yazılıb, çəkilənləri yalanlayır...

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics