10.05.2021

Müdafiə Nazirliyində YENİ “BAZAR": MAXE-lərin xidmətə götürülməsi üçün nə qədər rüşvət tələb olunur? - İDDİA

Azərbaycan ordusunun Türkiyə modelinə keçəcəyinin bəyan edilməsinə, o cümlədən, türkiyəli hərbçilərin bu prosesə yardım göstərməsinə baxmayaraq, ölkənin Silahlı Qüvvələrində kök atmış bazar təfəkkürlü kadrlar həyata keçirilən dəyişikliklərə mane olmaqdadırlar.

Xatırladaq ki, 2019-cu il martın 6-da 100-ə yaxın gənc və onların valideynləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (TTM) qarşısında toplaşaraq Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu, gizir olmaq üçün rüşvət yığılmasına etirazlarını bildirmişdilər.

Qarabağ müharibəsində gah “bufer zona”ya, gah da cəbhə xəttinə çevrilən qəbiristanlıqlar

Ağdam işğal ediləndə cəmi 6 yaşım vardı. Ağdamla, kəndimiz Yusifcanlı ilə bağlı xatirələrim bir uşağın yaddaşına sığacaq qədər idi. Şəhərdəki Cümə məscidini, Çay evini, “İmarət” stadionunu, Qarağacı qəbirstanlığını çox az xatırlayırdım. Kəndimiz Yusifcanlını xəyalımda diri tutan xatirələri isə qoruyurdum. Onları tez-tez xatırlayırdım ki, nə zamansa kəndimizə qayıtsaq, o xatirələrin izini tapa bilim.

Orduda mümkün təyinatlar: Müdafiə naziri, BQR, Quru Qoşunları komandanı...

Bu gün Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynovun, Nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyevin və Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi general-mayor Lənkəran Əliyevin təqaüdə göndərilməsi müzakirə mövzusuna çevrilib. Bu məsələyə toxunmadan öncə diqqət çəkəcəyimiz mövzular var.

Müdafiə nazirliyində vakansiyaların sayı çoxdur. Müharibə vaxtı və sonra istefaya və təqaüdə göndərilən generalların sayı 10-dan çoxdur. Onların yerinə isə təyinat yoxdur. Yalnız üçüncü ordu korpusuna komandir təyinatı olub. Müharibənin başladığı ilk günlərdən ordu Baş Qərargah rəissiz qalıb. Müharibə Baş Qərargah rəisi olmadan davam edib və qələbə əldə edilib. Tarixdə bunun analogiyasına rast gəlmək mümkün deyil.

9.05.2021

Müdafiə Nazirliyindən könüllülərə ABSURD CAVAB: “Döyüş zamanı silahlar sizə qeyri-qanuni verilib” - İLGİNC İDDİA

Vətən Müharibəsində çağırışçılar, qismən səfərbərliklə ordu sıralarına cəlb edilənlərlə yanaşı, könüllülər də fəal iştirak edib.

Könüllülər daha çox Birinci Qarabağ müharibəsinin iştirakçıları, əraziləri yaxşı tanıyan şəxslərdən ibarət olub. Aralarında Birinci Qarabağ müharibəsində iştirak etməyib, səfərbərlik xətti ilə çağırılmayıb, öz istəyi ilə cəbhəyə yollananlar da az deyildi. Ağdam, Füzuli, Xocavənd, Laçın və digər rayonlardan olan könüllülər cəbhənin demək olar, bütün istiqamətlərində gedən döyüşlərdə iştirak ediblər. Onların müəyyən hissəsi birbaşa döyüş əməliyyatlarına qatılmasalar da, bütün hallarda ön xətdə xidmət keçiblər.

Rusların Xocalıda parad hazırlığı... Şuşada alternativ parad... Tribunadakı siluetlər

Hərbi parad həm də güc nümayişidir. Rusiyanın Qarabağın işğaldan azad edilməmiş ərazilərində hərbi parada hazırlaşması güclə bərabər, bölgədə söz sahibi olmağa da işarə kimi dəyərləndirilə bilər. Rusiya sülhməramlıları Qarabağda bəlli bir missiya yerinə yetirmək üçün gəliblər. Sülhməramlı qüvvələrin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi bir vaxtda hərbi parad üçün məşqlərə, özü də Xocalıda hazırlaşması yaxşı niyyət göstəricisi ola bilməz.

Rusiya tərəfi yaxşı bilir ki, Azərbaycan cəmiyyəti buna səssiz qalmayacaq. Yaxşı, Rusiya bunu bildiyi halda niyə belə davranər? Rusiya bu addımı atmaqla “İsgəndər-M” raketi ətrafındakı müzakirələrdən cəmiyyəti yayındırmaq istəyir. Hətta Azərbaycan dövlətinə də mesaj göndərir ki, ərazidəyəm, istədiyimi edərəm.

Mina "səpilmiş" çöllər... Yararsız texnika... İtirilən canlar...

Müharibə bitib. Azərbaycan işğal altında olan torpaqlarını azad edəndən sonra əsas gündəm məsələsi minalanmış ərazilərin təmizlənməsi, mina xəritələrinin Azərbaycana verilməsidir.

Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bunun bir neçə səbəbi var. Birincisi erməni tərəfi mina xəritələrini verməməklə Azərbaycana təzyiq etdiyini düşünür. Belə desək, Ermənistan savaş meydanında məğlubiyyətdən, ərazilər əlindən çıxandan sonra Azərbaycana necə ziyan vura biləcəyini hesablayır. Xəritələrin verilməsi təbii ki, Azərbaycanın işini asanlaşdıracaq. Ermənistan tərəfi isə bundan imtina edir. Çünki, ərazilər minalardan nə qədər tez təmizlənsə, işğaldan azad edilmiş torpaqlara qayıdış da o qədər tez baş tutacaq.

Paşinyanın Azərbaycana verdiyi “koordinatlar”... - Rusiyanın “İsgəndər” boşboğazlığı...

Şuşada “İsgəndər-M” raketinin qalıqları tapılandan bəri Rusiya rəsmiləri söhbətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirir, Azərbaycanda olan bəzi ekspertlər isə bunun gerçək olmadığını “isbatlamaq” üçün əlindən gələni edir. “İsgəndər-M” raketinin atılması və onun ətrafında gedən söhbətlər mənə heç də təəccüblü gəlmir. Bütün dünya bilir, Qarabağ münaqişəsini yaradan və və qanlı müharibəyə çevirən məhz Rusiyadır.

Şuşada qalıqları aşkarlanan “İsgəndər-M” raketi
“O münaqişə 1988-ci ilin əvvəlindən alovlandı” deyənlərə qısa formada bildirmək istəyirəm ki, Rusiya rəsmən özünü SSRİ-nin varisi elan edib. Birinci Qarabağ müharibəsində Ermənistan məhz Rusiyanın hərbi dəstəyi və iştirakı ilə işğal faktını gerçəkləşdirmişdi. 366-cı motoatıcı alayın Xocalı Soyqırımının törədilməsində birbaşa əlinin olduğu da ehtimal yox, faktdır. Bundan əlavə, Rusiya hər zaman imitasiyadan başqa bir şey olmayan danışıqlar prosesində də Ermənistanı dəstəkləyib. Rusiya münaqişə tərəflərini daim təzyiq altında saxlayaraq, bölgədə istədiyi oyunu oynayıb.

Əli ətəyindən uzun Rüstəm Muradov... Rusiyadan sürpriz zəng... və gözlənilməz səfər

Bir həftədən çoxdur, Azərbaycanla Rusiya arasında gərginlik yaşanır. Şuşaya atılan “İsgəndər-M” raketinin qalıqlarının ictimailəşdirilməsi ilə başlayan gərginlik davam etməkdədir. Məsələ artıq təkcə Azərbaycanda yox, bütün dünyada müzakirə mövzusuna çevrilib.

Rusiya hər vəchlə raketin atılmasından xəbərsiz olduğunu iddia etsə də, faktlar, sübutlar rəsmi Moskvanın artıq küncə sıxışdığını göstərir. Təsəvvür edin, nüvə başlığını daşıya biləcək raket havalanacaq və Rusiyanın radiolokasiya sistemləri bunu qeydə almayacaq… Nüvə başlığı daşıyacaq raket ölkədən çıxacaq, bundan rəsmi Moskvanın xəbəri olmayacaq… Absurddur. Məgər bu, siqaret qaçaqmalçılığıdır?

Dörd bacının məzarını ayıran səngər... Aparılmayan yeganə mərmər başdaşı...

Azərbaycan tarixinə baxdıqda, Araz çayının bütöv xalqı ikiyə ayırdığını, aradan sərhəd kimi keçdiyini bilirik. Ancaq bacıların qəbirləri arasından keçən səngər daha çox zərurətdən doğan anlayışdır. Bacıları bir-birindən ayıran səngər Yusifcanlı qəbiristanlığından keçir. Azərbaycan xalqını iki yerə Araz çayı ayırdığı kimi, Yusifcanlı camaatını da, daha doğrsunu desək, qəbirlərini bir çay iki yerə ayırır.

Savaş ritorikası və səfərbərlik fəallığı... Bu, müharibənin yenidən başlayacağı deməkdir?

Son günlər cəmiyyətimizdə müharibə ritorikası artmaqdadır. Bunun müxtəlif səbəbləri var.

Qarabağın işğaldan tam azad edilməməsi, Qarabağın dağlıq hissəsində hələ də erməni silahlılarının qalması və Ermənistanda revanşistlərin fəallaşması insanların beynində müharibənin yenidən başlayacağı düşüncəsini qabardır.

Son günlər Ermənistanda hərbi çevriliş cəhdi, generalların baş nazir Nikol Paşinyanın istefasını tələb etmələri bu qənaəti gücləndirib. Müharibənin bitdiyini deyirik, ancaq hər birimiz yaxşı bilirik ki, müharibə sülh müqaviləsi ilə bitir. 44 günlük müharibədən sonra əlimzdə olan tək şey üçtərəfli bəyanatdır. O bəyanatın icrasının qarantı isə Rusiyadır.

Xarabalıqdan baş qaldıran Ağdam... Qızıl dişləri sökülən meyitlər...

İşğaldan azad edilmiş ərazilərimizə hər səfərdə erməni vandalizminin yeni nümunələri ilə qarşılaşırıq. Başqa sözlə desək, həmin ərazilər minalardan təmizləndikcə, ermənilərin Qarabağda törətdikləri iyrəncliklər gün üzünə çıxır.

Bu, müharibədən sonra Ağdama üçüncü səfərimdir. Bir şeyi anladım ki, üçüncü də olsa, on üçündü də olsa, fərqli duyğular yaşayıram. Görəcəyimiz işlə bağlı Ağdama Mərzili kəndi istiqamətindən girməli idik. Sadəcə, səfərimizin əsas məqsədi olan Yusifcanlı kənd qəbirstanlığına giriş oradan imkansız olduğu üçün Ağdam şəhərinə doğru üz tutduq.

Qarabulaq, Ağoğlan və üzə çıxan tarix - Səxavət Məmmədin SƏFƏR TƏƏSSÜRATI

Müharibələr fəsadsız ötüşmür, ancaq Qarabağ başlı başına fəsadlarla doludur.

Müharibə vaxtı cənub cəbhəsi sayılan ərazilərə səfər edirik. İlk dayandığımız məntəqə Füzuli rayonunun Alxanlı kəndidir. Alxanlıdakı giriş-çıxış postunda dayanıb gözləyəndə qəribə hisslər keçirirəm. Müharibə vaxtı burada olanda hər yer saysız-hesabsız hərbi texnikalarla dolmuşdu. Vurulmuş, sıradan çıxmış, yanmış texnikaların qəbiristanlığını xatırladan ərazidə indi qoyunların otladığını görəndə, mərmi səsi əvəzinə çobanın fitini eşidəndə adam, həqiqətən, qəribə olur. Gizli şəkildə, hərbçilərə qoşulub keçdiyin əraziyə indi mülki formada keçmək də varmış.

Müdafiə Nazirliyinin “operativliyi” və “fenomen” generalların səssiz qeybi

Azərbaycan Silahlı Qüvvələri 4-cü Ordu Korpusunun komandiri, general-leytenant Rövşən Əkbərov və 3-cü Ordu Korpusunun komandiri, general-mayor Xəqani Cəbrayılov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifələrindən azad ediliblər.

Xatırladaq ki, Müdafiə Nazirliyi bundan bir neçə gün öncə Baş Qərargahın rəisi,  general-polkovik Nəcməddin Sadıkovun da “ehtiyata buraxıldığını” açıqlamışdı.

Hədəfə alınan xalq... Xocalı ilə “inkişaf yolu” arasında seçim

Müharibədən öncə Azərbaycan xalqını qorxaqlıqda ittiham edənlər hərbi qələbədən sonra deyirlər ki, insanlarımız “Qələbəmizin mahiyyətini anlamırlar”.

Azərbaycan xalqının qorxaq olmadığını, bir qığılcıma bənd olduğunu dəfələrlə yazmışdım, bu müharibə də sübut etdi ki, ölümün üstünə qorxmadan, gülərək getməyi bacarırırq.

Gələk, “Qələbəmizin mahiyyətini anlamırlar” iddiasına. Bunu yazanlar, deyənlər özlərini son dərəcə ağıllı, geopolitik təfəkkür yiyəsi hesab edirlər. Gümrüdən dəm vurub, okeanın o tayından çıxırlar. Azərbaycanın dünyadakı imicindən, iqtisadi layihələrdən, tərəfdaşlıqlardan bəhs edirlər.

Xanlar Vəliyevin “Tik-Tok” istinadı və Hərbi Prokurorluğun “görmədiyi” qanunsuzluqlar...

Düşmən gülləsindən qorxmayan əsgər və zabitlərimiz Hərbi Prokurorluğun “qələm”i qarşısında sındırılır.

Saytımızda dərc olunan “Xanlar Vəliyevin “DƏYİŞMƏZ HƏDƏF”İ: Hərbi prokurorluq niyə xain generalları yox, qalib əsgəri əzir?” yazısından sonra onlarla hərbçi redaksiyaya şikayət məktubu göndərərək, problemləri barədə məlumat veriblər.

Hərbçilərin sözlərinə görə, Hərbi Prokurorluq onları sözün əsl mənasında cana yığıb. Hərbi Prokurorluğun müstəntiqləri döyüşlərin gedişində yaralanaraq huşunu itirən, bu zaman üzərlərində hansı ləvazimatların olduğunu xatırlamayan hərbçilərə münasibətdə hədsiz aqressivliklə davranaraq, onlardan xəritə və silahların yerini söyləməyi tələb edirlər.

4.02.2021

Hərbi hissə - 1-ci Ordu Korpusu – Müdafiə Nazirliyi... “Bermud üçbucağı”nda “batan” sənəd


Müharibə bitsə də, bəzi problemləri hələ də qalmaqdadır. Müharibədən sonra problemləri aradan qaldırmaq üçün Müdafiə Nazirliyində komissiya yaradılıb. Nazirlik hətta açıqlama yaydı ki, problemləri ictimailəşdirməyin, komissiyaya müraciət edin, məsələ öz həllini tapacaq.

Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsində həqiqi hərbi xidmətdə olanlar və qismən səfərbərliyə cəlb olunanlarla yanaşı, çox sayda könüllü vətəndaş da ərazilərimizin işğaldan azad edilməsi uğrunda vuruşub.

31.01.2021

Xanlar Vəliyevin “DƏYİŞMƏZ HƏDƏF”İ: Hərbi prokurorluq niyə xain generalları yox, qalib əsgəri əzir?

 

Müharibədən bir müddət əvvəl əlaqə saxladığım, dost olduğum hərbçilərə belə bir sual ünvanlamışdım: “Ən çox nədən qorxursunuz?” Bir çoxu “heç nədən”, – deyirdi. Belə olanda, sualı konkretləşdirib, “Ermənidən daha çox qorxursunuz, yoxsa hərbi prokurorluqdan?” Hər biri eyni cavab vermişdi – “Hərbi prokurorluqdan”.

Maraqlısı ondadır ki, onların hamısı hərbi prokurorluqdan niyə qorxduqlarının səbəbini də uzun-uzun açıqlayırdılar. Təsəvvür edirsiniz, düşmənlə üzbəüz dayanan hərbçi önündən yox, arxadan, hərbi prokurorluqdan qorxur.

Zakir Həsənovun şəhid ailələri ilə görüşməyə vaxtı yoxdursa...

Dünən 30-a yaxın şəhid ailəsinin üzvləri Vətən müharibəsində canından keçmiş doğmalarının qeyri-münasib ərazilərdə deyil, Fəxri Xiyabanda dəfn olunmaları tələbilə etiraz aksiyası keçirdilər. Əslində, bu, həmin şəhid ailələrinin qeyd olunan məsələyə yönəlik ilk etirazı deyildi. Bundan əvvəl də bir neçə dəfə aksiya keçirilmişdi.

Dünən şəhid ailələrini, belə desək, bir sıra dövlət qurumlarını qapı-qapı gəzdirdilər. Onlar öncə Müdafiə Nazirliyində, ardından Nazirlər Kabinetində, daha sonra isə Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzinin (TTM) və Dövlət Təhlükəsizliyi Xidmətinin qarşısında olublar, TTM və DTX-nın qarşısında isə yolu kəsiblər.

24.01.2021

İki nazirin fiaskoya uğrayan maaş əməliyyatı - Səxavət Məmməd yazır

Bir neçə gündür ki, cəbhədə xidmət edən hərbçilərin maaşlarının bir qata endirilməsi ilə bağlı müzakirələr gedir. İnformasiyanı əldə etdiyim günün səhərisi, yəni, 19 yanvar 2021-ci il tarixində Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladım. Nazirlikdən rəsmi olaraq bildirildi ki, “belə bir məsələ yoxdur”.

Ancaq elə həmin gün, axşam saatlarında korpuslarda iclaslar bitəndən sonra məlumat əldə etdim ki, iclasda maaşların bir qat hesablanacağı açıqlanıb. Artıq dünən axşam saatlarında hərbçilərin maaşları kartlarına vurulduqdan sonra nazirliyin belə bir məsələ yoxdur deməsinə də, hərbçilərin narahatlığına da, tam aydınlıq gəlmiş oldu. Bəli, bütün hərbçilərin maaşları bir qat olaraq hesablanıb. Yalnız pilotların və Xüsusi Təyinatlı Qüvvələrin maaşları olduğu kimi qalıb. Korpusların Xüsusi Təyinatlı Qüvvələri də maaşlarını bir qat alıblar.

22.01.2021

İşin ucunda ölüm olan peşəyə rüşvət tələb edirlər

Cəmiyyətimizin ən böyük bəlası rüşvətxorluqdur. İstər hərbi olsun, istər səhiyyə, istər təhsil, istərsə də digər sahələr. Hərb sahəni götürüm.

Müharibədən öncə Müdafiə nazirliyindəki problemlərdən yazanda, hərbi məmurların orduya zərər verdiyini deyəndə, "erməni görür çətir"i ilə tökülürdülər. Əsaslandırmaları da bu idi - erməni izləyir, erməni görür, bizə güləcəklər. Nə oldu? Bu qədər tənqidlərə, faktlara baxmayaraq həmin adamlar qorundu, saxlandı, müharibə başlayandan bir neçə gün sonra anlaşıldı ki, əslində bunlar nəinki yarasız adamlardı, etdikləri əməllər hətta xəyanətə bərabərdir. Qovuldular.
Real Time Analytics