Ümumiyyətlə, Qarabağ elə bir münaqişədir ki, orada təmsil olunan hər ölkə, hər qurum alverçiliklə məşğuldur. Rusiya sülhməramlıları silah daşıyır, benzin satır, BQXK də telefon, siqaret, benzin işinə baxır.
BQXK Cenevrə Konvensiyasının müddəaları ilə fəaliyyət göstərməlidir. Beynəlxalq hümanitar hüquqa görə BQXK tərəf deyil. Qurum fəaliyyətini xidmət etdikləri ölkələrin qanunlarına uyğunlaşdırırlar. BQXK-nin Azərbaycan nümayəndəliyi türkiyəlilər demiş kitabına uyğun fəaliyyət göstərir. Məsələ ondadır ki, Ermənistan nümayəndəliyi özbaşınalıqla məşğuldur. Qurumun Ermənistan nümayəndəliyi elə bir vəziyyətdə fəaliyyət göstərir ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü quruma məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bunu BQXK də etiraf edir. Hesab edirəm ki, qurum Ermənistan nümayəndəliyi ilə bağlı ölçü götürməlidir.
Təkcə Qarabağ yox, demək olar ki, bütün münaqişələrdə BQXK daim tənqid olunur. BQXK nümayəndələrinin casusluq fəaliyyəti ilə məşğul olması barədə də kifayət qədər informasiyalar var. Casusluq fəaliyyətinin olması normal haldır. Hər nə qədər arzuolunmaz olsa da, casusluq ciddi bir işdir. Ancaq BQXK nümayəndələrinin alverçilik etməsi qurumun bütün imicini yerlə bir edən şeydir. Yeri gəlmişkən BQXK həmin 4 sürücünün müqaviləsinə xitam verib. Eynən Azərbaycanda böyük bir hadisədən sonra "jek" müdirinin həbs edilməsi kimi.
Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti də çəkilən misallar sırasındadır. Sözdə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin edirlər. Ancaq rus ordusu Qarabağa girdiyi gündən ancaq Qarabağda yaşayan ermənilərin güclənməsi üçün fəaliyyət göstərib. Zaman-zaman ermənilər Qarabağdan qaçmasın deyə evlər tikdilər, onların su problemini həll etdilər, silahlanmalarına yardım etdilər, döyüş qabiliyyətlərinin artırılması üçün təlimlər verdilər. BQXK də hümanitar fəaliyyət adı altında məlum olur ki, siqaret, telefon, telefon platası, benzin alveri ilə məşğul olur.
Rəsmi Bakı dəfələrlə bu iki "tərəfsiz"in fəaliyyətindən narahat olduğunu dilə gətirib. Hətta Azərbaycan tərəfi Rusiya qarşısında tələb qoydu ki, sülhməramlılara gedəcək təminat İrəvəndan yox, Ağdamdan getsin. Moskva hələ də bu tələblə bağlı mövqe açıqlamayıb. Qarabağ Azərbaycanın tərkib hissəsidir və bunu bütün dünya qəbul edir. Qarabağda yaşayan əhaliyə hümanitar yardım lazımdırsa və bunu BQXK həyata keçirəcəksə, yardım Ermənistandan yox, Azərbaycandan gedə bilər. Azərbaycan BQXK qarşısında bu tələblə də çıxış edə bilər.
Bir anlıq təsəvvür edək, indiki məqamda bu qədər qanunsuz fəaliyyət aşkar olunursa, sərhəd-buraxılış məntəqəsi qoyulmamışdan əvvəl nələr baş verirmiş. Qarabağ qanunsuz olan hər şeyin məskəninə çevrilib. Separatçı rejimin, Ermənistan hakimiyyətinin hər dəfə Qarabağda hümanitar böhran yaşanır deməsini anlamaq olar. Çünki Qarabağda qanunsuz hər cür fəaliyyət növü ilə məşğul olmaq rahat olub. Qarabağ bir növ çirkli işlərin görülməsi üçün cənnət rolunu oynayıb.
BQXK nümayəndələrinin məlum fəaliyyətinin qarşısı alınandan sonra sərhəd-buraxılış məntəqəsi Azərbaycan tərəfindən yenidən bağlanıb. Artıq sərhəd-buraxılış məntəqəsi açıldığından bu günə qədər ikinci dəfədir ki, bağlanır. Birinci dəfə buna səbəb Ermənistan sərhədçiləri tərəfindən Azərbaycan sərhədçisinin snayperlə vurulması oldu, ikinci dəfə isə BQXK-nin Ermənistan nümayəndələri tərəfindən hümanitar xarakter daşımayan malların keçirilməsinə cəhd zamanı.
Hər dəfə sərhəd-buraxılış məntəqəsi bağlandıqdan sonra erməni tərəfi hümanitar böhrandan dəm vurur. Ermənistan nəticə ilə bağlı hay-küy salır. Ancaq nəticəyə gətirən səbəbləri gözardı edir. Ermənistan əgər Qarabağda yaşayan ermənilərin taleyinə belə canı yanırsa, səbəb yaratmamalıdır, yaxud səbəblərin yaranmasının qarşısını almalıdır. Misal üçün həmin hümanitar yüklər qarşı tərəfin də sərhəd-buraxılış məntəqəsindən keçib. Erməni sərhədçiləri bilmir ki, BQXK maşınında telefon, siqaret, benzin daşınmaz? Yaxud bilmirlər ki, Azərbaycan tərəfi bu yükü buraxmayacaq və ardınca sərhədi bağlayacaq?
Dolayısı ilə bu məsələdə qaşıyana yox, qaşınana baxmaq lazımdır.
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder