20.07.2023

Regionda gərginlik və bunun səbəbləri - ANALİZ

Azərbaycanla Ermənistan arasında hər nə qədər sülh danışıqları getsə də, gərginlik səngimək bilmir.

Gerçəkci olmaq gərəkirsə, gərginlik artan xəttlə gedəcək. Rusiya sülhməramlılarının 5 illik müddətinin tamam olması vaxtı daraldıca atışmaların, mövqe döyüşlərinin, təxribatların sayı artacaq.

Son günlər istər dövlət sərhədi, istərsə də Qarabağ istiqamətində gərginlik var və dünən tərəflər arasında mövqe döyüşləri baş verdi.

Mövqe döyüşlərinə keçməzdən əvvəl qeyd etmək lazımdır ki, Laçında qurulmuş sərhəd-buraxılış məntəqəsi həm Ermənistanı, həm Rusiyanı, həm də Qarabağdakı separatçı rejimi ciddi narahat etməyə başlayıb. Çünki artıq Qarabağın erməni əhalisi ilə Azərbaycan arasında təmaslar başlayıb. Bu təmaslar artması yalnız Azərbaycanın xeyrinədir. Bunu həzm etməyən qüvvələr sərhəd-buraxılış məntəqəsində təxribat törədəcəkdi, necə ki, dünən bu hal yaşandı.

Rusiya Xarici işlər nazirliyinin sözcüsü Maria Zaxarova açıq şəkildə bəyan etdi ki, ABŞ Qarabağda yaşayan ermənilərə Azərbaycanla təmaslar qurmağın lazımlığını bildirir. Rusiya rəsmi ağızla narahat olduğunu dilə gətirir. Bu o anlama gəlir ki, təmasların olmaması üçün rəsmi Moskva regionda gərginliyin artması üçün əlindən gələni edəcək. Yeri gəlmişkən Nikol Paşinyan hakimiyyəti də yaranmış vəziyyətdən mənundur. Onsuz da sülhə imza atacağı təqdirdə daxildə çox ciddi problemlərlə üz-üzə qalacağını bilən Paşinyan yaranmış gərgin vəziyyətdən istəfadə edəcək, danışıqlardan yayınmağa çalışacaq.

Dünən baş verən hadisənin bünövrəsi əslində bir gün əvvəldən qoyulmuşdu. Erməni snayperlər Azərbaycan bayrağı aslmış dirəyi vuraraq sıradan çıxarmışdı. Dünən həmin bayraq dirəyi yenilənərkən erməni snayper Azərbaycan hərbçisini vurdu. Ardınca isə Zəngilan istiqamətində ciddi mövqe döyeşləri baş verdi. Yeri gəlmişkən Azərbaycan ordusu Zəngilan istiqamətində minaatanlardan, dronlardan istifadə edərək qarşı tərəfin bütün hərbi mövqelərini darmadağın edib. Yəni, snayperlə vurulan Azərbaycan hərbçisinin qisası digər istiqamətdə alınıb deyə bilərik.

Gərginlik artan xəttlə gedəcək. Hesab edirəm ki, yeni mövqe döyüşləri, antiterror əməliyyatları, sərhəd istiqamətində isə toqquşmalar bəzən qaçınılmaz olacaq.

Rəsmi Bakı Qarabağ məsələsini kökündən həll etmək istəyir. Ancaq regionda qalmaq istəyən Rusiya, regionda maraqları olan İran və Fransa kimi ölkələr buna mane olmağa çalışırlar. Həmin güclər bu pozuculuq fəaliyyətində uğurlu nəticələr də əldə edirlər.

Rusiya sülhməramlıları konkret olaraq Qarabağdakı ermənilərlə Azərbaycan arasında sipər olublar. Ruslar bilir ki, əgər tərəflər arasında təmaslar baş versə, qısa zaman ərzində problemin həll yolları tapılacaq.

Azərbaycan nə edə bilər?

Azərbaycanın əlində hələ də təsir mexanizmləri qalmaqdadır. Ancaq görünən odur ki, erməni tərəfi yumşaq gücdən anlamır, anlamayacaq da. Anlasa belə, ona imkan verməyəcəklər adekvat cavab versin. Rəsmi Bakı yenidən sərt gücü işə sala bilər. Sərt güc dünən döyüşlərin getdiyi Zəngilan istiqamətindəki mübahisəli ərazilərdə də tətbiq edilə bilər. Çünki həmin istiqamətdəki ərazilərə çıxmaq Azərbaycan üçün heç bir neqativlik gətirməyəcək. Bundan əlavə Qarabağda antiterror əməliyyatları keçirmək mümkündür. Azərbaycan ordusu Qarabağdakı bütün hərbi hədəfləri eyni vaxtda sıradan çıxarıb, qeyri-qanuni silahlıları məhv edə bilər. Bunun baş verməsi artıq vacibdir.

Dünən sərhəd-buraxılış məntəqəsində Azərbaycan sərhədçisinə açılan atəş əslində müharibə səbəbidir. Dünuan hər yerində bu addımın qarşılığı çox ağır şəkildə ödədilir. Ona görə də, rəsmi Bakı sərt gücü işə salaraq sözdən, danışıqdan anlamayan Ermənistan və separatçı rejimə ağır zərbələr endirməlidir. Rəsmi Bakı ləngisə, erməni tərəfinin nazı ilə çox oynasa, proses daha da uzanacaq. Bu isə Azərbaycandan başqa regona yerləşmiş və maraqları olan ölkələrə sərf edir.

Azərbaycan risk etməyə məcburdur. Qeyd etmək lazımdır ki, müharibədən sonra Azərbaycan tərəfi risklər edərək indki həddlərə gəlib çıxıb.

Səxavət Məmməd 

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics