22.12.2021

Cəbhədəki uğurumuza kölgə salan axsaq diplomatiyamız… - Səxavət Məmməd yazır

Sülh yoxdur, müharibə bitib deyirlər.

Dünən genişmiqyaslı əməliyyatlar həyata keçirildi, hər iki tərəfdən itkilər oldu, yenə çıxıb deyəcəklər ki, müharibə bitib. Azərbaycanla Ermənistan arasında müharibə bitməyib, müharibə şəraiti davam edir. Nə qədər ki, iki ökə sülhə qol çəkməyəcək, nə qədər ki, dövlət sərhədləri qarşılıqlı tanınmayacaq, nə qədər ki, erməni tərəfinin ərazi iddiası davam edəcək, müharibə şəraiti də davam edəcək. Bu birmənalıdır. Gəlin bir-birimizi aldatmayaq.

44 günlük müharibədən əvvəl məlum cəbhə xətti vardı, bir də Azərbaycanın qərb bölgəsi ilə Ermənistan-Azərbaycan dövlət sərhəddi. Müharibədən sonra vəziyyət dəyişdi. İndi Qarabağın daxilində bir təmas xətti var, bunun üzərinə də dövlət sərhəd xidməti problemi. Azərbaycan tərəfi Qarabağın daxilində erməni təxribatlarına adekvat cavab verə bilmir. Sərhəddə isə nəinki adekvat cavab verə bilir, hətta bütün komponentlərdə üstünlüyə də malikdir.

Dünən baş verən döyüşlər Şuşada Azərbaycan əsgərlərinə atılan qumbaranı arxa plana keçirməməlidir, gündəmdən salmamalıdır. Cinayət hüququnda zaman və məkan anlayışı var. Cinayət məcəlləsinin 11.1-ci maddəsində deyilir: “Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır”. Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilir.

Şuşada baş vermiş terror Azərbaycan ərazisində baş verib. Hətta qanunvericiliyə görə həmin erməni qumbaranı Azərbaycan əsgərinə yox, rus əsgərinə də atsa idi, yenə Azərbaycan qanunları ilə mühakimə olunmalı idi.

Nə baş verdi?

Rusiya tərəfi Azərbaycan qanunlarını tapdalayaraq həmin şəxsi aparıb elə ermənilərin özlərinə təhvil verdi və onu da qəhrəman elan etdilər. Buna nə Azərbaycan Xarici İşlər Nazirliyi, nə də hüquq mühafizə orqanlarından biri səs çıxardı. Dünən baş vermiş döyüşlərə görə Azərbaycan Baş Prokurorluğu cinayət işi açıb. Əcəb edib. Azərbaycan Baş Prokurorluğu Şuşada Azərbaycan əsgərinə qarşı terror edən şəxslə bağlı da cinayət işi açmışdı. Bəs həmin şəxsi məsuliyyətə cəlb etmək üçün hansı addımları atır? Kimdən, daha dəqiq hansı dövlətdən həmin şəxsi tələb edib? Bununla bağlı hansı addımlar atıb? Bu cinayət işini də Qarabağda baş verənlərlə bağlı açılan cinayət işləri kimi rəflərdə toz basacaq.

Necə olur ki, Azərbaycan əsgərinə qumbara atan erməni elə ermənilərə təhvil verilir. Ancaq bu ilin avqust ayının 26-da Ağdərədə ermənilərin əlinə keçən psixi xəstə hərbi qulluqçu 10 gündən (7 sentiyabra qədər) çox müddətdə erməni tərəfinin əlində qalır? Bu, Azərbaycan dövlətinə, Azərbaycan qanunlarına hörmətsizlikdən də artıq bir şeydir.

Azərbaycan ancaq döyüş meydanında öz işini görə bilir. Digər məsələlərdə isə bunu görmürük. Bir il ərzində məlum bəyanata ancaq Azərbaycan əməl edib. Rusiya və Ermənistandan əməl etmələrini tələb etməyib.

Ermənistanın hansısa təxribatına cavab verməklə tələbi qarışdırmayın.

Dünən genişmiqyaslı əməliyyatlar aparıldı. Az qala ölkədəki bütün qurumlar çıxıb insanları hədələdi ki, ancaq rəsmi mənbələri oxuyun, oradan yararlanın. Dövlət qurumları jurnalistləri konkret ofsayta atır. Düşmən dediyimiz erməni tərəfinə baxaq, jurnalistlər, media konkret öz işini görürdü. Dünən “Twitter”də ermənilərin saldığı hay-küyə baxırdım. Rəsmi qurumlar jurnalistlərə istinad edirdi. Bizdə isə deyirlər, siz bizə istinad edin. Yaxşı, olan oldu. Bütün şəhidlərin fotoları yayılır, ad soyadları əzbərlənilir, sonra durub Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama verir. O açıqlama kimə və nəyə lazımdır?

Ay adamlar, siz rəsmi deməkdikcə, şəhidlər canlarını verməmiş olurlar? Yoxsa yaralılar, siz rəsmi açıqlama verəndən sonra yaralı sayılırlar? Bu nə anlayışdır?

Məlumat yaymısınız, lap gözəl. Səbəb barədə məlumat verilib – təxribat törədilib. Hadisələrin gedişatı barədə məlumat verilib. Şəhid və yaralılar barədə məlumat gec də olsa verilib. Bəs nəticə? Nəticədə nədir? Erməni tərəfi iki post itirdiyini deyir. Post varsa ərazi də var deməkdir.

Nəticə barədə məlumatı kimdən alaq? Səbəb var, hadisələrin gedişatı var, ancaq nəticə yoxdur…

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics