İranla Azərbaycan dönüşü olmayan bir yola girib.
Bundan əvvəl İran dolayısı ilə Azərbaycana qarşı addımlar atır, Azərbaycan tərəfi isə İrana cavab olduğunu elan etmədən qarşılıq verirdi. Dəfələrlə olub ki, İran tərəfi təxribat xarakterli bəyanatlar verib, mətbuatı vasitəsi ilə Azərbaycan əleyhinə təbliğatlar aparıb. Azərbaycan isə daxildə İrana işləyən qrupları aşkar edirdi. Hər iki tərəf də, hər iki tərəfin cəmiyyəti də və bölgədə marağı olan güclər də baş verənlərin niyə və nəyə cavab olduğunu bilirdi, ancaq heç bir tərəf bunu açıq dillə ifadə etmirdi. Bir müddət sonra bu gərginlik səngiyirdi.
İlk dəfədir ki, İrana açıq şəkildə cavab verildi. Azərbaycan Prezidenti İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin cənub sərhədində keçirdiyi təlimləri birbaşa İrana cavab xarakteri daşıdığını dilə gətirdi.