3.12.2022

Qonşu ölkələrdəki vəziyyətin aktuallaşdırdığı Qarabağ dalanı - Səxavət Məmməd yazır

Bir qonşuda “yanğın”, biri yaralı, digəri seçkilər ərəfəsində, o biri isə “üç meymun”u oynayır.

10 noyabr bəyanatı imzalanan günün səhərisi yazımda belə bir cümlə işlətmişdim “müharibə hələ indi başlayır”. Eyforiyada olanlar təbii ki, bu cümləni mənasız adlandırdı. Ancaq reallıqlar məna və mənasızlıqdan çox üstədir.

Bizim cəmiyyətdə bir çoxları nədənsə müharibəni ancaq silahların “danışdığı” bir nəsnə hesab edir. Məsələ ondadır ki, müharibə bitdi deyilən gündən psixoloji, hibrid savaşına start verilmişdi.

Nədənsə, Rusiya sülhməramlılarının etdikləri indi daha çox gözə batır. Ancaq ruslar ilk gündən gözə batacaq hərəkətlər edirdi. Ruslar ermənilər üçün evlər tikəndə, qeyri-qanuni erməni silahlı dəstələrinə təlimlər keçəndə, öz dahilərinə abidlər ucaldıb, kilsə inşa edəndə sonu necə olmalı idi? İndi yer adlarını dəyişdirəndə sərt reaksiyalar verilir. Əla! Ancaq həmin Rusiya Müdafiə Nazirliyi qondarma rejimin “polis”i ilə Azərbaycana məxsus maşın karvanını yoxlayıb videosunu yayımlayanda guya qanuni işləyirdilər? Hər həftə ruslar bəyanatın şərtlərini pazacaq cinsdən fəaliyyətlə məşğul olurdu. Ağdərədə rus icması yaradıldı. Yenə reaksiyasızlıq. Bu o qədər təkrarlandı, o qədər adiləşdi ki, Azərbaycan ictimaiyyəti olanlara reaksiya verməkdən bezdi. Media isə mövzu xətrinə bunu işləməkdən o yana keçmədi. Bezdirmək psixoloji müharibənin əsas hədəfi idi. Yuxarıda saydıqlarım sülhməramlıların etdiklərinin kiçik bir hissəsidir. Təkcə bunlar onu deməyə əsas verirdi ki, ruslar müvəqqəti sözü ilə razılaşmayacaqlar. Ruben Vardanyan adlı milyarderi Xankəndinə göndərərək, ruslar əsl niyyətlərini ortaya qoymuş oldular.

Həmin Rusiya Ukraynada nə qədər çətin vəziyyətdə olsa da, Cənubi Qafqazı əldən vermək niyyətində deyil. Ukraynada hər nə qədər bunu bir çoxları həzm etməsələr də, Rusiya faktiki olaraq ABŞ və Avropa ölkələrinin bir çoxu və NATO ilə üz-üzədir. Ukraynanın yanında bu güclər olmasa, Ukrayna Rusiyanın qarşısında nə qədər dözüm gətirə bilərdi? Başqa bir sual, Cənubi Qafqazda Rusiyanın qarşısında kim dayanacaq? Həmin güclər Ukraynaya olduğu kimi hərbi texnika, silah, raket, kəşfiyyat məlumatları, maliyyə yardımları edəcəklər? Azərbaycan indiki duruşundan geri çəkilməməlidir, eyni zamanda, bəzi qarantiyalar almalıdır.

Niyə bu qədər qaramat düşünürəm?

Hesab edirəm ki, bundan sonra Qafqazda, konkretləşdirsək, Ermənistanla Azərbaycan arasında müharibə alovlansa, bu dəfə mütləq şəkildə bu iki ölkə arasında olmaqdan çıxacaq. Türkiyə Azərbaycanın əlini nə qədər gücləndirsə də, seçki ərəfəsində olmaqları, hazırkı hakimiyyətin daha çox daxilə yönəlik işləyəcəyi anlamına gəlir. Çünki Türkiyədəki seçkilərin nəticəsi türkiyəlilər qədər elə böyük güclərin də marağındadır.

İran “yanır”. Bəli, İrandakı daxili çaxnaşma, üsyanlar bir çoxlarını məst edə bilər. Ancaq onu da düşünmək lazımdır ki, qonşudakı yanğın hər zaman zərər verir. Evə yanğın keçməsə də, tüstüsü boğur. Ona görə də strateji hədəfləri açıqlamaqla yanaşı, təhlükəsizlik qaydalarına da nəzarət etmək lazımdır.

Həmişə Azərbaycanın Rusiya və İranla qonşuluğunu bədii ifadə vasitəsi ilə ifadə edəndə “iki od arasında” adlandırırdılar. Bu əvvəl nə qədər bədii ifadə vasitəsi kimi görünsə də, indi reallıqda iki od arasında qalmışıq. Biri yanır, digəri də yaralı və yanmağa hazırlanmış vəziyyətə yaxınlaşır. Yanğını ya söndürmək lazımdır, ya da kontrol altına alıb yanıb bitməsini gözləmək.

Azərbaycanın gələcəyi ilə bağlı hədəfləri yaxın, orta və uzun vədəli olmalıdır.

Yaxın vədəli hədəf Xankəndidir. Çünki Xankəndinə nəzarətin ələ alınmadığı hər gün sözügedən şəhərin siyasi mərkəzə çevrilməsinə gətirib çıxarır.

Orta vədəli hədəf Ermənistanla Azərbaycan arasında sülhün imzalanması olmalıdır. Açıq görünür ki, Ermənistan vaxtı uzatmaq üçün çalışır. Ən effekiv masalardan sayılan Brüssel masasının gələcək taleyi sual altına düşüb. Faktiki olaraq, Paşinyanın Makron gedişi Azərbaycana “oynamıram” demək idi. Rəsmi Bakı da “oynamadığını” bəyan etdi. Əslində, bu Moskvanın da arzuladığı bir variant idi. Hazırda iki masa qalıb – Moskva və Vaşinqton.

Uzaq vədəli plan isə Cənubi Azərbaycan ola bilər. Çünki o planın atılması üçün təməllər qoyulmalıdır. Cənubdakı soydaşlarımızın nə istədikləri də çox önəmlidir. Təkcə Azərbaycan dövlətinin istəməsi, hədəflərini açıqlaması hər şey “tamam”dır anlamına gəlmir.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics