Keçmiş döyüşçülərin təşəbbüsü, Müdafiə Nazirliyinin icazəsi ilə bir qrup Qarabağ qazisi cəbhə bölgəsinə yollanıb. Keçmiş döyüşçülərlə birlikdə 4 günlük cəbhə xəttində Ölkə.Az saytının reportyoru da olub.
Cəbhədə baş verənlər, əsgərlərimizin vəziyyəti, təlimlərlə bağlı silsilə yazıları sizə təqdim edirik. Dünən cəbhə xəttində baş verənlərlə bağlı ""Oğlum postdadır, görəsən, nə yeyir, nə içir?" düşünən valideynlər üçün cəbhədən — REPORTAJ (I yazı)" başlıqlı yazını sizə təqdim etdik. Həmin yazının davamı olaraq Ölkə.Az cəbhə bölgəsindən hazırlanan ikinci yazını sizə təqdim edir.
Səhər saat 5:30 radələri... 17 saat postları, səngərləri gəzməyimizə baxmayaraq hər kəs yorğunluq hiss etmədən yeni və maraqlı günə hazırdır.
Əsgər yeməkxanasına gedirik. Əsgərlərimizlə bir yerdə səhər yeməyi yeyib, "N" saylı hərbi hissənin əsgər və zabitləri ilə sağollaşırıq.
2 gün ərzində olduğumuz bu hərbi hissədə diqqət çəkən ən yaxşı məqamlardan biri də, zabitlərin əsgərlərlə davranışları oldu. Zabitlərlə əsgərlər sanki bir ailə kimidir. Adətən əsgərlər yüksək rütbəli bir zabit görəndə gözə görsənməməyə çalışır, burada isə tamam fərqli ab-hava var. "N" saylı hərbi hissənin hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik-leytenant Orucov Elsevəri görən hər əsgər ona yaxınlaşır, problemlərini onunla bölüşür. Ən ucqar postdan tutmuş, hərbi hissənin özündə əsgərlər belə polkovnik-leytenant Orucov Elsevəri görən kimi, sanki bir doğmasını görür. Aydın olur ki, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini dayanmadan, hərbi hissəyə aid olan bütün əsgərləri mütəmadi olaraq yoxlayır.
Müdafiə Nazirliyinin bizə təyin etdiyi avtobusa minib yola düzəlirik. Haramı düzündəyik. Hər tərəf yaşıllıq, ucsuz-bucaqsız taxıl zəmiləridir. Xalq arasında cəhənnəm adlandırılan Haramı düzü indilərdə cənnəti xatırladır. Korpusdan olan zabit deyir, bura indi belədir, taxıl biçildikdən sonra gördüyünüz bu yaşıllığı boz düz və bir qarış hündürlüyündə toz əvəz edəcək. Haramı düzü həm də ilanları və əqrəbləri ilə məşhurdur. Buranın cənnəti taxıl zəmiləri biçilənə qədərdir.
Bir xeyli yol getdikdən sonra "N" saylı hərbi hissəyə çatırıq. Adamın buraya hərbi hissə deməyə də dili gəlmir. Səliqəli, təmiz və yeni tikilmiş hərbi hissə. Zabitlərin yataqxanasına giririk. Otaqlar 5 ulduzlu otelləri xatırladır. 24 saat gələn isti-soyuq su, gözəl, tər-təmiz yataq dəstləri. Əsgər yataqxanası buradan da geri qalmır. Hərbi hissə daha çox istirahət mərkəzini xatırladır. Əsgərlərin çirkli paltarları camaşırxanada yuyulur, ütülənir və sonra özlərinə təhvil verilir. Hərbi hissənin yeməkxanasına gedirik. Yeməkxana son dərəcə geniş və müasirdir. Yeməkxanada mülki şəxslər işləyir. Mətbəxə keçirik. Qadınlar yemək bişirir, onlardan biri isə postda olan əsgərlərimizə yemək hazırlayır. Hərbi hissənin çörəkbişirmə sexində bişən çörəyin arası açılır, içərisinə kotlet, pomidor, xiyar, soğan və s. qoyulub postdakı əsgərə göndərilir. Əlbəttə sulu yeməyi ilə bir yerdə.
Haramıdakı "N" saylı hərbi hissəyə digər qrup üzvlərimiz də gəlir. Bakıdan cəbhəyə gələn tam heyət bir yerdəyik. Bütün qrup üzvləri ilə birlikdə yenidən əsgərlərimizlə görüşə gedirik. Hərbi hissənin qarşısında korpusun ehtiyatda olan qüvvələrinin təlimi gedir. BMP-2 və tanklar heyətləri ilə birgə döyüşə hazırlaşır. Təlimdə olan əsgərlərimizin yanına gedirik. Bizi general Bəkir Orucov qarşılayır. Keçmiş döyüşçülərlə görüşüb, onların bura gəlməsini yüksək qiymətləndirdiklərini deyirlər. Əsgərlərə döyüş meydanında nə etmələrini başa salan general Elbrus Orucov keçmiş döyüşçüləri görür. Cəbhəyə gedən keçmiş döyüşçülərin böyük əksəriyyəti general Elbrus Orucovla döyüş yoldaşı olub. Elbrus Orucov keçmiş döyüş yoldaşlarını hərbi formada görəndə kövrəlir. Təlimi saxlayıb, əsgərlərimizə keçmiş döyüşçüləri təqdim edir, onların necə döyüşdüyünü danışır.
Keçmiş döyüşçü Saatlı rayonundan olan Mürşüd Məmmədov Elbrus Orucova BMP-2 sürmək istədiyini deyir. Elbrus Orucov isə icazə verir. Mürşüd Məmmədov protez ayaqla, 22 il sonra ilk dəfə BMP-2-ə minir. BMP-2 ilə manevrlər etməyə başlayır. Mürşüd Məmmədovun protez ayaqla BMP-2-ni idarə etməsi əsgərlər tərəfindən alqışla qarşılanır. Mürşüd Məmmədov general Elbrus Orucov və Bəkir Orucova üzünü tutub deyir, komandir, müharibəni başlayın, sürüm, gedim erməninin üstünə.
Mürşüd Məmmədov BMP-2 ilə qovuşmasından sonra daha bir ayrılığa son qoyulur. Ehtiyatda olan zabit, polkovnik-leytenant Nazim Bayramov uzaqdan tankın gəldiyini görəndə gözləri işığa gəlir. Nazim Bayramov illərin həsrətinə son qoyur. Tanka çıxır, gözləri gülür...
Bundan sonra əsgərlərimizin təlimi başlayır. Yüksək rütbəli zabitlər və keçmiş döyüşçülər, əsgərlərimizə döyüş meydanında necə davranmalı olduqlarını başa salırlar. Əsgərlərimiz isə verilən tapşırığı layiqincə yerinə yetirirlər.
Əsgər Həsənovla söhbət edirəm.
- Təlimlər çətin keçir?
- Əksinə, əsl əsgərlik budur.
- Qorxu var?
- Əksinə, bu dəqiqə müharibənin başlamasını istəyirik.
- Əhval-ruhiyyə necədir?
- Açığı vaxt var idi, əsgərliyə gələnlər gün sayırdı, indi günün getməsini istəmirik. Birdən vaxtımz çatar təxris olarıq, müharibəni görə bilmərik. Hər kəsin gözü dönüb. Bir əsgər yoldaşım var, namaz qılandır, hər namaz qılanda Allaha dua edir ki, müharibə tez başlasın... (Belə əsgərin əli öpülməlidir)
Zabitlərimizlə söhbət edirik. Əsgərlərin əhval ruhiyyəsinin hansı səviyyədə olmasını soruşuruq.
Baş leytenant Həsənov deyir, aprelin əvvəlindəki döyüşlərdə əsgərlərimizi güclə saxlayırdıq. Hamısı döyüşə getmək istəyirdi. Bunlar söz xətrinə deyilən sözlər deyil. Əsgərlərdəki ruh həqiqətən üst səviyyədədir. Keçmiş döyüşçülərin buraya gəlişi, əsgərlərimizlə görüşü, bizləri daha da coşdurur.
Əsgərlərimizlə sağollaşıb, xatirə şəkli çəkdirib, yolumuza davam edirik.
Bu dəfəki dayanacağımız Xocavənd rayonu Qaradağlı kəndində şəhidlərimizin xatirəsi üçün ucaldılmış abidədir. Abidənin qarşısına əklil qoyub, şəhidlərimizin əziz xatirəsinə dualar oxuyuruq...
I Qarabağ müharibəsində minlərlə şəhid vermişik. Şəhidlik böyük zirvədir, ancaq vətəni, torpağı sadəcə ölərək yox, yeri gələndə öldürərək qorumaq lazımdır. Təlimlər zamanı əsgərlərimiz bir ağızdan Vətən üçün ölərik yox, öldürəcəyik deyirlər.
Təlim məntəqələrində ilk günümüz belə keçdi. Sabah isə daha böyük təlim məntəqəsi bizi gözləyirdi...
Hiç yorum yok:
Yorum Gönder