Məsəl var deyirlər, su gələn arxa bir də gələr. Bugünkü reportajımızı cəbhə bölgəsindən hazırlamışıq. Keçmiş və indiki qəhrəman döyüşçülərin bir arada və bir yumruq kimi olduğu qan ağlayan Qarabağdan...
Aprel ayının əvvəlində baş vermiş 4 günlük müharibə keçmiş döyüşçülər üçün bir həyəcan siqnalı, döyüş təbili və bir qığılcım oldu. Ən çox onlara müharibəni uduzmağımız ağır gəlir. Çünki Birinci Qarabağ müharibəsinin acı məğlubiyyəti daha çox onların ürəyini ağrıdır. Hər dəfə onlarla görüşəndə necə qisas hissi ilə alışıb-yandıqlarını görməmək olmazdı. 4 günlük müharibə onlar üçün həm işğal olmuş torpaqlarımızın geri qaytarılması, şəhid olmuş döyüş yoldaşlarının qanının alınması, həm də ürəklərindəki o ağrılı yaranı sağaltmaq üçün bir ümid işığı oldu.
Cəbhədə əsgərlərimizin yanında olmaq, xalqın onların arxasında olduğunu onlara hiss etdirmək, hətta onların silahını alıb səngərdə durmaq üçün keçmiş döyüşçülər Müdafiə Nazirliyinə müraciət edirlər. Nazirlik isə keçmiş döyüşçülərin bu addımına müsbət cavab verərək onları cəbhə xəttinə göndərir.
Keçmiş döyüşçülərlə birlikdə öncə "N" saylı hərbi hissəyə gedib hərbi geyimlərimizi alırıq. Müdafiə Nazirliyinin bizim ixtiyarımıza verdiyi avtobusda bir-birini adı ilə çağıran, zarafatlar edən keçmiş döyüşçülər hərbi geyimi geyindikdən sonra artıq bir-birinə soyadı və hərbi rütbəsinə uyğun olaraq müraciət etməyə başlayırlar. Sanki yenidən hərbçidirlər.
Yolumuz səngərlərədir...
Hərbi formada olan keçmiş döyüşçülərin gözündə bir sevinc parıltısı görünür, sanki suya həsrət balığı gölə buraxmışdılar. Hərbi formaya görə keçmiş döyüşçülər bir-birilərini böyük sevinc hissi ilə təbrik edirdilər. Kənardan baxarkən bəlkə də çoxlarına elə gələr ki, bu insanlar dəlidir, manyakdır, ancaq mən bir onu anladım ki, bunlar sözün əsl mənasında döyüşçülərdir. Yolda hətta ehtiyatda olan zabit, polkovnik-leytenant Nazim Bayramovun anası zəng edərək oğlunu yenidən hərbi forma geyinməsinə görə təbrik etdi. Nazim Bayramov hətta birinci Qarabağ müharibəsinə də anasının çağırışı ilə getdiyini deyir.
Axşam saatlarında gəlib Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəyə çatırıq. Oradan 3 qrupa bölünərək hər qrup öz hərbi hissəsinə gedir. Gecə saatlarında biz Ağcabədi rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəyə çatırıq. Hərbi hissədə bizi hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik-leytenant Orucov Elsevər qarşılayır. Öncə hərbi hissənin yeməkxanasına gedirik. Əsgərlər üçün bişirilən yeməklərdən yeyib, əsgərlər üçün nəzərdə tutulan yataqxanaya gəlirik. Yatmazdan öncə Elsevər Orucov bildirir ki, axşam ermənilər hərbi hissəmizi minamiyotdan atəşə tutsa, sığınacağa keçin.
"Qalx!" komandası səhər saat 6-da olmasına baxmayaraq biz 5:30-da artıq yuxudan durub, hərbi formamızı geyinib, hazır vəziyyətdə gözləyirik. Elsevər Orucov saat 06:00 tamamda gəlir və bizi hazır görəndə təəccüblənir. Bir qədər sonra yeməkxanaya gedirik. Əsgərlərimiz yeməkxanada səhər yeməyi yeyirlər. Əsgərlərimizin yeməkləri ilə tanış oluruq, ərzaq ambarını gəzirik. Pomidor, xiyar, soğan, təzə ətlər, konservlər, sular... Ürəyiniz nə istəsə ərzaq ambarında artıqlaması ilə var. Cəbhə bölgəsində əsgərlərimizin yüksək səviyyədə qidalanması hər kəsi razı salır. Bundan sonra hərbi hissənin əsgər yataqxanalarına gedirik, təmiz yataqxana, tər-təmiz yataq dəstləri. Cəbhə bölgəsində əsgərlərimiz üçün bu cür şəraitin yaradılması alqışa layiq bir şeydir.
Hərbi hissəni gəzdikdən sonra cəbhə xəttinə yaxın yerləşən səngərlərdəki əsgərlərimizə baş çəkməyə gedirik.
Öncə topçularımızın yerləşdiyi əraziyə gəlirik. Toplarımız lüləsi düşmən mövqelərinə tuşlanmış və hazır vəziyyətdədir. Əsgərlərimizin üzündəki təbəssüm və inam gələcəyə ümid verir. Keçmiş döyüşçülərimiz topçularla söhbət edirlər. Verilən hər suala mükəmməl cavablar keçmiş döyüşçülərimizi də razı salır. Topçularımız bildirirlər ki, 4 günlük müharibə zamanı buradan düşmənin bütün mövqelərini dəqiq vuraraq onların hərbi obyektlərini darmadağın ediblər.
Topçularımızla xeyli söhbət edib, xatirə şəkli çəkdirib, təmas xətti ilə yolumuza davam edirik. Hər tərəf yaşıllıq, ucsuz-bucaqsız taxıl zəmilərdir. Gözləmədiyimiz halda korpusun ehtiyat qüvvələri ilə qarşılaşırıq. Artıq onlar da cəbhədədir, gecə-gündüz təlimlər keçirlər. Birliklər əraziyə yerləşdirilir, hərbi texnikalar maskalanır. Əsgər, zabit və gizirlərlə söhbət edirik. Hər biri cəbhə xəttinə gəldiyinə görə sevinir. MAXE Qocayev deyir ki, bəziləri bizi arxa cəbhə kimi görür, elə bilirlər qorxaqıq, indi isə buradayıq, düşmənlə üz-üzə əmr gözləyirik. Səngərdəki əsgərlərimiz də bilsin ki, onlar tək deyil.
Növbəti dayanacağımız minaatanlarımızdır. Minaatanlar hazır vəziyyətdə dayanıb, hədəflər nişan alınıb, əsgərlərimiz atəş əmri gözləyirlər. Əsgərlərimiz keçmiş döyüşçüləri görəndə çox sevinir. Keçmiş döyüşçülərimiz əsgərlərimizlə səmimi söhbət edirlər, öz döyüş təcrübələrini gənc əsgərlərimizlə bölüşürlər. Keçmiş döyüşçülərin cəbhə bölgəsində olması əsgərlərimizə əlavə ruh verir.
Minomiyotçularımızla görüşdən sonra yollanırıq ön cəbhəyə. Səngərdəyik. Düşmən səngəri ilə aramızdakı məsafə 150 metrdən də azdır. Səngərimiz peşəkər mühəndis-istehkam mütəxəssisləri tərəfindən qurulub, təmiz və təhlükəsizdir. Düşmən səngərini müşahidə edən əsgərlərimizlə görüşürük. Biz onlara "qorxmayın, yanınızdayıq" deyirik. Postda duran əsgərimiz isə bizə deyir, "əslində siz qorxmayın, biz buradayıq". Postları yoxlamaqdan gələn baş leytenant Ağayevlə söhbət edirik. Ağayev deyir ki, "heç nədən narahat olmayın. Özüm ölüm, ermənilərə qan uddururuq. Onlar bizə 5-ini atanda 15-i ilə cavab veririk". Ağayev səngərəki bütün müşahidə yerlərini bizə göstərir. Düşmən mövqelərini çəkə bilirəm. Baş leytenant Ağayevin hərəkətlərini və həvəsini görəndən sonra ehtiyatda olan zabit, polkovnik-leytenant Abuzər Əbilov deyir ki, bu zabitə heyran qaldım, belə bir zabit yetişdirmişiksə, bu ordunun qabağında dayanmaq olmaz. Əsgərlərdən Ağayevin necə biri oması barədə soruşuruq. Əsgərlər hamısı deyirlər ki, onun üçün ölümə də gedərik. Əsgərlərin yatacaq yeri və yeməkləri ilə maraqlanırıq. Əsgərlərin hamısının geyim forması təmiz, hətta arxa cəbhədəki əsgərlərin geyim formasından da təmizdir. Hər gün isti yeməkləri gəlir. Əsgər yataqxanaları da arxa cəbhədəki əsgər yataqxanaları kimidir. "Oğlum postdadır, görəsən, nə yeyir, nə içir?" deyən valideynlər bu barədə düşünməsələr yaxşıdır. Səngərdə samavar qaynadıb, somavar çayı içib yola düşürük. Bu zaman Rizvan Məmmədvəliyev və Abuzər Əbilov hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik-leytenant Orucov Elsevərdən xahiş edirlər ki, biz bu gecəni burada qalaq. Orucov Elsevər bildirir ki, hələ ki, sakitlikdir, gələn dəfə mütləq təşkil edərik. Baş leytenant Ağayev isə bildirir ki, heyif icazə vermirlər, yoxsa görərdiniz, axşam onların başına nə oyun açırıq.
Əsgərlərimizlə görüşüb, sağollaşırıq. Keçmiş döyüşçülər bir ağızdan əsgərlərimizə "gələn dəfə döyüş meydanında görüşərik" deyir və yola düşürük.
Növbəti dayanacağımız düşmənlə, düşmən səngəri ilə arası 300 metrdən də az olan səngərimizdir. Yolun bir hissəsində yol göründüyü üçün ermənilər atəş açırlar. Səngərdəyik. Burada da hər şey ən yüksək səviyyədədir. Əsgərlərimiz müşahidə aparır, düşmən mövqelərini izləyirlər. Əsgərlər döyüş əmrini gözləyirlər. Göz düşməndə, əl tətikdə, hər bir əsgər döyüş istəyir.
Hava qaralana yaxın "N" saylı hərbi hissənin taborlarından birinə gedirik. Biz tabora çatanda əsgərlər komandirə məruzə edirlər ki, tabor tərəfə pilotsuz uçan aparat yaxınlaşır. Komandir "yaxşı vaxtda gəlmisiniz, quş vuracağıq, baxarsınız" deyir. Pilotsuz aparat atəşə tutulur, dərhal geri qayıdır. Pilotsuz aparatı atəşə tutan əsgər isə deyir, "məsafə çox uzaq idi, yaxın olsa vura bilərdim".
Axşam saat 9:00-da "N" saylı hərbi hissəyə qayıdırıq. Əsgər yeməyini yeyib, keçirik əsgər yataqxanasına və müzakirələr başlayır. Keçmiş döyüşçü Rövşən Həsənov deyir ki, bunları belə gördüm, kövrəldim. Hərbi formanı geyinmişkən müharibə başlasa lap əla olardı. Keçmiş döyüşçü, ehtiyatda olan zabit, mayor Allahyarov Qalib əsgərlərdəki nizam-intizamın yüksək səviyyədə olduğunu bildirir. Əgər əsgərdə nizam-intizam varsa demək ki, o orduya güvənmək olar. Rizvan Məmmədvəliyev isə deyir, əsgərlərimiz nə qədər hazırlıqlı olsa da, hamısı gəncdir, onların həyatı irəlidədir. Evlənməli, uşaq sahibi olmalıdırlar, onlara bir şey olmasın deyə, müharibə başlayanda önü bizə verməlidirlər. Nə olsa, qoyun bizə olsun. Abuzər Əbilov deyir, mən hələ də şokdayam. Bu cür təsəvvür etmirdim. Baş leytenant Ağayev heç yadımdan çıxmır. O canavardır, əsgərləri də onun kimi. Bizim vaxtımızda belə ordu yox idi, hərə öz istədiyini edirdi. İndi canavar kimi zabitlərimiz, canavar kimi əsgərlərimiz var.
Gec saatlara qədər söhbətimiz davam edir. Biri var, dildən-dilə eşidəsən, biri də var, özün görəsən və onların içərisində olasan. Bəzilərinin dediyindən, düşündüyündən fərqli olaraq qarşımızda düşmən qanına susamış Azərbaycan əsgəri, Qarabağı işğaldan azad etməyə hazır Azərbaycan Ordusu gördük.
Cəbhə bölgəsində bir günümüz belə keçdi. Sabah isə bizi daha maraqlı gün gözləyirdi.
Ardı var...
Hiç yorum yok:
Yorum Gönder