18.11.2019

Savaş salnaməsi: Məlikcan və Horadiz əməliyyatları, Füzuli sakinlərinin İrana keçrilmə prosesi

“Belə bir qərara gəldik ki, əvvəlcə mülki əhalini, daha sonra isə hərbçiləri sərhəddən keçirək”.

Qarabağ müharibəsi vaxtı baş vermiş hadisələr, döyüşlər, uğurlar və uğursuzluqlarla bağlı yazıları davam etdiririk.

Bu dəfə Füzuli rayonunun müdafiəsinin təşkili, bu istiqamətdə görülən işlər və həyata keçirilən əməliyyatlardan bəhs edəcəyik. 1993-cü il yayın sonları, payızın əvvəllərində gedən döyüşlər zamanı 12 min dinc sakini xilas etmək üçün İrana keçirilməsinin detalları və uğurlu Horadiz əməliyyatı barədə geniş məlumat əldə edəcəksiniz.


814 saylı hərbi hissənin sabiq komandiri Zahir Həsənovla geniş müsahibəni təqdim edirik:

Qısa arayış:

Həsənov Zahir Şamxal oğlu. 1959-cu il iyulun 16-da Füzuli rayonunun Cuvarlı kəndində anadan olub. Orta məktəbə həmin kənddə gedən Zahir Həsənovun ailəsi sonra Sumqayıta köçüb və o, təhsilini şəhər 1 saylı orta məktəbində davam etdirib. Məktəbi bitirdikdən sonra Sumqayıt Poltexnik texnikumunun sənaye və tikinti şöbəsinə daxil olub. 1979-cu il may ayının 29-da təhsilini başa vurduqdan sonra Sovet ordusunda xidmətə başlayıb. 1988-ci ildə Xocalı Tikinti İdarəsi yaradılanda, oraya işləməyə göndərilib. Daha sonra Qarabağ müharibəsində iştirak edib. Horadiz əməliyyatı zamanı Heydər Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülsə də, təltif edildiyi adı bu günə qədər ala bilməyib. 1995-ci il oktyabrın 21-də ordu sıralarından tərxis olunub.

– Xocalıya niyə gəlmişdiniz?

– Bizi oraya göndərmişdilər ki, yerli əhalinin məskunlaşmasını genişləndirmək üçün tikinti işləri aparaq və camaata kömək edək. Xocalıda fabirikin, “fin evləri”nin, Axıska türkləri üçün və Xocavənd rayonu ərazisində məktəbin tikintisi ilə məşğul olduq.

– Özünüzün dediyiniz kimi, 1988-ci ildən Qarabağda olmusunuz. O proseslər necə başladı?

– O vaxt SSRİ vardı, biz də onun tərkibində idik. Bizim Daxili İşlər Nazirliyinin qüvvələrindən başqa kontingentimiz və silahımız yox idi. Daha çox tikintiyə güc vermişdik.

– 1988-ci ildən 1992-ci ilə qədər Xocalıda tikinti gedirdi. O hadisələrin fonunda bu tikinti işləri nə məna kəsb edirdi?

– 1988-ci ilin fevral ayında Dağlıq Qarabağda münaqişə yenidən başlamışdı. Tikintilərin məqsədi əhalinin sayını artırmaq və nisbəti qoruyub saxlamaq idi. Bundan əlavə, Axıska türklərinin ora köçürülməsini də təmin etməli idik. Fabriklər də tikilirdi ki, yerli əhali işlə təmin edilsin. Xocalı strateji əhəmiyyətli yer idi. Hava limanı orada yerləşirdi. Bu məqsədlə orada əhalinin sayını artırmaq istəyirdilər. Hələ də Xocalı tikinti idarəsinin iqtisadi məsələlər üzrə rəis müaviniyəm. Təbii ki, iş fəaliyyəti dayandırılıb.

– Qarabağda müharibə başladıqdan sonra ordu sıralarına necə qoşulmağınız barədə danışardınız…

– 1991-ci ildən özünümüdafiə dəstələrinə silah və sursatla kömək edirdim. Silahları Sovet zabitlərindən pulla alırdıq. 1991-ci il oktyabr ayının 9-da Azərbaycan ordusunun yaradılması barədə qərar qəbul olundu. Bu qərarla birlikdə hər rayonda özünümüdafiə batalyonları formalaşdırıldı. O cümlədən, Müdafiə Nazirliyinin 1992-ci il 21 fevral tarixli 032 saylı əmrinə əsasən, Füzuli rayonunda 848 saylı hərbi hissə yaradıldı. Mən də 848 saylı hərbi hissənin bir nümayəndəsi kimi, başladım batalyonu silah-sursatla təmin etməyə. 1992-ci ilin əvvəlində məni Müdafiə Nazirliyinə çağırdılar. Komandirlik təklif eləsələr də, hərbçi olmadığım üçün bundan bundan imtina etdim. İkinci dəfə yenə çağıranda, eyni cavabı verdim. Üçüncü dəfə isə konkret əmri verdilər ki, cəbhə bölgəsinə yollan. Gəldim Füzuli rayonunun o vaxtki icra başçısı Aslan Mehtiyevin yanına. Əmri göstərdim, o da bəyəndi və yerli orqanlara göstəriş verdi ki, batalyonun yaranmasına köməklik etsinlər. 3 mart tarixindən hərbi hissəni formalaşdırmağa başladıq.

Hərbi hissə Füzuli rayonunun İşıqlı kənd məktəbində yarandı. Həmin kənddən 72 nəfər əsgər hərbi hissənin şəxsi heyətinə daxil edildi. Bir günə bir bölük hazır oldu. Sonra həmin kənddən daha 200 nəfərə yaxın könüllü əsgər hərbi hissədə xidmətə başladı. Cuvarlı, Xələfşə, Arış, Xatunbulaq, Görazlı və digər sərhəd kəndlərində kiçik dəstələr var idi. O qüvvələrin hamısını hərbi hissəmizin tərkibində birləşdirdik. Füzulinin digər kəndlərindən də axıb gəlirdilər, bu yolla yeni bölüklər yaratdıq, onlara komandirlər təyin edib, kənlərdə yerləşdirdik. Mart ayında artıq hərəsində 550 nəfər olan üç bölük yaratdıq.

İlkin mərhələdə – martın 16-a qədər cəmi 55 avtomat silahımız var idi. Batalyon ilk döyüşünə 16 mart 1992-ci ildə – ermənilərin Füzuli şəhərinə artileriya hücumu zamanı başladı. Mərmilərdən biri Hərbi komisarlığa düşmüşdü, mən də orada idim. Həmin vaxt qarışıqlıq düşmüşdü, raket atəşi nəticəsində 3 nəfər həlak olmuşdu, qaçhaqaçda 16 nəfər xəsarət almışdı. Oradan birbaşa hərbi hissəyə yolandım. Göstəriş verdim ki, bölüklərdən biri döyüş hazırlığı vəziyyətinə keçsin. Atəşə məruz qalan Hoğa kəndinə yollandıq. Məndən başqa orada kəndin özünümüdafiə tağımı, 814 və 839 saylı hərbi hissələrin bölmələri də yerləşmişdi. O gecə orada qaldıq. Bir gün sonra isə göstəriş verildi və biz oradan çıxdıq. Elə o gecə Hoğa kəndi işğal edildi.

– Hoğa kəndindən çıxmaq göstərişini kim vermişdi?

– Biz orada qalmamalı idik. Ora 839 saylı hərbi hissənin ərazisi idi. Bizim ərazi tamam başqa idi. Müəyyən salkitlik yarananda, atəşkəs elan olundu. Sizin nəzərinizə bir şey çatdırmaq istəyirəm. Füzuli rayonunun ərazisində, eləcə də digər ərazilərimizin işğalında atəşkəs elan olunması böyük rol oynayıb. Atəşkəs elan olunurdu, hətta deyirdilər ki, avtomatın lüləyinə ağ lent bağlayın. Səhəri gün isə ermənilər bir kəndimizi işğal edirdilər. Təsəvvür edin, atəşkəs dövründə bizi atəşə tutan düşmənə cavab verəndə, bizim komandanlıq tərəfindən cəzalandırılırdıq.

1992-ci ilin aprel ayında Baş Qərargah rəisi Şahin Musayev 4 helikoterlə Füzuli rayonuna gəldi. Aprel ayında Hoğa kəndini geri qaytarmaq üçün əməliyyat keçirilsə də, buna nail olmadıq, helikopterlərin də köməyi dəymədi.

Elə həmin gün hücum etdik ki, Hadrut rayonundakı Məlikcan qalasını alaq. Bakıdan gətirilmiş 10-a yaxın diversantı helikopterlə Məlikcan yoluna atdılar. Biz isə Xırmançaya qalxmalı idik. Bu əməliyyat da alınmadı. Düşmən bizi görürdü və hazırlaşmışdı. 2 itki verərək, geri çəkildik. Şəhid olanlardan biri Hacıyev Mayıs bizim, digəri, Məmmədov Seymur isə 814 saylı hərbi hissənin əsgəri idi.  Hacıyev Mayıs mənim hərbi hissəmin ilk şəhidi idi. Ona Milli Qəhraman adı verildi.

Bu hadisələrdən sonra rayona komandiri İsa Qasımov olan 702 saylı hərbi hissə gətirildi. Biz də həmin hərbi hissə ilə birləşdik. Əvvəl öz mövqelərimizi möhkəmləndirməyə başldıq.

O günlərdə briqada komandiri məni yanına dəvət edərək, Ağcabədiyə gedəcəyimizi dedi və oraya yollandıq. O vaxt Baş Qərargah rəisi artıq Valeh Barşadlı idi və onunla ilk tanışlığımız oradan başladı. Cəbhə bölgəsində olan bütün hərbi hissə komandirləri də görüşə çağırılmışdı. Orada Ağdərə əməliyyatı, Ağdamda, Füzulidə və Laçın dəhlizində keçiriləcək əməliyyat barədə göstərişlər verildi. Əməliyyatla bağlı böyük mübahisələr oldu. Məni lap axıra saxladılar. Valeh Barşadlı mənə sual verdi ki, nəyə ehtiyacın var? Dedim, silahımız çatmır. Gözləmədiyim halda Ağcabədi rayonundan mənə bir QAZ-53 dolu silah verdilər. 1 200 nəfərdən ibarət olan hərbi hissəni həm geyim, həm də silah-sursatla tam təmin elədik. Həmin gecə bütün əsgərləri silahlandırdıq.

Məlikcan əməliyyatına hazırlıq.

Məlikcan 23 kvadrat kilometr ərazini əhatə edəcək bir əməliyyat idi. Sağımızda 839 saylı hərbi hissə idi. İkimizin bir yerdə hazırladığımız əməliyyatı 28 iyun 1992-ci ildə keçirdik. Məqsəd Hadrut rayonunu ermənilərdən azad etmək idi. 27 iyun gecə əməliyyatın keçirilmə vaxtı ilə bağlı məktubları alanda, qonşu batalyonun komandiri ilə bir-birimizin əlini sıxdıq və ona dedim, sabah Ərgünəşdə görüşürük. O, etiraz etdi. Dedi, mən Ərgünəşə yox, Tuğ kəndinə hücum edəcəm. Bu, nəzərdə tutulmayan bir şey idi. Dedim, İbrahimov, Tuğa hücum etmək ölümə getmək deməkdir. Onun fikirini dəyişdirə bilmədim.

Bunu onun qərargah rəisi Nağıyev də, 702 saylı hərbi hissənin o zamankı rəhbərliyi də təsdiq edə bilərlər. Hücum əməliyyatı tamamilə pozuldu. Məlikcana hücum etdik və erməniləri tutduqları mövqelərdən arxaya çəkilməyə məcbur etdik, 15 avqusta qədər o mövqelərdə qaldıq. Tuğ istiqamətində hücum zamanı 839 saylı hərbi hissənin komandiri Rasim İbrahimov həlak oldu, ona Milli Qəhrəman adı verilib. Ondan başqa 12 əsgər şəhid oldu, 53 əsgər ağır yaralandı. Bundan sonra yenidən həmin əməliyyatların hazırlanmasına başladıq.

Məlikcan əməliyyatı

– 15 avqust səhər saat 08:10-da artıq Məlikcan qalasını götürdük. 1992-ci ilin mart ayında o ərazidə Qoçəhmədli kəndinin üstündə – Məlikcanla eyni yüksəklikdə olan, camaat arasında “rus daş basdıran” deyilən yeri tağım komandiri Əsgərov Valeh götürdü. Orada yerli əhalinin gücü ilə səngərlər qazıldı və mövqelər möhkəmləndirildi. Məlikcan elə bir yerdə idi ki, erməni orada otursaydı, Arış və Qoçəhmədli kəndlərində yaşayış mümkün olmazdı. “Rus daş basdıran”ı götürməyimiz həm imkan verdi ki, adın çəkdiyim kəndlər boşaldılmasın, həm də biz Məlikcanı rahat götürə bilək. 15 avqust 1992-ci ildə Məlikcanı götürdük.

Oranı 12 saat nəzarətdə saxladıq. Saat 16:00-a qədər həmin yerdə oldum. Əsgərləri mövqelərdə yerləşdirdim. Mənə zəng elədilər, dedilər, kəndin bizdə olması və saxlayacağımızla bağlı telefonoqram yazmaq lazımdır. Təxminən 18:30-19:00 radələrində qərargahda idim. Raportu yazmağa başlayanda, xəbər gəldi ki, komandir yerinə qayıtsın, əsgərlər qaladan çıxıblar. Tez yola düşdüm. Qalaya gedirdim ki, əsgərləri geri qaytarım. Amma artıq gec idi. O əsgərlərlə Füzuli rayonunun Xatunbulaq kəndində qarşılaşdım. Onlar çıxdıqdan sonra ermənilər qalanı ələ keçirmişdilər, boş olsaydı, əsgərləri oraya qaytaracaqdım. Orada bölük komandirlərimin hamısını yığdım.

Qərargah rəisi də orada idi və ona şəxsən tapşırıq verib raport yazmağa getmişdim. Soruşdum ki, niyə çıxmısınız? Heç kim cavab vermədi. Dedilər, əmr gəldi çıxdıq. Əmrin kim tərəfindən verildiyini soruşdum. Çünki orada məndən başqa əmr verən ola bilməzdi. Mənsə elə bir əmr verməmişdim. 25 ildən sonra bölük komandirlərimdən biri ilə söhbət zamanı bu mövzuya yenə qayıtdım. Sual verdim ki, niyə çıxdınız? Bölük komandiri dedi ki, əmri mən vermişəm. Dedim, sənə əmri kim vermişdi? Dedi, qərargah rəisi. Ondan sonra o adamla bütün münasibətləri pozmuşam. Ona dedim ki, demək, təxribatı sən törətmisən.

Oradan çıxandan sonra yenidən köhnə mövqeləri möhkəmləndirdik. Yenidən qayıtdım qərargaha, 17 səhifədən ibrarət izahat yazaraq, İsa Qasımova təqdim elədim. Gecə saat 2-də müdafiə naziri Rəhim Qazıyev rayona gəldi. Məlikcan qalasından niyə çıxdığımızı soruşdu. 17 səhifəlik izahatı ona təqdim etdim. İlk baxışda anladım ki, o, mənim həbs edilməyim üçün gəlib. Məlum olanda ki, mənim heç bir günahım yoxdur, getdi.

Avqustun 21-də mədə-bağırsaq xəstəliyinə görə məni xəstəxanaya apardılar. Sentyabrıın əvvəlində mənə məlumat verdilər ki, təcili Füzuli rayonuna qayıtmalıyam. Rayona getdim. Səhərisi günü qərargahda oldum. Gördüm ki, hərbi hissə komandiri dəyişdirilib. İsa Qasımovu Emil Qasımov əvəz edib. Onunla görüşüb, gələcək planlarımız barəsində danışdıq. O, mənə təklif etdi ki, hərbi hissəmin tərkibində olan 4 tank, 4 BMP və 150 nəfər şəxsi heyətlə bərabər 702 saylı hərbi hissənin sərəncamına verilsin.

Etiraz eləmədim. Soruşdum, bu, nə üçündür?. Dedi ki, Xocavənd istiqamətində əməliyyatlar keçirəcəyik. Texnikaları Zair Rəsulovun vasitəsi ilə briqadaya gətirdim. Yazılı sürətdə təhvil verdim. Ancaq şəxsi heyətin göndərilməsində çətinliyim var idi. Təzə döyüşdən çıxmışdılar, yaralanan və şəhid olanların yerinu doldurmamışdıq. Bu haqda raport hələ də məndə qalır. İsa Qasımova yazılı şürətdə müraciət etmişdim ki, mənə əsgər versin. O da raporta dərkənarda qeyd etmişdi ki, “olanda, birinci”. Əsgər vermədiyim üçün hiddətlənən yeni briqada komandiri həbs edilməyimə göstəriş verdi. Bu, qeyri-qanuni olsa da, 7 sutka həbs edildim. Gözləmədiyim bir şəkildə helikopter rayona endi. Sanki əvvəlcədən planlaşdırılmış idi.

Hərbi polis gəldi, əlimi bağlayıb helikopterə oturtdular və Bakıya gətirdilər. Məni İçərişəhərdə yerləşən qarnizona və qauptvaxta yerləşdirdilər. Həbsimin müddəti 9 ay 19 günə qədər uzadıldı. Heydər Əliyev hakimiyyətə gələndən sonra – 1993-cü il iyunun 23-də məni həbsdən azad etdilər və əvvəlki yerimə xidmətə göndərdilər. İyunun 23-dən iyulun 7-nə qədər sərəncamda qaldım. Hərbi hissəni qoyub gedəndə, 1 200 nəfər şəxsi heyət var idi. Qəbul edəndə, artıq cəmi 300 nəfər qalmışdı. Elə həmin gün briqada komandiri Heydər Priyevə raport yazdım ki, əsgər lazımdır. O da cavab verdi ki, əsgər olan kimi birinci sənə göndərəcəm. Raportlar hələ də durur.

Artıq Füzuli rayonunun “hökm”ü verilməyə başlamışdı, bir neçə kənd düşmən tərəfindən işğal edilmişdi. Daha sonra Divanalılar, Qacar, Qızılqaya, Cəmilli, Aşağı Veysəlli kəndləri işğal edildi. Ermənilər sağ cinahımızı işğal edərək, artıq bizim arxamıza keçirdilər. Ona görə də, məcbur olub, geri çəkildik.

1992-ci ildə Qızılqaya əməliyyatı keçirildi və əvvəldən xəbərdarlıq etdiyim kimi, uğursuzluqla yekunlaşdı. Mən o zaman həbsdə idim. Göndərdiyim texnikalar da arada itib-batdı. Orada bir neçə əsgərim də şəhid olmuşdu. 814 və 839 saylı hərbi hissələr başsız qaldı. Yerli əhalidən onlara komandirlər təyin edildi. Hərbi savadsızlıq özünü göstərməyə başladı.

Düşmənlə aramızda 500 metr məsafə var idi. Qərargahı o məsafədə yerləşdirmək olmazdı. Ona görə də, qərargahımızı Kürdlər kəndinə köçürdüm. 17-18 avqustda düşmən gözlənilməyən istiqamətdən – Füzuli şəhərindən hücuma keçdi. Düzdür, heç vaxt Füzuli şəhərinin müdafiəsini təşkil etməmişəm. Ona görə də, oranın müdafiəsindən xəbərim ola bilməzdi. Yalnız eşitdiklərimi deyə bilərəm. Düşmən Füzuli şəhərindən hücum edərək, Yuxarı Əbdürrəhmanlılı və Aşağı Əbdürrəhmanlıya qədər bizi təqib etdi. Məcburiyyət qarşısında qalıb qərargahı Horadiz kəndinə köçürdüm. Özüm Aşağı Əbdürrəhmanlıdakı mövqelərimizi möhkəmləndirdim. Düşməni geri oturtduq.

Ermənilərin daha sonra haradan və necə hücuma keçdiklərini görməmişəm. Bir onu gördüm ki, Aşağı Əbdürrəhmanlı ilə Kürdlər kəndi arasında üzümlük sahəsi var, orada yüksəklik var idi. O ərazi ilə 8 texnika hərəkət edir. Gördüm, sol istiqamətdən də əsgərlər gedir. Kürdlər kəndini köçürməyə vaxt tapdım. Qərargahımız kənd məktəbində yerləşirdi. Məktəbi od vurub yandırdım. Çünki orada bəzi sursatlar var idi. İstəmədim, düşmənin əlinə keçsin. Gəlib Aşağı Əbdürrəhmanlıda yeni mövqelər qurduq. Qərargahımızı isə Horadiz kəndinə köçürdük.

– Düşmən geri çəkiləndən sonra nə baş verdi?

– Deyirlər, Füzuli şəhəri 23 avqustda işğal edilib. Ancaq düşmən Füzuli şəhərindən keçərək, avqustun 18-də hücum edib. Müəmmalı bir şey idi. Bu, həm də o deməkdir ki, rayon mərkəzi avqustun 23-dən zəbt edilsə də, rayon qalan ərazisi 1993-cü il oktyabrın 23-də işğal olunub.

Qərargahımı su idarəsində yerləşdirdim. Kürdmahmudlu məktəbində Zaur Rzayevin rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilirdi. Orada xəbər gəldi ki, düşmən artıq bizdən 5 kilometr arxada yeerləşən Qarabağ sovxozundadır. Komandir göstəriş verdi ki, bütün hərbi hissə komandirləri öz yerlərinə getsin. Briqadanın qərargahı ilə mənim hərbi hissəmin arasındakı məsafə 30 km idi. Ora getməli idim. Məcbur olduq piyada bir neçə kilometr getdik. Sonra gəldik yerimizə. O vaxt korpus komandiri yox idi, cəbhə komandanı Zaur Rzayevlə mövqelərimi yoxlamağa getdik. Bu zaman dilim dinc durmadı. Dedim, yoldaş general, düşmən Əhmədbəylidədir. Onlar oturdular getdilər, mən qaldım maşınsız. Xəbər gəldi ki, Kürdmahmudlu kəndində olmalıyam. Artıq 777 nömrəli hərbi hissə köməyə gəlmişdi. Düşmən xeyli arxaya çəkilməli olmuşdu. Kürdmahmudlu kəndinə tərəf gedəndə, gördük, itlər bizə doğru qaçırlar. Sürücüm dedi, komandir, itlər bizə tərəf elə-belə qaçırmırlar, barıtın iyindən qorxurlar. Maşını saxlatdım. Gördüm bizdən arxada atəşma gedir. 777 nömrəli hərbi hissə gələndən sonra bir qədər özümüzə gəldik. Bu tip hadisələr oktyabra qədər davam etdi.

Oktyabr ayının 23-də gəldim Böyük Bəhmənliyə. Nə səbədənsə, 702 nömrəli briqadanın komandiri Priyevi Bakıya çağırmışdılar. Əməliyyat müşavirəsini onun müavini Vahid Osmanov aparırdı. İçəri girən kimi yazılı sürətdə kəşfiyyat məlumatlarını ona təqdim etdim, sonra şifahi danışmağa başladım. Dedim ki, Əhmədbəyli və Şükürbəyli istiqamətində düşmənin çoxlu texnikası cəmləşməkdədir. O, buna əhəmiyyət vermədi. Dedi ki, bu yalandır. “Yalandır”, sözü ağzında qaldı. Osmanova dedilər ki, sizi rabitəyə çağırırlar. Getdi, 30 saniyədən sonra gəlib dedi ki, bütün hərbi hissə komandirləri mövqelərinə getsin. Soruşdum ki, nə olub? Dedi, artıq Böyük Bəhmənli istiqamətində düşmən yolu bağlayıb.

Sürücü ilə yola düşdük. Böyük Bəhmənliyə çatanda, bizim qarşımızda yanacaq daşıyan maşın gedirdi. Birdən bu maşın alovlandı. Maşını saxlatdırdım. Gördüm, sağ istiqamətdə qəbirstalıqdan düşmən texnikaları aşağı enir. Maşını Böyük Bəhmənliyə sürdürdüm. Gördüm ki, vəziyyət çox ağırdır. Əhali bir-birini ayaqlayır. Sərhədçilərimiz isə qapını açmır. Yaxınlaşdım sərhədçilərimizə, qapını açdırdım. Camaatı buraxdırdım sərhəddin içərisnə, özüm də oraya keçdim. Sonra öz mövqeyimə gəldim və göstərişlərimi verdim. Heç kimə heç nə demədim. Desəydim ki, düşmən yolu bağlayıb, sonra deyə bilərdilər ki, təxribatla məşğuldur. Düşmən ayın 24-də Horadiz qəsəbəsini alandan sonra geri çəkilməli olduq. Çünki artıq arxamızda idi. Faktiki olaraq, mühasirədə idik. Məcbur oldum, çəkildim sərhəd qoşunlarının 16-ci zastavası ərazisinə. Çəkiləndə çox dəhşətli vəziyyətlə qarşılaşdım. Təsəvvür edin, 12-15 min civarında əhali çarəsiz, ümidsiz vəziyyətdə qalıb. Bunu görəndən sonra daha çox narahat oldum. Çünki sərhəd qoşunlarından da orada heç kim qalmamışdı. Görünür ki, ərazini tərk etmişdilər. Yeməkləri də stolun üstündə qalmışdı. O da bizə qismət oldu. Ac əsgərlər, artıq bir sutka idi yemək yemirdik. Camaat özü, maşınlar, mal-qoyun, səpilmişdi hər yerə. Mülki şəxslərin hamısı qadınlar, uşaqlar və qocalardan ibarət idi. İçlərində çox az sayda əli silah tuta bilən adam vardı. Zastavanın arxasında bir top vardı. Yerdə qalanı isə kiçik çaplı slahlar idi. Topdan da atəş açmaq olmazdı. Çünki atəş açılsa, düşmənin cavab atəşi onlarla insanın ölümü ilə nəticələnəcəkdi. Yalnız kiçikçaplı silahlardan istifadə edirdik. Bəxtimiz onda gətirdi ki, həmin ərzidə Araz çayı iki qola ayrılırdı. Həmin qolların ortasında isə meşəliklə örtülmüş böyük bir ada vardı. Dinc əhalini itki vermədən həmin adaya keçirə bildik. Bundan sonra hətta özümü öldürmək fikirinə düşdüm. Yanımdakı şahidlərdən də soruşa bilərsən. (Müsahibə zamanı Zahir Həsənovun 3 əsgəri də bizimlə birgə idi) Xocalı faciəsi gözümün qabağında idi. Ya orada öləcəm, ya da sağ da qalsam, hökümət tutacaq. Ölmək ən yaxşı variant idi. Qalmışdım pis durumda. Tabel silahımı götürüb, tətiyi çəkdim, atəş açılmadı. Atəş açılmayanda, durdum, şəxsi heyəti düzdüm. Dedim, kim ölmək istəmirsə, məndən bir addım geri qalmasın. 128 nəfər idi. Göstərişlər verdim, keçdik adaya. Naxçıvan istiqamətindən Araz çayının qarşısın açmışdılar. Aşağıdan isə çayın qarşısını bağlamışdılar. Camaatı çaya salmaq istədim. Ürəyimdə dedim, bu qədər əhalinin əsir düşməyindənsə, selə qərq olması yaxşıdır. Cavan bir uşaq mənə yaxınlaşdı. 17-18 yaşı olardı. Sonradan bildim, Füzuli rayon Əhmədalılar kəndindəndir. Çiynində bir ov tüfəngi var idi. Mənə dedi, komandir, sən məni tanımırsan, mən səni tanıyıram. Sən Arazla, Kürü qarışdırma. Camaatı Araza yönəltsən, hamısı çayda batacaq, səni tutacaqlar. Onun biləyindən yapışdım. Dedim, təklifini ver. Dedi, gəlin camaatı Horadiz istiqamətinə, meşənin qalın yerinə çəkək. Mən də onu saldım qabağa, özüm ikinci, camaat da arxamızca gəldi. Camaatı çəkdim meşənin qalın yerinə, hansı ki, düşmən yaxın 1-2 gündə ora gələ bilməyəcəkdi. Orada kanat yol açmaq tələb olunurdu, tək variant camaatı İrana keçirmək idi. Mənə məlumat gəldi ki, İran İslam Respublikası səndən başqa heç kimi qəbul etməyəcək. Gərək, o tərəfə özün keçəsən.

– Sizə bu məlumatı kim verdi?

– Yaxın idi məsafə, danışa bilirdik.

– Davam edin…

– Yerimə Zahid Allahverdiyevi təyin edərk, üzüb keçdim İran tərəfə. İran tərəfdən Sabir İbrahimi adlı biri – hazırda ünvanı məndə var – Azərbaycan tərəfi isə mən təmsil edirdim. Belə bir qərara gəldik ki, əvvəlcə mülki əhalini, daha sonra isə hərbçiləri sərhəddən keçirək. Hərbçilər silahları təhvil verərək, elə həmin gün də ölkəni tərk etməliydilər. Müdafiəni təşkil etdik. Bizə qayıq və xilasedici kəmərlər verdilər. Mülki şəxslər qayıq və xilasedici halqalarla Arazı keçirdik.

– Nə qədər adam idi?

– Ən azı 12 min nəfər vardı. Mülki şəxsləri, heyvanları keçirdik. Ən sonda yaşları 100-ü keçmiş 2 ər-arvad keçdi. Utanverici də olsa bu məqamı deyəcəm. Nəvələri o qocaları qoyub qaçmışdı. Sonra nəvəsindən soruşdum ki, olduğu kimi deyim, “deduşkanla, babuşkan haradadır?”. Dedi, ay komandir, neynirik e, öləcəklər, qalacaqlar ortalıqda. Əsgərlərimi göndərdim, qadını gətirdilər, kişi haldan düşmüşdü. Ağayev Cəmişd və Habil adlı əsgərimlə getdim onları gətirməyə. Dedilər, komandir, erməni maşını aparıb, amma kişini orada qoyub. Bir də 6 aylıq körpə uşaq vardı. Yəqin ki, anasının qucağından düşmüşdü. Onu da götürdüm. Uşağı verdim, Quliyev Oruc adlı kiçik leytenanta. Dedim, keçir, o tərəfə, sonra verərsən mənə, özüm saxlayacam. İrana keçəndən sonra uşağın anası tapıldı, uşağı bizdən aldı. 25 il sonra məlumat aldım ki, o uşaq 23 yaşında Biləsuvarda rəhmətə gedib. Camaatı keçirəndə, Xudafərin körpüsünü yerli sakinlər – Hüseynov Teymur, Hüseynov Namaz, Hüseynov Məhəmmədə tapşırdım. Üç qardaş idilər. Onlara da silah verdim ki, təhlükəsizliyi təmin edib, camaatı keçirsinlər. Hələ də onlarla çox yaxşı münasibətimiz var. Camaatın keçirilməsində onların böyük köməyi dəydi. Onlar yerli əhalini çaydan traktorlara keçirmişdilər.

Əhalini sağ-sağlam İrana keçirəndən sonra özümüz də o tərəf keçdik.

Keçən kimi silahları əlimizdən aldılar. Əsgərləri avtobusa, məni və sürücümü “Toyota” markalı maşına oturdub, gətirdilər sərhədə. Sərhəddən birinci məni keçirdilər. Silaharımız geri qaytarılmaq şərtilə alınmıdı. Ancaq silahları geri qaytarmadılar. Uzun müddət tələb etdim, amma vermədilər.

Artıq bizi gözləyənlər vardı. Əsgərlərin valideynləri, bacı-qardaşları. Bir tək mənim heç kimim gəlməmişdi. Müharibə vaxtı məni tək kövrəldən şeylərdən biri də bu olmuşdu. Elə bil yetim, yiyəsiz biri idim. Keçəndən sonra yenidən toplandıq və yollandıq cəbhə bölgəsinə. Bir gecə Daşburunda qaldıq. Səhəri gün Bala Bəhmənildə özümüzə qərargah qurduq. Öz mövqeyimizi təyin etdik ki, hücum olsa, zərbəni üzərimizə çəkək. Noyabrın 10-da Daxili Qoşunlar gəldi, bizi əvəz elədi. Bundan sonra Seyfəli təlim-məşq zonasına göndərildik.

– Əhalidən xəbəriniz oldu?

– Əhali qaldı orada, sonra keçdilər bu tərəfə. Bu hadisələrdə mənə ən ağır gələn məsələdən danışım. Adaya yerləşəndən sonra İrana keçməyimiz müzakirə olunurdu. Biri mənə dedi ki, biz keçəcəyik o tərəfə, sən də bizim heyvanlarımızı satacaqsan? Ölümlə üz-üzəyik, bu isə deyir, heyvan satacaqsan. Kimə satacaqdım? Erməniyə? Yeri gəlmişkən, əhalinin heyvanlarını da keçirmişdik o tərəfə, İranda bir çoxları heyvanlarını satdı.

– Seyfəliyə getdiniz…

– Təlim-məşqin ikinci günü yeni təyin edilmiş briqada komandiri Şair Ramaldanov məni yanına çağırdı. Təklif elədi ki, mənim əsgərlərimi yüksək rütbə və vəzifələrlə hərbi hissələr arasında bölsün. Dedi, sənin əsgərlərin uzun müddətdir, ağır döyüşlər görüb, onları digər hərbi hissələr arasında tağım, bölük və tabor komandirlərinin müavinləri vəzifəsinə təyin edəcəyik. Ancaq bu, o demək deyil, sənin hərbi hissəni dağıdırıq.

Mənim razılığımı aldıqdan sonra əsgərlərimi cərgəyə düzdülər. Dedikləri kimi, vəzifələrə böldülər. Biz orada hazırlaşandan sonra Ali Baş Komandan Heydər Əliyev hadisə yerinə gəldi. 702 nömrəli hərbi hissə paraddan keçməli oldu.

– Bildiyim qədər siz də o paradda iştirak etmisiniz, ancaq tək…

– Qəlbən narahatçılıq keçirirdim. Əsgərlərimi aldılar. Ancaq sənəddə hələ də batalyonun komandiri idim. Ona görə də, paradda tək keçdim. Bir müddət sonra 702 nömrəli briqada komandirinin müavin təyin etdilər. 10 gün briqada komandirinin müavini işlədim. Dekabrın 10-da həmin hərbi hissənin ikinci motoatıcı batalyonuna komandir təyin edildim. Batalyona komandir təyin olunanda 150-200 nəfərlik şəxsi heyət var idi. Bilirdim ki, əlimdən alınan əsgərlər gec-tez harada olacamsa, oraya gələcəklər. Belə də oldu. Bir həftə sonra 200 nəfərlik şəxsi heyət artıq 1000 nəfərə çatmışdı.

Dekabrın ortalarında Füzuli rayonuna ezam olunduq. Mərkəz cəbhə xəttini tapşırdılar ikinci batalyona. Uzun müddət bir yerdə qoymadılar oturmağa. Gah Qarabağ sovxozunda, gah Əhmədbəylidə olduq. Ən sonda dedilər ki, Daxili Qoşunları əvəz etmək lazımdır. Gecə ilə Daxili Qoşunları əvəz etdim. Rotaları yerləşdirdim. Ehtiyat qüvvələri isə yanımda saxladım. 5 kilometrlik ərazinin müdafiəsini təşkil elədim. Sol cinahımda üçüncü batalyon, sağ cinahımızda isə birinci və dördüncü batalyonlar yerləşirdi. Onların da sağ cinahında 777 nömrəli hərbi hissə. Ondan sonra başladıq əməliyyatlar hazırlamağa. Gecə bizə çatdırdılar ki, yanvarın 3-də Murov və Ağdam istiqamətində məğlub olmuşuq.


Horadiz əməliyyatı

– Əməliyyat necə başladı?

– 1994-cü il yanvar ayının 4-də əməliyyatın başlama vaxtı ilə bağlı məktubları aldıq. Gecə rotalarımı yığdım. Danışdıqdan sonra onları göndərdim düşmənin 30-40 metr yaxınlığına. Düşmənlə 30-40 metr məsafədə olmaq və qaçmaq ölümdür. Ona görə də, belə bir şey etdim ki, qaçan ölsün. Səhər saat 7-də icazə istədim, icazə verilmədi. 07:05-də icazə istədim, verilmədi. Saat 07:10-da icazə verildi və əməliyyat başladı. 5-10 dəqiqdən sonra məlumat aldım ki, düşməni geri sıxışdırmışıq. Gecə həm kəşfiyyatçılarımız işləmişdi, həm də minatəmizləyənlər. Koridor açılmışdı, cəbhə yarılıb, üstünlük bizdədir. Düşməndən 2 tank qənimət götürmüşdük, 2 tank da özümüzün varımız idi. Əsgərləri cəmləşdirdik, oturduq tanklara və maşınlara, başladıq irəli getməyə. 14 kilometr getdikdən sonra Şükürbəyildə ilk mərmini atdılar. 50 metr qeyr-dəqiqliyə yol verdilər. Düşmən qüvvələri ilə üz-üzə gəldik. Əvvəl bilmədik düşməndi, yoxsa bizimkilər, sonra atəşə tutduq. Silahlarını qoyub qaçdılar. Düşmənin 2 ədəd T-72 tankı (161, 449 nömrəli), 4 ədəd MTLB, “Şturm” 1 ədəd, haubitsa 4 ədəd, ZİL – 130 1 ədəd (13 NKAO 67), Kamaz 1 ədəd (26 NKAO 42), Qumbaraatan 2 ədəd, PK 1 ədəd, avtomat AK 74 1 ədəd və çoxlu sayda hərbi sursat ələ keçirdik.
Həmin döyüşdə düşmənin 2 tankı vuruldu, 80 nəfər də canlı qüvvəsi məhv edilib. Bizim itkimiz isə 3 şəhid, 17 yaralı oldu.

Bu anda rabitəçi dedi ki, Ali Baş Komandanın sərəncamı var. Sərəncamda deyilrdi, 702 nömrəli hərbi hissənin komandiri Şair Ramaldanova polkovnik rütbəsi verilsin. Şair Ramaldanov elə o vaxtdan polkovnik rütbəsində də qalıb. İkinci batalyon respublikanın ən yaxşı batalyonu adına layiq görülsün. Batalyonun komandirinə Azərbaycanın Milli Qəhrəmanı adı və əsgər zabitlərə orden və medallar verilsin. Bunları eşidəndən sonra komandanlıqla rabitəyə çıxdım. Düşünürəm ki, ən böyük səhvim də bu oldu. Dedim, Şükürbəyildəyəm. Rabitədə dedilər, 14 km dərinliyə girmisən, mühasirədəsən. Sağ və sol cinahları açmaq lazımdır. Sağ cinah Horadiz qəsəbəsinin üstü, sol cinah Alxanlı, Kürdmahmudlu kəndləri idi. İndiki Lələtəpyə qədər əraziləri geri qaytardıq. Məni həmin gün beşinci batalyon əvəz etməli idi. Şəhid olan və yaralananların yerini doldurub, ayın 6-da hücuma keçməli idim. Beşinci batalyon həmin yerə gəlib çıxa bilmədi. Ona görə də, əməliyyatı bir gün ləngitdik. Ayın 7-də biz Qorqana, təchizat batalyonu Seyidəhmədliyə, dördüncü batalyon isə Merdinliyə hücum etməli idik. Əməliyyata səhər başlayanda məlum oldu ki, bu iki batalyon yoxdur. Ona görə də, dərinə getmədim. Aşağı Seyidəhmədliyə hücum etdik. 8 kilometr irəlləyib, oranı ələ keçirdik. Həmin gün bütün rotalar böyük qəhrəmanlıq göstərdi. 4 və 5-ci rotanı xüsusi vurğulayaram. Onlar cəbhə xəttini yardılar. Ayın 5-də çox əziyyət çəkmədik. Ancaq ayın 7-də addım-addım qabağa gedirdik.

– Siz Lələtəpəni götürmüşdünüz?

– Lələtəpə 1994-cü il yanvar ayının 5-də bizdə olub.

– Bəs, necə oldu ki, sonra ermənilərin əlinə keçdi?

– Maraqlısı da bax budir. Aşağı Əbdürrəhmanlı neytralda qalıb, kənd Horadiz, Lələtəpə və Aşağı Seyidəhmədli düşmənin əlinə keçib. Bu, atəşkəs vaxtında baş verib. Briqada komandiri bunu mənə belə izah elədi ki, atəşkəs elan olunandan sonra, bir müddət baş qarışıq olub və ermənilər gəlib oraları götürüblər. Mən aldığım məlumat budur.

Ayın 9-da Yuxarı Əbdürrəhmanlıya hücum etdik. Oranı düşməndən aldıq və saxlaya bildik.

Ayın 11-i gecə əmr verildi. Aşağı Seyidəhmədli ilə Yuxarı Seyidəhmədlinin arasında döyüş başladı. Gecə saat 12-dir. Erməni əsgərləri ilə biz bir-birimizi qırmışıq. Rabitədən də tez-tez məlumat gəlir ki, bu qədər şəhid var, bu qədər yaralı var… Artıq qorxuya düşmüşəm. Ölümdən yox, tutulmaqdan qorxurdum. Gözümün önündə “reşotka”lar gəlir, mstəntiqin sualları, işgəncə, nə bilim nələr, nələr. Gecə saat 2-də xəstəxanadan məlumat gəldi ki, Həsənov, narahat olma, gələn yaralıların və meyidlərin 90%-i ermənilərdir. Zülmət qaranığa görə, seçə bilmədən göndəriblər. Bunu eşidəndən sonra oturdum. Gözlərim yaşardı, ağladım. Oranı saxladıq. Almaq asandır, saxlamaq çətin idi. Düşmən hər gün oranı almaq üçün həmlə edirdi.

– İki dəfə sizə qarşı cinayət işi açılıb…

– Bəli, Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (əmrə tabe olmamaq və əmri icra etməmək) 2 dəfə mənə qarşı cinayət işi açılıb və hər ikisində də bəraət almışam. Hər iki haldan sonra da batalyon dağıdılıb.

1993-cü il 20 iyul tarixində Azərbaycan Respublikası rəhbərlərinə qəzet vasitəsi ilə müraciət etdim. Orada torpaqların getməsində birbaşa prokurorluq işçilərini günahlandırmışam. Hərbi hissənin 600 nəfərə yaxın şəxsi heyəti var idi. Onun 300 nəfəri pul alınaraq qeyri-qanuni tərxis olunurdu. Yerdə 300 nəfəri qalırdı, prokurorluq da gəlib o 300 nəfərdən 3-4-nü tutub aparırdı. Kimlə qorumalı idik torpağı. Qaçanları tutmurdular, qaçmayanları gəlib səngərdən tutub aparırdılar. O əsgərlərim hamısı mənim gözüm, canım olub. Bir gün prokurorluqdan gəldilır, 2 il əvvəl şəhid olmuş əsgəri həbs etməyə. Dedim, ay bədbəxt, o əsgər iki il əvvəl şəhid olub. Təsəvvür edirsiniz bu nə deməkdir?!

Müharibəni birinci, ikinci Qarabağ müharibəsinə bölmək olmaz.

Bu yaxınlarda bir hərbi hissədə tədbirdə olduq. 30-a yaxın əsgərimlə getmişdim. Bəzilərinin ayağı, bəzilərinin qolu yox idi. Orada bir deputatın və icra başçısının gözü qarşısında, məktəb direktoru aprel qazisinə hədiyyə verdi. Ona hədiyyə təqdim edəndə bir ayağı olmayan əsgərim mənə baxırdı. Bu ayrıseçkilik mənə çox pis təsir etdi. O qazi mənə desə idi ki, bu, nə deməkdir, mən ona nə cavab verəcəkdim? Bu fərqi aradan qaldırmaq lazımdır.

– Siz hələ də Milli Qəhrəman adını ala bilməmisiniz…

– Hələ də, yola verirlər.

Səxavət Məmməd

1 yorum:

Real Time Analytics