11.09.2018

Bir döyüşün tarixçəsi - Ya meyitimizin üstündən keçməli, ya da ölməli idilər

Ermənilərin məşhur “Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırmaya start verdiyimizi diqqətinizə çatdırmışdıq.

Ötən yazıda “Tərtər batalyonu”nun döyüşçüsü Tağıyev Firudinin “Həsənqaya əməliyyatı”ndakı fəaliyyəti və qısa döyüş yolundan bəhs etmişdik.

Bu dəfəki müsahibəmiz Gəncə batalyonunun döyüşçüsü Kərimov Kamildir. Mövzumuz isə Kərimovun müharibəyə gəlişi və “Həsənqaya əməliyyatı” barəsindədir.

Yenicag.az Kamil Kərimovla müsahibəni sizə təqdim edir:

Qısa arayış:

Kərimov Kamil Cümşüd oğlu. 1972-ci il noyabr ayının 5-də Tərtər rayonunda anadan olub. Tərtər rayon 1 nömrəli məktəbdə oxuyub. 1988-ci ildə sənət məktəbini oxumaq üçün Bakı şəhərinə gedib. 1988-1989-cu illərdə Bakıda baş verən mitinqlərdə iştirak edib. 19 yanvar 1990-cı ildə Tərtərə geri dönüb. 20 yanvar hadisələrindən sonra Qazağıstana gedib. Qazağıstandan gəldikdən sonra isə milli orduya yazılıb.

– O zaman ordu yox idi. Orduya necə yazıldınız?

– Tərtər batalyonu hələ yeni yaranırdı. Çəpərxana deyilən yerdə idik. İlk döyüşümüz 1992-ci il aprel ayının 10-da Marquşavanda oldu. Döyüşə demək olar ki, silahsız getmişdik. Silah çatışmazlığı var idi. Bərdə rayonunun İmamqulubəyli kəndindən olan Hidayət adlı əsgər yoldaşım orada yaralandı. Bərdənin Təhlə kəndindən olan Əfqan da bizimlə bir yerdə idi. 1992-ci il aprelin 10-da gecə saat 12-də xəbər tutdum ki, qardaşım şəhid olub. Bir batalyonda olsaq da, qardaşım həmin gün başqa istiqamətdə idi, mən başqa. Mehman Ələkbərovla tanışlığım var idi. O vaxt Mehman bizim batalyona, Çəpərxanaya gəlmişdi. Rəhimov Rövşənlə (şəhid olub) eyni küçədən idik. Onunla mən ilk dəfə Mehman Ələkbərovun kəşfiyyat tağımı ilə kəşfiyyata getmişdik. 1992-ci il martın 17-i Tərtərə kristal raketlər atılan vaxt, Mehman Ələkbərovun kəşfiyyat tağımı ilə Qapanlıya kəşfiyyata çıxmışdıq. O vaxt Mehman Ələkbərov batalyon komandiri deyildi. Qumbaraatanı daşımağı mənə həvalə etmişdilər. Biz Seysulan istiqamətinə gedib, işarə verməli idik. Toplar da bizim işarə verdiyimiz istiqaməti vurmalı idilər. Mehman mənə dedi ki, 100-150 metr kənara çəkil, fişəngi at. Fişəngi atan kimi ermənilər olduğum yeri atəşə tutdular. Güclə canımı qurtardım. Fişəngin qələmini də orada itirmişdim. Ancaq toplardan atəş açılmadı. Sonradan dedilər ki, komendant gəlib, topların iynəsini çıxarıb gedib, ona görə də, atəş aça bilməyiblər.

Kor peşman geri qayıtdıq. O vaxt Mehman Ələkbərovun kəşfiyyat tağımı 3 nömrəli məktəbdə yerləşirdi. Həmin 3 nömrəli məktəbdə bizə hərbi geyim verdilər. Bu hadisədən az sonra Çəpərxananı ləğv elədilər. Oradakı tağımı Tərtər batalyonuna verdilər. Həm evimizin yanı idi, həm də Mehmanla ünsiyyətim yaxşı tutmuşdu deyə, Mehmanın “bizim batalyona gəl” təklifini qəbul etdim.


– Gəncə batalyonuna keçdikdən sonra nə vaxtdan döyüşlərə qoşuldunuz?

– İlk döyüşümüz 11 mayda Marquşavanda olub. Kəndi almışdıq. Dedilər, qayıdın geri, qayıtdıq. 7 iyunda 23 nömrəli postda durmuşdum. Orada gecə atışma başladı. Mehman adlı bir oğlan vardı, postdan çıxıb onunla irəli getdik. Ermənilər bizi atəşə tutanda mənə bir güllə dəydi, düşdüm arxın içinə. Arxın suyu məni postda durduğumuz yerə qədər gətirdi. 12 gün xəstəxanada yatdım, oradan məni buraxmırdılar. Xəstəxanadan çıxmaq üçün bir qutu şokolad alıb verdim, buraxılış kağızı yazdılar. Gəldim batalyona, Mehman Ələkbərov soruşdu ki, necəsən? Dedim, yeriyə bilirəm. Məni batalyonun başına 3 “kruq” qaçırdı. Ayağım ağrısa da, büruzə vermədim. Sən demə, həmin gün döyüş varmış. Yığışdıq maşınlara, getdik Torpaqtəpəyə düşdük. Bizdən əvvəl həmin bölgədə Qurtuluş batalyonu və Bərdə batalyonu olub. Onlar Aşağı Çaylıya hücum ediblər. Gecə posta çıxmışdıq. Bizə də deyiblər ki, qarşıda ermənilər durub. Gecə saat 1-2 olardı. Qarşıdan “atmayın, atmayın” deyə səs gəlməyə başladı. Gözlədik, sıxıldıq, atmadıq. Gördük, bizim dildə danışırlar. “Bizi qoyub gedənləri…” deyərək söyürdülər. İçlərində Səadət adlı yevlaxlı bir qadın da vardı. Düşdülər aşağı dərəyə, aşağıda söz-söhbət düşdü, aralarında atışma da oldu. Sonradan bildik ki, Qurtuluşla Bərdə batalyonları hücumdan geri qayıdanda bir xeyli əsgərləri geridə qoyub gəliblər. Ona görə də, onlar söyə-söyə gəlirdilər.

– Çaylı hücumundan danışaq

– Bu hadisənin səhəri hücum başlandı. Hamımızın qoluna ağ lent bağlandı, sep şəklində aşağı Çaylıya hücuma keçdik. Həmin döyüşdə minaatandan açılan atəş nəticəsində polkovnik Şikarov şəhid oldu. Bizdə “qruppa – U” vardı, ukraynalı tankistlər bizi müşayiət elədilər. Aşağı Çaylının içi ilə Həsənqaya ilə Marquşavanın arasında qırmızı bina vardı. Elmi tədqiqat institutunun binası idi. Oradan ermənilər pulemyotla bizi atəşə tutmuşdular. Biz çayın içi ilə keçəndə ermənilər qırmızı binadan atəşə tutdular. Elman adlı bir əsgər yoldaşımız orada yaralandı, bir neçə gün sonra şəhid oldu. Gecəni orada qaldıq. Ot tayasını yandırmışdıq. Bir nəfər yaxınlaşdı. Sinəsi dolu medal idi. Əvvəl bilmirdik kimdi, bizim dildə də çox əla danışırdı. Sonra bildik ki, ermənidi. Bizə dedi ki, gedək, sizin uşaqların meyitlərinin yerini göstərim. O erməni bizə Bərdə və Qurtuluş batalyonlarının şəhid olmuş 11 əsgərinin meyitini göstərdi. Həmin meyitlərin altı minalanmışdı. Mehman Ələkbərov bizi kənara çəkərək minaları zərərsizləşdirdi. Həmin gecənin səhərisi Tərtərə gəldik. Dincəldikdən sonra getdik Həsənqayaya. Gecə idi, ocağın kənarında oturmuşduq. Qəfil Abbas qışqırdı ki, erməni kəşfiyyatçı. O ocaqdan kənarda idi, birdən görüb. Gecə ilə düşdük Həsənqayanın canına. Heç kimi tapa bilmədik. Bu hadisədən 2 gün sonra sizin araşdırdığınız döyüş baş verdi.

– Döyüş necə başladı?

– Əvvəlcə səhərə yaxın xırda atışma oldu. Toparlandıqdan sonra Mehman Ələkbərov dedi ki, 6 nəfər könüllü lazımdır. Qabağa durdum. Mehman dedi ki, sizin ailədən bir şəhid olub. Dedim, mən getməliyəm ki, o birilər də mənə baxsın. Mahir, Elnur, Aqşin, Şahin, Arzu və mən kanalın içi ilə irəli getdik. Kanalın ortasında nar ağaclarının yanında baş qalxdı, endi. İstədim atəş açım, uşaqlar qoymadı. Getdik kanalın qurtaracağına. Orada Tərtər batalyonunun 4 əsgəri ilə qarşılaşdıq. Onlardan birini tanımasaydım, erməni bilib məhv edəcəkdik. Mahir Hüseynovla onlar nəsə danışdılar və sonra uzaqlaşdılar. Kanaldan çıxan kimi döyüş başladı. Öncə Mahir evə bənzər bir yer vardı, oranı qumbaraatanla vurdu. Yadıma gəldi, Mahir qumbaraatanla üstümüzə gələn erməniyə tərəf atdı, həmin erməninin ayağı qopub, ağacda qaldı. Mahirin mərməsi bitdi, bu anda Şahin gəlib çatdı bizə. Onun əlindən qumbaraatanı alıb atmaq istəyəndə, Mahir məndən aldı və yenə atəş açdı. Narlığa girdik. Biz narlığa girəndə Güləhmədə güllə dəymişdi. Yetər adlı tibb bacısı gəlmişdi. O, Güləhmədin yarasını sarıdı. Bir qədər irəli gedəndə Yetərə güllə dəydi. Sonra onu ərazidən çıxardıq. Şahin, Elnur, Aqşin və mən gördük ki, bir erməni yaralıdı. Aqşin getdi ki, yaralı ermənini öldürsün. Yaralı erməni qranatı çıxarıb, atdı. Aqşinin sinəsinə qəlpələr doldu. Yaralı erməni yerindəcə öldü.

Biz lazım olan mövqeni ələ keçirdik. Bu anda da Mehman Ələkbərov QAZ - 66-ın arxasına yerləşdirdiyi pulemyotla düşməni güllə yağışına tutmuşdu. Onların komanda məntəqəsini vurduq. Orada nələr partlamadı. Onların bütün ehtiyat silahları məhv edildi. 6 nəfər onların komanda məntəqəsini dağıtdıqdan sonra, belə desək, döyüşün beli qırıldı. Orada 7 nəfər vardı. Onlardan biri rus idi, belində tapançası da vardı. Tapançanı kim götürdü bilmədim (gülür). 2 nəfər də başqa millətdən adam vardı. Yerdə qalanları erməni idi.

– Komanda məntəqəsi dağıdıldıqdan sonra nə etdiniz?

– Komanda məntəqəsini dağıtdıqdan sonra, narlığa doğru irəlilədik. Təpə kimi yer vardı. Onun arxasına uzanıb mövqe seçəndə avtomatıma güllə dəydi. Silah əlimdən yerə düşdü. Avtomatı götürəndə gördüm ki, silah yararsız hala düşüb, erməninin silahını götürdüm. Elə bir mövqedə durmuşduq ki, qaçan erməni ya bizim meyitimizin üstündən keçməli, ya da ölməli idi. “Muxa”nın birini atanda qulağım batırdı, birini atanda açılırdı. Kimin əlinə hansı silah keçdi ermənilərin üstünə yağdırırdı. Həmin vaxt ermənilərin 2 tağımı da Qırmızı kənd istiqamətində hücuma keçib. Bir müddət sonra döyüş sakitləşdi.

Təcili tibbi yardım maşınları gəldi. Yaralılarımızı təcili yardım maşınlarına yerləşdirdik.

– Həmin döyüşdən sonra nələr baş verdi?


– Döyüşdən sonra yenidən postlara çıxmağa başladıq. Postda durmuşduq. Birdən xəbər elədilər ki, tank meyitlərin üstünə gəlib. Kimin əlində hansı silah vardı, götürüb tanka doğru qaçdı. Biz gedənə qədər meyitlərin üstün açıb, bir rusun, iki nəfər də başqa bir millətdən olanın meyitini çıxarıb aparıblar. Qonşumuz vardı, traktorçu Arif. Bu hadisədən bir gün əvvəl meyitlərin üstünü bastırmışdı. Tanka tərəf gedəndə qumbaraatan götürmüşdüm özümlə. Tank gedəndən sora dedim bir yoxlayım görüm, heç bu silahı ata bilirəm? Nişan alıb tətiyi çəkdim, atəş açılmadı. Sən demə, qumbaraatanın iynəsi işləmirmiş. 2-3 gün Həsənqayada postlarda durduq.

Qeyd edək ki, müsahibimiz Ağdərə döyüşləri başa çatdıqdan və könüllü batalyonların ləğv edilməsindən sonra o zaman Tərtər rayon icra hakimiyyətinin başçısı Sərdar Həmidovun yanına gədərək, orduya yazılmaq istədiyini deyib. Sərdar Həmidov isə cavabında bildirib ki, “sizin evdən bir nəfər şəhid olub, evinə geri dön”.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics