31.08.2018

Müşfiq kimi repressiyaya məruz qalan Müşfiqabad - REPORTAJ

Müşfiqabad, Müşfiq və abad sözlərinə yad, bəlkə də Müşfiq kimi represiyaya məruz qalmış bir qəsəbə.

Müşfiqabad qəsəbəsi Yeni Bakı Broyler fabrikinin tikintisi ilə əlaqədar 1980-cı illərdə salınıb. 1984-cü ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilib, 1985-1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilib və 1988-ci il 20 apreldən Azərbaycan Respublikası Ali sovetinin 1096-XI saylı fərmanı ilə yeni şəhər tipli qəsəbə yaradılıb və xalq şairi Mikayıl Müşfiqin şərəfinə Müşfiqabad qəsəbəsi adlandırılıb.
Yenicag.az-ın reportyor qrupunun Müşfiqabad qəsəbəsindən hazırladığı reportajı sizə təqdim edirik.

Qabaqdangəlmişlik kimi çıxmasın, Müşfiqabad qəsəbəsində abad, göz oxşayan heç nə görmədik. Qəsəbəni gəzdikcə adama elə gəlir ki, müharibədən çıxmış bir yerdir. Ümumiyyətlə, bu qəsəbənin Bakı ilə yaxından-uzaqdan əlaqəsi demək olar ki, yoxdur. Ölkənin ən zəif inkişaf etmiş rayonlarında belə bu cür yollar, zibilxanalar görə bilməzsiniz. Mikayıl Müşfiqin adına adlandırılmış qəsəbə sanki, Müşfiqin ancaq repressiyaya uğradığı dönəmi əks etdirir.

Müşfiqabaddayıq. İlk diqqət çəkən yollardır. Qəsəbənin yolları bərbaddır, daha doğrusu bərbad günə qoyulub. Qəsəbə sakinləri bildirir ki, “Azərsu” yeni xətlər çəkən zaman onsuz da nimdaş olan yolları qazıb, boruları torpağın altına basdırıb və beləcə heç nə olmayıbmış kimi gedib. Qəsəbədəki yolların bərbad olması ən çox maşın ustalarının işinə yarayıb. Demək olar ki, bir maşın ayda ən azı iki dəfə usta yanına aparılır. Qəsəbədə olan zaman sakinlərin demək olar ki, hamısı eyni fikri səsləndirdi, “kaş buraya yağış yağanda gələsiniz, onda buradakı mənzərəni görərsiniz”.

Müşfiqabadın içərisinə daxil olduqca yollar səngəri xatırladır. Yalan olmasın, elə yerlər var ki, yolun ortasındakı çalaya girib gizlənən olsa, sürücü görmədən üstündən keçib gedə bilər.

Qəsəbənin ilk sakinlərindən olan, Müşfiqabadın Ağsaqqallar Şurasının sədri Nəsibov Fikrət qəsəbədəki vəziyyətlə bağlı danışır.

Ağsaqqallar Şurasının sədri bildirir ki, qəsəbənin yolu 1986-cı ildə salınıb:

“Qəsəbənin yolları 32 ildə cəmi 1-2 dəfə yüngül təmir edilib. Hələ yay mövsümüdür, qış aylarında bu yolla hərəkət etmək mümkün deyil. Qəsəbə sakinləri çox çətinlik çəkir. Bu yolların cari təmirə ehtiyacı var. Bu yol heç vaxt əsaslı təmir olunmayıb”.

Yay aylarında maşınların çətinliklə hərəkət etdiyini nəzərə alanda, qış aylarında maşınların və sakinlərin necə hərəkət etməsini təsəvvür etmək o qədər də çətin deyil.

Qəsəbə sakini Aygün Həsənova bildirir ki, qışda ən çox xərcləri ayaqqabı almağa gedir:

“Qışda yağış yağanda yoldakı bütün çalalar su ilə dolur. Piyada hərəkət etmək müşkül məsələyə çevrilir. Hər gün işə gedirik, ayaqqabı dözmür. Yağış sezonu başlayanda bizim də ayaqqabı almaq sezonumuz başlayır. Heç rayonlarda, kəndlərdə belə vəziyyət yoxdur. Ümid edirik ki, bizim yollara bir çarə qılacaqlar”.

274 saylı məktəbin yanındayıq. Məktəb təhsil ocağından daha çox köhnə, dağıdılmış zavod, fabrik binasını xatırladır. Məktəbin pəncərələrində şüşədən başqa hər cür material görə bilərik. Məktəbin həyəti başlı-başına zibilliyi xatırladır. Həyətdəki yandırılmış iki zibil qutusu da gözümüzdən yayınmır. Belə bir məktəbdə şagirdlər necə təhsil alır, anlamaq mümkün deyil.

Məktəbin arxasında stadion var. Ora stadion deməklərinin tək səbəbi 2 paslanmış turbadan olan qapılardır. Stadion dərə, təpə və tikanlı kollarla örtülüdür. Qəsəbə sakinləri bildirir ki, stadion məktəbin balansında olsa da, burayla nə məktəb, nə də digər qurumlar maraqlanır.

Binalara yaxınlaşırıq. Binaların arasında bir neçə inəyin olduğunu görürük.

Öncə elə təsəvvür yaranır ki, inəkləri sahibi oraya bağlayıb. Ancaq yaxınlaşdıqda iyrənc bir durumla qarşılaşırıq. Binaların arasında zibil qutuları quraşdırılıb və inəklər başlarını zibil qutularına salaraq nəsə yeyirlər. Nə yediklərini isə nə mən yazım, nə də siz iyrənin.

Qəsəbənin demək olar ki, hər qarışı zibillikdir. Qəsəbə sakinləri bildirir ki, artıq bu hala öyrəşiblər. Orxan Quliyev bildirir ki, bura Bakının ən zibilli yeridir:

“Bakının heç bir yerində bu qədər zibil görə bilməzsiniz. Külək olanda havada “salafan poketlər” uçuşur. Türkiyəlilərin Kapadokyası varsa, bizim də Müşfiqabadımız var”.

Qəsəbə sakinlərindən hansı ilə söhbət etdiksə, hamısı Müşfiqabaddakı durumdan narazılıqlarını bildirdilər.

Müşfiqabad qəsəbəsinin yuxarı hissəsindəki qəbiristanlığa doğru getdikcə diqqətimizi çəkən məsələlərdən biri həyət evlərinin üzərindəki “satılır” yazısı oldu. Ev sahibləri ilə söhbət zamanı evlərin satılmasının səbəbi də bəlli olur. Onların bildirdiyinə görə, qəsəbənin baxımsızlığı, yolların bərbad olması insanları qəsəbədən qaçmağa məcbur edir.

Bərbad olan Müşfiqi abad görmək ümidi ilə…

Səxavət Məmməd
Foto: Həşim Səhrablı





























Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics