“Abu-Dabi Jiu Jitsuçuları dolandıran yerdir”
Jiu Jitsu Azərbaycana yad idman sahəsi sayılır. Ancaq özündə bir çox idman növlərinin fəndlərini cəmləşdirdiyi üçün bu idman növü də Azərbaycanda sürətlə yayılmağa başlayıb.
Bu idman növü Azərbaycanda yeni olduğu üçün hələki bu sahədə qara kəmər sahibi yoxdur.
Brazilian Jiu Jitsu klubları təmsilçilik halında fəaliyyət göstərir. Azərbaycandakı Brazilian Jiu Jitsu Türkiyənin Corvors Brazilian Jiu Jitsu MMA BJJ klubunun təmsilçisidir.
Müsahibləriniz Azərbaycanda səfərdə olan Türkiyənin Corvors Jiu Jitsu MMA BJJ klubunun rəhbəri, qara kəmər ustası Burak Deyer Biçer və “Qarabağ” Jiu Jitsu MMA BJJ klubunun rəhbəri Anar Səfərovdur.
İki tanınmış idmançı ilə müsahibəni sizə təqdim edirik:
- Burak bəy, Azərbaycana xoş gəlmisiniz. Öncə Akademiyanız haqqında qısa məlumat verin.
- 2010-cu ildə Corvars MMA və BJJ-ni İstanbulda yaratdım. Döyüş sənətləri müəllimiyəm. Korvus Türkiyənin ilk Brazilian Jiu Jitsu MMA BJJ klubudur. Corvors eyni zamanda Azərbaycanın da ilk Brazilian Jiu Jitsu MMA BJJ klubudur. 2004-2005-ci illərdə Jiu Jitsu ilə məşğul olmağa başlamışam. Jiu Jitsudan öncə Muay-Tayla məşğul olmuşam. 10 il ABŞ-da yaşadım. Orada Muay-Tayı öyrəndim, 1998-ci ilə qədər ABŞ-da yaşadım. Sonra Türkiyəyə gəldim. Araşdırma apardım. Gördüm ki, Brazilian Jiu Jitsu ilə heç kim məşğul olmur. Bu sahə boşdur. Türkiyədə də Brazilian Jiu Jitsunun olmasını istədim. Brazilian Jiu Jitsunu öyrənmək istəyirdim. Ancaq Türkiyədə bunu bilən yox idi. Sevdiyim şeydən əl çəkən deyiləm. Brazilian Jiu Jitsunu öyrənmək üçün o idmanın öz vətəninə, Braziliyaya getdim. Orada Brazilian Jiu Jitsunu öyrəndim. Məşqçilərlə münasibət qurdum, onları Türkiyəyə gətirdim. Türkiyədə Brazilian Jiu Jitsunu tanıtmq üçün çox iş gördüm. Türkiyədə pulsuz seminarlar keçdim. Biz Jiu Jitsuya başlayanda Türkiyədə bunu kimsə bilmirdi. Ancaq indi özləri bizi axtarıb tapır.
Azərbaycanla əlaqələrimiz də 2009-cu ilin sonlarında başladı. Azərbaycanda çox güclü güləşçilər, cüdoçular var. Azərbaycana Jiu Jitsu gətirərsək əla nəticə verəcəyini bilirdim. Ona görə ki, güləş, cüdo və sambo sizdə çox populyardır. 2010-cu ildən sıx əməkdaşlığa başladıq Azərbaycanla. İldə 2-3 dəfə Azərbaycana gəlirəm. Bura mənim ikinci evim kimi oldu.
Corversin 15 təmsilçiliyi var. Bir təmsilçiliyimiz də Bakıdadır. Azərbaycandakı təmsilçiliyimizə Anar hoca rəhbərlik edir. Bu bölgədə Brazilian Jiu Jitsu yeni sayılır.
- “Qarabağ” idman klubu haqda danışardınız.
Anar Səfərov: “Qarabağ” idman klubunu yaratdıq. Jiu Jitsu haqqında eşitmişdik, ancaq anlayışımız yox idi. Burak bəylə tanış olduq. Bu idmanın sirlərini öyrəndik və artıq Jiu Jitsuya maraq çox var. İdmançılarımız ağ kəmərdən başlayır, qara kəmərə qədər yüksələ bilir. Artıq qəhvəyi kəmər alanımız var. Brazilian Jiu Jitsu ilə məşğul olduqdan sonra Burak hocanı axtarıb tapdıq. O da bizim sözümüzü yerə salmadı gəldi Bakıya. “Qarabağ” idman klubu 66 ildir fəaliyyət göstərir. Əvvəllər Brazilian Jiu Jitsu bizdə yox idi. Brazilian Jiu Jitsu ilə məşğul olmağa başlayandan sonra qərar verdik ki, klubun adını “Qarabağ” Jiu Jitsu MMA BJJ qoyaq. Bununla bağlı İdman və Gənclər Nazirliyinə sənədlər təqdim etmişik. Yaxın zamanda Azərbaycan Respublikasının ərazisində istənilən bölgədə fəaliyyət göstərə biləcəyik.
- Burak bəy, seminara gəlmisiniz. Azərbaycanlı idmançılar hansı səviyyədədir?
- Kəmər testi etdik. Bir neçə nəfər yeni kəmərlər aldı. Bakıya nə zaman gəlsəm sizin idmançılar məni təəccübləndirir. Azərbaycanda döyüş sənətlərinə maraq çox olduğu üçün adaptasiya çox asan olur. Buraya gələndə bir fənd göstəririk, yenidən buraya gələndə tələbəniz həmin fəndi sizə tətbiq etməyə başladığı zaman anlayırıq ki, burada işlər əladır. Bir müəllim üçün bu çox önəmlidir.
Burada alt yapı əladır. Torpaq əla olan zaman o torpağa yaxşı şeylər əkəndə, yaxşı şeylər çıxar. Azərbaycanda idmançılar çox sürətlə bu idmanı qavrayır.
- Anar bəy, qarşıya qoyduğunuz məqsəd nədir?
- Əslində bizim illik təqvim planımız var. Nə iş görəcəyimizi əvvəlcədən planlaşdırırıq. 2015-ci ilin dekabrında Azərbaycanda beynəlxalq turnir keçirmək istəyirik. İran, Rusiya və Türkiyə idmançılarını dəvət etmişik. Yaxın zamanda İdman və Gənclər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan çempionatı keçirəcəyik. 2016-cı ildə seminar və İstanbul səfərimiz olacaq. Burak hocanı yenidən Bakıya dəvət edəcəyik. 2016-cı ildə istəyirik braziliyalı idmançıları Bakıya dəvət edək. Maranqoni qardaşları Burak hoca ilə birgə Bakıya gələcək. Yanvar ayında Avropa çempionatı var. 5-6 nəfərlik heyətlə oraya gedəcəyik.
- Burak bəy, türklərə Jiu Jitsu yaddır. Bizə yaxın daha çox güləşdir. Jiu Jitsunu tanıtmaq çətin olmur?
- Bu işə insan kimi baxmaq lazımdır. İnsan ilk doğulan zaman boğuşur. Boğuşmaq təbii bir hadisədir. Bizim öyrətdiyimiz idmanın içində güləş texnikaları da var. Jiu Jitsu ilə uşaqlar, qadınlar, yaşlılar da məşğul ola bilir. Biz texnika və zamanı düzgün hesablayaraq fəndi bitiririk. Jiu Jitsu güləş və cüdodakı qədər çox ciddi fiziki güc tələb etmir.
- Türkiyədə seminarlar olanda Azərbaycandan idmançılar dəvət edirsiniz?
- Təbii. Bakı bizim təmsilçiliyimizdir. Biz hər kəsə təmsilçilik vermirik. Bizimlə hər kəs işləyə bilməz. Biz bir ailə kimiyik. Biz birlikdə oturub yemək yemədiyimiz, çay içmədiyimiz heç kimə Jiu Jitsu öyrətmərik, təmsilçiliyi heç vermərik. Bizdə dostluq, qardaşlıq öncə gəlir. İranda, Azərbaycanda, Yunanıstanda, Rusiyada təmsilçiliyimiz var. 15 təmsilçiliyimiz fərqli ad altında birləşsə də ancaq eyni hərəkət edirik. Ən çox kubok qaldırıb, medal alan türk klubu bizik. Uğurların hamısı ortaqdır.
Açığı hər turnirə qatıla bilmirik. Bunun üçün dövlət dəstəyi və sponsor lazımdır.
- Türkiyədə sizə dövlət dəstəyi var?
- Bizə dövlət dəstəyi yoxdur. Bir dənə dərnək fedarasiyası var, o da dövlətə bağlı deyil. Dövlət hələ tanıma mərhələsindədir. Hal-hazırda Jiu Jitsu ilə məşğul olmaq məşəqqətli işdir. Cüdoya ilk başlayanları düşünün. Təbii ki, bu iş böyüyəcək. Bir gün hər bir ölkə bunu qəbul edəcək. Braziliya, ABŞ və Polşa Jiu Jitsunu rəsmən qəbul edib. Bizim dövlətlər də qəbul edəndən sonra bizim gücümüzü onda görəcəklər. Biz illərdir öz cibimizdən xərcləyib turnirlərə qatılırıq. Bizim turnirlərdə qalib olarkən qazanc olmur. Bu turnirlərdə qalib olduğumuz zaman pul qazana bilmirik. Ancaq medal alırıq. Polşada federasiya qurulub. Hazırda Polşada 150-dən çox qara kəmər var. Bunun çox olmasının səbəbi dövlət dəstəyidir. Dövlət dəstəyi olsa bizdə və sizdə bir çox idmançılar dünya çempionu olar.
- Anar bəy, bizdə necədir vəziyyət? Dəstək var?
- Bizdə də vəziyyət Türkiyədəki kimidir. Öz cibimizin xərci ilə turnirlərə qatılırıq. İdmançılar bir-birinə dəstək olur. Əslində iş adamları var ki, bununla maraqlanır. Dövlət də bizimlə maraqlanır. Artıq kuratorluq ayrılıb. Sadəcə olaraq bir çox ölkədə olduğu kimi bizdə də idmanı olimpiya və qeyri olimpiya idman növünə ayırırlar. Hələki izləyirlər.
Burak hoca söhbətə qoşulur.
- Bizim bu günə qədər Corvos klubu olaraq gedib medalsız döndüyümüz turnir yoxdur. Avropa çempionluqlarımız var. Biz dövlətə, sponsorlara belə edəcəyik demirik, biz beləyik deyirik. Bizim əlimiz medalla doludur. Dövlət dəstəyi olsa daha çox uğur gələcək. Ən azından viza məsələlərimiz asanlaşdırılsa daha çox iş görərik. Biz turnirlərə turist kimi gedirik.
- İllərdir Türkiyədə bu işlə məşğulsunuz. Türkiyəyə bu idmanı nə qədər yaya bilmisiniz?
- Türkiyədə çox yayılıb artıq. 40 yaşında bir iş adamı tələbəm var, o da çıxıb döyüşür. Azərbaycanda və Türkiyədə gənclərin sayı çoxdur. Millət olaraq biz döyüşməyi sevirik. Biz pəhləvanların nəvələriyik. Biz dövlətə demirik bizə pul verin, sadəcə bəzi şeyləri asanlaşdırsınlar. Həm ölkəmizdə məmurlarla döyüşürük, həm də gedib beynəlxalq turnirlərdə döyüşüb ölkəmizə medal gətiririk.
- Türkiyədə sizdən başqa qara kəmər sahibi var?
- Türkiyədə məndən sonra iki nəfər qara kəmər alıb. İkisi də bizim akademiyamızdan çıxan insanlardır.
- Azərbaycanda əyalətlərdə Jiu Jitsu yayılıb?
- Əyalətlərdə hələ yeni başlayıb bu idman. Şəmkirdə böyük bir komandamız var. Gəncənin sambo, cüdo məktəbi çox güclüdür. Gəncə Dövlət Universitetinin rektoru oranın idman zalını verib ki, orada sırf Jiu Jitsu keçirilsin. Orada böyük bir Jiu Jitsu məktəbi açılacaq. Sumqayıtda böyük bir Jiu Jitsu məktəbi var. Corvors olaraq 3 rayonda artıq varıq.
- Corvorsun Braziliya ilə bağlantısı var?
- Corvors Türkiyənin bir klubudur. Braziliya ilə bağlılığı yoxdur. Bizim hər yerdə dostumuz var. Braziliyada Qabriel və Rafael Maranqoni qardaşları ilə işləyirik. Onların klubu ilə qardaş klubuq. Bizdə təmsilçilik sistemi var. Bütün Jiu Jitsu klubları təmsilçilik sistemində işləyir.
- Dünya çempionatına qatılırsınız?
- Dünya çempionatı Kaliforniyada olur. ABŞ vizası və çox ciddi maliyyə lazım olduğu üçün dünya çempionatına qatılmırıq. Avropaya getmək asandır, ancaq ABŞ-a çox çətindir. Burada dövlətin işə qarışması lazımdır.
Türkiyədə İncirlik hərbi bazasında ABŞ əsgərləri bizi çağırır, ABŞ konsulluğu bizdə gəlib dərs alır, Türkiyənin SAT komandalarına dərs keçirəm, Əfqanıstan konsulluğu da bizə gəlir, ancaq kağız üzərində mən Jiu Jitsu keçmirəm. (gülürük)
Türkiyədə ilk dəfə İncirlikdə ABŞ əsgərlərinə Jiu Jitsu dərsi keçdim. ABŞ İncirlik hərbi bazasında Jiu Jitsu akademiyası qurub, oraya girib, onlara dərs verən mənəm, ancaq Türkiyə dövləti məni rəsmən tanımır. (gülür)
Söhbətə Anar qoşulur.
- Bizdə də oxşardır hər şey. Maraqlananlar çoxdur. Jiu Jitsu təkcə güləşmək deyil, burada özünü müdafiə də var. BƏƏ-də şeyxin qərarı ilə polis və hərbiçilərə Jiu Jitsu öyrədilir. ABŞ ordusuna 1993-cü ildən Jiu Jitsu keçirilir. Milli Qvardiyadan, polisdən bizə müraciət ediblər ki, bizə Jiu Jitsu dərsi keçin. İş adamları var ki, Jiu Jitsu ilə məşğul olmaq üçün müraciət edib. Avropaya çox gedib gələn iş adamları orada həmkarlarının bu idmanla məşğul olduğunu görür. Gələn kimi bizi axtarırlar.
Abu-Dabidə keçiriləcək dünya çempionatına qatılacağıq. Abu-Dabi Jiu Jitsuçuları dolandıran yerdir. (gülürük)
Oraya da pula görə o qədər idmançı qatılır ki, orada yer tutmaq çətin məsələdir. Orada yeniyetmələrdə bir dünya çempionumuz var. Nəticələrdən çox şey asılıdır. Nazirlik nəticələri gözləyir.
İdman həm sağlamlıqdır həm də bayraqdar. Bir dövlətin ən çox bayrağını qaldıran, himnini səsləndirən məhz idmançılardır. Ona görə də, onlara dəstək şərtdir…
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder