Məsələyə bir də mənəvi yöndən baxanda, həqiqətən də, biabırlıqdır. İnsan öz doğulduğu torpağa getdiyi üçün saxlanılır, üzr istəmə videosu yayımlanır. Bir şeyi anlaya bilmirəm, üzr videoları nəyə lazımdır? Bunu edənlər, etdirənlər hansı travmaları yaşayıblar ki, insanları üzr istəməyə məcbur edirlər?
Ermənilər Kəlbəcərə gedəcək Azərbaycana məxsus maşın karvanını Qarabağda saxlayır, heç bir qurumun səsi belə çıxmır. Cəmiyyət üçün isə maraqsız, mənasız görünür. Ancaq kimsə öz doğulduğu torpağa gedir, saxlanılır, həbs edilir. Özümüzə gələndə bütün qurumlar işləyir, ancaq erməniyə gələndə kar, kor, lal oyunu.
Qarabağda hər saxlanılan şəxsi işğaldan azad edilmiş əraziyə qanunsuz daxil olmaqda ittiham edib, ya pul cəriməsi kəsirlər, ya da həbsə göndərirlər. İnsanlar Qarabağı görmək üçün nə qanad açıb uçurlar, nə də tunel qazıb sızırlar. Hər istiqamətdə postlar mövcuddur. Buraxılış məntəqəsində üç qurum fəaliyyət göstərir: Polis, hərbi polis və daxili qoşunlar. Bundan əlavə, kimsə elə düşünməsin ki, keçmiş cəbhə xətti tam boşdur. Keçmiş cəbhə xəttində, yəni səngərlərdə də sayı az da olsa, xidmət aparılır. Yəni əraziyə qeyri-qanuni girmək halı çox, lap çox azdır. Maşınla “işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər” etmək isə o postları keçmədən mümkünsüzdür. Bu günə qədər o qanunsuz səfərlərə göz yumanların həbs olunduğunu eşidən, üzr videolarını görən olub?
Adına Vətən müharibəsi qoyuldu, hər kəs əlindən gələni artıqlaması ilə etdi. Ancaq vətənə getmək üçün mütləq icazə almaq lazımdır. Niyə? İcazəli vətən olur? Şuşaya, Ağdama avtobus səfərləri təşkil olunur. Rentabellik necədir? İnsanlar axın edir? Özünüz aldandığınız şeyə camaatı inandırmaq nəyə lazım?
Müharibə vaxtı özü də daxil olmaqla bütün dostlarının, qohumlarının büdcəsini cəbhəyə xərcləyən şəxslər tanıyıram ki, “işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər” adı ilə 10 sutka həbs edildi. Adamlar əsgərinə 200 min manatdan artıq yardım edəndə onlara 10 sutka məzuniyyət vermişdilər ki, vətəninə getdiyi üçün 10 sutka həbs edilirlər?
Bizim camaat, “Manaf Ağayev yekəxanalıq edib, ona görə haqq edib tutublar”, – deyir. Müharibə vaxtı həmin yekəxana deyilən Manaf Ağayev dəfələrlə əsgərə maşın-maşın yardım gətirib. Hə, əslində, yekəxanadır. Müharibə vaxtı da bunu deyib-gülürdük. Camaat sırf siqaret olsun deyə ucuz siqaret alıb aparanda Manaf Ağayev “Marlboro”, “Parlament” kimi bahalı siqaretlər gətirmişdi. Axırda onunla münasibəti olanlar başa saldı ki, bahalı siqaretdənsə, çoxlu siqaret alıb gətirsin.
Azərbaycan insanının yekəxana anlayışı heç vaxt mənə çatmayıb. Bir də görürsən, biri deyir ki, Kriştianu Ronaldodan xoşum gəlmir. Səbəbini soruşduqda isə, “Yekəxanadır”, – cavabını verir. Adam yaşayan və oynayan canlı əfsanədir. Dünyada ən çox qol vuran futbolçudur. Qırmadığı rekord qalmayıb, qazanmadığı və qazandırmadığı kubok, mükafat, medal qalmayıb, ancaq azərbaycanlı deyir, yekəxanadır.
Ümumiyyətlə, son vaxtlar Azərbaycanda bolşevik düşüncə tərzi sürətlə yayılır. Kimin pulu, kimin imkanı var, düşmən elan edilir. O şəxsin başına gələn ən pis şeyə belə sevinirlər. Pullu olmaq, imkanlı olmaq cinayət deyil, günah əməl sayılmır. Bütün pullular da cinayətkar deyil.
Kim gedib Qarabağda yeyib-içir, hamısına günahkar damğası vurulur. Qarabağ gedib yas saxlamaq, qəmli-qəmli gəzmək yeridir? Qarabağa gedən oruc tutmalıdır? Əgər elədirsə, o qədər otellərin, istirahət mərkəzlərinin, turizm zonalarının planları niyə qurulur? Gələn turistlər qəmli-qəmli əylənəcək? Gülüb-əylənən, rəqs edən turisti qamçılayacağıq?
Qarabağ ora azad getmək istəyənlər üçün azadlığından keçəcək qədər azaddır.
Hiç yorum yok:
Yorum Gönder