6.03.2022

Müharibədə könüllülüyün nə olduğunu bilməyənlər üçün bir neçə söz - Səxavət Məmməd yazır

İl olub 2022. Azərbaycan Birinci Qarabağ müharibəsində itirdiyi ərazilərin böyük hissəsini hərbi yolla işğaldan azad edib. Ancaq insanların təfəkkürü, düşüncə tərzi və hadisələrə münasibəti birinci müharibəyə münasibətdən zərrə qədər fərqlənmir.

Görünən odur ki, Azərbaycan dövlət olaraq qazandığı hərbi qələbənin propaqandasını düzgün qura bilməyib. Əlində olan informasiya resurslarından doğru şəkildə istifadə etmir.

Bu məsələni bir qədər açım. Birinci müharibədən sonra insanlara irad tutula bilməyəndə, müharibədə iştirak etmədiyi məlum olanda dərhal onun üzərinə bununla gedirdilər: “Niyə gedib döyüşməmisən? Niyə oğlanların döyüşməyib? Niyə qohumlarından şəhid olanı, yaralananı yoxdur?“. Bu cümlələrdən istənilən birini deməklə istənilən şəxsi məzəmmət etmək olardı. Cümlələri keçmiş zamanda yazsam da, əslində, bu, indiki dönəmdə də keçərlidir.

Birinci müharibə başlayan zaman Azərbaycanın nizami ordusu yox idi. Heç Ermənistanın da nizami ordusu yaranmamışdı. Ermənilər təşkilatlanmış silahlı dəstələrlə hücum edirdi, Azərbaycan tərəfi isə yerli özünümüdafiə dəstələri, batalyonları vasitəsi ilə müdafiə olunmağa çalışırdı. Bu, bəzən alınırdı, bəzən isə yox.

Öncə kəndlərdə yerli özünümüdafiə dəstələri yarandı, daha sonra Rusiyada xidmətdə olan zabitlər, ehtiyatda olan zabitlər müharibəyə qoşuldu, taborlar, hərbi hissələr formalaşdı. Buna qədər olan prosesin hamısı könüllü idi. Dövlət çağırışdan daha çox, reydlərlə (o dövrü xatırlayanlar “oblava”ları yaxşı xatırlamalıdır) əsgər yığırdı. Xaricə qaçmalar, gizlənmələr son dərəcə yüksək idi. Çağırışçılar olmayıb desək, yalan olar. Azərbaycanda hətta belə bir deyim də var ki, 73-lər qırmızı kitaba düşüb. 1973-cü ildə doğulanlar çağırışçılar idi və onların, demək olar, böyük hissəsi müharibədə şəhid oldu.

Birinci müharibədə iştirak etməyi könüllüklə bağlamaq olar. Bəli, istəyən gedib döyüşə bilərdi. Ancaq bu o demək deyil ki, kimə gəldi silah verirdilər. Birinci müharibəni araşdıran zaman, xüsusən özünümüdafiə batalyonlarının ştat siyahısı ilə real döyüşənlərin sayında ciddi uçurumların olduğunu görmüşəm. Bu heç kimə sirr deyil.

“Niyə gedib döyüşməmisən?” – Bu məzəmmət təkcə müharibədə iştirak etməyənlərin sualı deyil. Müharibədə iştirak edənlər də o ştatda adı olanlara bu sualı ünvanlayırdı. Onlara qarşı “qorxaq”, “anasının tumanı altında gizlənən“, “saxta veteran” və daha ağır ifadələrdən istifadə edirdilər. Bunların hamısını anlamaq olar. Çünki Birinci Qarabağ müharibəsini araşdıran zaman gəldiyim qənaətlərdən biri də odur ki, Azərbaycan insan, kişi, əsgər çatışmazlığı ucbatından məğlub olub. “Silah yox idi” ifadəsi mənə bəhanə kimi gəlir. Mövzu bu olmadığı üçün üzərində dayanmayacağam.

Ermənistanın daha çox torpaq tutmaq gücü tükəndiyindən və Azərbaycan tərəfinin də işğalda olan torpaqlarını geri qaytarmaq gücü olmadığından tərəflər atəşkəsə getməyə məcbur oldu. Həm insan resursu, həm də maliyyənin yoxluğu tərəflərin, sözün əsl mənasında, dizini yerə qoymuşdu.

Atəşkəs əldə olundu. Ermənistan tərəfi işğal etdiyi ərazilərdə möhkəmlənmə işləri gördü, Azərbaycan isə ordu quruculuğuna başladı. 2016-cı ilin aprel döyüşləri baş verdi. Bu həm də gələcək müharibənin kiçik sınağı oldu. Tərəflər zəif və güclü yanlarını müəyyənləşdirmə şansı əldə etdi.

2020-ci ilin iyul ayında Tovuz döyüşləri baş verdi. Polad Həşimov şəhid oldu. Polad Həşimovun şəhid olması ilə insanlar küçələrə çıxdı, dövlətdən müharibə tələb etdi. Prezident İlham Əliyev səfərbərlik xidmətlərinə müraciət edənlərin sayını açıqlayandan sonra müaribədə iştirak etmək istəyənlər kütləvi şəkildə səfərbərlik xidmətlərinə axın etdi. Bura qədər olan proses könüllü idi. 2020-ci ilin sentyabr ayının 27-də ya zəlzələdən, ya vəlvələdən müharibə başladı. Qismən səfərbərlik elan edildi.

Səfərbərlik xidməti könüllü ərizə yazmış və ya heç bununla bağlı müraciət etməmiş şəxsləri toplanışa çağırdı. Əslində, könüllü olmaq məsələsi Səfərbərlik xidmətinin çağırışına qədər keçərli idi. Çağırışçıların heç birini könüllü adalandırmaq doğru deyil. Bundan əlavə, bəzi şəxslər elə düşünür ki, necə gəldi çağırış olub. Bu da yanlışdır. Ehtiyac olan ixtisaslar daha ön plana çıxırdı. Hərbi xidmət vaxtı snayper, pulemyotçu, sanitar təlimatçı, rabitəçi, tank və BMP-də xidmət edənlərə üstünlük verilirdi. Adamlar tanıyıram ki, müharibə gedə-gedə səfərbərlik xidmətinin rayon şöbəsinə gedib, dava-dalaş saldı, onu aparmadılar, pulemyotçunu isə müraciət etdiyi yerdən birbaşa toplanışa aparıb oradan da döyüşlərə göndərdilər.

Azərbaycanda kim desə ki, könüllü gedib döyüşmüşəm, gözünün içinə qədər yalan danışır. Komendant saatı tətbiq edilən zaman nəinki cəbhə xəttindəki rayonlara, heç həmin rayonlara bitişik rayonlara belə giriş mümkünsüz idi. Ezam sənədi olmadan heç kim əraziyə buraxılmırdı. Bundan əlavə, səngərə, əsgərə yaxınlaşmaq üçün yenə bir neçə post keçmək lazım idi. Ən əsası, lap hesab edək ki, kimlərsə postların hamısını uğurla keçdi, səngərə ayaq atdığı an əsgərlər onu saxlayıb lazımı qurumlara məlumat verirdilər. Kimliyindən aslı olmayaraq, əraziyə daxil olan şəxs barəsində “Könüllü döyüşə gəlib, ürəkli oğlandır” yox, “Şübhəlidir”, “Qarşı tərəfə işləyə bilər” düşüncəsi ön plana çıxırdı. Yəni müharibə vaxtı ürəyi döyüşmək istəyən əraziyə girə bilməzdi və bilməyib də.

Müharibə vaxtı iki könüllü dəstə olub. Onlardan biri Füzulidə formalaşmışdı. Həmin yerli dəstə rəsmiləşdirilib, qazan təminatına qoyulub və onlara silah təhkim edilmişdi. Ağdamdakı 40 nəfərlik könüllülər isə rəsmiləşməsə də, korpus səviyyəsində və rayonun dövlət qurumları səviyyəsində razılaşdırılmışdı. Onlara silah təhkim edilməmişdi, ancaq hər posta çıxanlara hərbi hissədən silah verilirdi, postdan qayıdan da silah geri qaytarılırdı.

Birdəfəlik anlamaq lazımdır ki, ikinci müharibədə iştirak etmədiyinə görə kimisə qınamaq sadəcə olaraq absurddur.

İnsanlar hələ də müharibədə iştirak etmədiyi üçün kimisə qınayırsa, bu o deməkdir ki, hərbi qələbənin necə baş verməsi cəmiyyətə çatdırılmayıb. İnsanlar hələ də 90-cı illərdə qalıblar…

Odur ki, bir daha qeyd edirəm: Könüllülük Koroğlu dəlisi kimi əlinə silah alıb döyüşə atılmaq deyil. Heç kəs də döyüşə könüllü getməyib. Səfərbərlik xidməti lazım bildiyi şəxsləri lazımi anda toplayıb və döyüşə göndərib. Nöqtə.

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics