25.12.2021

"Tərtər işi"nin əsas MAHİYYƏTİ - Casusluq, vətənə xəyanət, yoxsa işgəncə, qeyri-qanuni əməllər? - Səxavət Məmməd yazır

Son bir ilin ən çox müzakirə olunan məsələsi adına şərti olaraq “Tərtər işi” qoyulan hadisədir. Bu işin mahiyyəti lazımi istiqamətdən çox yayınıb. Məsələnin mahiyyəti casusluq, vətənə xəyanət olsa da, ölkədə ən çox müzakirə olunan məsələ işgəncə, qeyri-qanuni əməllər oldu.

Demirəm işgəncə, qeyri-qanuni əməllər müzakirə olunmasın. Olunsun, günahkarlar cəzalandırılsın. Ancaq işgəncə faktları casusluq faktını çox kölgədə qoydu. Prosesin cəmiyyət tərəfindən bu cür qəbullanması üçün də az iş görülmədi. Casusluq, xəyanət bilərəkdən və ya bilməyərəkdən arxa plana keçdi. Cəmiyyətdə artıq elə bir fikir formalaşıb ki, 2017-ci ilin may ayında baş verən hadisələr zamanı cəsusluq olmayıb, xəyanatdən söhbət belə gedə bilməz. Hətta casusluqdan söz açanları də söyüşə, təhqirə məruz qoyurlar.

Ona görə də, “Tərtər işi”nə bir qədər uzaqdan gələcəm.

Dövlətlər və maraqlar var olduqca, cəsusluq, vətənə xəyanat halları olub, olacaq. Casusluq bəlkə də “köhnə peşə”dən də köhnə peşədir. Məktəbdə tarix dərslərində Babəki Alban kinyazı Səhl ibn Sumbatın satmağını oxuyub, uşaq ağlımızla Sumbata nifrət edirdik. Yəni, bu yeni nəsil işi deyil. “Tərtər işi” ilə bağlı bəziləri deyir ki, satqınlıq olmayıb və həmin adamların çoxu da müxalifəti iqtidara satılmaqda ittiham edirlər. Partiya satıla bilər, əsgər yox? Nə isə mahiyyətdən qaçmayaq.

İkinci Dünya Müharibəsində SSRİ kimi qapalı bir ölkədən Almaniyaya bilirsiniz nə qədər hərbçi işləyirdi və nə qədəri güllələnib? Heç uzağa getməyək. Azərbaycanda tərəfli-tərəfsiz demək olar hər kəsin hörmət etdiyi Türkiyə ordusunda az casusluq olayı olub? 2016-cı ilin iyul ayının 15-də Türkiyədə ordunun bəlli bir qismi hakimiyyət çevrilişinə cəhd etdi. Sonradan məlum oldu ki, prosesdə iştirak edən zabitlər bir təşkilatın üzvləri olublar. Bu, ölkəsinə xəyanat deyil? Türkiyə kimi ordusunun gücü ilə tanınan bir ölkənin 100-dən çox hərbçisinin Yunanıstana casusluq etdiyi aşkarlanmışdı. Modelini gətirdiyimiz ölkənin ordusunda casus ola bilir, Azərbaycan ordusunda yox? Oktyabr ayında İsveçdə səfərdə olan zaman həmin ökənin ictimaiyəti, mətbuatı bir-birinə dəymişdi. İsveçdə hərbi bazaların birində İran casusu aşkarlanmışdı. Təsəvvür edirsiniz, hardan-hara, bir çox insanın “kaş orda doğulaydım” dediyi ölkədə İrana işləyən hərbçi aşkarlanır. Yəni, maraqlar olan yerdə, casusluq, xəyanət var, olub, olacaq.

Ordunu bir kənara qoyaq, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində İrana casusluq etmiş şəxslərin aşkar edilməsi nə tez unuduldu?

İstər Ermənistan ordusunda, istər Azərbaycan ordusunda casusların olması qeyri-adi bir şey sayılmamalıdır. Əvvəla bu iki ölkə indi nə qədər düşmən mövqedə olsa da, 70 illik bir SSRİ keçmişləri var. Kirvəlik, fahişəlik, erməni qızı ilə evlənmə dəbi sonradan müharibə edəcək ölkələr arasında casusluq üçün münbit şəraitin əsaslarından ola bilər. Bəzi məsələləri növbəti yazılarda daha geniş açacağım üçün qısa toxunuşlar edəcəm. Şuşanın indiki adla icra başçısı Mikayıl Gözəlov kabinetində öldürüldü. Səbəbini kim bildi? Ola bilsin dövlət bildi, ancaq ictimaiyət bilmədi. Heç bir əsas olmadan elə bir şəxsin öldürülməsi xəyanət deyildi? Birinci müharibə zamanı bir neçə əməliyyat pozulub və ya əməliyyat həyata keçirilərkən sürpriz olaraq erməni tərəfi ərazidə olub, çoxlu sayda itki verilib. Sizcə ermənilərə vəhy gəlirdi?

Atəşkəs dövründə bilirsiniz nə qədər erməni tərəfinə casusluq edən, vətənə xəyanət etdiyi sübut edilən şəxslər saxlanılıb, hələ də həbsxanalarda yatırlar?

Ola bilsin kimsə çıxıb deyəcək, yazacaq ki, bu yazı ilə casusluğu normallaşdırmağa, adiləşdirməyə çalışmışam. Qətiyyən! Əslində bu yazı ilə anlatmağa çalışıram ki, acı reallıqlar var. Sevməsək də, istəməsək də, var. Olmayacağına kimsə qarantiya verə bilər? Hər bir insan ideal olsa idi, dövlətlərə, qanunlara nə gərək vardı…

Bəzən deyirər ki, casusluq məsələsi ordunu ləkələmək, ordunu gözdən salmağa hesablanır. Yunanıstana 100-dən çox türkiyəli hərbçi casusluq etdiyi məlum olanda Türkiyə ordusu gözdən düşdü? Özü də Türkiyə ordusu təkcə nizam-intizamı ilə yox, həm də ideoloji baxımdan güclüdür. Əslində elə bir ordudan casus çıxması daha çətin olmalıdır. Rusiya ordusunda ABŞ-ə işləyən az çıxıb? Rusiya ordusu gücdən düşmüş sayılır? Yoxsa ABŞ ordusu gözdən düşüb?

Qəbul edirəm, orduya qarşı münasibət dəyişdi, insanlar hərbçilərə şübhə ilə yanaşırdılar. Hətta taksilərin belə hərbçiləri maşınlarına mindirmədəyi bir qısa dönəm oldu. Bunun günahı isə prosesi və informasiyanı düzgün idarə edə bilməyən qurumlarda oldu.

Başqa bir sual verim, Ermənistan ordusundan Azərbaycana işləyənlər az olub? Düzdür, onlar bunu bu qədər qabartmayıblar, ancaq mətbuatlarında kifayət qədər bu barədə informasiya gedib, gələcəkdə getməyəcəyinə də kimsə qarantiya verə bilməz.

Qəzetlərin arxivlərini silkələyin, casusluqla bağlı Azərbaycanda “Tərtər işi”nə bənzər illər öncə də bir hadisə olmuşdu. Hətta proses bir hərbi hissənin yerinin dəyişdirlməsinə qədər gəlmişdi. (Maraqlı olsa, bu barədə yazacam).

Normal cəmiyyətlərdə bu halların qarşısının alınması üçün müzakirələr aparılar, çıxış yolları düşünülər və boşluqlar tənqid olunur. Bundan nəticə çıxarılır. Azərbaycanda nə baş verir? Azərbaycanda isə hamı bir ağızdan deyir, cəsus yoxdur, xəyanət olmayıb, hər şey qurama olub. Yaxşı. Siz deyəndir. O zaman bir sual verim, siz düşünün, mən də növbəti yazını hazırlayım.

Sual: – 2017-ci ilin may ayından müharibə başlayana qədər cəbhədə nə qədər itki vermişik? 2017-ci ilin mayından geriyə doğru 4 il ərazidə nə qədər itki vermişik?

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics