Müharibələrin tarixinə nəzər salsaq, demək olar, eyni proseslərlə qarşılaşırıq. Qalib generallar, sərkərdələr həmişə ya vurulur, ya gözdən iraq yerlərə göndərilir, ya da bir səhvi tapılıb həbsxanaya yola salınır. SSRİ İkinci Dünya müharibəsini qazananda 1945-ci il 8 mayda uğurla başa çatan “Berlin” əməliyyatına rəhbərlik edən Georgi Konstantinoviç Jukov “vurularaq” əvvəl Odessa, daha sonra isə Ural hərbi hissələrinin rəhbərliyi ona tapşırıldı. Onun kimi bir neçə döyüş generalı mərkəzdən uzaqlaşdırıldı, yüksək postlara isə uğursuzlar, dili olmayanlar gətirildi. Yəni postmüharibə dövründə qalib generalların başı həmişə bəlalı olur.
Azərbaycanda da buna bənzər hadisələr yaşanır. Misal üçün, 44 günlük müharibə zamanı 3-cü Ordu Korpusunun uğursuzluğunda birbaşa korpusa rəhbərlik etmiş şəxslər Nizam Osmanov, Ənvər Əfəndiyev, Azər Əliyev daha yüksək postla mükafatlandırıldılar.
Gələk Mübariz Rzayevin ordu sıralarından getməsinə səbəb olan amillərə.
Bu, heç şübhəsiz ki, Quru Qoşunları komandanı Ənvər Əfəndiyevin qərarına etirazdan sonra baş verib. Ənvər Əfəndiyev və Mübariz Rzayev zamanında zabitlər arasında “ölüxana” adlanan Ali Hərbi Məktəbdə hərəsi bir taborun komandiri olub. Ali Hərbi Məktəbi həmin dönəmdə oxuyanlar və orada xidmət edənlər bu ikilinin dost, can-ciyər olduğunu yaxşı bilir. Bəs indi nə baş verdi? Necə ki, dövlətlərin dostları yox, maraqları olur deyirlər, zabitlər arasında da belədir. Tabeçilik yaranandan sonra “rumka yoldaşları” belə bir-birinə qənim kəsilə bilirlər.
Mübariz Rzayev Ənvər Əfəndiyevin ondan xəbərsiz korpusun qərargah rəisini dəyişdirməsinə ya susmalı, ya da etiraz etməli idi. Mübariz Rzayev ikinci variantı seçdi. Karyerasını zirvədə tamamlamağı üstün tutdu. Bunu çox az insan, çox az zabit edə bilir. Orduda idarəçiliyin indiki mərhələsinin, əslində, mahiyyəti budur. Yeni komanda, konkretləşdirsək, Nizam Osmanovun adamları bütün zabit heyətini “dişinə vuracaq”. Dözənlər qalacaq, etiraz edənlər isə gedəcək. Səhvi olmayanlar ehtiyata, səhvi olanlar isə həbsxanaya.
Bu, əslində, həm də qanunauyğunluqdur. Döyüş generallarını, qalib sərkərdələri idarə etmək o qədər də asan iş deyil. Qələbənin verdiyi öz güvən, qarşısındakının səviyyəsini bilməsi çox şeyi həll edir.
Mübariz Rzayevlə bağlı prosesin kökündə isə iki rüşvət verən (300-500 min manat) zabitin bir-biri ilə yola getməməsi, bir-biri ilə yola getməyənlərdən birinin yerinin dəyişdirilməsinin durduğu deyilir. Mənbəmizin bildirdiyinə görə, 3-cü Ordu Korpusuna yeni təyinat üçün ciddi məbləğdə “şirinlik” tələb olunub. Hazırda pul toplama prosesinin getdiyi iddia olunur.
Orduda baş verən proseslərdə bölgəçilik, klançılıq izlərini açıq şəkildə sezmək olur. Bu isə gələcəkdə başqa problemlərə yol aça bilər…
Müharibədən sonra açıq şəkildə ordunun, generalların ləkələnməsi tendensiyası yaşandı. Müharibə bitər-bitməz maaş problemi, “Tərtər işi” isə ölkənin gündəmini zəbt etdi.
Burada haşiyədən çıxıb gələcəkdə yazılacaq bir neçə yazının anonsunu vermək istəyirəm.
90-cı illərdən bəri son adına “Tərtər işi” qoyulmuş hadisələrin araşdırmasına start vermişəm, nəticə yox, məhz səbəbləri diqqətinizə çatdıracam.
Hazırkı BQR Kərim Vəliyev milli, intelligent kadr sayılsa da, onun işləməsi üçün ya şərait yoxdur, və ya da işləməsinə mane olurlar. Çünki rüşvəti özlərinə peşə edənləri, əlləri milyonlarla oynayanları ordu quruculuğu, hansısa model yox, məhz pul düşündürür. “Bulanlıq suda balıq tutmaq daha asan olur”, – deyirlər. Hazırda baş verənlər də suyu bulandırmaqdan başqa bir şey deyil.
Azərbaycan ordusu Türkiyə modelinə keçir, Şuşada Osmanlının Mehtər marşı ilə addımlayır. Daxilə baxanda isə “Osmanlı (Türkiyə modeli) ordusu” yox, “Osmanovlar ordusu” görürük.
Ardı var…
Hiç yorum yok:
Yorum Gönder