22.12.2021

"Zəka küpləri"nin müharibəsi: "Bayrağı tapdalamaqla..." - Səxavət Məmməd yazır

Azərbaycanla Ermənistan arasındakı müharibə nə vaxtsa bitəcək, ola bilsin sülh də olacaq. Ancaq biz bunu hər iki cəmiyyətdəki bəzi düşüncəsizlərə görə ürəkbulanma ilə yaşayacağıq.

Uşaq olanda TV-də xəbərlərdə ABŞ bayrağının, prezidentinin maketinin yandırılmasını görəndə həmişə yanımda olan böyüklərdən soruşurdum ki, bunu edəndə nə olur? Cavablar demək olar bənzər olurdu – Amerikaya etiraz edirlər. Bayraq yananda nə əldə edirlər? Nəticəyə təsir edir? Bu suallara isə cavab ala bilmirdim.

Bir neçə gün öncə qarşıma çıxan bir videoda Xocavəndin bir futbol klubunun oyunçuları yerə Azərbaycan bayrağını sərib, ayaqlayıb keçdi, biri hətta tüpürüb keçdi. Həqiqətən adam acıyır, iyrənir. Azərbaycan bayrağını tapdalamaqla nə qazanırsan? Söyüşdən başqa nə? Əlbəttə ki, heç nə.

Elə bilirsiniz təkcə ermənilər edir bunu? Yox! Azərbaycanda da elələri var ki, onlar da bunu edirlər.

Müharibə vaxtı bayraq endirmək, endirilən bayrağa təpik atmaq normal haldır. Əslində bunu da normal saymıram, ancaq cəmiyyətlərimizi tanıdığım üçün normal deyirəm.

Ermənistan bayrağını yandırırlar, tüpürürlər, ayaqqabı silirlər. Əslində bunların arasında bayraqları ayırd edə biləyənlər də var, Kolumbiya bayrağının başına min müsübət açırlar. Əslində onlar nə müharibədən xəbərdardır, nə də vəziyyətdən. Vəzifəlilər arasında da “zəka küpləri” çoxdur.

Bəzən deyirik ki, erməni bayrağına ayaqqabısını silənlər sosial şəbəkədə “like” almaq üçün edir. Bunu anladıq. Bəs uzun illər deputat olmuş, elə uzun illərdir də Daşkəsinin icra başçısı olan Əhəd Abıyev də “like” yığmaq üçün edirdi? Əhəd Abıyev bəlkə də o şəxslərdəndir ki, kompyuterə hələ də şeytan əməli kimi baxır. “Youtube”un baş redaktorunu axtarışa verən adam “like” yığmağı düşünər? Adam şiferə Ermənistan (əslində Kolumbiya) bayrağı çəkdirib, yumruqla qırırdı.

Təxminən 5 il öncə bir səfərdə Serbiya, Albaniya və digər ölkələrdən olan həmkarlarla bir neçə gün bir yerdə olduq. Açıq hiss olunurdu ki, serblərlə albanlar bir-birilərinə səmimi qəlbdən nifrət edirlər. Ancaq ara-sıra danışırdılar. Albandan soruşdum ki, niyə beləsiniz? Cavabı belə olmuşdu: Müharibədən sonra serblərlə bizi bir arada görə bilməzdin, bir tədbirdə olsaq da aramızda dayanan sən yox, mütləq bir neçə polis olardı. İndi artıq dövlətlər yaxınlaşır deyə, xalqlar da bir-birinə isinişməyə başlayıb. Qarabağ müharibəsində baş verənləri kiçiltmək niyyətim yoxdur, ancaq Serbiyanın törətdiyi bəşər tarixinin ən qanlı, ən çirkin olaylarından olub. Əgər onlar belə qarşılıqlı nifrətə rəğmən özlərini normal apara bilirsə, demək ki, bizim və ermənilərin də elə şəxslərini düzəltmək olar.

İstər Azərbaycan, istər Ermənistan bu çirkin bayraq tapdalama yarışını dayandırmalıdır. Buna hər iki ölkə borcludur. Özünə hörmət edən dövlət bayrağının belə tapdalanmasına göz yummamalıdır.

Müharibədən əvvəl vəziyyət daha iyrənc idi. Azərbaycanlı naxoşlar şəkillərdə eşşəyin başın kəsib, yerinə Sərkisyanın, Köçəryanın başını qoyub ondan zövq alırdılar. Ermənilər də buna adekvat cavab verirdilər. Bu məsələ çox tənqid olunandan sonra dayanmış oldu. Bəlkə də haradansa düymə basıldı, ondan sonra dayandı.

Əslində bu iki cəmiyyət bir-birinə çox bənzəyir. Ermənilər tarix boyu müxtəlif ölkələr tərəfindən o qədər istifadə olunublar ki, sözün əsl mənasında şizofrenləşiblər. Azərbaycan xalqı başqa ölkələr tərəfindən olmasa da, daxildə həmişə istifadə olunub. Hər iki cəmiyyətdə eyni təfəkkürlü, eyni düşüncəli adamlar çoxluq təşkil edir. Söyüşün, təhqirin nəyisə dəyişdiyini düşünürlər. Əslində bu həm də onu göstərir ki, iki cəmiyyət də xəstədir. Araşdırmalara görə, söyüş söymək sağlamlığa xeyirdi. Söyüş söymək dərdinizi yüngülləşdirir, insanı güclü hiss etdirir. Yəni, hər iki cəmiyyət dərdlidir, hər iki toplumun insanları özünü güclü hiss etmir. Öz taleləri öz əllərində deyil. Şad günlərini, yas günlərini başqaları müəyyən edir, problemləri ilə başqaları məşğul olur. Müharibə başladan başqa, müharibədən sonrakı dönəmi idarə edən başqa, ikinci dəfə müharibə başladanlar başqa, bitmə gününü təyin edənlər başqa, hazırkı prosesləri idarə edənlər başqa.

Nə erməni cəmiyyətində öz var, nə Azərbaycan. Onlar başqa cür bədbəxtdir, biz başqa. Ona görə də, hər iki cəmiyyətdə belə davranışlara rast gəlirik və bu hal artan templə də gedəcək.

Bu müharibədə sərhəd yox, hədd yox, qayda yox, qanun yox, ölən yox, yarlanan da yox. Qazanan varmı? Var – həm daxildəki, həm xaricdəki istifadəçilər.

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics