21.01.2021

“Dostuma dedim ki, dur gedək, bu, artıq qələbədir” - MÜSAHİBƏ

Ordumuz yeni tarix yazır. Zəfər dolu günlər yaşayır, hər gün qələbə xəbəri ilə sevinirik. O, bu tarixi ana şahidlik edir... Qeydləri o qədər çoxdur ki, hələ müharibə bitməmiş bir kitabın mövzusunun artıq hazır olduğunu deyir: "Yazılanda, bir çoxları heyrət edəcək ki, belə bir döyüş, belə bir əməliyyat, belə bir ürəkmi olub”.

Müsahibimiz "Yeniçağ.az” saytının əməkdaşı, hərbi jurnalist Səxavət Məmməddir.

- Hərbi jurnalist olmaq, jurnalistikanın, bəlkə də ən çətin və təhlükəli istiqamətidir. Niyə məhz bu sahəni seçdiniz?


- Hər peşənin öz riskləri var. Hərb sahəsində insan həyatı daha çox risk altında olduğundan, təhlükəli hesab olunur. 4-5 yaşımdan müharibənin içində böyümüşəm. Bəlkə də bu səbəbdən hərb istiqamətinə yönəldim. Bu sahəni çox sevirəm. Cəbhə bölgəsində özümü daha rahat hiss edirəm. Yəni kompüter arxasında, ofisdə olanda bu rahatlığı tapa bilmirəm. İşimdən zövq alıram.  Burda sanki öz ərazimmiş kimi, futbol dili ilə desək öz mövqeyim kimi oynayıram. Sevərək, istəyərək bu sahədəyəm.

- Bəs niyə hərbçi yox, jurnalist?


- Sərbəstliyi sevirəm. Hərbi xidmətdə olduğum dövrdə belə, heç vaxt özümü o qəlibdə görə bilməmişəm. Hər gün saç qırxmaq, üz təmizləmək, nizam-intizamda özümü təsəvvür edə bilmirdim. Ona görə hərbçi olmadım. Amma jurnalist olaraq hərb sahəsini çox sevdiyim üçün sırf bu sahə üzrə də ixtisaslaşdım.

- Ordumuzun uğurlu Qarabağ əməliyyatının ilk günlərindən cəbhədəsiniz. Sizin silahınız klaviatura və qələmdir. Həyatınız risk altındadır. Təhlükə ilə necə mübarizə aparırsınız?


- Mən müharibə başlanandan bir gün öncə, 26 sentyabrdan cəbhə bölgəsindəyəm. Yadınızdadırsa, o vaxt çox şayiələr, dezinformasiyalar yayılırdı. Bir gün qərar verdim ki, nə baş verdiyini izləmək üçün cəbhə bölgəsinə gedəcəyəm. 27-si səhər saat 6:30-dan sonra müharibə başladı. Mərminin dili, ağzı yoxdur. Bilmirsən haradan, necə gəlir. Hər an hər şey ola bilər. Təhlükədən qorunmaq üçün burada sahəni bilmək, ərazini düzgün seçmək lazımdır. Önəmli olan budur. Ola bilər mərmilər sənə tuş gəlsin. Amma mən seçdiyim ərazilərdə, özü də çox ön hissələr olub. Bir dəfə də olsun təhlükə ilə üzləşmədim. Çünki ərazini düz seçirəm. Ən əsas məsələlərdən biri odur ki, hətta özümün doğulduğum Ağdamda olanda belə, mütləq bələdçidən istifadə edirəm. Müharibə jurnalistikasının əsas xüsusiyyəti odur ki, dünyanın hansı ölkəsində olursan ol, ərazini nə qədər mükəmməl bilirsən bil, mütləq bələdçilərdən istifadə etmək lazımdır. Mən də rayonun ərazisində hər gedəcəyim bölgədə bələdçilər seçirəm. Müəyyən məsələlər var ki, bunu açıqlamaq olmur. Hərbidən bir qədər anlayışı olanlar düşmənin hansı istiqamətdən vuracağını hesablaya bilir. Məni burada qoruyan öz sahəmdə ixtisaslaşmağımdır. O bilgilərlə özümü hələ ki, qoruya bilirəm.

- Ali baş komandan işğaldan azad olunan əraziləri sadalayanda bütün əhalimiz böyük diqqətlə və demək olar ki, nəfəs almadan qulaq asır. Hərbi jurnalist olaraq bu məlumatları bəlkə də cəbhə xəttində daha tez bilən insan kimi, bu sirri və sevinci saxlamaq mümkün olurmu?


- Son günlər Azərbaycanda hər kəsin ən çox gözlədiyi, yenilədiyi Ali Baş Komandanın "Twitter” səhifəsi və xalqa müraciətləridir. Asan deyil, 30 ilin həsrəti var... və bu, təkcə qarabağlıların məsələsi deyil, Qarabağ Azərbaycandır. Çünki Qarabağda təkcə qarabağlılar yox, Azərbaycanın hər bir bölgəsindən şəhidlərimiz, yaralılarımız olub. Hər bir ailədə Qarabağ müharibəsinin verdiyi "yara” var. Ona görə də bu sevinci ifadə etməyə söz yoxdur. Təbii ki, bəzi informasiyalar olur ki, açığı, öncədən burada bilmək olur. Bizim işimiz təkcə müşahidələr aparmaq, hansısa əraziyə girib çıxmaq deyil, hərbçilərlə də əlaqədə ola bilirik. Aralarında dostlar, tanışlar, mənbələr var. Bunları öncədən bilirik, amma məsələ ondadır ki, artıq burada dövlət məsələsi önə keçir. Müharibəni dövlət və xalq aparır. Bunu açıqlayacaq olan da dövlətdir. Jurnalist olaraq məsələnin bir hissəsinin bilə bilərəm, amma bilmədiyim tərəflər də çox ola bilər. Ona görə, bu sirri saxlamaq lazımdır. Bir neçə ərazi olub ki, öncədən informasiya almışam, amma deməmişəm, yazmamışam. İçimdə sevinmişəm, bilmişəm ki, artıq bura bizimdir. Məcburam saxlamağa. Çünki bu işin əsas prinsiplərindən biri də budur. Bu, şou sahəsi deyil ki, əlinə informasiya keçən kimi yazasan. Burada hərbi sirr və dövlətin bəlli bir siyasəti var. Düşmən tərəfi izləyir və qarşı tərəfin bu informasiyadan necə istifadə edə biləcəyini hesablamaq lazımdır. Ona görə də, mən özümü psixoloji cəhətdən hazırlamışam və sirrin saxlanılmasını normal qarşılayıram. Düşünürəm ki, uğurlu alınır.

- "30 ildir müharibə gedən ölkənin müharibə jurnalistləri daha güclü olmalı idi"- deyirsiniz. Peşəkar müharibə jurnalisti necə olmalıdır? Bizim qüsurlarımız nədir?


- İllərdir bunu yazıram ki, Azərbaycanda ən güclü, peşəkar jurnalistlər hərb sahəsində olmalıdır. Təəssüf ki, bu sahə üzrə ixtisaslaşma, demək olar ki, yoxdur. Say o qədər azdır ki... Bunu düzəltmək lazım idi. Hansı redaksiyada hərb jurnalistinin hazır çantası var. Kaska, qoruyucu jilet,  zirehli gödəkçə hansı redaksiyada olub? 30 il müharibə şəraitində yaşayan ölkənin heç bir redaksiyasında bunların olmaması düşündürücüdür. Bunun üçün ixtisaslaşma lazımdır. İxtisaslaşmanı hərbçilərlə dostluq etməklə qazanmaq olmur. Bunun xüsusi təlimləri, kursları var. Mən bir neçə təlimdə olub, hətta beynəlxalq sertifikat aldığım kurs da bitirmişəm. Hərbi jurnalistikanın prinsipləri var. Məsələn, redaktor, yaxud redaksiya jurnalisti döyüş bölgəsinə xəbər arxasınca göndərir. Jurnalistin özünün xəbər olması ayıb sayılır. Sən xəbər arxasınca gedirsən və özün xəbər olursan. Bunun olmaması üçün jurnalist, konkret olaraq ixtisaslaşmalı, peşəkar olmalıdır. Bu sahə üzrə kurslardan, təlimlərdən keçib tam hazır hala gəlməlidir. Xaricdə təlimlər zamanı görürdüm ki, tam fərqlidir. Döyüş bölgəsində jurnalistin sağ qalması üçün hər bir şey edilməlidir. Jurnalist suda, havada, qarda peşəkar olmalıdır. Həm informasiya işləməli, həm sağ qalmalısan. Ordu nə qədər irəli getsə də, uğurlu əməliyyat aparsaq da, hərbi jurnalistika sahəsində sinifdə qalmışıq.

- Hərbi jurnalisti, həm də hərbi məsələlər üzrə, sözün əsl mənasında ekspert adlandırmaq olar. Sizcə, şanlı ordumuzun uğurlu əməliyyatlarının sirri nədir?


- Jurnalist hərb sahəsindən ekspert səviyyəsində biliklərə malik olmalıdır. İllərdir bu sahədə araşdırmalar aparan biri kimi deyə bilərəm ki, bunun üçün ciddi hazırlıq lazım idi. Bəzən telekanallarda uğurlarımızı müasir silahların olmasına bağlayırlar. Xeyr, belə deyil. Bəli, silahların da önəmi var. Amma bu uğurların əsas nəticəsi beyindir. Əməliyyatların gedişinə, taktikaya, strategiyaya baxanda, faktiki olaraq görürsən ki, burada beyinlər işləyir. Nə qədər müasir silah olur olsun, əsas beyindir. Amerikalı, rusiyalı mütəxəssislər də deyir ki, Azərbaycanın apardığı müharibə tarixi düşəcək müharibədir. Bu silahı tutan əl, əli də idarə edən beyin var. Təlimlər, silah-sursat normativlərdir. Burada elə əməliyyatlar həyata keçirilib ki, kitaba düşüləsidir. Strategiyası mükəmməl hazırlanıb. Hadrutun işğaldan azad olunmasına hərbi ekspertlər inanmırdılar. Açıqlanandan sonra da deyirdilər ki, bu necə oldu? Çox mükəmməl, məntiqli, uzaqgörən taktikanın nəticəsi idi.

- Cəbhə bölgəsində olan yaxınını gözləmək şərəfli olsa da, ailələr üçün çətin tərəfi də var. Ailəniz sizin həyatda seçdiyiniz yolu dəstəkləyirmi?  Cəbhə bölgəsində olduğunuz zaman təəssüratları necə olur?


- Təbii ki, narahat olurlar. Burada bir neçə dəfə jurnalistlər yaralanıblar. Buna görə mənə zəng ediblər. Onların narahatlığını qınamıram, qəbul edirəm. Valideynlərim Ağdamda yaşayır. Onların yaşadığı qəsəbənin ətrafını vurublar. Özləri təhlükə altında olsalar da, mənə görə narahatdırlar. Onların zənglərinə dərhal cavab verirəm ki, qorxmasınlar. Həyat yoldaşımın əminliyi var. Bilir ki, bildiyim yerdəyəm və mənə təhlükə gəlməyəcək. Mən heç vaxt düşünmürdüm ki, Qarabağ sülh yolu ilə azad olunacaq. Əmin idim ki, nə vaxtsa müharibə başlayacaq. Ona görə, mənim üçün bu müharibənin fərqli anlamı var. Ailəm də bilir ki, məni buradan saxlamaq mümkün deyil, ona görə də dəstək olurlar.

- Torpağımız 30 ilə yaxındır ki, işğal altında qalıb. Hərbi jurnalist və vətəndaş Səxavət Məmməd ordumuzun uğurla addımlamasını görəndə hansı hisslər keçirir?


- Sevinmək, qürur duymaq, fəxr etmək... bütün gözəl sözləri deyə bilərəm. Mənim illərdir gözlədiyim bu olub. Bunu istəmişəm. Hazırda istədiyim ab-hava, istədiyim ordudur. Çox güclüdürlər...

- Zəfər dolu bu əməliyyat ölkəmizin tarixinə qızıl hərflərlə yazılır. Bu tarixin cəbhədəki canlı şahidi olmaq sizin üçün nə deməkdir?


- Hələ müharibə bitməmiş burada bir kitabın mövzusu var. Qeydlərim o qədər çoxdur ki... Yazılanda, bir çoxları heyrət edəcək ki, belə bir döyüş, belə bir əməliyyat, belə bir ürəkmi olub... İnsanlar bunu görəcəklər. Mən qürur duyuram. Heç tələsmirəm. Bu müharibə şahmat oyunu kimidir. Bəzən vaxt apara bilər. Amma diqqətli, səbirli, təmkinli olmaq lazımdır. Gözümün qarşısında arzuladığım bir tarix canlanır və bundan həzz alıram.

- Cəbhədə ən çox təsirləndiyiniz xatirə və ya hansısa məqamı bizimlə bölüşə bilərsinizmi?


- Cəbhədə xatirələrim çoxdur. Suqovuşanın işğaldan azad olunması ərəfəsində bir yüksəklikdə özümüzə mövqe seçmişdik. Döyüşün gedişatını izləyirdik. Film kimi idi. Heç bir aksiyon filmlərində bunu görməmişdim. Artıq hava qaralırdı. Birdən dayandım, dostuma dedim ki, dur gedək, bu, artıq qələbədir, bura bizimdir. Gəldik. Təbii ki, yazmadım ki, Suqovuşanı işğaldan azad etdik. Bir cümlə yazdım ki, artıq Azərbaycan ordusu Madagizi vurmur... 1 gün sonra cənab prezident açıqladı ki, Madagiz bizdədir.

- Müharibə dövründə məlumatları paylaşırsınız, hansıları yox? 


- Müharibə dövründə informasiya ilə işləmək vacib məsələdir. Mənim çərçivəm çox dardır. Ərazidə baş verənləri görürəm, onlarla bağlı informasiya alıram. Arxa cəbhədən informasiyam olmur. Ancaq zənglərlə əldə edirəm. Burada redaktorların üzərinə ciddi iş düşür. İnformasiyanın üzərində çalışan redaktorlardır. Bu sahədə anlayışı olması vacibdir. Müdafiə nazirliyi məlumat yayır ki, canlı yayım etməyin, foto, video paylaşmayın. Buna diqqət etmirlər. Canlı yayımla yer tapmaq çox asan və sadədir. Adi bir fotonun harda çəkildiyini bilmək üçün xüsusi xidmət orqanın əməkdaşı olmaq lazım deyil. Videoların çəkilmə, işlənmə qaydası var. Məsələn, bir əraziyə mərmi atıb, amma hədəfi tutdura bilməyib. Bəzi təcrübəsiz jurnalistlər bunu çəkib yayımlayıb, elə bir geniş planda çəkilib ki, düşmən anlayıb ki, yox, bura lazım deyilmiş, filan istiqamətə vursaq, iş bitəcək. MN-nin qadağaları kefdən irəli gəlmir. Bunun səbəbləri var. Foto, video paylaşmıram. Özüm üçün arxiv yığıram. Paylaşacağım foto da bir həftə öncənin olur. Cəbhədə cəmi 1 şəkilim var. Jurnalistin səlahiyyətində deyil ki, yazsın ki, Zəngilan işğaldan azad edildi. Ərazi tam möhkəmlənməli və döyüşləri aparan ərazi üzrə cavabdeh şəxs deməlidir ki, təhlükə yoxdur. Bu da Ali Baş Komandana açıqlanır. Bu, rəsmi şəxslərin görə biləcəyi işdir. Bu barədə tələsmirəm. Amma mən cəbhə bölgəsindəyəm, döyüşləri görürəm, istiqamətini bilirəm, Ermənistan hansı istiqamətdən atır , bizimkilər cavab verir, təbii ki, bunu rəsmi açıqlama gözləmədən yazıram.

Aygün Əziz
Kaspi Qəzeti

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics