Fikir verirsinizsə, döyüşmək üçün könüllü yazılmağı da şouya döndərmək qədər irəli gedənlər var. Kimi könüllülər siyahısına saf niyyətlə yazılır, kimi də özünüreklam və artistlik üçün… Hər kəs özü bilər, buna qarışmayacam. Toxunmaq istədiyim məsələ başqadır.
Əvvəla, qanunvericiliyə görə, heç kim könüllü orduya getmək üçün Səfərbərlik Xidmətinin qapısını kəsdirməməlidir. Çünki səfərbərliklə bağlı konkret qanun var. O qanunda da “könüllülük” haqda heç bir müddəa yoxdur. Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən sonra Orduda fəaliyyətin davam etdirilməsinin iki yolu var: Müddətdən Artıq Xidmət Etmək ( MAXE) və gizirlik. Ümuimilikdə isə həqiqi hərbi xidmət keçmiş hər bir vətəndaş komisarlıqlarda qeydiyyatdadır.Başqa vacib məsələyə nəzər salaq. Məktəblərdə şagirdlərin – yəni sabahın əsgərlərinin – hərbi hazırlığının təşkili hansı vəziyyətdədir? Təhsil Nazirliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu işin öhdəsindən gələ bilirmi? Axı məlumdur ki, hərbi xidmətə yeni başlayan əsgərlərin böyük əksəriyyəti adi komanda ilə sağa-sola dönməyi də bacarmır. Bunu hərbi xidmətdə olanların çoxu təsdiqləyə bilər. Hələ sağ-sola dönmək bir yana, “Geriyə dön” komandası veriləndə, əsl komediya yaşanırdı….
Xidmətin ilk görəcəyi işin başında bu çatışmazlığı aradan qaldırmaq dayanmalıdır. Ancaq o qurum öz vəzifəsini normal yerinə yetirə bilmədiyi halda, xalqı hədəfə çıxarması ayrı bir macəradır. Yəni sözügedən Xidmət ölkə rəhbərliyinə sərhəddəki son döyüşlərin davam etdiyi günlərdə cəmi150 nəfərin könüllü yazıldığı haqda məlumat verməklə, əslində, öz “topuğuna atəş açıb”.
Məlum qurumun işi təkcə əsgəri hərbi xidmətə çağırıb, qayıdanda da qeydiyyata almaqla bitmir. Tərxis olunan əsgərlərin müəyyən yaş həddinə qədər hərbi vərdişləri unutmaması üçün onların müəyyən dövrlərdə toplanışlara cəlb olunmaları lazımdır. Bu təcrübə dünyanın ən dinc ölkələrində də mövcuddursa, Azərbaycan kimi müharibə vəziyyətində olan dövlətdə buna daha çox ehtiyac var.
Acınacaqlı haldır ki, bu günə kimi ehtiyatda olanlar bir dəfə də geniş tərkibdə təlimlərə cəlb edilməyiblər. Hazırda orduya könüllü yazılanların əksəriyyəti sadəcə, Vətən qarşısında borcunu verdiyini düşünərək, bu addımı atırlar. Əlbəttə, təqdirəlayiqdir. Açığı, istəsək, Ermənistanın 3 milyonluq əhalisindən də çox sayda əsgər çıxararıq.
Sosial şəbəkələrdə, saytlarda Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın da könüllü döyüşmək üçün Səfərbərlik Xidmətində qeydiyyatdan keçdiyi haqda xəbərlər, bu addımı isbatlamaq məqsədilə çəkilən təsdiqləyən fotoşəkillər yayılıb. Əslində, o xəbəri ilk görəndə, gözlərimə inanmadım, yalan olduğunu düşündüm. Ancaq gerçək imiş… İstər icra başçısı özünü reklamla məşğul olsun, istər gerçəkdən döyüşmək istəsin, fərqi yoxdur.
Bunda günahkar xanım icra başçısı deyil. Çox maraqlıdır, Səfərbərlik Xidməti Gülməmmədovanı hansı statusla qeydiyyata alıb? Səfərbərlik əmri verildikdə, icra başçısının əsas vəzifələrindən biri bu işin təşkilinə kömək etmək olacaq. Yəni səfərbərlik üçün belə bir mühüm vəzifə öhdəliyi olan şəxsi Xidmət necə qeydiyyata alıb? Yaxşı, xanım icra başçısı hissə qapılmış ola bilərdi, bəs onu qeydiyyata alan orqanda bunu bilən bir nəfər tapılmadı?
Yazının əvvəlində vurğuladım ki, bu işin də şitini çıxardıq. Hər kəsin xatirindədir, koronavirus ilk yayılan vaxtlarda hər kəs bu ölümcül infeksiyadan lətifə düzəldirdi. O da yadınızdadır, bütün ciddi işlərdə olduğu kimi, bu işin təbliğatında da müğənniləri öz plana çıxardılar. Sonu məlumdur, dünyada ən uzunömürlü karantin rejimini yaşayan ölkə olmuşuq.
Baxın, ilk günlərdə insanlar saf hisslərlə, sırf Qarabağ yanğısı ilə könüllü qeydiyyata düşürdülər. Bir yerdə də o insanlara yan gözlə baxan görmədik. Ta ki şou-biznes təmsilçiləri könüllü qeydiyyata düşənə və haradansa tapdıqları hərbi formada poz verənə qədər… Özləri demişkən, aylardır, əllərinə pul dəymir. Toyxana ilə döyüş meydanını, mikrafonla da avtomatı səhv salıblar.
Deyilə bilər ki, niyə, bəlkə onlar da döyüşmək istəyir? Çox səhv edirlər! Olmaz ki hər kəs öz işi ilə məşğul olsun? Faiq Ağayev, Aygün Kazımova, nə bilim, Şəbnəm Tovuzlu gedib əsgərlərin qarşısında 3-4 vətənpərvərlik mahnısı oxusa, bu, 6 ay səngərdə yaralı əsgərlərə qayğı göstərməyə bərabər olar. Necə ki, bunu Aygün Kazımova Qarabağ müharibəsi vaxtı edib. İkinci Dünya Müharibəsində Sovet əsgərlərinə müntəzəm konsertlər verildiyi, yaradıcı insanlıarın səngərlərdə əsgərlərlə daim görüşlər keçirdiyi məlumdur.
Bu gün mərhum Anar Məmmədxanovun həyat və yaradıcılığı barədə internetdə araşdırma apardım. 1992-ci ildə kapitanı olduğu “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubu (ŞHK) döyüşlərin getdiyi Ağdərədə əsgərlərimizə konsert verib. Faiq Ağayev çıxıb könüllü yazılanlara “eşq olsun, müharibə başlasa, daim onların yanında olacam, səngərlərdə əsgərlərimizə konser verəcəm” desə, daha səmimi olmazdımı?
Dünya durduqca, müharibələr də olacaq. Müharibədə ucdantutma hər kəsin döyüşməsi kimi bir məcburiyyət də yoxdur. Nə keçmişdə olub, nə də sabah olacaq. Müharibə şou meydanı deyil, icra başçısının görüntü yaradacağı yer heç deyil. Qalib gəlmək üçün hamının silaha sarılması yox, hər kəsin öz vəzifə borcunu vicdanla yerinə yetirməsi kifayət edir.
Bu, hər kəsə aiddir…
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder