21.01.2021

Qarabağda məclis quran məmurlar o gölün varlığından xəbər tutsalar...

Səhəri Ağdamda açırıq. Quzanlıda yox ha, Ağdamda, Şahbulağın, Yeddixırmanın ətəyində, Kolanlı dərəsində… Hərbi xidmətdən sonra işimlə bağlı sayını unutduğum qədər əsgərlərlə bir kazarmada gecələmişik, səhəri əsgərlərlə açmışıq.

Ancaq bu, tamam fərqli bir hissdir. 27 il həsrətini çəkdiyin torpaqda üzümüzə gün doğur… Yolumuz Kolanlı dərəsinədir. Kolanlı dərəsindən öncə Qızıllı Kəngərilidə gördüklərimizlə bağlı… Qızıllı Kəngərilinin daxilindən Ağdərəyə gedən yolun sağında, solunda böyük marketlər tikiblər. Kənardan baxanda da bu kənddə yaşayış olduğunu açıq-aşkar görmək olurdu.Bu mənzərə adama elə təsir bağışlayır ki, kəndə ümumiyyətlə əl dəyilməyib, elə gəlib burada yaşayıblar. Ancaq kəndin içərisinə girdikdə hər şeyin fərqli olduğunu görürük. İlk müharibənin bütün əlamətləri necə varsa, qalıb. Uçuq evlər, güllədən deşilmiş darvazalar, yanmış texnikalar. Məsələ ondadır, kəndin təbiəti o qədər gözəldir ki, sanki orada heç bir müharibə olmayıb. Az qala, kəndin hər evində yaşayıblar. Evlər və həyətlər arasında kəskin fərqlər var. Həyətlərdə meyvə-tərəvəz qaynayır, evlərin içərisi isə müvəqqəti sığınacaq, daha çox torpağı əkib-becərmək üçün istifadə edilib. Bağlarda bütün meyvələrdən var. Üzüm tağları, xurma bağları, müxtəlif tərəvəzlərin becərildiyi “parniklər”…

Hər bağa girdikcə “bir torpaq bu qədərmi bərəkətli olar”, – deyə düşünürəm. Kənddə bəzi evlərin həyətlərində sökülmüş maşınları görürük. Elə həyət var ki, 3 sökülmüş maşın qalıb. Məsələ ilə maraqlananda məlum olur ki, ermənilər həm də bu ərazidə Ermənistandakı ermənilərdən oğurladıqları maşınları gətirərək, söküb, hissə-hissə satıblar. Ermənilər Qarabağda həm də çirkli işlərini görüblər. Necə ki, bir neçə yerdə nəşə plantasiyaları aşkar edildiyi kimi…

Əsgərlər deyir, kəndin Şahbulaqla birləşdiyi yerdə göl var, orada əla balıqlar olur. Bizi balıq ovuna dəvət edirlər. Balıq vətəgəsində əsgərlər balığı torla, qarmaqla yox, yaba ilə ovlayırdılar. Açığı, əvvəllər diqqətli davransalar da, son günlər nə qədər balıq varsa, bəlkə də hamısını ovlayıblar. Səbəb? Özlərinin dili ilə desək, bura yəqin ki, hansısa məmur gəlib oturacaq, sahibləncək. O zaman həmin balıqlardan yeməyə imkanları çatacaq, ya yox, bilinmir.

Ağdamda bəzi ərazi və “obyektlər”ə sahiblənmək üstündə məmurlar arasında “savaş”ın başladığını eşidəndən sonra əsgərlərə haqq qazandırdım. Hər gün Ağdamın işğaldan azad edilmiş yerlərində kabab yeməyə gedən məmurlar bilsə idi ki, orda elə bir göl var, şübhə etməyin ki, o ərazini hasarladardılar. Mal-qaraya, atlara göz tikdikləri kimi…

Ermənilər Qızıllı Kəngərilinin demək olar, hər qarışını əkib-biçiblər. Təkcə həyətyani sahələri yox, elə düzənlikləri də. Taxıl zəmiləri, mal-qara və donuz fermaları…

Yolumuz Kolanlı dərəsinədir. Kolanlı dərəsində bir neçə kənd olub. Onlardan nisbətən salamat qalanı Mollalar kəndidir. Əslində, Mollalar kəndində də salamat ev qalmayıb. Sadəcə, erməni zabitləri üçün yeni evlər tikilib, məktəb inşa olunub. Köhnə evlər isə mal-qara, donuz saxlamaq üçün tövləyə çevrilib.

Mollaların qərbindəki Əlimədədtli, şərqindəki Kürdlər kəndi yerlə-yeksan edilib. Həmin ərazidə olarkən, bir çox ağdamlı zəng edib, kəndlərini, evlərini soruşurlar. Deyirəm, dağılıb. İlk sözləri bu olur – Suriyanın gününə düşüb? Suriya? Fikrimcə, bir suriyalını Ağdama gətirib, ona məscidin minarəsindən şəhəri göstərsələr, Suriyanın gününə şükür edər.

Yəni bildiyiniz, ermənilər işğaldan azad edilmiş ərazilərimizi Suriya xarabalığından da betər günə salıblar…

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics