Azərbaycan xalqı müstəqilliyimizin bərpasından ötən müddətdə özümüz tərəfindən ən çox qınanılan, bəzən də ən çox təhqir olunan xalq olub.
“Mitinqə gəlmir, qorxaq olur. Haqqı tapdalanır, qorxaq olur. Siyasi proseslərə qarışmır, kölə olur” – belə ittihamların sırasını artırmaq da olar.
Açığı bəzi dairələrdə hətta Azərbaycan xalqının qorxusundan müharibə etməyəcəyini deyirdilər. Əslində, o qədər hadisələr baş verirdi və reaksiyasız qalırdıq ki, bu deyilənlərə açıq haqq qazandırmasaq da, daxilimizdə buna etiraz da etmirdik.Azərbaycan xalqının, bu məmləkət insanının müharibə başlayarsa hansı reaksiya verəcəyi bir çoxlarında sual doğururdu. Genaral Polad Həşimovun şəhid olmasından sonra xalq küçələrə axışdı və müharibə tələb etdi. Düzdür, o zaman da yazmışdım, indi də elə düşünürəm ki, hökumət xalqın toplaşmasını, Azadlıq meydanına çıxmasını, Millə Məclisin qarşısına gəlməsinə mane olmadı. Belə deyək, nəbz yoxladı.
Xalq da bu “nəbz yoxlaması”ndan üzüağ çıxdı. Milli Məclisin qarşısına yığılan minlərlə insanı oradan uzaqlaşdıran polis, istəsə, onların əraziyə gəlməsinə də mane olardı…
Sentyabrın 27-də döyüşlər başladı. İlk mərhələdə insanlar təhlükəsiz ərazilərə çəkilir. Doğrusu, ilk gündən cəbhədə olduğum üçün insanlar arasında çaşqınlığın olduğunu açıq şəkildə görə bilirdim. Çox keçmədi, vəziyyət tamamilə dəyişməyə başladı.
Artıq ilk uğurlar əldə edilir, ilk şəhidlər də gəlir. Qısa zamanda çaşqınlığı “əlimi mən də daşın altına qoyum” yanaşması əvəzlədi. İlk günlər cəbhəyanı rayonların camaatı əsgərlərimizə yemək yardımına başladı. Məsələ ondadır ki, bu formada ərzaq yardımı təhlükəsizlik baxımından məqsədəuyğun deyildi. Ancaq edilirdi və bunun ardı-arası kəsilmirdi.
Müharibənin ilk günləri corab yardımına start verildi. Bir neçə gün sonra isə pərakəndəlik də aradan qalxdı. Ehtiyaca uyğun olaraq, insanlar sistemli qaydada yardım etməyə başladılar.
Döyüşlərin ilk həftəsi idi. Ön cəbhədə olan bölmələrimizdən birinə baş çəkməyə getmişdik. Təbii ki, özümüzlə yardım da aparmışdıq. Komandir əsgərləri yanına çağırdı. Dedi, yalan danışırımsa, əsgərlərim desin. Uşaqlara dedim, əgər müharibə başlasa, bilin ki, bu camaat sizi yedizdirəcək, içirdəcək, geyindirəcək, bizə qalan tək iş döyüşmək olacaq.
Uşaqlar bəlkə də inanmırdılar. İndi nə yeməkdən korluqları var, nə geyinməkdən. Xalq dövlətə imkan vermir, özü hər işə əl uzadır. Dostum, jurnalist Cəmil Məmmədli Xaçmazdan özü ilə birlikdə cəbhəyə bir neçə yük maşını yardımla gəlmişdi. Ehtiyaca uyğun olaraq qruplaşdırıb, postlara aparırıq. Yükü boşaldarkən, bir qutuya əl atanda, Cəmil dedi ki, ona dəyməyin, o qutu Füzuliyə gedəcək.
Əslində, çox da böyük bir qutu deyildi. Sual verdim, qutuda nə var ki, onu Füzuliyə göndəririk? Dedi, bunu göndərən bir kasıb ailədir. Oğulları Füzuli istiqamətində döyüşür. Çox kasıbdırlar. Həyətlərində olan toyuqları, yumurtaları satıb, bir qutu düzəldiblər. Bunu verəndə də dedilər ki, uşağıma çatması vacib deyil. Füzuli istiqamətində əsgərlərə verin, bəlkə elə bizim uşağa gedib çatdı.
Həmin qutunu göndərən ailə heç uşağının ad-soyadını da deməmişdi. Bir ümid… Cəbhəyə gələn məhsullar müxtəlif cür idi. Corabından tutmuş səyyar hamama kimi… Bəzən bizim harınlamış kimi qələmə verdiyimiz iş adamları cəbhə üçün nələr etmədilər, bir bilsəniz… Generatorlar, çadırlar, avtomobillər, avtomobil ehtiyat hissələri – silahdan başqa ağlınıza gələn-gəlməyən hər şey.
Telefonu xarab olan komandirlərə, post başçılarına telefonlar alındı. Təsəvvür edirsiniz, ilk dəfə idi ki, “dədəmin minnətli çörəyini yeməmişəm” deyən adamlar polisin, hərbi polisin minnətin götürüb, əsgərə yardım çatdırırdı. Qaydalar sərtləşdirildikcə, yeni variantlar düşünülür, yollar tapılırdı. Təki əsgərin ehtiyacı qalmasın.
Eşidəndə ki hər zaman çox sərt şəkildə tənqid etdiyim deputatlardan biri əsgərlərə çox böyük yardım göstərir, onlarla generator, “poverbank” göndərir və adının çəkilməsini istəmir, əvvəl inanmadım. Müharibə bitib, ona görə adını açıqlayıram – Elnur Allahverdiyev. Deputatlar cəbhəyə səfər etməyəndə, hər kəs onları qınayanda, Tərtər rayonundan seçilmiş iki deputatı şəxsən özüm ərazidə gördüm. Mərmi altında hətta müsahibə verdi.
Hər həftəsonu isə millət vəkili Aqil Abbası cəbhə bölgəsində görürdüm. Hər gələndə də zəng edib, görüşmüşük. Həmişə də deyirdi ki, gizlin gəlmişəm, bax heç yerdə deməyin haa… Səfərlərinin birində mənə 100 manat pul verdi ki, burada jurnalistlər çox çətinlik çəkir, dəstəni yığ başına, uşaqlara qonaqlıq ver. Dedim, baş üstə.
Səhər tezdən hərbçilərdən biri zəng etdi ki, Murova generator lazımdır. Generator əldə edib, yola düzəldik. Ağdamdan yeni çıxmışdıq ki, həmin hərbçi təkrar zəng etdi, dedi, qardaş, imkan varsa, elektirik mişarı lazımdır. Ermənilərin postlarında oturmaq doğru deyil, koordinatı bilib, dəqiq vururlar, yeni post qururuq.
Kiməsə ağız açmaq, gözləmək çox vaxt aparacaqdı. Cibimə baxdım, Aqil Abbasın qonaqlıq üçün verdiyi 100 manat. Özünə zəng etdim. Dedim, “drujba” lazımdır, ona gücüm çatmır, verdiyiniz pula balta almaq istəyirəm. Bir kəlmə dedi, sən baltaları al, jurnalistlərə qonaqlığı özüm verərəm.
Həmişə anam kəndimizdən çıxmağı təsvir edəndə deyirdi, elə bil, Allah bərəkəti artırmışdı, meyvələr daha çox bar vermişdi, çayda su çox idi. Bu müharibədə də onu gördüm. Pambıq tarlaları ağappaq, soğan sahələri, həyətdəki mer-meyvə… Hamısı ortada qalmışdı. Heç kim bir dəfə də olsun, “məhsulum batdı, ziyana düşdüm” demirdi.
Dostum Vasif Qurbanzadə ilə postlardan geri qayıdanda soğan tarlasının yanından keçirdik. Dedi, sahəyə bax, yığıblar, ortaya topa-topa qoyublar, hamısı məhv olub. Gör, bir adam deyir ki, soğanım sahədə qaldı?
Ağdamın Nəqliyyat İdarəsinin rəisi Tariyel müəllim – müharibədən öncə postların möhkəmləndirilməsi üçün işçiləri və maşınları ilə birlikdə əlindən gələn hər şeyi etmişdi. Müharibə vaxtı da yenə ordunun xidmətində idi. İdarəsinin gördüyü işdən əlavə nə vaxt əlaqə saxlayırdım, postlarda idi, əsgərin ehtiyacını çatdırırdı. Dörd gün idi ki, onunla postlara gedib gəlirik, hara sür deyirik, “baş üstə” ilə cavab verir. Adam bir etiraz edər, başqa işim var deyər. Yox!
Həm də dörd gün sonra bilmişəm ki, o, Nəqliyyat İdarəsinin müdiridir. Eyni zamanda, “Qaçqınkom”un şöbə müdiri – Xəyyam müəllim. Onun bir qrumda çox ciddi vəzifəsi olduğunu və məzuniyyət götürərək gəldiyini təxminən bir həftə sonra bilmişdim.
Dünyada müharibə edən nə ilk dövlətik, nə də son. Ancaq bu dövrdə dünyada hələ elə bir xalq yoxdur ki, həm döyüşməyə əsgər göndərsin, ardınca da onun ehtiyaclarını ödəməyə qalxsın. Azərbaycanda müasir gənclik həmişə tənqid edilirdi. Xalq kimi, gənclik də ona yönələn bütün iradları alt-üst etdi.
Gənclərin və qadınların fədakarlığı artıq başqa mövzulardır…
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder