14.03.2016

Balıqçılar: "Dənizin sahili yayda çimişmək, qışda sevişmək üçün..." — REPORTAJ

Külək, qum, dəniz, balıq və iki qocaman balıqçı
Abşeron sahillərindəki balıqçıların qonağı olduq. Bu soyuq qış mövsümündə dənizin kimsəsiz sahilində onların yaşam tərzi haqqında oxucularımızda az da olsa bir təsəvvür yaratmağa çalışdıq. Həmin reportajı sizə təqdim edirik:

Xəzərin sahilindəyik. Xəzri əsir. Xırda qum dənələri dənizə doğru uçuşur. Sanki "birinci kim dənizə baş vuracaq" deyə mübahisə ediblər.
Yayda insan əlindən yer tapılmayan Xəzər sahilində indi nə inni var, nə də cinni. Mərdəkandan Buzovnaya doğru dənizin kənarı ilə gedirik. Qarşımıza bir neçə it çıxır. İtlər uzun müddətdir insan üzü görmədiklərindən darıxıblarmış kimi gəlirlər yanımıza. Biraz ətrafımızda oynayıb, yenidən gedirlər.
Bu zaman kiçik daxmadan bir kişi çıxır. Yaşlı kişi yanımıza gəlir və başlayır söhbətə. Suallar verir, bizim verdiyimiz suala isə uzun-uzadı cavablar verir. Hiss olunur ki, söhbəti özü uzadır. Axırda deyir, bala, balıqçıyam, 2 aydı adam görmürəm. Sizi gördüm, danışmaq istədim. Daha sonra bizi daxmasına dəvət edir.
- Burada iki nəfər qalırıq, gedək içəri...
Balıqçının qaldığı daxmaya giririk. Gözümüzə sataşan ilk şey divardan asılmış balıqçı paltarı olur. Evin içərisi çirkli, hər şey dağınıqdır. Evdən həm çiy, həm də bişmiş balıq iyi gəlir. Sökülüb-tökülən divarda gəmi şəkli və asılmış barometr görürük.
Şəmsəddin kişinin 59 yaşı var. 11 yaşından balıqçılıqla məşğuldur. Şəmsəddin kişi əslən Astara rayonundandır. Ailəsi və uşaqları Astaradadır. Mərdəkanda işləməyə gəlib. Üç aydan bir ailəsini görməyə və qazancını onlara verməyə gedir rayona.
Şamil kişi isə az danışan, qaradinməz adamdır. 22 ildir balıqçılıqla məşğul olduğunu deyir. Özü bakılıdır, burda ailəsi var, ancaq o da daxmada yaşayır. Çox az vaxtını ailəsi ilə keçirir. Ailəsini balıqçılıqla saxlayır. Şamil kişi burada yaşamasına səbəb olaraq bildirir ki, torları hazırlamaq, dənizə aparmaq, sonra isə gedib onları çıxarmaq uzun vaxt aparır deyə, hər gün evə gedib-gələ bilmir və burada qalır.
Biz suallarımıza verməyə başlayanda isə çoxdanışan Şəmsəddin kişi başını yelləyir, amma Şamil kişinin dili açılır. Balıqçılıqla bağlı suallar veririk.
- Şamil kişi, nə zaman dənizdən yaxşı balıq çıxır?
- Baxır balığın mövsümünə. Kifal gəldi, getdi. Birazdan Kütümün mövsümü gəlir. Hər fəslin öz balığı var.
- Ən az balıq nə zaman çıxır?
- Külək olanda.
- Tutduğunuz ən böyük balıq neçə kq olub?
- Böyük balıq tutmamışıq. Biz ancaq kiçik balıqlar tuturuq. Tutuğumuz kütüm, kifaldır. Böyük balığı gəmilər tutur.

- Gündə neçə saat dənizdə olursunuz?
- Gündüz saat 8-dən axşam 6-ya kimi icazə verilir dənizə çıxmağa. Saat 8-də çıxırıq, 6-ya kimi qayıdıb gəlirik sahilə.
- Dənizdən əliboş qayıdan vaxtınız olur?
- Elə dünən əliboş qayıtmışıq. Cəmi 10 kilo balıq tutmuşuq. İş çoxdur, əzəb-əziyyəti çoxdu, ancaq kasıbçılıqdır. Hər adam dözmür balıqçılığa. O qədər özündən razı oğlanlar gəlib, 20 gündən sonra "fəhləliyə gedərəm, balıqçı olmaram" deyib, qaçıb buradan.
- Xəzərin küləyi ilə nə edirsiniz?
- Çox çətindir. Küləyə düşəndə çətin olur. Qayığı saxlamaq var, torlarla işləmək var. Külək olanda dəniz çox soyuq olur. Bir siqareti üç nəfər yandırır. Biri siqaret qutusunu çıxardır, biri qutudan siqaret, biri də siqareti yandırır. Bir adam öz siqaretini yandıra bilmir. Adamın barmaqları donur.
-Şəmsəddin kişi, Astaradan gəlib burada balıqçılıq etmək çətin deyil?
- Çətinliyi yoxdur. Sadəcə adam yoxdur söhbət etməyə. Son iki ayda ilk dəfədir Şamildən başqa adam üzü görürəm, söhbət edirəm.
- Bekar olanda gününüzü necə keçirirsiniz?
- Şamillə kartda "duraki", dama, şahmat, domino və nərd oynamaqdan bezmişəm. Nə qədər olar axı? Televizorda da ağıllı-başlı bir şey vermirlər. Saat axşam 6 olan kimi yatıram. Bir də görürsən gecə oyanıram. Gözüm tavanda səhərə qədər yerimdə çabalayıram...
Şamil kişi deyir, heç bekar oluruq ki. Siz gəlməmişdən yarım saat əvvələ qədər tor dəstələyib sabah dənizə getməyə hazırlaşırdıq.
- Sabah dənizə çıxacaqsınız?
- İndi xəzri əsir...
Şamil barometrə baxır:
- İnanmıram sabah dənizə çıxa bilək. Güclü külək olacaq.
- Sənətinizi sevirsiniz?
Şamil:
- Sevirik deyəndə ki, pul qazanırıq. Balıqçılıqla ailə dolandırırıq. Balalar böyüdürük. Əslində yaxşı sənətdir, pis sənət deyil. Ancaq çox ağırdır, qazancı az, əziyyəti isə çoxdur.
- Güclü küləklərə, tufanlara düşmüsünüz?
- Çox. Əvvəllər daha çox düşürdük, ancaq indi çox az hallarda. Əvvəllər havanı 3 gün əvvəlcədən bilmirdik, ancaq indi bilirik, ona görə də, tufana az düşürük.
- Ölüm-itim olurdu?
- Dənizdir. Həmişə ölüm-itim var.
- Dənizin neçə kilometr içərisinə qədər gedirsiniz?
- 2 kilometrə kimi icazə var, bir də görürsən 4, 5, 6 km də gedirik...
- Yayda çox adam olur, başınız qarışar. Qışda heç gəlib-gedən olurmu?
Şəmsəddin:
- Yay olanda darıxmırıq. Qışda dəhşət darıxırıq. Qışda buraya gələnlər də qızla gəlir, onlar da maşından düşmür. Yayda çimişmək, qışda sevişmək üçün əla yerdir bura.
Balıqçılara bol balıq arzulayıb daxmadan çıxırıq. Yenə bir sürü it yanımıza gəlir. Onlar da balıqçılar kimi adam üzünə həsrət imişlər. Gəlib bir az yanımızda oynayıb getdilər...
Fotolar: Nurlan Gülməmmədov

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics