15.03.2016

"Mühafizəçidən soruşuram ki, 300 manata görə 3 milyonluq obyekti qoruyursan?" — Təhlükəsizlik üzrə ekspert

Əzələ, boynuyoğun, yoxsa ağıl? Söhbət mühafizəçilərdən gedir.
Mühafizəçi deyəndə hər kəsin gözü önündə idmançı görünüşlü, zəhrimar sifətli biri adam canlanır. Bəlkə də, gördüyümüz budur deyə, canlandırdığımız da belə olur.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevlə söhbət zamanı məlum olur ki, mühafizəçi olmaq üçün heç də əzələ, yoğun boyun, üzdəki zəhrimar vacib deyil. Mühafizəçi olmaq üçün hər şeydən önəmlisi ağıldır.
Ölkə.Az-ın mühafizə və mühafizəçilərlə bağlı suallarını təhlükəsizlik üzrə eksper Elmar Nurəliyev cavablandırıb.
- Salam Elmar bəy, necəsiniz? Xoş gəlmisiniz redaksiyaya.
- Salam. Çox sağ olun. Xoş gördük.
- Nə zamandan mühafizə işi ilə məşğulsunuz?
- 10 ildir ki, bu işdəyəm. Hər kəsin bir sahəyə həvəsi olur, mənim də həvəsim hərbiyə və mühafizəyə olub. Hərbi xidmətdən sonra bu sahə ilə məşğul olmağa başlamışam.
- Nə zamandan kurslara qatılıb peşəkar mühafizəçi olmağa qərar verdiniz?
- Əvvəl adi mühafizəçi kimi işləməyə başladım. İşdəki nöqsanları, problemləri görəndən sonra qərar verdim ki, gördüyüm işi təkmilləşdirim. Bunun üçün ölkədə olan kurslara qatıldım. Daha da təkmilləşmək üçün Rusiyada kurs keçdim. Bizdə ancaq iki şirkətdə kurs var. Amma oranı bitirməklə mühafizəçi olmaq olmaz. Bir də görürəm ki, biri gəlib "mühafizəçiyəm, sertifikatım da var" deyə iş istəyir. Ancaq ən adi şeylər barədə anlayışı belə yoxdur. Yanğının nə olduğunu bilmirlər. Eləsi var ki, yanğınsöndürmə balonundan belə istifadə edə bilmir, ancaq deyir ki, sertifikatım var. Bizdə elə bilirlər mühafizəçi haranısa qorumalıdır. Adam var kimya sənayesində mühafizəçi işləyir, ancaq kimya haqqında ilkin bilgisi belə yoxdur.
- Azərbaycanda mühafizəçi deyiləndə hündür boylu, boynuyoğun, idmançı nəzərdə tutulur.
- Bəli elədir. Mühafizəçi əslində elə olmamalıdır. Mühafizəçi hadisəni görüb yerində qiymətləndirməyi bacaran adam olmalıdır.
- Ölkədə peşəkar mühafizəçi var?
- Var, ancaq çox azdır. Bizdə davamlı təkmilləşmə kursları təşkil olunmur. Kurslarda o qədər bilik öyrədilmir. Avtosalonu qoruyan birindən soruşuram, burada nə işlə məşğulsan? Deyir, avtosalonu qoruyuram. Deyirəm, nədən qoruyursan, salonun içərisindəsən, kim gəlib maşını oğurlayacaq? Cavab yoxdur. Sual verirəm, ayda nə qədər maaş alırsan? Deyir, 300 manat. Deyirəm, 300 manata görə 3 milyonluq obyekti qoruyursan? Dəli olur, ona görə ki, məsuliyyətini bilmir. Deyirəm, bəs niyə qoruyursan? Deyir, problem yoxdur da. Bax o problem olmadığı üçün oranı qoruyur.
Biri var günəbaxan tumu fabrikində mühafizəçidir. Sual verirəm, burada, nəyi qoruyursan? Deyir, oğurluq olmasın deyə. Deyirəm, 3 ildir burada işləyirsən, neçə qutu günəbaxan tumu oğurlananda tutmusan? Cavab verir, uzağı 3-4 qutu. Adam aya 300 manat maaş alır, 20 qəpiklik günəbaxan tumu tutur. Gün ərzində o fabrikdən 100 ədəd günəbaxan tumu qutusu oğurlansa da şirkət uduzmur. Çünki oğurlanan tumun qiyməti mühafizəçiyə verəcəyi puldan azdır. Demək ki, mühafizəçini oraya düzgün iş üçün qoymayıblar. İndi hansı dövrdür ki, kimsə günəbaxan tumu oğurlasın? O günəbaxan tumunu başqa yolla çıxardırlar, pul silirlər, ancaq mühafizəçi cib güdür, görüm kim cibində 20 qəpiklik günəbaxan tumunu çıxardır. O, əgər yaxşı mühafizəçi olsa, fabrikin daxilində baş verən çirkli işlərin qarşısını alar. Əsl oğurluq içəridə baş verir.
- Bizdə sanki mühafizəçi qapıda durmaq üçündür...
- Pul verən adam ağıllıdır. Ona elə sərf edir. Həm də düzgün mühafizəni təşkil edən adam yoxdur. Bir istehsalat sahəsi var. Rəhbərlik deyir, bu qədər mal yararsızdır, atılmalıdır. Mühafizəçi digərləri kimi ona qol çəkməməlidir, o bilməlidir ki, o mal hara gedəcək, bəlkə o mallar heç yararsız deyil? Bunun laboratoriyası var. Laboratoriya desə ki, düzgün saxlanılmadığı üçün mal yararsız olub, o zaman ambar rəisi izahat yazmalıdır. Bu zaman firma daha çox irəli düşəcək. Ya kimsə cibində keçirdi, ya da başqa yolla şirkətə ziyan vurdu, burada mühafizə cavabdeh olmalıdır. Bütün obyektlərə dəyən ziyanı oğurluq yox, daxildəki səriştəsizlik vurur. Ona görə də, mühafizəçi qapının ağzında durmamalıdır. Mən mühafizə quranda hətta firmanın maliyyəsinə qədər nəzarəti tələb edirəm.
- Xarici ölkələrin təcrübəsindən yararlanırsınz?
- Təbii ki, bu vacibdir. Ancaq Avropadakı kimi sistemi Azrbaycanda qurmaq çox çətin məsələdir. Bu cür məsələlər cəmiyyətdən də çox asılıdır.
- Futbol oyunları zamanı stadionun mühafizəsini özəl mühafizə şirkətləri qoruyur. Ancaq Azərbaycanda bu işi hələ də polis görür. Bununla bağlı bir təklifiniz olubmu?
- Təklifimiz olmayıb, ancaq bizə təklif etsələr, bunu yüksək səviyyədə qura bilərik.
- Mühafizəçi qəbul edəndə fiziki göstəricilərinə baxırsınız, yoxsa ağılına?
- Təbii ki, ağıllı adamı seçirik. Şir də güclüdür, ancaq insan ağılla silah düzəldib onu öldürür. Ağıllı adam baş verən və verəcək hadisəni düzgün qiymətləndirir. Açığı mühafizədə problemi daha çox fiziki gücünə arxayın olanlar yaradır. Standart olaraq vətəndaşa yaxınlaşıb, bozararaq “nə problem var?” deyirlər, buna qədər problem yox idisə, artıq bir yalnış söz problem yaradır.
- İllərdir bu işin içərisindəsiniz. Vəzifəli şəxslər, biznesmenlər, tanınmışlar sizə müraciət edəndə nə istəyirlər?
- Bir gün bir şirkətdən gəldilər ki, müdir üçün mühafizə lazımdır və şərtlərini bildirdilər: "Boyu hündür olsun, qaydasız döyüşlə məşğul olsun, küçədə 3-4 nəfərlə dalaşa bilsin". Deyirəm, bunlar hamısı nəyə lazımdır? Deyir, birdən müdirə küçədə kimsə sataşar. Deyirəm, müdir küçədə özünü apara bilmir ki, ona kimsə sataşsın? O müdir də, o sifarişi verən də anlamır ki, qanun şahdır. Sabah bir hadisə olanda, o mühafizəçini müdir xilas edə bilməyəcək.
- Kimlər yanınıza gəlir ki, mən mühafizəçi olmaq istəyirəm?
- İş tapa bilməyənlər. Bir də boyu bir az hündür olanlar özünü ürəyində mühafizəçi hesab edirlər.
- Siz özünüz kurs keçirsiniz?
- Əlbəttə. İlkin tibbi yardım, yanğından mühafizə, texniki təhlükəsizlik, insanlara yanaşma formaları və s. Mühafizəçi olmağa gələnlərə məcbur da olsa kitab oxutdurmaq lazımdır.
- Mühafizə işində maaşlar standart olaraq 250-300 manatdır.
- Açığı bu görülən işə görədir. Heç nə bilməyən adama nəyə görə artıq pul verilməlidir?
- Qadın mühafizəçilər varmı?
- Mühafizəçinin qız və oğlan olması haradasa bir yerdə iş strukturuna görə dəyişə bilər. Elə bir işi qız da görə bilər, oğlan da. Bəzən qadınlar kişilərdən daha yaxşı mühafizə işi görə bilirlər.
- Peşəkar qadın mühafizəçilər varmı?
- Var. Yüksək səviyyəliləri də var. Ancaq sayları çox azdır. Hər şey intellektual səviyyədən və dünyagörüşündən asılıdır.

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics