12.03.2016

Keçmiş batalyon komandiri: "Bu ilk əməliyyatım oldu və o dağı götürdük" — REPORTAJ

Bir adamın Bakıda, rayonda evi ola, qardaşı icra başçısı ola, ancaq özü rayon mərkəzindən 40-50 km uzaqda, düşmənə bir neçə yüz metr məsafədəki düzün ortasında…
Söhbət Müdafiə Nazirliyinin əmri ilə yaranmış ilk batalyonlardan Xocavənd batalyonunun komandiri Əbülfət Hüseynovdan gedir.
Komandirlə görüşmək üçün yola düşürük Xocavəndə. Xocavənddən 40-50 km məsafədə, tozlu-torpaqlı yolun üstündə, nə kənd var nə kəsək. Buralar sanki hər kəs tərəfindən unudulmuş bir yerdir. Belə demək mümkünsə, burada "nə ənni var, nə cinni". Bir saatlıq tozlu-torpaqlı yolu keçib gəlirik komandirin yaşadığı yerə.
Komandir düzün ortasında ağac əkib, su çəkib, düzün ortasında ev tikib ailəsi ilə düşmənlə bir neçə yüz metrlikdə yaşayır. Səbəbi isə çox sadədir. Hadisələr başlayanda hadisənin başında olmaq üçün, hadisəni ilk görən və başa çatmamış missiyasını həmin an davam etdirmək üçün...
Biz komandirin evinə çatanda artıq gecə saat 12-ni keçmişdi. Komandirlə salam-kalam, hal-əhvaldan sonra yerimizi rahatlayıb söhbətə başlayırıq...
- Xocavənd batalyonu yaranmamışdan əvvəl nə işlə məşğul idiniz?
- Müharibə başlamamışdan əvvəl biz Ukraynada yaşayırdıq. Ukraynada Dinamo klubunda cüdo və qaydasız döyüş üzrə müəllim işləyirdim. Müharibə başlayanda, sırf bizim Xocavənd rayonu ərazisində ermənilər üstünlüyü ələ aldığı üçün Eyvaz müəllim (qardaşı, indiki Xocavənd icra hakimiyyətinin başçısı) bizə dedi ki, gəlin rayona. Biz də qardaşımla gəldik Xocavəndə. Rayona gələndən sonra rayonda döyüşmək istəyən könüllülərlə başladıq təlimlərə. Rayonda əlbəyaxa döyüş məktəbi açdıq. Artıq hiss olunurdu ki, ermənilər sakit durmayacaq. Ona görə, məşqə gələnlərə hərbi dərslər də keçirdik. Biz müharibəni görürdük. İdmanla məşğul olan uşaqlara bıçaq atmaq, silahdan istifadə etməyi öyrədirdik.
- Mümkünsə bir az Xocavənd batalyonunun yaranma prosesindən danışardınız…
- Biz çox pis bir zamanda fəaliyyətə başladıq. Təsəvvür edin, ərazidə olan rus hərbiçiləri ermənilər tərəfə keçdi. Onlar erməniləri qorumağa başladılar. Hətta rus desantları dinc azərbaycanlıları oğurlayıb ermənilərə satırdılar. O vaxt ruslar camaatdan silahları yığmışdılar, hətta ov tüfənglərini belə. Ermənilər fürsətdən istifadə edib rusların əli ilə Dağlıq Qarabağdakı bütün azərbaycanlılardan ov tüfənglərini belə yığmışdılar.
Təsəvvür edin, Sovet imperiyası dağılır, Bakıda qeyri-müəyyənlik, daxili çəkişmələr hökm sürür, Qarabağ isə qan ağlayır. Bölgədə baş verənlərdən sonra məcburən idmanı hərbi sistemə çevirdik, rayonumuzun və ətraf rayonların ürəkli oğlanlarından ibarət batalyon yaratdıq.
Hər axşam batalyonda toplantı keçirirdik. Maraqlısı onda idi ki, bizim batalyonun tərkibində zabit yox idi. Batalyonda Çingiz adlı bir oğlan var idi. O, sovet vaxtı DTK-nın məşhur "Alfa" qrupunda xidmət etmişdi. Uşaqların içərisindən zabit və serjant da seçmişdik. Sonradan batalyona könüllülər gəlməyə başladı. Onarın hamısını bir yerə yığıb, seçim edib, kəşfiyyat-diversiya qrupu yaratdıq. Bunu bizə heç kim deməmişdi. Buna ehtiyyac var idi. Ermənilər çox fəal idilər və ona görə də, postda durmaqla işin bitdiyini düşünmək sadəlövhlük olardı. Diversiya qrupuna çox sərt təlimlər keçirdik. Axırıncı adam yorğunluqdan yıxılana qədər təlim keçirdik. Uşaqları təkcə döyüşçü kimi yox, ideoloji olaraq da hazırlayırdıq. Biz onları öldürməyə və ölməyə hazırlayırdıq.
- Bildiyimiz qədər batalyonu qohumlarla qurmağa başlamısız...
- Bizim qohumların içərisində güllə yarası almayan kişi yoxdur. Biz 5 qardaşıq, beşimiz də yaralanmışıq. Beşimizin də əlillik dərəcəmiz var.
Söhbət zamanı həyətə göz gəzdirərkən Azərbaycan bayrağı və yanında böyük plakatda döyüşçü şəklini görürəm. Şəkilin kimə aid olduğun soruşuram. Komandir bildirir ki, qardaşı İlyasdır. "Mən ağır yaralanandan sonra Xocavənd batalyonunun komandiri o olub, sonradan dünyasını dəyişib...", deyə Əbülfət Hüseynov hüznlə bildirir.
- Batalyonda nə qədər döyüşçü var idi?
- İlkin mərhələdə öz rayonumuzun və qonşu rayonların uşaqları idi. Ancaq könüllülər gəldikdən sonra bizə çox ciddi problem yaratdılar. Gəlirdilər ki, biz döyüşməyə gəlmişik, ancaq təlim istəmirdilər. Kuropatkinin alt tərəfində qaraağaclıq var, orada böyük çadır qurduq. Bütün könüllüləri oraya yerləşdirdik. Orada onlara təlim keçməyə başladıq. Orada təlim keçməmiş könüllünü batalyona buraxmırdıq. Çoxusu elə oradan çıxıb gedirdi. Bəziləri içib, qeyrət oyanıb, gəlirdi ki, döyüşməyə gəlmişəm, ayılandan sonra qayıdıb çıxıb evinə gedirdi. Ayaz adlı oğlan var idi, könüllü kimi gəlmişdi. Onu təlimə cəlb etdik, axırda durub dedi, mən buraya döyüşməyə gəlmişəm, sürünməyə yox. Onu elə oradan avtobusa mindirib, yola saldıq evlərinə. Bu müharibədir, kiçik səhv ölümlə nəticələnə bilərdi. Ona görə də təlim çox sərt idi.
Müdafiə Nazirliyinin əmri ilə yaranan ilk batalyonlardan biri bizimki idi. Azərbaycanda ordu yaranan kimi nazirliyə müraciət etdim. Müdafiə Nazirliyi tağım komandiri olaraq mənə icazə verdi. Müdafiə Nazirliyinin batalyonların yaranması ilə bağlı 17-ci əmrlərindən biri də məndədir. Ən çox iki dəfə peşmançılıq çəkmişəm. Uşaqları təlimdən orduya çevirəndə, bir də təlimdən sonra uşaqlara hərbi paltar verəndə.
Nazirlikdən hərbi forma və silah aldıq. Klub var idi, gəldik orada uşaqlara hərbi paltarları geyindirdik. Silahları payladım, güllələri verəndə anladım ki, ciddi səhv buraxmışam. Uşaqlara kənardan tamaşa edəndə gördüm ki, bu uşaqlar hər gün ölümlə üzləşəcəklər. O uşaqlar kiminsə qardaşı, kiminsə balası idi. Artıq orada məsələnin ciddiliyini anladım. O uşaqların sağ qalmasının yolunu təlimlərdə görürdük. "Güclü gənc qarşısındakını zəif biləcək, qoçaq birinci vuracaq" deyib, təlimləri daha da ağırlaşdırdıq.
- Və müharibə başladı...
- Çirk dağı var, orada çirk çox bitir deyə Çirk dağı deyirlər, ancaq xəritədə Gülmətəpə gedir adı. Çıxdıq dağı götürməyə. Gülmətəpə ilk əməliyyatım olub və dağı götürdük. Dağa çıxıb oradan baxanda çox peşman oldum ora çıxmağıma.
- Səbəb?
- Dağlar hamısı ermənidə idi. Biz də o dağı götürdük, orada çoxlu şəhid də verə bilərdik. Biz müharibə görməmişdik həmin döyüşə qədər. İlkin mərhələdə məğlubiyyət qurduğumuz sistemin dağılması ilə nəticələnə bilərdi. Şəhid verməkdən çox qorxurduq. Gülmətəpə qayalıq idi, strateji cəhətdən əlverişsiz idi. Qayalıq olduğu üçün səngər qaza bilmədik. Dağdan düşməyi də özümüzə ar bildik. Dağın arxasında ermənilərin böyük bir ferması var idi. Ermənilərdən BMP-2 köməyə gəldi. Düşündük ki, düşürüksə ermənilərə zərər vurub, sonra dağdan düşək. Qardaşlarım Elxanla İbadı və daha 3 döyüşçünü göndərdim oraya. Bir qumbara atanımız var idi, bir ədəd də mərmimiz. Onlara tapşırıq verdim ki, çaylaq deyilən yerə mina basdırsınlar, əgər alınmasa qumbara atanla BMP-2-ni məhv etsinlər. Qumbaraatanla vura bilməyəndə yola mina basdırdıq. BMP-2-ni yenidən oraya qaytarmaq üçün fermaya hücuma keçdik və bu zaman BMP-2 geri qayıtdı və elə o an minaya düşüb məhv oldu. Dağdan düşəndə düşmənə zərər vurub düşdük.
Təlimçiyəm. Özümə çox güvənirdim. Ölü insandan robot düzəldəcək qədər özümə inanırdım. Uşaqlara o qədər təlim keçdim ki, artıq dözmədilər, müharibə istədilər. Ancaq mən onları döyüşə salmaq istəmirdim. Ərazi çox böyük idi, biz isə kiçik bir dəstə idik. Şəhid verməkdən qorxurduq. Bizim təlimi keçən iki nəfər Ağdərəyə getdi və onlardan biri bölük komandiri, biri isə tağım komandiri olmuşdu. Onlar ikisi də bizdə əsgər idi. Onları o dərəcədə ciddi hazırlamışdıq. Onların ikisi də şəhid oldu. Ağdaşdan olan Farizin 4 qızı yetim qaldı. Ermənilər Farizi yaralı tutublar. Onu yanacaqla dəyişmək istəyiblər. Fariz deyib, ratsiyanı verin mən deyim. Fariz bizim tərəfə deyib ki, mənə görə bunlara yanacaq verməyin. Əgər yanacaq versəniz gəlməyəcəm...
Artıq elə bir vəziyyət yarandı ki, gördüm döyüşə girməsək uşaqlar dağılacaq, hamısı döyüş istəyirdi. Bizdə Ağdaşdan bir Sahib var idi, kiçik kol quşunu bıçaqla vururdu. O cəldliyində quşu bıçaqla vura bilmək üçün güclü təlim keçməlisən. Uşaqlar o dərəcədə döyüşə hazır idilər. Bir neçə rayonumuz getmişdi, hər kəsdə çox böyük ruh düşkünlüyü var idi. Elə bir şey etməliydim ki, uşaqlarda və camaatda ruh yüksəkliyi əmələ gəlsin.
- Xocavənd (Martuni) rəhbərlərinin də öldürüldüyü əməliyyatdan danışın.
- Bir-birilərindən xəbərsiz bir neçə qrupu kəşfiyyata göndərdim. Onlara bildirdim ki, döyüşməyəcəksiz, sadəcə məlumat gətirin, ancaq planı elə qurmuşdum ki, mütləq döyüş olmalı idi. Döyüşə girəcəyini bilən adam intihar etmək istəyən insana bənzəyir. Ona görə bildirmədim ki, qorxu olmasın. Gedənlərin içərisində qardaşım, əmimoğlu, mamamoğlu var idi, hamısı qohum qonşu idi. Uşaqları göndərdikdən sonra getdim yatdım. Uşaqlara o qədər çox güvənirdim.
Aradan bir müddət sonra gördüm qərargahımızın yerləşdiyi yerdə səs-küy gəlir. Çıxıb baxdım ki, 7-8 avtomat, qumbara atan, snayper... və kiminsə əlində də qulaq var idi. O əməliyyata uşaqların ən seçmələrini göndərmişdim. Batalyonu gecə ilə sıraya düzdüm və hər kəsin qarşısında bunlara söydüm. Bunlara demişdim axı döyüşməyin. Tağımda biri var idi, bığ Etibar deyirdik, onu danladım ki, niyə əmrə tabe olmursuz? Ancaq əslində o uşaqlar qəhrəmanlıq etmişdilər. Onları göndərdim qərargaha, tağıma da “yat” komandası verdim. Sonra qərargaha gəldim və o uşaqların hamısın öpüb, qucaqladım. Bunu etməkdə məqsəd vəziyyətdən istifadə edib nizam-intizamı yaratmaq idi.
Sonralar erməni qəzetləri yazıb ki, həmin əməliyyatda Xocavənd (Martuni) rayonunun rəhbərləri də olub və hamısı ölüb... (Bu əməliyyat barədə, iştirakçılarla olan müsahibəni Ölkə.az-da yaxın zamanda oxuya biləcəksiniz)
O zaman Müdafiə Nazirliyinə təklif etdim ki, kəşfiyyat-diversiya batalyonu hazırlayım. General Şahin Musayev dedi, sən o batalyonu hazırlayana kimi biz müharibəni qurtaracağıq.
- Əməliyyatlardan danışardız.
- Ermənilərlə bir yerdə yaşamış adamlarla söhbət etdik, məlum oldu ki, ermənilər gecədən qorxurlar. Ona görə də, əməliyyatların hamısını gecələr keçirirdik. Bizim uşaqlar, buradan erməniyə qışqırırdı ki, “ayə, vazgen gəlirik”. Belə deyib, sonra da gedib o postu alırdılar. Bizim uşaqlar döyüşə hayla-küylə gedirdilər.
- İbad sizin əsgəriniz olub. Necə bir əsgər idi? Bəziləri deyir, heç döyüşməyib...
- İbad fərqli bir əsgər idi. Təlimlərdə, əməliyyatlarda çox fərqlənirdi. İbad döyüşə getməzdən əvvəl çimərdi, təmizlənərdi. İbaddan çox şey danışmaq olar, sadəcə qardaşımdır deyə açıb-abartmıram. İbad haqqında daha çox əsgər yoldaşlarından soruşmaq lazımdır. Adamlar var veterandır, müharibə əlilidir. O zaman biz bir dəfə də sənədləşmə aparmamışıq.
- Müharibəni niyə uduzduq?
- Müharibəni udmaq psixoloji üstünlükdür. O zaman psixoloji üstünlük ermənilərdə idi... Səriştəsizlik və çoxbilmiş kimi görsənmək hissi... Füzulidən batalyon gətirmişdilər, günün günorta çağı əsgərləri zəncir şəklində düzüb dağa çıxardılar, camaatın balası qırıldı. Onlara yalvardım ki, "gecə edək əməliyyatı, siz lazım deyilsiniz, elə bizim uşaqlar alacaq oranı" xeyri olmadı. Düşmən yuxarıda, bunlar da üzü yuxarı qalxır. Düşmənə heç xüsusi təlim də lazım deyildi, o əməliyyatdan 80-dən çox yaralını elə bizim batalyon döyüş zonasından çıxardı.
- Nəyə heyfslənirsiz?
-Heç nəyə. Kaş o dövrdə bu yaşımda olaydım. Kiçik bir batalyonun qoruduğu ərazini indi iki briqada qoruyur. Hərdən briqada komandirləri gəlir ki, niyə burada yaşayırsan, düşmən hər an vura bilər buranı, rayon mərkəzinə də məsafə çoxdur.
Mən hər səhər günəşin doğmasını və batmasını buradan seyr edirəm. Ən əsası da müharibənin olacağına inanıram. Ona görə Bakıda yaşayıb hadisələr baş verən zaman hadisələrin ayağında olmaqdansa, burada yaşayıb hadisələrin başında olmaq istəyirəm...
Qeyd: Bu cür insanları görəndən sonra anlamaq olur ki, hələ heç nəyimizi itirməmişik...
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics