Nərgiz təpə... Adam bilmir tarixi abidə desin, yoxsa döyüş səhnəsi...
Nərgiz təpə Qarabağ müharibəsi zamanı ən qızığn döyüşlərin getdiyi qədim bir ərazidir. Burada gedən döyüşlərdə şəhid olanların xatirəsinə abidə ucaldılıb.
İki tarixi, qədim və yeni tarixi gözümüzlə görmək üçün Ölkə.az-ın reportyor qrupu üz tutur Xocavənd rayonuna. Xocavənd rayonuna çatıb oradan da yollanırıq Nərgiz təpəyə... yolumuz uzaq və tozlu torpaqlıdır...
Qədim və yeni qəbrlərin vəhdəti
Nərgiz təpəyə çatırıq. Qarşımızda hündür olmayan təpə, təpənin üzərində hündürlükdə dalğalanan Azərbaycan bayrağı, aşağıda isə şəhidlərin şərəfinə ucaldılmış abidə...
Buranın döyüş meydanı olmasını anlamaq üçün haradansa oxumaq, öyrənmək, eşitmək lazım deyil. Ərazinin hər halından burada necə qanlı döyüşlərin getdiyini anlamaq olar.
Nərgiz təpə döyüş meydanından əlavə həm də qədim yaşayış məsəkənidir. Ərazi tarixçilər tərəfindən tam öyrənilməmiş hesab edilir. Arxeoloqlar son illərdə ərazidə qazıntılar aparmağa başlayıblar. Alimlərin araşdırması zamanı məlum olub ki, bu ərazidə qədim mis dövrünə aid mədəniyyət olub.
Nəgiz təpə qədim yaşayış məntəqəsi olmaqla yanaşı həm də strateji əhəmiyyətə malik bir yerdir. Ona görə də, Qarabağ müharibəsində burada qızğın döyüşlər gedib. Ərazinin müdafiəsini Xocavənd batalyonu həyata keçirib. Nərgiz təpə yüksəkliyi dəfələrlə əldən-ələ keçib.
2012-ci ildə burada Xocavənd şəhidlərinin şərəfinə xatirə abidəsi ucaldılıb. Nərgiz təpənin ön tərəfi Qarabağ müharibəsi şəhidlərinin xatirə abidəsi, arxa tərəfi isə qədim qəbiristanlıqıdır. Tarixçilərin dediyinə görə, buradakı qəbirlər qədim Oğuzların qəbirləridir. Qəbirlərin üzərində müxtəlif simvollar var.
Bizimlə birgə Xocavənd rayon sakini Şaiq Aslanov da Nərgiz təpəyə gəlir. Şaiq Aslanovun sözlərinə görə abidənin burada yerləşməsinin bir neçə səbəbi var, buranın qədim Oğuzların yaşayış məskəni olması, ərazinin Dağlıq Qarabağa aidiyyatı və ən əsası da Qarabağ müharibəsi zamanı Nərgiz təpədə çoxlu sayda igidlərin şəhidlik zirvəsinə yüksəlməsi. Bunlara görə abidə məhz burada ucaldılıb.
Şaiq Aslanov bildirir ki, hər il abidəni ziyarət etmək və hadisənin mahiyyətini övladlarımıza başa salmaq üçün şagirdləri, tələbələri buraya gətiririk. Buraya respubilkanın müxtəlif bölgələrindən səfərlər təşkil olunur. Buranın xalqımız üçün strateji, tarixi və mənəvi əhəmiyyəti çox böyükdür.
Nərgiz təpənin üzərinə çıxırıq. Artıq hava qaralır. Dağlar gah qaralır, gah bozarır. Böcəklərin səsi gecəyə xüsusi gözəllik qatır. Hava qaraldıqca qarşı tərəfdən işıqlar görünməyə başlayır. Şaiq Abdullayevdən işıqların hara olduğunu soruşuram. Cavabında bələdçimiz bildirir ki, işıq görünən yer Xocavəndin mərkəzidir, Nərgiz təpədən 15 km uzaqlıqda...
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya inistitutunun əməkdaşları Nərgiz təpədə arxeoloji qazıntı işlərinə başlayıblar. Tarixçi alimlərimiz ərazidə qazıntı apararkən böyük bir qalanın istinad divarlarına rast gəliblər. Qalanın istinadlarının üst hissəsi bişmiş kərpiclə, aşağı qatları isə qaya daşları ilə möhkəmləndirilib. Ərazidən eyni zamanda saxsı qabların qırıntıları da tapılıb. Bu ərazidə qazıntı aparılarkən insan skeletləri tapılıb. Şaiq Aslanovun sözlərinə görə alimlər bildirirlər ki, ətraf ərazilərdə qazıntı aparılarkən belə bir faktla rastlaşmayıblar. Həmin skeletlərin yaşını müəyyən etmək üçün hələ üzərində iş aparılır.
Ərazidən kifayət qədər saxsı parçaları tapılıb. Hətta biz də ərazini gəzərkən bir neçə saxsı qab qırığı tapırıq. Qalanın istinad divarının tapıldığı qazıntının içərisindən çıxırıq. Üzü Qarabağa doğru baxırıq. Ermənilər biçdikləri taxıl zəmilərinə od vurublar...ürəyimiz dağlanır, qan beynimizə vurur, qəhər boğur və nəzərlərimiz günahkarcasına düşmən tapdağı altında inildəyən vətən torpağına dikilir...
Qaraca çoban və Oğuzlar
Ərazini adam boyda qanqallar işğal edib. Şaiq Aslanov qanqalın ərazini basdığı üçün qəbirlər baxa bilməyəcəyimizi deyir. Ancaq bu qədər yolu gəl və o qəbrləri görmədən, çəkmədən get... Tikanların arası ilə qəbirlərə doğru gedirik. Ərazidə qanqal tikanından daha təhlükəlisi isə gürzələrdir. Ərazidə hərəkət edərkən ayaq altına baxmaq mütləqdir. Yoxsa ilan sanca bilər. Qəbirlərə qədər Şaiqlə söhbət edirik
- Buraya niyə Nərgiz təpə deyirlər?
- Nərgiz gülünə adətən "qəbiristanlıq çiçəyi" də deyirlər. Bəlkə bu ərazi qədim yaşayış məskəni və qədim qəbirlər olduğu üçün belədir. Yazda təpə başdan-başa Nərgiz gülü ilə bəzənir.
Ərazidə iki böyük lövhə quraşdırılıb. Bir tərəfdə Xocavənd rayonundan olan şəhidlər, digər lövhədə isə digər rayonlardan olan şəhidlərin adları qeyd olunub. Qəbrlərə çatmamış təpənin yamacında günbəz görürük. Günbəzin kimə məxsuz olması barədə soruşuram.
Şaiq bildirir ki, burada dəfn olunan şəxs seyid Musa ağadır. Xocavəndin Qaradağlı kəndində yaşayıb. Seyid Musa ağa ölməmişdən vəsiyyət edir ki, mən öləndə məni Nərgiz təpədə qədim qəbiristanlıq var, orada dəfn edərsiniz. O zaman yol uzaq olub və meyidi yük heyvanlarının üzərində gətirməli olublar. Seyid Musa ağanın cənazəsini dəvəyə yükləyiblər. Bəlkə də bənzətmə var, deyilənə görə həmin dəvə elə Nərgiz təpənin ətəyində yatıb və seyidi də elə orada dəfn ediblər. Nərgiz təpədəki ən yeni qəbir elə seyidin qəbridir. O da ötən əsrə aiddir.
Qədim qəbir daşlarının olduğu əraziyə çatırıq. Müharibədən təkcə xalqımız yox, qəbir daşları da öz nəsibini alıb. Qəbir daşlarının üzəri güllə izləri ilə doludur. Hətta elə qəbir daşları var ki, güllə onu darmadağın edib.
Qəbirlərin eləsi var ki, onun üzərində yay-ox işarəsi var. Ox və yay işarələri qəbirlərin qədim türklərə aid olmasının sübutudur. Qəbir daşlarının yanında olarkən nisbətən yerdən hündür, kurqanabənzər bir yer görürük. Şaiqdən bunun nə olduğunu soruşuram. Şaiq cavabında bildirir ki, xalq arasında belə bir rəvayət var ki, Qaraca çoban məhz bax bu soruşduğunuz yerdə dəfn olunub. Bunu haradasa sübut edən bir şey var ki, bizimlə üzbəüz dağ masssivi Qaraçuğ adlanır. Qaraçuğ dağının da Dədə Qorqud dastanında adı gedir. Dədəd Qorqud dastanında Qazan xanı Qaraçuğ dağının qaplanı (pələngi) adlandırırlar. Eyni zamanda həmin dağın döşündə "Qaraca çobanın ağılı" (ağıl - qoyunların saxlanıldğı yerə deyilir) deyilən bir yer var. Yerli camaatın arasında belə bir rəvayət dolaşır ki, Qaraca çoban qoyunlarını məhz orada saxlayırmış. Nərgiz təpənin yanı ilə axan çayda da qoyunlarını suvarırmış.
Qəbr daşlarının sahəsi burada çox böyükdür. Elə qəbr daşları var ki, sahəsi 4 metrdir. Daşlardan ən müasiri 6-cı əsrə aitdir. Açıq gözlə daşların üzərindəki yay və oxu görmək olur.
Yay və ox işarəsi olan qəbirlər ağ daşdan hazırlanıb. Türkoloq Firudin Cəlilov ox və yay olan qəbirlərin Oğuzlarda sərkərdələri, xaqanları simvolizə etdiyini bildirir.
Yay və ox işarəsi olan qəbirlər ağ daşdan hazırlanıb. Türkoloq Firudin Cəlilov ox və yay olan qəbirlərin Oğuzlarda sərkərdələri, xaqanları simvolizə etdiyini bildirir.
Artıq qaranlıq düşür. Göz-gözü görmür, ancaq cəbhə xəttinə ən yaxın ərazidən o tərəfə baxmaq həvəsi bizi gölün yanına aparır. Maşının işıqlarını söndürüb hərəkət edirik. Erməni işığa hər an güllə ata bilər. Erməni ilə məsafə 200 metr, zülmət qaranlıq, biz o tərəfə, Qarabağa həsrətlə baxırıq, o tərəf, Qarabağ isə bəlkə də bizə söyür. Söyürsə də buna haqqı var...
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder