Son günlərin əsas siyasi gündəm mövzusu daha bir AXCP-nin yaranmasıdır
Keçən həftə AXCP-dən istefa verən Razi Nurullayev ətrafına bir qrup cəbhəçi yığaraq Əli Kərimliyə meydan oxudu. Razi Nurullayev AXCP-nin möhürünü Əli Kərimlinin əlindən alacağını, partiyanın hüquqi təmsilçiliyi uğrunda mübarizə aparacağını deyib.
Qeyd edək ki, Razi Nurullayevin fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Qarşılıqlı ittihamlar isə bir-birini əvəz etməkdədir. Bütün baş verən prosesləri nəzərə alaraq Razi Nurullayevdən saytımız üçün geniş müsahibə götürmək qərarına gəldik.
Həmin müsahibəni oxucularına təqdim edirik:
- Salam Razi bəy, mübarizə davam edir?
- Salam. Təbii ki, mübarizə davam edir. Biz hətta demişik ki, məcazi mənada müharibə lazımdırsa müharibə edəcəyik, dava lazımdırsa, dava edəcəyik, hüquqi müstəvidə mübarizə aparmaq lazımdırsa, hüquqi müstəvidə mübarizə aparacağıq, mənəvi müstəvidə də mübarizə aparacağıq. Qanunların imkan verdiyi bütün çərçivələrdə mübarizə davam edir və edəcək.
- Mübarizənizi "möhür mübarizəsi" adlandırırlar, bu haqda nə deyə bilərsiniz?
- Bəlkə də düzgün ifadədir. AXCP-nin hüquqi təmsilçiliyi Əli Kərimlinin başçılıq etdiyi AXCP-dədir. Bizim hüquqi təmsilçilik qazanmamız üçün də möhürün bizdə olması lazımdır. Təbii ki, möhürü sifariş verib bu gün də almaq olar. Bu, işin praktik və ən asan tərəfidir. Bu məsələnin hüquqi mübarizəyə keçməsi üçün Ədliyyə Nazirliyinə müraciət olunacaq. Hesab edirəm ki, cəmiyyətdə iki AXCP olduğu heç kimə sirr deyil. Hüquqi müstəvidəki mübarizəmizə Ədliyyə Nazirliyi qərar verməlidir.
- Azərbaycanda yeganə partiya AXCP-dir ki, çoxlu sayda qolları var. Sizin yaradacağınız AXCP də bu siyahıya qoşulur. AXCP niyə bu qədər parçalanır?
- Çox məsləhətləşmələrim oldu. Belə gördüm ki, cəbhəçilərin digər bir partiya adı altında cəmləşməsi və işləməsi görünmür. Cəbhəçilər başqa ad altında fəaliyyətə isti yanaşmadılar. Ona görə ki, bu insanlar ömürlərini AXCP-yə sərf ediblər. Burada söhbət AXCP olmaqdan getmir, cəbhəçi olmaqdan gedir. Başqa ad olsa idi onlar cəbhəçi adını itirirdi. Birinci səbəb odur ki, insan özünü cəbhəçi sayır, fərqi yoxdur AXCP olsun, BAXCP olsun, KAXCP olsun, insan özü Cəbhəçidir.
İkinci səbəb, yeni yaranan partiyalara imic qazanmaq, insanlar gətirmək praktiki olaraq çox çətindir. İnsanların ümumiyyətlə siyasi proseslərə, gedişlərə, oyunlara marağı itib. Xalq artıq hər şeyin oyun olduğunu düşünür. Bu məsələdə insanları qınamıram.
Üçüncüsü, əgər cəmiyyətdə hələ də siyasi proseslərin getdiyi bir partiya varsa, insanların hələ də əqidəsinə, məntiqinə söykənib mübarizə apardığı bir partiya varsa, o da cəbhəçilərin partiyasıdır. Bu cəbhəçilər çox oyunların içərisindən çıxıblar. Bir çox məhrumiyyətlər yaşayıblar, xəyanət görüblər, amma onlar yenə də cəbhəçi olaraq fəaliyyət göstəriblər. Bütün bunları nəzərə alaraq biz Cəbhə olmaq istədik.
- Müsahibədən əvvəl aramızda söhbət edəndə dediniz ki, partiyaya ad olaraq başqa təklifim var idi. O ad nə idi?
- Partiyadan gedəndən sonra Yeni Demokratiya Hərəkatı formalaşdırdım. Təbii ki, bunun üzərində müəyyən fikirlər var idi, ancaq alınmadı. Cəbhəçilərlə ad məsələsini müzakirə etdik və onlar AXCP adını istədilər.
- Partiyadan gedib, yeni partiya quranlar niyə məhz AXCP adından yapışır?
- Əslində, bir insan pis ola bilər, iki insan pis ola bilər. Bir proses yanlış ola bilər, iki proses yanlış ola bilər, ancaq bütün insanlar və proseslər yalnış ola bilməz. AXCP-nin parçalanması, AXCP-nin də bu qeyri-normal proseslərin getməsinə rəvac görməsi və fəaliyyətə başlaması hamısı Əli Kərimlinin dönəmində olub. AXCP-də bir problem var, o problemin adı Əli Kərimlidir. Zamanında əgər Əli Kərimli AXCP-nin monolitliyini qorumaq istəsə idi, apardığı siyasətdə düzgün olsa idi, oyunlar qurmasa idi, partiya içərisində Yurd qruplaşması yaratmasa idi, ilk dəfə Əbülfəz Elçibəyə qarşı çıxmasa idi, eyni zamanda, parlamentə getmək üçün sövdələşmələr etməsəydi bəlkə də Azərbaycan fərqli bir Azərbaycan olardı.
Əli Kərimli başda olmaqla bir çox müxalifətçilərə 90-cı illərdə hakimiyyətin bölüşdürülməsi də təklif olunub. Onlar heç zaman buna getməyiblər. İndi elə bir zamana gəlib çıxıblar ki, artıq parlamentdə bir-iki yer almaq üçün də danışıqlara getməyə meyillidirlər. Artıq kiçik bir ofisin verilməsinə qələbə kimi baxırlar. Görün haradan haraya endilər. Bütün proseslər bir insanın dönəmində baş veribsə, o zaman həmin insan kənara çəkilməldir. AXCP-də olmuşam, rəyasət heyətinin iclasında bu fikir səslənib ki, "Bir çox insanlar Əli bəyin üzərindən oyun qurub, çörək sahibi olublar", o özü də dəfələrlə deyib ki, "çörək qazandırıram". Çox iyrənc və məntiqsiz bir ifadədir. Ona görə ki, əgər sən bunu bilirsənsə və hesab edirsənsə ki, Azərbaycan müxalifətinə sənin üzərindən oyun qurulur, kənara çəkil, oyunları poz. Əgər bu gün bizi oyun hesab edirsənsə, bizi hökumətyönlü hesab edirsənsə, onda bizim oyunumuzu poz, kənara çəkil. Onsuz da sənin apardığın siyasətin xalqa da heç bir xeyri yoxdur. Sən haralardan haralara yuvarlanıb gəldin və bu gün AXCP-ni ancaq öz marağına xidmət edən partiyaya çevirdin. Biz demokratiya, söz azadlığından danışırıq, deyirik ki, Azərbaycan mediası müxalifətə yer vermir, heç Azadlıq qəzeti də müxalifətə yer vermir. Azadlıq qəzeti ancaq Əli Kərimliyə xidmət edir. Əgər sən səmimisənsə, söz azadlığı, demokratiya olmalıdır deyirsənsə, onda Azadlıq qəzeti niyə tək sənə xidmət edir? Azadlıq qəzetində Əli Kərimlinin icazəsi olmadan heç nə çap olunmur. Azadlıq qəzeti Əli Kərimlinin biznesidir. Azərbaycanda nazirlər var ki, illərdir kreslosundan tərpənmir. Hamısı da özünə böyük bir biznes imperiyası qurub. Milyardları var, övladları xaricdə oxuyur. Biz bunu tənqid etmişik. Gəlin görək Əli Kərimli və digər müxalifət liderləri, digər müxalifət liderlərinin adını ona görə çəkmirəm ki, onlar abırına bükülüb geri çəkildilər. İsa Qəmbər artıq geri çəkilib. Biz nümunə yaratmaq istəyiriksə, Əli Kərimli də geri çəkilməli idi. Əli Kərimli o örnəyi verə bilmədi. Buna görə də o, getməlidir.
- Əli Kərimli ilə təkbətək sonuncu dəfə nə vaxt görüşmüsünüz?
- Axırıncı dəfə fevral ayının 19-u ya da 20-i görüşmüşəm.
- Əgər sirr deyilsə nə haqda danışdınız?
- Aramızda olan məsələlər öz aramızda qalır. Digər məsələləri açıqlaya bilərəm. Söhbətimiz belə oldu ki, mənə dedi, "səni müavinlikdən azad etmişəm. Rəyasət heyətində də səni müzakirəyə qoymaq istəmirəm. Sənin üçün çox çətin olacaq. Sənə ağır suallar veriləcək, o suallların altından çıxa bilməyəcəksən. Konkret olaraq əlimdə faktlar var ki, sən hakimiyyətdən pul almısan. Hakimiyyətə işləyirsən. Biz səninlə dostuq, neçə il yol gəlmişik. Ona görə də düşünürəm ki, biz sülh yolu ilə ayrılaq. Sən bəyanat yay ki, xəstəliyinlə bağlı siyasətdən çəkilirsən və qeyri-hökümət təşkilatı yaradıb bu işlə məşğul olacaqsan. Biz də səni satqın elan etməyəcəyik, sənin üzərinə getməyəcəyik. Əgər etməsən, bizim yolumuzu bilirsən".
Bununla o, demək istəyirdi ki, yüzlərlə Facebook-da saxta profillər, öyrədilmiş gənclər və s. Əli Kərimlinin kimisə satqın çıxarmaq üçün peşəkar komandası var. Əli Kərimlinin Facebook-da bir profilini bilirdim. O profilin adını dəyişib başqa ad altında fəaliyyət göstərir. Etik çərçivəyə görə onun adını demək istəmirəm. Əli Kərimli ətrafında olan bir neçə adamın profilini işlədir. O profillərdən şəxsən özü yazır. Əli Kərimli telefonla yanındakı adamlara tezislər göndərir ki, bunu yazın. Bəzən ürəyindən tikan çıxardan sözlər yazılmır, götürüb həmin insanların adından özü yazır, bu bir faktdır. Əli Kərimli məni evində şantaj etdi. Təbii ki, mənim heç bir qorxum yoxdur. Dedi, səninlə bağlı əlimdə faktlar var. Dedim, üzərinə gedəcəm bunu sübut et. Mənim alnım açıq idi, ona görə də, onun üzərinə getdim.
- Əli Kərimli sizi müavinlikdən niyə çıxardı?
- Açıq deyəcəm. Cəbhənin içərisində iş aparırdım. Neçə illər Cəbhənin içərisində iş aparmışam və bu bilinməyib. Onun özü də söhbətimizdə etiraf etdi.
- Nə iş?
- Əli Kərimlinin oradan getməsini istəyirdim. Əli Kərimli sədrlikdən gedib, partiyanın lideri olmalı və idarəçilikdə iştirak etməməli idi. Biz ona təklif etmişdik ki, bəlkə də nə vaxtsa vahid namizəd şansı yaranar. Onun müxalifətin içərisində qalmasına heç kim heç nə demirdi. Bu gün də tərəfdarı deyiləm ki, Əli Kərimlini siyasətdən qovaq. Əli Kərimli siyasətdə qalsın, fəal olsun, qabağa gedib bizi utandırsın ki, çəkildim, yenə də siyasətin atası mənəm. Sadəcə o AXCP rəhbərliyindən getsin, örnək yaratsın. Bir insan nə qədər eyni yerdə otura bilər axı? Əli Kərimli isə o boyda partiyanı gətirib klub şəklinə salıb.
- Politoloqların sizə qarşı belə bir ittihamı var ki, Razi Nurullayev AXCP-ni demokratikləşdirmək istəyirdisə, partiyanın içərisində qalıb mübarizə aparmalı idi, ayrılıb yeni bir partiya yaratmazdı...
- Biz Əli Kərimlinin evində söhbət etdik. Söhbətimizdən iki gün sonra AXCP rəyasət heyətinin iclası olmalı idi. Ona qədər o, məndən istefa verməyimi tələb etdi. Əgər mən istefa verməsəm rəyasət heyətində məni partiyadan çıxaracağını bildirdi. Dedi, bu sənin üçün daha pis olacaq. Əli Kərimli məni rəyasət heyətinin iclasında səs çoxluğu ilə çıxaracaqdı. İstər -istəməz fikrimi daha dəqiq ifadə etmək, diqqət cəlb etmək və problemləri daha çox qabartmaq üçün özüm istefa verdim. Onsuz da məni oradan çıxaracaqdılar.
Partiyada özümü çox yumşaq və sadəlövh aparmışam. Əli Kərimli də bu sözü mənə dedi ki, "sən özünü çox sadəlövh apardın, məni aldatdın. Məni hələ belə aldadan olmamışdı. Az qala partiyanı mənim əlimdən almısan". Bəli, mən iş aparırdım, ancaq bilirdim ki, bunu açıq-aşkar etsəydim partiyada heç bir ay da olsun tab gətirə bilməzdim. Ona görə də, partiyada gizlin iş aparırdım. Cəbhəçilərin çox hissəsinin gözünü aça bildim. Cəbhəçilər arasında Əli Kərimlinin adını çəkmək və onu tənqid etmək mümkünsüz idi, bu stereotipi dağıtdım. Bu gün artıq cəbhəçilər Əli Kərimliyə sərt suallar ünvanlaya bilirlər. Bu gün cəbhəçilər deyə bilir ki, nazirlərin övladı da xaricdə təhsil alır. Təbii ki, heç kəs maaşla bunu edə bilməz. Hər-hansısa bir məmur əmək haqqı ilə nə villa tikə bilər, nə maşın ala bilər, nə də övladını xaricdə oxutdura bilər. Bu dedikləri kimi Əli Kərimli də övladlarını xaricdə oxudur. Buna heç bir etirazım yoxdur. Hər bir Azərbaycan vətəndaşının övladının xaricdə yaxşı təhsil almasını istəyirəm. Əli Kərimlinin övladları Bakıda da Oksfordun məktəbində oxuyublar. O məktəbin təhsil haqqını özünüz aydınlaşdırın. Amma zaman olub ki, cəbhəçilər 20 qəpiyə möhtac olub metro ilə gedə bilməyiblər, 20 qəpiyə möhtac olub mitinqlərə gələ bilməyiblər. Bu gün isə pis yaşamaq, məhrumiyyətlə yaşamaq cəbhəçinin alnına yazılıbsa, cəbhəçilərin rəhbəri də elə olmalıdır. Cəbhəçi görməlidir ki, mən avtobusda kirli borudan tutub gedirəm, 40 dərəcə istidə alnımdan tər tökülür. Mənim liderim deyir ki, "hakimiyyət məni əzir, məni öldürür, pasportumu alıb, mənə imkan vermir yaşamağa, partiyama ofis vermir, iqtidar ancaq mənimlə mübarizə aparır", həm də bununla bərabər bahalı maşında gəzir, cangüdənlər saxlaya bilir, sürücü saxlaya bilir, özünü və partiyasını da saxlayır, bir neçə nəfəri də pulla təmin edə bilir. Əgər ona pul gəlirsə, bəs başqalarına niyə pul gəlmir?
Partiyada olanda avtoqəzadan sonra maşınım olmadı. Taksidən, metrodan istifadə edirdim. Rəyasət heyətinin üzvlərinin əksəriyyəti taksidə gedirdi, Batumidə istirahət edirdilər, maşınları var idi, amma bütün günü danışırdılar ki, AXCP ən çox məhrumiyyətlərə məruz qalan partiyadır. Ancaq partiyanın rəhbərliyində olan şəxslər hər şeylə təmin olunmuşdular. Necə ola bilər ki, birbaşa təhqir dərəcəsinə qədər hökümətin üzərinə gədə bilən insanlar rahat yaşaya bilir, normal evləri var, övladları xaricdə oxuyur və bununla bərabər onlar nə həbs olunurlar, nə cərimələnirlər? Eyni zamanda Azərbaycan sərhəddini tərk edib başqa ölkələrə gedə bilirlər. Hər gün də hakimiyyəti sərt dildə tənqid edirlər. Bu o deməkdir ki, onların arxasında dayanan qüvvələr var. O qüvvələr hakimiyyətin içərisindədir. Bundan tam əmin ola bilərsiniz. Hakimiyyətin içərisində onları istəyənlər var, onlara kömək edənlər var, onları həbsdən qurtaranlar var. Necə ola bilər ki, kimsə sosial şəbəkədə sərt status yazır, cibinə narkotik atılaraq bir neçə il həbs olunur, ancaq bunlar onun elədiyinin on dəfə artığını edirlər və əllərini qollarını sallayıb gəzirlər? Niyə bunu hər kəs edə bilmir? Bunu o adamlar edir ki, onlara zəmanət verilir. Bu şərəfsizlikdir, bu vicdansızlıqdır, bu öz maraqlarına görə xalqın maraqlarını ayaq altına atmaqdır. Bunun başqa adı ola bilməz.
- Bəs siz necə tənqid edə bilirsiniz?
- Hər zaman səviyyəli tənqidin tərəfdarı olmuşam. Siyasətçi kimi Türkiyə modelinin tərəfdarıyam. Maraqları uzlaşdırmağı bacara bilirəm. Biz Azərbaycanda siyasətin gündəmini və prosesləri dəyişmək niyyətindəyik. Əminəm ki, bütün xalq bunun faydasını görəcək.
- Mitinqlər niyə bu qədər sönük keçirilir?
- Azərbaycanda mitinqlərə insanlar "sən öl, mən ölümlə" gətirilir. Mitinqlərdə uzun müddətdir ki, eyni adamlar iştirak edir. Mitinqlərə partiya üzvləri və onların "sən öl, mən ölümə" gətirdiyi qohum-qonşuları olur. AXCP-də hər mitinqdə insanlar bayraqlar altında yığışır və onları sayırlar. Kim nə qədər söz verib mitinqə, o qədər adam gətirməlidir. Cəbhəçilərin hamısı belə şeylərdən beziblər. O mitinqlər də nəyinsə marağına xidmət edirdi. O mitinqlər müəyyən məqamlarda keçirilir və bir də görürsən birdən birə qərar çıxır ki, mitinq olmalıdır. Mitinqlərin keçirilməsi də kimlərəsə xidmət edir. Mitinqlərin vaxtını da hakimiyyətin içərisindəki bəzi qüvvələr müəyyən edir. Ona görə də, mitinqlərə insanlar gəlmir. Mitinqlərdə xalq yoxdu, xalqın bu aksiyaya dəstəyi yoxdur.
- Süleyman Dəmirəlin bir sözü var, “Siyasət nəticə sənətidir”, nəticəsi olmayan sənətdən niyə əl çəkilmir?
- Azərbaycan siyasətinin rüşeymini yalnış adamlar qurub. Azərbaycanda Azadlıq hərəkatı başlayanda hakimiyyətə gələn insanların hakimiyyətdən getməsini reallaşdıra bilmədik. Sel gələndə ilk öncə çör-çöp gətirir. Düzdür bu sözləri oradakı insanların hamısına aid etmirəm. O prosesin əvvəlində Əbülfəz Elçibəyin tərəfdarları çox idi, ancaq prosesdən yararlananlar oldu, fürsətçilər oldu. O fürsətçilər indiyə qədər ondan yararlanır. Əgər onlar zamanında silinib getsəydi, bu gün Azərbaycan fərqli olardı. Bu gün o liderlər üçün müxalif partiya sədrliyi iş yeridir. Tam əminəm ki, Əli Kərimli düşünür, "mən partiya sədrliyindən getsəm nə ilə məşğul olacam, necə yaşayacam, ailəmi necə saxlayacam, pulu haradan qazanacam?", Əli Kərimli üçün AXCP sədrliyi iş yeridir.
Bu gün biz ən ağrılı prosesi üzərimizə götürəcəyik. Bizə ictimai qınaq var ki, niyə başqa ad olmadı, niyə Əli Kərimliyə qarşı çıxırsınız? Bu insanlar başa düşə bilmir ki, Əli Kərimli 20 ildən çoxdur müxalifətdə nəticəsiz qalır və yenidən qurultay keçirib sədr olmaq istəyir. Əgər nəticəsi yoxdursa, bir insan nə haqla yenidən şans istəyir? Bir insana nə qədər şans vermək olar? Bu gün Əli Kərimli Azərbaycanın uğursuz siyasətçisidir. Uğursuz siyasətçi də yoldan çəkilməlidir. Əli Kərimli partiya rəhbərliyindən çəkilib, yenə də siyasətlə məşğul olmalıdır. Əslində onun belə bir fikri var idi. Sadəcə ora iş yeri kimi baxır və partiya sədrliyinə uyğun adamı oturtmaq istəyir. Partiyanı yenə özü idarə etmək və bütün maliyyələri öz əlində saxlamaq istəyir. Azərbaycan siyasətinin ən böyük bəlalarından biri də paylaşmağı bacarmamaqdır. Siyasətçi paylaşmağı bacarmalıdır. Siyasi partiya varsa, bu və ya digər formada maliyyə gəlir. Əgər sən onu komandanla paylaşmağı bacarmırsansa, uğursuz siyasətçi olacaqsan. Əgər sən partiyanın resuslarını üzvlər arasında bərabər formada bölmürsənsə, sən uğursuz siyasətçi olacaqsan. Əli Kərimli partiyanın və Azadlıq qəzetinin resuslarını özünə və yanında olan bir neçə nəfərə xərcləyir.
Sizə bir fakt deyim, Əli Kərimli haqqında bədnam zəhərləmə işi açılanda Əli Kərimli ictimai xadimlərdən özünə dəstək qazanmaq istəyirdi, buna biz də çalışırdıq. Mən inanırdım ki, Əli Kərimli heç kimi zəhərləməyib. Bu gün də ona inanıram. Bu gün də onu bu məsələyə görə müdafiə edərəm. Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyevin Azadlıq qəzetində müsahibəsi getdi. Əli Əliyev mənə zəng etdi, dedi ki, Azadlıq qəzetinə müsahibə verdim, qəzetdə çıxıb, ancaq ürəyimdə bəzi şeylər qalıb. Azadlıq blokunda Əli Kərimli ilə bir yerdə olduq. Ümumi işimiz üçün hər şey etdim, onu lider kimi irəli verdik. O zaman Azadlıq qəzeti bizə tez-tez yer verirdi. Azadlıq blokundan gedəndən sonra bir neçə ildə Azadlıq qəzetinə müraciət etsək belə mənə meydan verməyib. Bu gün biz Əli Kərimliyə lazım olduq, müxbiri göndərdi ki, onu müdafiə edim. Bu qədər haqsızlıq olmaz.
- Hər seçkilər zamanı müxalifət birlikləri yaranırdı, ancaq indi bunu görmürük...
- Müxalifətin bu günə düşməsinin əsas səbəbkarı Əli Kərimlidir. Müxalif lideri adətən hakimiyyətə qarşı mübarizə aparmalıdır. Ancaq illərdir Əli kərimli hakimiyyətə qarşı yox, müxalifətə qarşı vuruşur. Əli Kərimli neçə illərdir Müsavata qarşı vuruşur. Müsavatın zəifləməsinə çalışır.
- Səbəb?
- Çox sadə, özünü tək müxalifət lideri kimi görür. Müxalifət lideri olmaq daha çox maliyyə və dəstək əldə etmək deməkdir…
- Partiyanı nə zaman təsis etməyi düşünürsünüz?
- Gərgin işləyirik. Çalışırıq ki, bütün rayon konfranslarını tez bir zamanda yekunlaşdıraq. Bir ay, bir ay yarım müddətində qurultayı keçirib seçkili orqanları seçəcəyik, sonra isə Ədliyyə Nazirliyinə hüquqi təmsilçiliklə bağlı müraciət edəcəyik. Bu məsələdə israrlıyıq. Lazımi hüquqşünaslardan da məsləhətlər alıb, bu məsələni uğurla sonlandırmaq istəyirik. Hesab edirəm ki, ilin sonunda AXCP-nin hüquqi təmsilçisi biz olacağıq.
- AXCP bir neçə qollara bölünüb, AXCP, KAXCP, BAXCP. Bunlardan hansı hərəkatın ilkin təməl prinsiplərinə uyğun fəaliyyət göstərir?
- Hər bir partiya Əbülfəz Elçibəyin AXC-sindən müəyyən ideyalar götürüb fəaliyyət göstərir. Sadəcə olaraq zaman və siyasi şərait dəyişdiyinə görə tam olaraq həmin ideyaları önə vermək və onun uğrunda mübarizə aparmaq qeyri-realdır. Bunun üçün partiyalar öz fəaliyyətlərində müəyyən dəyişikliklər ediblər. Müasir dövrün tələblərinə uyğunlaşmaq istəyiblər. Əbülfəz Elçibəyin ideyalarından biri Bütöv Azərbaycançılıq, millətçilik, türkçülük idi. Xalqla daha yaxın təmas və səmimi bir siyasət idi.
- Siz bunlardan hansını əsas götürəcəksiz?
- Bizim üçün ən əsası xalqın inamını geri qaytarmaqdır. Səmimi və bir az da sadəlövh siyasət aparacağıq. İnsanların inamını qaytarmaq istəyirik. O zaman insanlarda inam var idi ki daha yaxşı Azərbaycanda yaşayacaqlar. Biz bu mesajı onlara vermək istəyirik ki, bizim aparacağımız yolda çalışacağıq ki, həbslər olmasın, müxalifətə "demaqoq" damğası vurulmasın, döyülən, söyülən, ac-yalavac olmasın. Bir tərəfdə hörmət olunan iqtidar varsa, bir tərəfdə də hörmət olunan müxalifət olmalıdır. Türkiyə modelini Azərbaycana gətirmək istəyirik. Sivil qaydalara söykənən bir cəmiyyət qurulması və bundan bütün xalqın yararlanmasını istəyirik.
- Bir çoxları sizi seçkilər ərəfəsində yaradılmış bir "müvəqqəti proyekt" kimi görür...
- Bu gün Azərbaycanda siyasət ölüb. Kimin seçkilərdə iştirak edib-etməyəcəyi bəlli deyil. Partiyaların hazırlığı sıfır vəziyyətdədir. Hal-hazırda şərtlərini diqtə edən tərəf YAP-dır. 2010-cu il Azərbaycan siyasətinin ən ölü ili olub. Bu ilki parlament seçkiləri 2010-cu ildəki seçkilərdən də bərbad olacaq. Belə bir vəziyyətdə hansı proyektdən söhbət gedə bilər? Bu proyekti yaratsınlar, resurslar cəlb etsinlər. Bu proyekt kimin nəyinə lazımdır, kimdən qorxurlar, nə üçündür və kimi yıxırlar ki? Azərbaycanda çoxu düşünür "qoymayın, üstümüzə İrasim gəlir". Bu gün o Rasim yoxdur. Biz proyekt olsaq bizim əsas işimiz seçki olardı. Biz heç seçkiyə də hazırlaşa bilməmişik. Seçkiyə gedəcəyikmi, getməyəcəyikmi, heç onu da bilmirik. Bu iddiaların mənası və məntiqi yoxdur. Biz hal-hazırda təşkilatlanma işi ilə məşğuluq. Seçki ilə bağlı hələ bir dəfə də olsun müzakirəmiz olmayıb. Hansısa dairələrdən müstəqil namizədlərimiz ola bilər.
- Dediniz ki, xalqın inamı itib. O inamı qaytarmaq istəyirik. Xalqın inamını necə qaytarmaq istəyirsiniz?
- İnsanlar müxalifət partiyasının səmimiliyini, onun daha modern, daha açıq olduğunu görməlidir. Xalq görməlidir ki, müxalif partiyanın yeritdiyi siyasətin nəticəsi var. Partiya insanların üzünə açılmalıdır. Partiya rəhbərliyi kef içərisində yaşayıb, üzvləri isə ac-yalavac yaşamamalıdır. Biz bu meyarı qəbul edirik. Qərb yönümlü, Türkiyə modeli tipində Azərbaycanda müxalif partiya yaratmaq niyyətimiz var.
- Söhbətimizin əvvəlində dediniz ki, cəbhənin içərisində gizli iş aparmısınız, çoxusunu ayıltmısınız. Həmin cəbhəçilərin neçə faizini öz yanınızda görə biləcəksiz?
- Hər gün açıqlamaları görürsünüz. Bu axın güclənəcək. Sadəcə olaraq bir çoxları yol ayrıcındadır, düşünürlər. Əli Kərimlinin apardığı indiki siyasət iflasa uğrayıb. Əli Kərimli rayonlardakı təşkilatlara xəbər göndərib ki, partiyada qalın, hər şey yaxşı olacaq, Razinin yanına getməyin, bu parlament seçkilərində bizə 6 yer veriləcək. Cəbhəçilərə səslənirəm ki, bu cür vədlərə inanmayın. Heç bir halda Əli Kərimlinin verdiyi nə vəd, nə də praqnoz indiyə qədər baş tutmayıb.
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder