Qarabağı, sülh danışıqlarını qoyaq bir kənara, hansı günümüzə pozitiv danışmaq yaraşır? Hansı sahəyə əl atırsan, putdur, adamın əlində qalır. Qiymətlər uçur, maaşlar sürünür. Məktəbdə nərd yarışı keçirilir, pandemiya bitəndən sonra Azərbaycan alimləri vaksin kəşf edir, Türkiyədə zəlzələ olur, icra başçısı Türkiyəyə dəstək olmaq üçün axısxa türkləri ilə görüş keçirir, öz ölkəsində seçki keçiriləndə üç meymunu oynayanlar xaricdəki istənilən seçkidə tərəf seçir, müdafiə edir, oradakı əhalini “neprav”da çıxara bilir.
Hökumət çoxlu sayda iş yerlərinin açılması ilə öyünür. Rayonlarda çoxlu sayda yaşıllaşdırma idarələri açılıb. Hərənin əlinə bir maaş kartı, bir süpürgə, bir bel verib, oranı təmizlə, buranı təmizlə. Cəhənnəm, olmayan yerdə bu da işdir. Əvvəl həmin idarələrin kartları icra başçılarının cibində olurdu. İndi vəziyyət tam dəyişib. Veriblər insanlara, maaş alsınlar. Hökumət bunu iş yeri kimi açıb ki, az da olsa, vətəndaşlarına pul versin. Vətəndaşı sağ qalsın. Əslində, bizim ölkədə yaşamaq uğrunda yox, sağ qalmaq uğrunda mübarizə gedir. Sağ qalmaqla yaşamaq ayrı şeydir. “Xalxın” ölkələrinin adamları da desin, yaşayırıq, sən də. Ayıb deyil? Hər şeyi adı ilə çağırmaq lazımdır. Biz sağ qalmaq üçün çalışırıq.
Hakimiyyət həmin kartları insanlara paylayıb ki, sağ qalsınlar. Hökumətin niyyəti, bəlkə də, çox yaxşıdır. Yerdəki məmurlar həmin maaş kartlarına bəs hansı gözlə baxırlar? Təzyiq, şantaj! Təsəvvür edin, bir kəndin həyati bir problemi meydana gəlir, misal üçün, su. İnsanlar yığışıb gedir İcra Hakimiyyətinə. Yaxşı da qarşılayırlar. Camaat dağılan kimi ora gələnlərin hansının cibində sağ qalmaq üçün kart varsa, xəbər göndərirlər ki, bir də səsiniz çıxsa, işdən atacağıq bayıra. İl olub 2023, neft, qaz ölkəsiyik, Avropanın enerji təhlükəsizliyinə töhvə verən dövlətik, Şimal-Cənub Dəhlizi, Zəngəzur dəhlizindən dəm vururuq, ancaq icra başçıları vətəndaşını sağ qalmaqla sınağa çəkir.
Yaxında bir hadisə oldu. Bir tanış nəql edir. Deyir, icra nümayəndəsi qohumdur, şikayət üçün İcra Hakimiyyətinə getmişdim. İcra başçısı bilib ki, icra nümayəndəsi ilə qohumam, deyib, o bir də şikayətə gəlsə, ərizəni yaz. Sual verdim, nə etdin?
– Heç nə, canımın dərdindən şikayət etmədim.
– Niyə?
– Qohumumdur axı.
– A kişi, qohumun sənə bir qab yemək, bir qutu siqaret alır?
– Yox.
– Bəs onun üçün probleminlə yaşamağı niyə seçirsən? – Gözlərini döyür. Cavabı bilirəm. “Camaat cəmdəyimə tüpürər” düşüncəsi.
Qəribə camaatıq. Pul atana, rüşvətə, rüşvətxor məmura pis baxırıq. Rüşvətlə işə düzəlirik, uşaqlarımızı rüşvətə, korrupsiyaya bulaşmış sahələrdə işləməyə sövq edirik.
Eyni adam bir mövzunun içərisində həm deyir, Ermənistanı məhv etmişik, darmadağın etmişik, uzun illər özünə gələ bilməyəcək, həm də deyir ki, Ermənistan revanşa hazırlaşır. Belə fındıq boyda beyni olanlara jurnalist “müəllim, elə bil məzələnirsən ha?” sualı vermək yerinə, veriliş bitən kimi, növbəti verilişin vaxtından danışır.
Öz ölkəsinin ərazisində qeyri-qanuni erməni silahlısı, sülhməramlı adı altında Rusiya ordusu var, bir milyon qaçqınının bir faizi gedib torpağını görməyib, Turan qurur, İranı parçalamaqdan feyziyab olur.
Ukrayna-Rusiya müharibəsi başlayanda: “Rusiya dağılacaq, parçalanacaq, iqtisadi baxımdan çökəcək”, – deyən adamlar indi çıxıb deyirlər ki, Rusiyanı proqnozlaşdırmaq olmur, ağlım bir şey kəsmir. Yaxamız olmayan ağlının itiliyini bu camaat üstündə yoxlayanların əlində qalıb.
Yadıma gəlir, illərdir sosial şəbəkədə, mediada: “Qarabağı müharibə ilə almalıyıq, hamımız ölsək də, ermənidə qoymamalıyıq”, – deyən adamlardan biri 27 sentyabr saat 10:17 dəqiqədə mənə zəng etdi ki, qardaşım oğlunu geridə saxlamaq üçün tanışın yoxdur? Müharibədən sonra gördüm, həmin adam qurumlardan əlinə təşəkkürnamə, yaxasına medal alıb.
Bu qədər saxtakarlığın, bu qədər çirkabın, bu qədər anormallığın içərisində neqativ təki mənim yazdıqlarım olsun.
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder