14.05.2018

Ağdamda işçiləri icra başçısının bağında qul kimi işlədirlər - FOTOLAR

Yeni kənd təsərrüfatı naziri İnam Kərimovun Ağdam rayonuna səfəri gözlənilir.

Nazirin gəlişi ilə əlaqədar Kommunal Müəssisələr Kombinatının işçilərini Ağdam rayon icra hakimiyyəti İnam Kərimova göstərəcəkləri pambıq sahələrinə aparıb, pambıq tarlasının girişini təmizləməyi tapşırıblar. Ancaq icra hakimiyyətinin nümayəndəsi Nürəddin Mirzəyev işçilərə pambıq sahəsinin alaqdan təmizlənməsini tapşırıb. Nürəddin Mirəzyev bildirib ki, işini görən şəxs evinə gedə bilər.  Ancaq verdiyi sözün üstündə durmayan Mirzəyev, narazılıq edən işçiləri döymək istəyib. Onlardan bir neçəsinin işdən çıxarılacağını da deyib.

Bu informasiyanı əldə etdikdən sonra araşdırma apardıq. Nətcədə məlum oldu ki, Kommunal Müəssisələr Kombinatının işçiləri nəinki pambıq tarlalarında, hətta vəzifəli şəxslərin bağlarında və həyətində də işlədilirlər.

Araşdırmalar nəticəsində məlum olub ki, Ağdam rayon icra hakmiyətinin başçısı Raqub Məmmədova məxsus bağın bütün işlərini Kommunal Müəssisələr Kombinatının işçilərinə gördürürlər. Ağdam rayon Eyvazlı kəndinin ərazisindəki bağda üzümçülük, günəbaxan, kartof və ağac tinkləri əkilib. Vəzifələri Quzanlı qəsəbəsinin yaşıllaşdırması, ağacların dibinin bellənməsi, suvarılması olduğu halda icra başçısının bağında da işlədilirlər.

Məsələni yerində görmək üçün Eyvazlı kəndinin ərazisindəki əraziyə yollanırıq. Rayonda hər kəs tərəfindən icra başçısına məxsus olduğu deyilən və bilinən bağ digər sahələrdən səliqəli və baxımlılığı ilə seçilir. Ərazidə üzüm, pambıq və günəbaxan tarlası var. Deyildiyi kimi Kommunal Müəssisələr Kombinatının işçilərini ərazidə işləyərkən görürük.

İşçilərdən özünü təqdim etməyən bir qadın “bizi niyə çəkirsiniz?”, deyə soruşur. Cavabında “bura sizin iş yerinizdir?” sualını ünvanlayırıq. Kommunal Müəssisələr Kombinatının işçisi çarəsizcə dillənir: “Xeyr, bura bizim iş yerimiz deyil. Ancaq nə edək?! Müəllim deyir, burada işləyəcəksiniz, məcburən işləyirik.

“Şitilçilk” adlanan ərazidə işçilərin üstündə Tərtər rayonundan olan Raya adlı bir qadın durur. Onun işçilərə istirahət vermədiyi və onları aşağıladığı da bildirilir.

Adının çəkilməsini istəməyən işçilərdən aldığımız məlumata görə, nəinki icra başçsının bağında, hətta özünə məxsus evin həyətində də onları işlədir. Həyətin süpürülməsi, ağacların dibinin bellənməsi, alaqları təmizlənməsivə digər işləri onlara məcbur gördürürlər. Görülən bu işə görə, əlavə heç bir məbləğ ödənilmir.

2018-ci il yanvarın 1-dən prezidentin sərəncamı ilə Azərbaycanda minimum əməkhaqqı 130 manat təyin edildiyi halda, Kommunal Müəssisələr Kombinatının işçilərinə 125 manat maaş verirlər. 125 manat maaşın qarşılığında isə onları qul kimi işlədirlər desək, yalan olmaz.

Səxavət Məmməd







Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics