Layihəmizin ilk qonağı Müsavat Partiyasının başqanı Arif Hacılıdır.
– Açığı bu barədə geniş düşünməmişəm. Hal hazırda hesab edirəm ki, Müsavat Partiyasının lideri olan İsa Qəmbər prezident olsa bu Azərbaycanın mənafeyinə daha uyğun olar. Təbii ki, taleh o şəkildə gətirsə, siyasi proseslər o istiqamətə yönəlsə, Azərbaycan Respublikasının prezidenti olsam çalışaram Azərbaycan xalqı üçün böyük və yadda qalan işlər görüm.
– Şəxsən mən Əbülfəz Elçibəyin yerində olsaydım, hakimiyyəti əldə saxlamaq üçün hansı addımları atardım?
– Mən onun yerində ola bilməzdim. Çünki həmin dövrdə Azərbaycan Respunlikası Konstitusiyasına görə mənim yaşım yetərli deyildi. 35 yaşından aşağı olan insanların nəinki prezident, heç namizəd olmaq şansı yox idi. Həmin dövrdə mənim 30 yaşım var idi. Əbülfəz Elçibəyin atdığı addımlarla bağlı, bütövlükdə hakimiyyətin gördüyü işlərlə bağlı biz ciddi müzakirələr aparmışıq. Öz aramızda gəldiyimiz müəyən nəticələr var. Əslində düzgün siyasi qərarlar qəbul edilib. Təbii ki, xalqın verdiyi 5 illik mandatı heç olmasa bu müddət ərzində saxlana bilməməsinə görə, biz, komandamız məsuliyyət daşıyır. Əbülfəz Elçibəyin də bu komandanın rəhbəri kimi məsuliyyəti var. Yəqin Elçibəy də sonrakı mərhələlərdə 1998-ci ildə, 2000-ci ildə olduğu siyasi dünya görüşündə olsaydı, təbii ki, o özü də fərqli addımlar atardı. Mən də fərqli davranardım.
– Müsavat başqanısınız, Cümhuriyyətimizin 100 illiyi gəlir. Şəxsən mən ADR dövründə yaşasaydım, hansı siyasi lider olmaq istəyərdim?
– Mənim sevimli siyasi liderim Məmməd Əmin Rəsulzadədir. Ancaq onun yerində olmağı təsəvvürümə gətirəcək qədər qeyri-təvazökar bir adam deyiləm. Mənim böyük simpatiyam olan siyasətçilərdən biri də Nəsib Bəy Yusifbəylidir. Bilirsiniz ki, “Türk Ədəmi-Mərkəziyyət” firqəsi ilə birləşdikdən sonra Müsavat partiyası Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrildi. Azərbaycan xalqının həyatında, tarixində mühüm rol oynadı. Nəsib bəy Yusifbəyli, Əlimərdan Topçubaşov, Həsən bəy Ağayev nümunə götürüləcək şəxsiyyətlərdəndir. Fətəli xan Xoyski Azarbaycanın ilk baş naziri olub. Həmçinin gənc bir siyasətçi, yaxşı hüquqşünas, vəkildi. Xalq arasında böyük nüfuzu vardı. Xoyski da nümunə götürüləcək şəxsiyyətlərdən biridir. Yəni, o dövrdə nümunə götürüləcək şəxsiyyətlər çoxdur.
– Şəxsən mən dünyada söz sahibi olsaydım.
– Öz düşüncəmə görə, liberal demokratam. İnsan hüquq və azadlıqları mənim üçün çox önəmlidir. Bilirsiniz ki, Məmməd Əmin Rəsulzadənin şüarlarından biri də, “insanlara hürriyət, millətlərə istiqlal”dır. İnsanlara hürriyət hətta öndə gəlir. Millətlərə istiqlaldan öndə olan da insanlara hürriyət şüarıdır. Çox səyahət edirəm. Avropada, inkişaf etmiş demokratik ölkələrdə oluram. Təbii ki, bütün dünyanın elə azad olmasını, insanların öz rəhbərlərini özləri seçməsini, demokratik cəmiyyətlərin qurulmasını, bütövlükdə azad insanın inkişaf etməsi üçün lazım olan bütün işləri görməyə çalışardım. İnsan hüquq və azadlıqları hər şeydən öndədir, hər şeydən vacibdir. Belə imkanlarım olsaydı çalışardım ki, yalnız xeyriyyə işləri ilə kifayətlənməyim, eyni zamanda bütövlükdə azadlıq uğrunda mübarizə aparan dövlətlərə, xalqlara ayrı-ayrı insanlara yardım edim.
– Şəxsən mən tənha bir adada olsaydım, yanımda götürərdim…
– Yəqin ki, kibrit götürərdim.
– Şəxsən mən tənha adaya Əli Kərimli və Siyavuş Novruzovla düşsəydim…
– Mən bu adamlarla ünsiyyətdə olmuşam. Bilirsiniz ki, Əli Kərimli ilə Xalq Cəbhəsində bir yerdə fəaliyyət göstərmişik. Mən məclis sədri, o isə müavinim idi. Sonrakı dövrdə biz prezident aparatında bir yerdə işləmişik. Respublika Ərazi İdarə etməsi üzrə dövlət müşaviri idim, mənim rəhbərliyim altında fəaliyyət göstərən şöbələrdən birinin də rəhbəri Əli Kərimli idi. Bizim bilavasitə birlikdə fəaliyyət göstərdiyimiz dövrlər olub. Sonrakı dövrlərdə də tərəf müqabili kimi çalışmışıq. Qeyri-adi bir məsələ yoxdur. 90-cı illərdə beynəlxalq qurumlar müxtəlif layihələr təyin edirdi. Bu layihələrdə Müsavat Partiyası, Xalqa Cəbhəsi, Milli İstiqlal Partiyası, Yeni Azərbaycan Partiyası iştirak edirdi. Müəyyən dövrlərdə Siyavuş Novruzovla da xarici səfərlərdə, tədbirlərdə bir yerdə olmuşuq, müəyyən depatlarda iştirak etmişik. Tamamilə fərqli düşüncələrə malik adamlarıq. Ancaq adada olsa o özünü necə aparardı, bunu müəyən etmək mənim üçün çətindir. Çünki onun siyasi səhnədə olmadığı dövrlərdə bir qədər fərqli davranışlarının şahidi olmuşam. O özü siyasi kariyerası üçün, siyasətdən öz maraqları naminə istifadə etmək üçün bir çox hallarda həqiqətdən uzaq fikirlər səsləndirir. Təbii ki, belə bir düşüncəyə malik olan şəxslərlə hətta adada da olsaydıq, bizim yaxın münasibətlərimizin formalaşması mümkün olmazdı.
– Şəxsən mən İsa Qəmbərin yerində olsaydım qurultay keçirib başqanlıqdan gedərdim? İradlar oldu ki, indiki zamanda müxalifətə demokratiya lazım deyildi.
– Bu tamamilə yalnış fikirdir. Biz hakimiyyətdən tələb etdiyimizi özümüz etməliyik. Biz əgər hakimiyyətdən gizli səsvermə tələb ediriksə, özümüz gizli səsvermə keçirməliyik. Biz hakimiyyətdən müəyyən müddətdən sonra öz postlarını təhvil verməyi, yəni 3-cü, 4-cü müddətə seçilməməyi tələb ediriksə, bu şərtə özümüz əməl etməliyik. Bunu Azərbaycan cəmiyyətinə nümayiş etdirməliyik. Mən indi İsa Qəmbərin yerindəyəm. Müsavat Partiyasının başqanıyam. Onun kimi də addım atacağam. Bir müddətim artıq başa çatır. Əgər seçsələr, bundan sonra yalnız bir müddətdə sədr kimi fəaliyyət göstərəcəyəm. Növbəti seçkilərdə partiyanın nizamnaməsi imkan vermir ki, mən başqan olum. Hətta kimlərsə nizamnamədə dəyişiklik etməyi tələb etsələr, belə namizədliyimi irəli sürməyəcəyəm. Hesab edirəm ki, ayrı-ayrı siyasi xadimlərin müəyyən müddətdən sonra öz postlarını təhvil verməsi liberal demokratik düşüncənin, cəmiyyətin inkişafının, demokratiyanın əsas şərtlərindən biridir və bu şərtlərə əməl etmək lazımdır. Birdə ki, əvəzedilməz insanlar yoxdur. Kimlərəsə elə gələ bilər ki, İsa Qəmbər başqan deyilsə,Müsavat Partiyası sıradan çıxacaq. Belə fikirlər vardı, özünüz gördünüz ki, əsla belə olmadı. Kimlərsə düşünə bilər ki, Arif Hacılı olmayacaq Müsavat Partiyası zəifələyəcək, qətiyyən bu belə deyil. Müsavatın strukturu, özülü düzgün qurulubsa, rəhbər dəyişikliyi ilə təşkilat sıradan çıxa bilməz. Müsavat Partiyası hətta Məmməd Əmin Rəsulzadənin başqan olmadığı dövrdə belə fəaliyyət göstərmiş, nəinki Azərbaycanın, Qafqazın ən güclü təşkilatlarından biri səviyyəsində olmuş siyasi təşkilatdır. Bizdən sonra da, gələn nəsillər bizi layiqincə əvəzləyəcək. Partiyamız zəifləməyəcək, əksinə dünya demokratiyaya doğru irəllədikcə, demokratik düşüncə cəmiyyətlərə hakim olduqca Müsavat partiyası gücünü artacaq.
– Şəxsən məni video görüntü və fotolarla şantaj etsələr.
– Məni çox şantaj ediblər. İndi də belə hallar mövcuddur. Bu siyasi fəaliyyətdə ən çirkin üsullardan biridir və bu üsullardan təəssüf ki, siyasətçilərə qarşı daim istifadə edirlər. Ağrılıdı, çətindi. Seçilən, fərqlənən şəxslərin böhtanla, yalanla üzləşməsi təbii haldır. Dünyada belə bir qayda mövcuddur ki, əgər sən publik bir şəxssənsə, böyük vəzifə tutursansa, prezidentsənsə, millət vəkilisənsə, partiya sədrisənsə tənqidə daha dözümlü olmalısan. Tənqidləri, bu tipli hücumları daha sakit qarşılamalısan, bu sənin görəvindir. Sən adi bir vətəndaş deyilsən. Bir insan başqa birisi haqqında təhqiramiz ifadəni işlədirsə o, ona adekvat cavab verə bilər. Əgər sən dövlətin və yaxud hansısa mühüm bir sahənin rəhbərisənsə, seçilən şəxslərdənsə mütləq bu məsələlərdə daha dözümlü, daha loyal olmalısan.
Haqqında ən çox yalan, böhtan deyilən siyasətçilərdən biri də mənəm. 1990-cı ildən bura ünvanıma edilən yalanlar, böhtanları yığsaq böyük-böyük cildlər olar. Bir ara həvəskarlar var idi, bəzi dostların əlehimə olan yazılarını toplamışdılar, sonra gördüm ki, lehimə olan yazılardan daha çoxdur. Bunları arxiv kimi saxlamaq qeyri-mümkündür. Ona görə də, dostlarımdan bu işdən əl çəkməyi xahiş etdim. Bütün siyasi fəaliyyətdə olduğum dövrdə nə bir jurnalisti, nə də mənə böhtan atanı məhkəməyə verməmişəm.
– Şəxsən mənə hakimiyyətən təklif gəlsə…
– Baxır təklifin mahiyyəti nədən ibarətdir. Azərbaycan cəmiyyətinin və Müsavat Partiyasının mənafeyinə uyğun olan təkliflər olsa və partiyanın ümumi prinsiplərinə, Azərbaycan cəmiyyətin maraqlarına uyğun təkliflər olsa təbii ki, bunu müzakirə edərik. Deyək ki, müsavatçılıq prinsiplərinə zidd olan, cəmiyətin maraqlarını əks etdirməyən hər hansı bir təkliflər təbii ki, bizim tərəfimizdən qəbul oluna bilməz. Bizim fəaliyyətimiz şəxsi maraqlar üzərində qurulmayıb. Partiyamız daim cəmiyyətin maraqlarından, partiyanın mövqeyindən çıxış edir. Bəzən biz populyar olmayan qərarlar qəbul etmək məcburiyyətində qalırıq. Müəyyən dövrdə ola bilsin ki, atdığımız hər hansı addımlar bəzi qərəzli dairələr tərəfindən anlaşılmaz qarşılansın. Xalqın gözü tərəzidir. Bunu söz xətrinə demirəm. Partiyamızın iştirak etdiyi 2000-ci il parlament seçkilərində seçicilərin əksəriyyətinin səsini qazandıq. Bundan sonrakı mərhələlərdə də Müsavat partiyası hansı koalisiyada olubsa, o ittifaq əsas güc olub. Həmin namizədlər seçcicilərin böyük əksəriyyətinin səsini almağa nail olublar. Bu baxımdan Azərbaycan cəmiyyətinin Müsavat Partiyasına münasibəti məni tam şəkildə qane edir. Münasibət adekvatdır. Əminəm ki, istənilən ilkin demokratik seçkilər zamanı Müsavat partiyası xalqın əksəriyyətinin səsini alacaq və iqtidar olacaq.
– Şəxsən mən rayonların birində icra başçısı olsaydım. Götürək Zaqatala.
– Zaqatala gözəl bir yerdir. Mənim sevimli rayonumdur. Çalışardım ki, rayonun mövcud olan müsbət imicini qoruyum və bir qədər də yaxşılaşdırım. İstənilən rayon üçün çox ciddi iş görmək mümkündür. Bunun üçün də icra hakimiyyəti rəhbərindən xeyli şey asılıdır. Biz bunu Bakı şəhərinin özündə görürük. Məsələn, Binəqədi rayonun ərazisində olan səhmanla Yasamaldakı səhman bir-birindən xeyli dərəcədə fərqlənir. Bu icra hakimiyyəti başçısının və ya icra hakmiyyəti strukturlarının fəaliyyətindən asılıdır. Çünki Azərbaycanda real yerli özünü idarə etmə sistemi ümumiyyətlə mövcud deyil. Xalq özünü idarəetmə institutundan məhrum edilib. Yalnız yerlər, rayonlar, regionlar icra hakimiyyətləri vasitəsi ilə idarə olunur. Zaqatala gözəl məkan, gözəl bir yerdir. Orada çox gözəl münasibətlər sistemi mövcuddur. Düzdür, indiki hakimiyyətin apardığı siyasət nəticəsində orada da münasibətlər sistemində pozuntular mövcuddur. Hər halda o ənənələr qorunub saxlanılır. O rayonun əhalisinə, orada olan seçicilərə minnətdaram. Seçicilərin 80 faizi, bəzən daha artığı mənim namizədliyimi müdafiə edib, mənə səs verib, dəstək olublar. Əminəm ki, mən də olmasam, Müsavat Partiyasının hakimiyyətdə olduğu dövrdə hər hansı bir milli hökümət tərəfindən təyin edilmiş icra hakimiyyəti və ya real yerli idarəetmə sistemi qurulduqdan sonra xalq tərəfindən seçilmiş yerli icra strukturları Zaqatalanın əvvəlki gözəlliyini, əvvəlki münasibətlər sistemini daha da inkişaf etdirib, geri qaytara biləcəklər.
– Şəxsən mən nazir olsaydım.
– Biz əqidə ilə siyasətlə məşğul olan adamlarıq. Biz siyasətlə şəxsi məqsədlərimiz, ailəmizi dolandırmaq üçün məşğul olmuruq. Bizim taleyimiz elə gətirib ki, indiki çətin, ağır dövrdə Azərbaycan cəmiyyətinin mənafelərini müdafiə etmək məqsədi ilə bu prosesə qoşulmuşuq. Dəfələrlə həbs olunmuşuq, daim təqib və təzyiq altındayıq. Buna baxmayaraq yolumuzu davam etdiririk. Minlərlə belə adam var ki, heç bir təmanna olmadan, fədakarlıq göstərir, Azərbaycanın inkişafı üçün, öləsinin layiqli bir dövlət olaraq dünya birliyində yer tutması üçün, vətəninin ərazi bütövlüyü üçün, demokratik, hüquqi bir dövlətin qorunması üçün mübarizə aparır. Nazir olsaydım yenə həmin prinsiplər əsasında fəliyyət göstərərdim. Müdafiə naziri olsaydım, Qarabağın işğaldan azad olunması üçün, çox əminliklə deyirəm ki, indiki və əvvəlki müdafiə nazirlərindən qat-qat çox və ciddi işlər görərdim.
– Şəxsən mən siyasətçi olmasaydım.
– Siyasətçi olmasaydım yəqin ki, jurnalist olacaqdım. Orta məktəbdə oxuduğum dövrdən jurnalistikada oxumağı arzulayırdım. İlk məqaləm 14 yaşım olanda yerli qəzetdə çap olunub. 18 yaşım tamam olmamış həm yerli, həm də respublika mətbuatında bəzi məqalələrim, oçerqlərim, felyotonlarım dərc olunub, reportajlar vermişdim. Marağım məhz jurnalistikaya idi. Sadəcə 1988-ci ildə başlayan hadisələr, Qarabağın işğal edilməsi mənim siyasətə gəlməyimi şərtləndirdi. 1988-ci ildə artıq siyasətıə məşğul olacağım barədə özüm üçün qərar qəbul etdim və ondan sonra da bu yola baş qoydum
– Telejurnalist olmusunuz?
– Diplom işim telejurnalistika olub. Müəyyən dövr də radioda redaktor olmuşam.
– Hazırki vəziyyətdə Azərbaycan telekanallarının vəziyyətini görürük. Nəyi dəyişərdim?
– Hər şeyi. İndiki televiziyalar tənqidə dözmür. Telekanallarda yalnız əyləncə proqramları göstərilir. Heç bir ictimai diskusiyalar, debatlar olmur. Söhbət təkcə siyasi diskusiyalardan getmir, tarix, mədəniyyət, mənəviyyat mövzusunda normal ictimai diskusiyalar da yoxdur. Halbuki bunlar hökmən olmalıdır. Beynəlxaq, daxili siyasət mövzusunda siyasi diskusiyalar keçirilməlidir. Telekanallar yalnız biznes fəaliyyəti ilə və əyləncə verilişləri verməklə məşğuldurlar. Bir daha deyirəm, tənqidə dözmürlər, hər şeyi dəyişmək lazımdır.
– Şəxsən mən yazıçı olsaydım…
– Bəzi hekayələr yazmışam. İnanmıram ki, məndən böyük yazıçı olardı. Böyük yazıçı olacağımı düşünmürəm.
– Şair olsaydım…
– Şeir də yazmışam. Şeirə marağım olub. Bir çox mətbu orqanlarda zamanında şeirlərim dərc olunub. Yəqin ki, Azərbaycanın ortabab şairlərindən biri olardım. Ramiz Rövşənin şeirlərini oxuyandan sonra şeir yazmağı tərgitdim. Arada hobbi kimi, beynimə fikirlər gələndə onları kağıza köçürürəm, ancaq şair olmaq iddiamdan Ramiz Rövşənin, Vaqif Cəbrayılzadənin şeirlərini oxuyandan sonra imtina etmişəm. Gördüm ki, mənim yazmaq barədə düşündüklərimi artıq onlar məndən daha yaxşı şəkildə yazmağa nail olublar. Ona görə, bu iddiamdan əl çəkdim.
– Şəxsən mən Fərhad olsaydım, Şirinə görə dağ yarardım?
– Sevgi ilə evlənmişəm. Sevgim uğrunda çox ciddi mübarizə aparmışam və hesab edirəm ki, düzgün qərar qəbul etmişəm. Hamıya da bunu məsələhət görürəm. Planlaşdırıb evlənmək lazım deyil. Çünki planlar gec-tez pozulur. Ancaq sevgi yoxdursa ailə davam etmir. Bunu gənclərimiz bilsin.
– Şəxsən mən quş olsaydım…
– Bu yaxınlarda Almaniyada idim. Orada çöl ördəkləri, yabani qazlar küçədə gəzir, balalayır. Bir idarənin həyətində, bir kafenin yanında dişi, erkək ördək öz balaları ilə gəzir. Gənclər onların şəklini çəkir. Ancaq Azərbaycanda ördəyi görmək üçün gərək uzun müddət haradasa gizlənəsən. Çünki onlar insanı görən kimi dərhal uzaqlaşırlar və yaxud göyərçinlər, qağayılar. Avropa ölkələrində qağayılar evlərin damına yumurta qoyur, Bakıda yox. Çünki təcavüz, zorakılıq görürlər. Buna görə də orada olanda fikirləşirdim ki, görəsən niyə dünyanın bütün quşları Avropa ölkələrinə köçmür. Ovçular olan, maraq üçün quşları öldürməyə meyilli olan, itlərə, pişiklərə təpik vurmağa meyilli olan insanların yaşadığı ölkədə niyə yaşayırlar. Təbii ki, dediyim digər ev heyvanları üçün bu daha çətindir. Ancaq quşlara asandır, onlar istədikləri vaxt uçub, istədikləri ölkənin ərazisinə uça bilərlər.
– Vizasız…
– (Gülür) Nəsil artıra bilərlər.
– Şəxsən mən balaca qara balıq olsaydım…
– Bizim həyatımız macəralıdır. Yəni biz elə bir həyat yaşayırıq ki, bu gün azadlıqda olub-olmayacağımza qarantiyamız yoxdur. Bir gün, bir saat sonra başımıza hansı hadisələr gələcək bilmirik. Ona görə kifayət qədər macəralı bir həyat yaşayırıq. Mən öz həyatımdan razıyam. Bəzi dostlarımız deyir ki, biz həyatımızı demokratiya uğrunda mübarizəyə həsr etdik. Mən isə bildirirəm ki, xoşbəxt olmaq lazımdır. Böyük bir millətin, bütöv bir dövlətin qurulması həyatını sərf etmisənsə nə gözəl. Narazı deyiləm, həyatımız mənalıdır. Məqsədimiz, hədəflərimiz var. Daim hədəflər uğrunda mübarizə aparırıq, məqsədimiz ali, ülvidir. Çətinliklərə dözmək, həbsxanalardan keçmək, fiziki baxımdan çətin həyat yaşamağına dəyər.
– Kifayət qədər həbsdə yatmısınız. O həyatı bir də yaşamaq…
– Bir çox adamlar həbsxana dedikdə fiziki çətinlikləri nəzərdə tutur. Yəni, şəraiti pis olan məkanda qalmaq, cinayətkarla birlikdə həbsaxanada olmaq, məişət və digər məsələləri əsas problem kimi göstərirlər. Mənim üçün isə bunlar mövcud deyil. 150 nəfərlik baraklarda da, tək adamlıq kameralarda da olmuşam. Bu məsələlər mənə bir çətinlik yaratmır. Şəxsən mənim üçün həbsxananın ən ağrılı işi azadlığın olmamasıdır. Darıxmaqdır. İnsan azadlıq, yaxınları üçün, fəaliyyət üçün darıxır. Bu baxımdan həbsxana da bir qədər çətin olur. Xatırlayırsınızsa, həbsxanada “Darıxıram” şeiri də yazmışdım. Orada belə bir cümlə var:
Bir qurtum su
Sinə dolu nəfəs kimi
Darıxıram bu qəfəsdə.
Bircə addım azadlıqçün
Əgər kamerada 7 addım məsafə varsa, insan 8-ci addım üçün darıxır. Bir addım azadlıq insan üçün hava kimi, su kimi vacibdir. Azadlıqdan daha ündə bir xoşbəxtlik yoxdur. Bu baxımdan həbsxana həyatı xoş deyil. Ancaq bu da bir həyatdır. Hal-hazırda Azərbaycanda on minlərlə məhbus həyatı yaşayan insanlar var. Açığını deyim ki, yalnız həbsxanada olan siyasi məhbuslar haqsızlığa uğramayıblar. Həbsxanada olanların bəlkə də 90%-i hüquq mühafizə orqanlarına rüşvət verməyə pulları olmadığı üçün həbsxanadadırlar. Həbsxanada hər 6 aydan bir məhkəmə keçirilir, cəzalar yüngülləşdirlir. Bəzi adamlar azadlığa buraxılır. Kimin pulu var azadlığa buraxılır, kimin pulu yoxdur azadlığa çıxmır. Bu dərəcə dəhşətli haqsızlıqlar mövcuddur.
İnsan azadlıqda nə cürdürsə, həbsxanada da o cürdür. Əsas fərq ondan ibarətdir ki, cəmiyyətdə xeyli müddət bəzi adamlar maskalanmış şəkildə yaşaya bilir. Qorxaq olan özünü cəsur göstərir, xəsis olan özünü əliaçıq kimi qələmə verir. Həbsxanada bunlar tez baş verir. Maskaların cırılması üçün bir neçə həftə kifayət edir. İnsanın əsl siması çox qısa müddətdə ortalığa çıxır. Azərbaycan həbsxanalarında çoxlu günahsız adamlar var. Ona görə də, mən qızıl amnistiyanın verilməsini təklif etmişəm. Hesab edirəm ki, Cümhuriyyətin 100 illiyi ilə əlaqədar bunun edilməsi zəruridir. Həbsxanalar boşalmalıdır.
– Şəxsən mən qanuni oğru olsaydım…
– Mən qanuni oğru ola bilməzdim. Mənim düşüncəm o sistemə uyğun deyil. Oğru sistemi deyildiyi, danışldığı qədər cəlbedici bir şey deyil.
– Şəxsən mən Dünya Çempionatında bu komandalara azarkeşlik edəcəyəm…
– Adətən Türkiyə iştirak edəndə qardaş ölkəyə azarkeşlik edirəm. Türkiyə Dünya Çempionatında iştirak etmədiyi üçün xüsusi azarkeşlik edəcəyim komandanı müəyyənləşdirməmişəm. Yaxşı oyuna azarkeşlik etməyi xoşlayıram. “Barselona”nın, “Real Madirid”in oyunlarına baxıram, “Paris Saint-Jermen”i Neymara görə izləyirəm. Azarkeşlik edərkən isə Azərbaycan klublarına, millimizə, bunlar olmadığı halda isə Türkiyə yığması və klublarına azarkeşlik edirəm.
– Şəxsən mən incəsənət adamı olsaydım…
– Ola bilərdim. 1978-ci ildə biz rok qrup yaratmışdıq. 1980-ci ildə əsgərliyə getdim. Qrupumuza daxil olan şəxslər əsgərliyə getdilər və buna görə də dağıldı. Biz yaxşı həyat keçirdirdik, maraqlı yaşayırdıq. 16 yaşım vardı. Zaqatalada fərqli abu-hava mövcud idi. Oraya xarici tələblər gəlirdi. Onların qarşısında, istirahət parkında, ad günlərində, məktəb tədbirlərində, diskotekalarda çıxışlar edirdik. Maraqlı idi. Bəziləri əsgərliyə getdi, bəziləri ali məktəbə daxil olduq və 1980-ci ildən sonra qrupumuz daha toplaşmadı. Rəhmətlik anam həmişə deyərdi ki, sən gərək musiqi ilə məşğul olardın.
– Səsiniz var idi?
– Yox, mən bas gitarada ifa edirdim. İdialımız “Bitls” qrupu idi, onların mahnılarını ifa edirdik. Təbii ki, anam hesab edirdi o daha asan həyat idi. Nəinki sonra yaşadığım təhlükəli, çətin həbsxana ilə bağlı olan həyat. Musiqiçi ola bilməzdim. O bir həvəs idi. Vacib idi. Sovet dövrdə idmana, musiqiyə həvəs xeyli dərəcədə çox güclü idi. Başqa bir məşğuliyyət sahələri mövcud deyildi. Qapalı bir cəmiyyət mövcuddu. O dövrdə insanların ən sevimli qəzetləri “Futbol-xoke”y, “Sovetski sport” və.s idi. İnsanların ən çox müzakirə etdikləri mövzu “Neftçi” klubuydu. Hətta köhnə hekayələrdə, tamaşalarda yəqin ki, tanış olmusunuz. Bu da cəmiyyətdə fəal ictimai diskusiyaların olmaması səbəbi ilə baş verirdi. İnsan daxili rahatlıq tapması üçün nə iləsə məşğul olmalıdır. Bizim daxili rahatlıq tapmaq üçün gördüyümüz işlər mütaliyə etmək və musiqi ilə məşğul olmaq idi.
– Şəxsən mən həyatımın hansı anında zamanın dayanmasını istəyərdim…
– Heç bir anında zamanın dayanmasını istəməzdim. Təbii ki, adam sonra öz xoşbəxt olduğu dövrləri xatırlayır. Şəxsi həyatımda mənim ən xoşbəxt dövrüm övladlarımım 3-5 yaşında olduğu zamanlar olub. Ailəmiz daim bir yerdə olub, şənlənmişik, hər şeyin bundan sonra daha yaxşı olacağını düşünmüşük. Ancaq zaman keçir. Zamanın dayanmasını istəməzdim. Bir tərəfdən qocalmaq istəmirik, digər tərəfdən övladlarımızın böyüməsini istəyirik. Bir tərəfdən gənc qalmağımızı, digər tərəfdən nəvələr arzulayırıq. Ona görə zaman dayanmamalı, öz axarı ilə getməlidir və gedəcək. İnsanlar heç vaxt problemləri həll edib qurtarmır. İnsanların həyatı problemləri həll etməkdən ibarətdir. Biz onları həll edə-edə yaşayırıq. Biz gedəcəyik, sonrakı nəsil problemləri həll etməklə məşğul olacaqlar, onlar da qurtarmayacaqlar. Problemlər əbədi olaraq qalacaq. Bizim də həyatımızın mənası bəşəriyyəti, heç olmasa öz ətrafımızı, cəmiyyətimizi, dövlətimizi yaxşılaşadırmaq üçün mübarizə aparmaqdır.
– Şəxsən mən səyyah olsaydım, haradan başlayıb, harada qurtarardım…
– Səyyah olmaq barədə düşünmüşəm. Orta məktəbdə oxuduğum dövrlərdə sevimli qəhrəmanlarım Xristofor Kolumb, Ferman Magellan, Ceyms Kuk idi. Çox sevdiyim əsərlər gəmi səyahətləri, piratlar, haqqında olanlardı. “Kapitan Qrantın uşaqları” sevimli kitabımız idi. İndiki dövrdə səyyah olmaq çətindir. Təyyarə ilə dünyanın bu başından o başına bir gün keçməmiş gedib gəlmək olur. Çox səyahət edirəm. Səyahət etmək insanın dünya görüşünün artmasında mühüm rol oynayır. İndi klassik mənada səyyahlıq mümkün deyil.
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder