17.07.2019

“Erməni cəhənnəmi”ndə 20 ay - SSRİ idman ustasının əsirlik xatirələri – FOTOLAR

“Qəbrin üstünü açdırıb, eşələdilər, baş tərəfi qazanda, erməni qışqırdı ki, orada qızıl var, skleti çıxarın”.

Söhbətin tam ortasından başlamaq istəyirəm. Yunan-roma güləşi üzrə SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisi Əli Sarıyev söhbətləşdiyimiz yerdə, birdən stolu yumuruqlayaraq, hönkür-hönkür ağlamağa başladı. Qəzəbli gözlərindən yaş axır. Bu vəziyyətində sanki demək istəyir: “bilirsən, niyə ağlayıram?” O erməninin heç biri mənim qolumu bükə bilməzdi, yaxınıma da gələ bilməzdi, ancaq bir şapalaqlıq canı olmayanlar səni döyür, təhqir edir, işlədir, buyurur, məzələnir, xoruz döyüşdürən kimi səni güləşdirib, fit çalır. O vaxt da yanırdım, indi də yanıram… Danışmaq hər zaman asandır. İndi erməni ilə düşmənçiliyə qarşı çıxır, hümanizm deyir, xalqların dostluğundan danışırlar. Bəs erməni zülmünü bütün dəhşətlərilə yaşayan insanlarımıza nə deyək? Onları necə inandırmaq olar ki, sən artıq ermənilərin etdiklərini unut, onlarla dost ol. Erməni əsirliyində olmuş şəxslərlə söhbət zamanı onların ən çox işlətdiyi ifadələrdən biri “düşmənimə də arzulamaram” olur. Deyirlər, hər kəsin dərdi özünə ağırdır. Erməni əsirliyində olanların əksəriyyətinin taleyi bənzər olub. Eyni işgəncələr, eyni əzab-əziyyət… Dirəniş göstərənlərə daha çox zülm ediblər, bəzilərini öldürüblər. Ancaq bütün bunlara dözərək, sağ qalanlar da olub. Həmsöhbətim Əli Sarıyevin başına gələnlərsə, bir qədər fərqlidir. Bu da onun peşəkar idmançı olmasından irəli gəlir.


Əl-qolu açıq olsa da, özünün dediyi kimi, “bir şapalaqlıq canı olmayanların” işgəncəsinə dişini sıxaraq dözüb, bir tikə çörək üçün təkrar-təkrar güləşmək məcburiyyətində qalıb. Bir vaxtlar tatamiyə çıxıb qızıl medal uğrunda mübarizə aparan Sarıyev əsirlikdə ac qalmamaqdan ötrü güləşməli olub. Özü kimi əsirlərdən ibarət olan “azarkeş”lər isə Sarıyevin qələbəsi sayəsində çörək yeyə biləcəkləri üçün ona dua edərək, bağırlarına basıblar. Taleyin istehzası bu olmalı…

İyirmi ay erməni əsirliyində qalaraq, gerçək cəhənnəmi bu dünyada görmüş Əli Sarıyevin həyatının o ağır dönəminə işıq salaq.

Əli Sarıyev kimdir?

Sarıyev Əli Zöhrab oğlu 1952-ci il sentyabrın 27-də Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. 1969-cu ildə doğulduğu kənddə orta məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra sənədlərini Pedaqoji İnstituta versə də, qəbul ola bilmədiyi üçün Sumqayıtda yaşayan əmisinin yanına gedib. Sumqayıtda texniki-peşə məktəbinə daxil olur və 1969-cu ilin oktyabrında güləşlə məşğul olmaq qərarına gəlir. Ancaq SSRİ idman ustası Vaqif Əliyev yaşının çox olduğunu əsas gətirərək, Sarıyevi məktəbə qəbul etməyib. O da geri çəkilməyərək, Sumqayıt Şəhər İcraiyyə Komitəsində şöbə müdiri işləyən əmisinə şikayət edib. Əmisinin xahişindən sonra Vaqif Əliyev onu güləş məktəbinə götürüb. Əli 8 aylıq məşqlərdən sonra Sumqayıt şəhər birinciliyinə qatılıb və heç kimin gözləmədiyi halda ikinci yeri tutub. Bir müddət sonra isə Sumqayıt çempionu olub. Elə həmin il yeniyetmələr arasında Azərbaycan birinciliyində 56 kiloqram çəki dərəcəsində çempionluğu bayram edib.

1972 ildə yeniyetmələr arasında ikinci dəfə respublika çempionu olub. Buna qədər isə Krosnadarda keçirilən ümumittifaq turnirin qalibi olub. 1973-cü ildə gənclər arasında Azərbaycan çempionu titulunu qazanıb. 1974-cü ildə yenə gənclər arasında Azərbaycan çempionu olub. Elə həmin il Moskvanın açıq çempionatında birinci yerə çıxıb. 1975-ci ilin yanvar ayında Voroşilovqrad (indiki Luqansk – red.) şəhərində marşal Voroşilovun xatirə turnirində çempion olaraq, SSRİ idman ustası adına layiq görülüb. 1975-ci ildə Sumqayıtın birinci katibi Kamran Bağırov verdiyi vədə əməl edərək, müxtəlif turnirlərdə qələbələri sıralayan Əli Sarıyevi birotaqlı mənzillə mükafatlandırıb. Qatıldığı 15-dən artıq turnirdə SSRİ idman ustası normativini təkrarlayıb. Bolqarıstan, Almaniya, Yuqoslaviya, Çexslovakiya, Polşa və digər ölkələrdə keçirilən beynəlxalq turnirlərin qalibi və mükafatçısı olub. 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirdikdən sonra təyinatla Sumqayıtdakı Mehdi Hüseynzada adına stadionunda baş məsləhətçi vəzifəsinə götürülüb. Daha sonra Sovet ordusu sıralarına çağırılaraq, hərbi xidmətini Ukraynanın Belaya Tserkov şəhərində keçib. Hərbi xidmət dövründə güləş üzrə əvvəlcə diviziya birincisi olur, daha sonra isə Kiyev Hərbi Dairəsində keçirilən turnirdə qalib gəlir. Bu qələbələrdən sonra Əli Sarıyevi Mərkəzi Ordu İdman Klubuna göndərirlər.

Orada keçirilən yarışda da birinci yerə layiq görülür və əsgərliyini başa vurur. 1993-cü il, oktyabrın 31-də ermənilərə əsir düşüb, 1995-ci il iyunun 8-də əsirlikdən xilas olub.

Uğurlu idman həyatından sonra kəndə qayıdış…

Əli Sarıyev 1979-cu ildə hərbi xidmətini bitirdikdən sonra atası Zöhrab Sarıyevin təkidi ilə ailə təsərrüfatına yardım etmək üçün kəndlərinə qayıdır. O, təsərrüfatı idarə etməklə yanaşı, kənd məktəbində işə düzələrək, bədən tərbiyəsi fənnini tədris edir. O vaxt kənd məktəbində cəmi 9 ədəd tatami döşəyi olub. Şəraitsizliyə baxmayaraq, kənd uşaqlarını idmana cəlb edərək, onlara güləşin sirlərini öyrətməyə başlayır. 1982-ci ildə Beyləqanda Uşaq-İdman Məktəbi (UİM) açılır. Beyləqan Təhsil Şöbəsinin müdiri Böyükkişi müəllim Əli Sarıyevə yeni məktəbdə direktor olmağı təklif edir. Lakin valideynlərinin “cavan uşaqsan, sən direktor işləyə bilməzən” sözündən sonra, təklif olunan vəzifədən imtina edir. UİM-ə Əşrəf adlı şəxs direktor təyin edilir, Əli Sarıyev isə güləş bölməsinə baş məşqçi götürülür.

Əli Sarıyevin tələbələrindən bir neçəsi SSRİ idman ustası adına layiq görülüb, yetirmələri dəfələrlə ölkədaxili və beynəlxalq yarışlarda qalib gəlib. Onun qardaşı oğlu da əmisinin uğurlarını davam etdirərək, yeniyetmələr arasında dördqat Azərbaycan çempionu olub. Beyləqan rayonunda 101 idman müəllimi olsa da, onların arasında yalnız Əli Sarıyev metodist seçilib. O, hazırda Azərbaycanın əməkdar məşqçisidir. Ancaq bu fəxri ad Əli Sarıyev üçün əlavə əsəb mənbəyinə çevrilib.

Dediyinə görə, bu fəxri ada görə hər ay 100 manat almalı olsa da, 2007-ci ildən həmin ödənişi dayandırıblar. Səbəbini hələ də aydınlaşdıra bilməyib. Çünki müvafiq dövlət qurumlarından doğru-dürüst izahat ala bilmir.

– Müharibə zamanı nə işlə məşğul idiniz?

– Rəhmətlik Zeynalov Vaqif, Şükürov Elsevər və mən müharibəyə getmək üçün könüllü ərizə verdik, döyüşlərə qatıldıq. Onların ikisi də şəhid oldu, mən isə əsir düşdüm.

– Necə oldu ki, əsir düşdünüz?

– 1993-cü il oktyabrın 31-də səhər tezdən bir quzunun soyutmasını, 3 hinduşka, 10 çolpa, 10 şüşə də araq alıb, əsgərlərə aparmaq üçün şəxsi “Jiquli” avtomobilimdə atam, anam, əmimqızı Gülnarə ilə yola çıxdıq. Əsgərlikdəki qardaşım və Gülnarənin qardaşı olan əmimoğlunun yanına gedirdik. Cibimdə də 100 min sovet pulu var idi. Əvvəlcə Seyfəli poliqonuna getdik. Orada bizə dedilər ki, ermənilər Ağdamın Mərzili kəndi tərəfdən hücum ediblər, əsgərləri göndəriblər ora. Bunu eşidib, Seyfəlidən Ağdama yola düşdük. Bərdəni keçdik, dəmiryolunun kənarında Ağdamda yerləşən hərbi hissənin qərargahı var idi. Qərargaha girdim, orada bir polkovnik var idi, ondan qardaşımı və əmimoğlunu soruşdum. Cavab verdi ki, indi o əraziyə getmək olmaz. Hindarxda dairəvi yol var, oraları da yaxşı tanımırdım. Geri qayıdanda, Beyləqan tərəfə getmək əvəzinə, maşını Ağdam istiqamətinə sürdüm. Yolla gedə-gedə görürdüm ki, heç kəs yoxdur. Bir az da irəli gedib, düşdüm iki kanalın arasına. Yolun hər iki tərəfi kanal idi. Gördüm, uzaqdan iki əsgər görünür. Maşınla onlara yaxınlaşanda, girdilər kanalın içinə. Erməni olduqlarını bilmədim.



– Bəs sizi saxlayan olmadı? Bizim hərbçilər post qoymamışdılar?

– Heç nə yox idi, bizi saxlayan da olmadı. Düz gedirdik elə… O əsgərlərin yanlarından keçəndən sonra onlar kanaldan çıxıb, bizi atəşə tutdular. Sürəti artırsam da, maşına 4 güllə dəydi, ancaq xoşbəxtlikdən bizə heç nə olmadı. Maşını daha da sürətlə sürməyə başladım. Dəmiryoluna çatanda, yolun kənarındakı lövhədə “Ağdam” yazıldığını gördüm. Onda anladım ki, yolu səhv gəlmişəm. Fikirləşdim ki, anam yaşlı, atam yaşlı, Gülnarə isə cavan qızdır. Elə bil məni “tok” vurdu. Maşından düşdüm. Atam soruşdu ki, nə olub? Dedim, qağa, yolu səhv gəlmişəm, bura Ağdamdır. Atam dedi ki, qaç, səni tutsalar, öldürəcəklər, biz qocayıq, bizə dəyməzlər. Qaçmadım. Məni itələyirdi ki, qaç. Dedim, ölsək də, qalsaq da, bir yerdə olacağıq. Maşını birtəhər işə salıb, geri qayıtdıq. Kanalda gizlənən ermənilər də geri qayıdacağımızı hesablayıblarmış. Yolun kənarında partladılmış bir maşın vardı. Həmin iki erməni maşının dəmirlərini hərəkətə mane olmaq üçün yola atmışdı. Maşını sürətlə sürürdüm, bir də gördüm, yolun ortasına dəmir atıblar. Sağ da kanal, sol da kanal… Maşını saxlayıb düşdüm ki, dəmiri kənara atıb, sonra gedək. Dəmiri kənara sürüyəndə, iki nəfər avtomatlı çıxıb, rusca dedilər ki, “əllərini qaldır”. Əlimi qaldırmayanda, ayağımın altına bir neçə güllə atdılar. Atam da maşından düşmüşdü. Onlardan biri avtomatı dirədi qağamın sinəsinə, digəri isə mənim əllərimi yumşaq, yanmış məftillə bağladı, sonra da əllərimi ayağıma bağladılar. Bizi oradan götürüb, “Qarabağ” komandasının “İmarət” stadionuna gətirdilər. Stadionun yanında balaca yeməkxanaya bənzəyən yerlər var idi, bizim dördümüzü də ora saldılar. 5-6 saat keçdi. Sonra ermənilərin bir komandiri gəldi. Məndən haradan gəldiyimizi soruşdu. Yalandan dedim ki, toydan gəlirik. Orada cəmi 10-15 erməni əsgəri var idi. Maşının yük yerini açıb gördülər ki, “baqaj” yemək-içməklə doludur. Səhərisi bizi sorğu-sual edən həmin komandir mənə dedi ki, səni buraxıram, get, 3 ton benzin gətir, atanı, ananı, bu qızı apar. Razılaşdıq.

Məni yola salmağa hazırlaşırdılar ki, qondarmA “DQR”-in müdafiə nazirinin müavini gəldi. O dedi ki, bunu buraxmayın, əsirlərimiz var, onlarla dəyişərik. 4 gün Ağdamda qaldıq. Ondan sonra bizi UAZ-la Xankəndinə gətridilər. Anamla Gülnarəni Füzulidən götürdükləri çoxlu sayda əsirlərin yanına saldılar. Həmin əsirlərin hamısını bir toydan tutub gətirmişilər. Aralarında 15-ə yaxın 5-15 yaş arası uşaq, 30-a yaxın cavan qız, 3-4 yaşlı qadın, 3-4 nəfər də yaşlı kişi var idi. Atamla məni də bir yerə saldılar. Slavik adlı bir erməni vardı. “Dubinka”nı götürüb yanımıza gəldi. Atamın gözü qabağında məni döyməyə başladı. Mənə bəlkə də bir dəfəyə “dubinka” ilə 40 zərbə dəydi. Qağam mənim halımı görüb ağlayırdı. Albert Voskanyan adlı erməni vardı, əsirdəyişmə işinə baxırdı. Baxdı ki, atam yaşlı adamdı, işləyə bilmir. Onu mənim yanımdan apardı anamgil saxlanılan yerə. 4 ay 20 gündən sonra Albert məni çağırtdırdı. Dedi ki, Əli, sizdən 3 nəfərin pulunu veriblər. Atanla, anan dəqiqdir, 3-cü də ya sən getməlisən, ya da Gülnarə.

Dedim, mən getmirəm. Soruşdu ki, niyə? Dedim, Gülnarə əmimqızıdır, onu burada saxlayıb, özüm kəndə getsəm, hamı cəmdəyimə tüpürər. Ən yaxşısı burada qalıb, ölməkdir. Bizim əsirlikdən buraxılmağımız üçün tələb olunan pulu əmim yığıb düzəltmişdi. Albert dedi, yaxşı get, vidalaş, onlar gedir. Dedim, istəmirəm, vidalaşsam, dözə bilməyəcəm (ağlayır)… Bilirsən, niyə ağlayıram? Məni elə erməni döyürdü ki, bu yaşımda belə, onun kimi 20 nəfər üstümə düşsəydi, hamısını əzərdim. Yanıb-yaxılırdım…

Qəbirdən qızıl qıranlar…

Daha sonra bizi Ağdamın bir kəndinə apardılar. Dedilər, kənddəki qəbiristanlıqda olan qara mərmərlərin hamısını sökəcəksiniz. 8-9 nəfər getdik. Qəbiristanlıqda 30 yaşlı bir qızın qəbri var idi. Bizi birinci onun qəbrinin yanında dayandırdılar. Qara mərmərdən başdaşı var idi, qəbri bizə sökdürdülər, sinə daşını da dağıtdırdılar. Qor adlı erməninin əlində bir aparat vardı. Aparatı qəbrin üstünə tutanda, siqnal verdi. Qəbrin üstünü açdırıb, eşələdilər, baş tərəfi qazanda, erməni qışqırdı ki, orada qızıl var, skleti çıxarın. Əlində əlcək olan bir nəfər vardı, qadının ağzındakı qızıl dişləri sökdü. Aparatı yenidən qəbrin üstünə tuşlayanda, bir də siqnal verdi. Dedilər, qəbrin içinə yaxşı baxın. Axtaranda qəbirdən içi qızıl, zəncir, sırğa, üzüklərlə dolu qab tapdılar. Çox güman ki, qadın yeni ailə qurubmuş, rəhmətə getdikdən sonra da bütün qızıllarını qəbrinə qoyublar. O qızılların hamısını götürdülər. Yerə tökülən sümükləri yığmağa başladım. Erməni dedi, nə edirsən? Cavab verdim ki, heç olmasa, sümükləri yerinə yığıb, basdıraq. Sümükləri qəbrə qoyub, üstünü torpaqladım.

Əsirliyin 27-ci günü – Şuşa türməsində idik. Noyabr ayı olmasına baxmayaraq, hava gözəl idi. Ermənilərin hansısa bayramıydı. Atamla oturmuşdum. İçəridə 91 nəfər azərbaycanlı idik. Bizimlə üzbəüz 30-a yaxın erməni vardı. Onlar müharibədə iştirak etməyənlər idi. Baş tərəfdə isə rus və erməni zabitlər, türmədə olan ermənilərin 50-60-a yaxın valideyni dayanmışdı. “Qırmızı Xaç” təşkilatının Pyer və Elizabet adlı əməkdaşları da oradaydılar. Pyerdən əvvəl orada “Qırmızı Xaç”ın Mark adlı əməkdaşı işləyirdi. O, rus dilində bilmirdi, tərcüməçisi erməni qızı idi. Onun zamanında bizə zülm edirdilər. Pyer isə rus dilində əla bilirdi. Azərbaycanlı əsirlərlə söhbət zamanı tərcüməçiliyi mən edirdim. Belə bir şəraitdə erməni zabitlərdən biri qəfildən dedi ki, kim güləşmək istəyir, çıxsın ortaya.

Qağam mənə tərəf çevrilib qayıtdı ki, sən seyid Ağanın cəddi, ortaya çıxma. Sözü deməklə kifayətlənməyib, şalvarımın kəmərindən də tutmuşdu. Aradan bir az keçdi, bir cavan oğlan vardı, çıxdı qabağa. Dedi, türklərin içərisində kişi varsa, çıxsın mənimlə güləşsin. Bir neçə dəfə belə deyə-deyə o tərəf, bu tərəfə var-gəl elədi. Axırda əsəbləşdim, durub çıxdım qabağa. Mənə pis söyüş söydü, yumruq, təpik atdı. Bəzi zərbələri dəf etsəm də, bəziləri dəyirdi. Bəlkə 10 dəqiqə belə davam elədi. Türmənin rəisi “stop” deyəndən sonra o, sakitləşdi. “Güləşin” komandası verilən kimi cavan ermənini boynumun arxasından yuxarı qaldırıb, çırpdım yerə. Qalxmaq istəyəndə də, sifətinə iki yumruq vurdum. Türmənin rəisi məni yanına çağırdı ki, qudurmusan, onu niyə vurursan? Dedim, o bayaqdan məni vuranda, niyə dillənmirdin? Cavabında mənə söyüş söydü. Geri durmayıb dedim ki, burada 30-a yaxın erməni var, hamısı ilə bir -bir güləşirəm, hansı yıxsa, məni sorğu-sualsız güllələ. Türmənin rəisi dedi ki, sözünün üstündə durursan? Dedim, dururam. Belə olanda, türmənin rəisi ermənilərə öz dillərində nəsə dedi, ancaq onlardan heç biri ayağa qalxmadı. Rəis də bir onlara baxdı, bir mənə və qışqırdı ki, rədd ol buradan. Yerimə qayıdanda gördüm ki, qağam ağlayır. Mənə dedi ki, bundan sonra səni öldürəcəklər. Sakit-sakit cavab verdim ki, onsuz da ölümün içindəyik, nə olur-olsun, bizi öldürəcəklər…

İkinci güləşçi türmə rəisinin adı Vahan idi. Bir dəfə yanına çağırtdırıb, qoluma qandal vurdurdu və “UAZ” maşınına əyləşdirdi. Tanımadığım yollarla maşını sürdülər. Getdik, bir erməni kəndinə çatdıq. Kəndin kənarında təxminən 50-60 erməni qadını, 4-5 qoca, 10-15 də uşaq vardı. Vahan əli avtomatlı bir erməni ilə söhbət edirdi. Çaya tərəf getdim ki, əlimi yuyum. Artıq yolda mənə demişdilər ki, səni güləşdirməyə aparırırq. Ötəri baxdım ki, camaatın içərisində mənimlə güləşəsi adam yoxdur. Yan-yörəyə boylananda isə gördüm ki, çay tərəfdən boyda məndən hündür olan oğlan gəlir. Mənə çatanda dayandı, üzümə baxdı. Sonradan bildim ki, bədən tərbiyəsi müəllimidir. Soruşdum ki, Azərbaycan dilində bilirsən? Dedi, bilirəm. Soruşdum, güləşə bilirsən? Qayıtdı ki, bilirəm, səni də yıxaram. Dedim, mən güləş üzrə SSRİ idman ustasıyam. Güləşə bilirsənsə, mənimlə güləş, əgər bilmirsənsə, gözünü açmağa qoymayacam. Bir xeyli üzümə baxdıqdan sonra dönüb getdi. Ermənilər onu nə qədər çağırsalar da, geri qayıtmadı. Vahan məndən soruşdu ki, ona nə dedin, çıxıb getdi? Dedim, güləş üzrə SSRİ idman ustası olduğumu söylədim. Bunu eşidən Vahan dedi ki, tez min maşına, gedirik.

Çörək üçün güləş

Xankəndində müvəqqəti saxlama təcridxanası (MST) vardı. Bizi Xankəndinə işləməyə aparmışdılar. Orada bizə küçə süpürtdürür, olanda, başqa işlər də gördürürdülər. Təcridxanada 7 cavan erməni saxlanılırdı. Vahan gəldi, həmin erməniləri türmənin qabağındakı meydança kimi çəmənliyə çıxarıb, üzünü mənə çevirdi. Dedi ki, Əli, burada bir neçə fərari erməni var. Onlarla güləşərsən? Dedim, niyə güləşmirəm. Erməniləri gətirib cərgəyə düzdülər. Vahan soruşdu, bunlardan hansı ilə güləşərsən? Dedim, Vahan, dincəlmədən, dayanmadan 7-si ilə də güləşərəm. Dedi, əgər onların 7-sini də yıxsan, 3 çörək verəcəm. Başladıq güləşməyə. 5 dəqiqəyə ermənilərin 7-nin də kürəyini bir-bir vurdum yerə. Vahan erməni dilində sürücüsünə nəsə dedi, o da gedib 4 dənə çörək alıb gətirdi.

(Söhbət zamanı Əli Sarıyev çörəklərin sayından danışanda gözləri işığa gəlirdi. Sanki yenə aclıq içərisində idi və çörəkləri ona verəcəkdilər.)

Çörəkləri verdi mənə. Gözümüz işığa gəlmişdi. Uşaqlar hamısı sevindiyindən məni qucaqlayıb öpürdülər ki, sağ ol. O 4 çörək, bizim üçün nə idi, onu yaşamayanlar anlamaz.


Rus hərbiçinin ölümü

Xankəndi türməsində idik. Sergey Şatoxin adlı rus vardı, biz tərəfdən döyüşərək, əsir düşmüşdü. Bundan əlavə, orada Viktor, Aleksey, Oleq və Vitali adlı rus əsirlər saxlanılırdı. Ermənilər Viktoru döyüb öldürdülər. Sergey mənə dedi ki, Əli, arvadım həkimdir. 15 yaşında da bir oğlum var. Azərbaycan mənə böyük məbləğdə pul verib. O pul ailəmə sonuna qədər bəs edəcək. O qədər erməni öldümüşəm ki, sayını da unutmuşam. Əsirlikdən çıxan kimi bu itləri yenə öldürəcəm.

Türmənin nəzarətçisi avtomatı yerə qoyub, ayaqqabısının ipini bağlayanda, Sergey onun avtomatını götürdü. Həmən atəş açaraq, oradakı ermənilərdən ikisini öldürdü, birini isə yaraladı. Avtomatın darağın dəyişdi, kilidi sındırmaq üçün qapını atəşə tutsa da, güllələr kilidə təsir eləmədi. Ermənilər də çöl tərəfdən qapını atəşə tutmuşdular. Belə olanda, Sergey qaçıb girdi türmənin zirzəmisinə. 4-5 erməni də gəldi, bir xeyli atışma oldu. Gördülər Sergeylə belə bacara bilmirlər, zirzəmiyə qumbara atıb Sergeyi öldürdülər. Bu hadisədən 20 gün sonra Primakov Rusiyanın xarici işlər naziri təyin olundu, əsirlikdəki rusları azad etdirib evlərinə göndərdi.

1994-cü ilin yayı idi. Türmə nəzarətçisi mənə dedi ki, dağda ot çalmağı bacaran bir neçə uşaq götür. İki nəfər seçdim, biri İsmayıllıdan idi, o birinin hansı rayondan olduğu yadımdan çıxıb. Bizi Şuşaya apardılar. Bizi üç nəfərin güclə yerləşdiyi çadıra saldılar, girəcəyə də iri bir it bağladılar. Axşam olanda iti açırdılar, o da düz çadırın qarşısında dayanırdı.

Ertəsi gün tezdən quşların səsinə oyandım. Çadırdan başımı çıxarıb gördüm ki, qarşı tərəfdə meşə var, çay axır, quşlar cəh-cəh vurur. Meşəyə yaxın ərazidə haradasa 100-ə yaxın keçi otlayırdı. Əvvəl elə bildim, onlar vəhşi keçilərdi. Sonra gördüm, yox, bunlar adi keçilərdir. Ermənilərdən o keçilərin kimin olduğunu soruşdum. Cavab verdi ki, kəlbəcərlilərin keçiləridir, vəhşiləşib qalıblar burada. Dedim, ondan vurub gətirim, bişirib yeyək. Dedi, biz keçi əti yemirik. Ancaq avtomatı verdi mənə, bir keçi vurub gətirdim. Keçini çayın içərisində soydum, çayın suyundan töküb, duz əlavə elədim, qoydum qaynamağa… Orada qaldığımız 36 gündə 31 keçi vurub yemişdik.

O ərazilərdə iş görəndə, doğmaları müharibədə ölən ermənilər üstümüzə cumub bizi vururdular. İtkisi olmayanlar isə bizimlə bir qədər sakit davranırdılar.

Ermənistanda qaz və işıq problemi olduğu üçün, bizə daha çox odun doğradırdılar. Hər gün doğradığımız bir neçə maşın odunu İrəvana göndərirdilər.

Şuşada əsirlərə ev sökdürürdülər. Bir erməni vardı, evində yatıbmış. Ev yanmağa başlayanda, bizim uşaqlar evə girib, onu içəridən çıxarmışdılar. Həmin erməni özünə gələndən sonra deyirdi ki, bir də mən türklərin birinə əl vursam, kişi deyiləm. Sonra o da, döyüşlərin birində öldürüldü.

Mingəçevirdən bir əsir vardı. Ağdərədə – Çıldıran döyüşündə yaralanıb, əsir düşmüşdü. Uşağı olmayan yaşlı bir erməni onu götürüb saxlayırdı. Heyf, o oğlanın adını unutmuışam. 1994-cü ilə kimi erməninin evində qaldı. Həmin erməni ilə mingəçevirli oğlan odun yığıb gətirəndə, ermənilərdən biri “Qırmızı Xaç”ın nümayəndələrinə xəbər verib ki, kürəyində odun gətirən şəxs türkdür. “Qırmızı Xaç”ın nümayəndəsi həmin oğlanla maraqlanıb, türk olduğunu dəqiqləşdirdi. Bundan sonra onu erməninin yanından götürüb, gətirdilər bizim kameraya saldılar. Bir az keçmiş onu hansısa erməni ilə dəyişdilər.

Serj Sərkisyanın evi

Mısmana adlı kənddə sonralar Ermənistanın prezidenti olan Serj Sərkisyana ev tikirdik. Çayın düz yanında idi. Ustalığı ermənilər özləri edirdilər, biz də gedib işğal edilmiş kəndlərdəki evlərdən yararlı materialları söküb gətirirdik. Namiq oturub balta ilə ağacı yonurdu. Onun yaxınlığında əlində uzun taxta tutan erməni dayanmışdı. Sən demə, taxtanın uc hissəsindən mismar çıxıbmış. Birdən həmin taxta ilə Namiqin başına vurdu. Gördük, taxta geri qayıtmadı. Baxdıq ki, mismar girib Namiqin başına. Taxtanı Namiqin başından ayıranda, qan fışqırdı… Namiqi apardılar xəstəxanaya, başını sarıdılar. Əsirlikdən çıxdıqdan bir müddət sonra qarşılaşdıq, məni tanımadı. Həmin hadisədən sonra yaddaşını itirmişdi…

Əli Sarıyev deyir ki, ermənilər işğal olunmuş rayonlarda ələ keçən nə varsa, hər şeyi daşıyırdılar. Ermənilərin hərəsinin həyətində bir çaxır çəni vardı, zavodlardakı çənləri də evlərinə daşımışdılar.

Axşam işdən sonra içki məclisi düzəldirdilər. İçəndən sonra düşürdülər bizim canımıza, nəfəsləri kəsilənə qədər döyürdülər…

Erməni bayrağına tüpürmək

Bir gün bizi sıraya düzdülər. Döyüşçülərlə mülki əsirləri ayırdılar. Döyüşçülərin sırasında öndə duran bir oğlan vardı. Birinci onu çıxardılar. Əllərində “dubinka” olan iki erməni qabaqda dayanmışdı. Ona dedilər, erməninin bayrağını öp, Azərbaycan bayrağına da tüpür. Ermənistanın bayrağını səliqə ilə asmışdılar, Azərbaycan bayrağını isə əzib yerə atmışdılar. Oğlan dedi, Azərbaycan bayrağına tüpürmərəm. Onu “dubinka” ilə möhkəm döydülər, bayrağımıza tüpürüb qaçdı. 10-cu kamerada bir oğlan vardı, yaxşı tanımırdım. O oğlan qaçdı getdi birinci Azərbaycan bayrağının yanına. Bayrağımızı açdı, səliqə ilə yerə sərdi, əyilib öpdü, sonra qalxıb Ermənistanın bayrağına tüpürdü. Sonralar öyrəndim ki, həmin oğlan Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi işləmiş İlqar Mehdiyevdir. Onu orada o qədər döydülər ki, ürəyi getdi, aparıb “kars”a saldılar.

Aradan 5-6 ay keçəndən sonra bizi Xankəndinə işlətməyə gətirmişdilər. Mənim adım asan idi deyə, ermənilərin yadında qalırdı. Ermənilərdən biri dedi, Əli, yerlini görmək istəyirsən? Qapını açanda gördüm ki, İlqar oradadır. Onunla salamlaşdım. Dedi ki, Əli, mənə siqaret tap. Ermənidən üç dənə siqaret alıb, İlqara verdim. Ermənidən yalvar-yaxarla bir az çorək alıb, onu da verdim İlqara. Orada bir erməni vardı, o birilərinə baxanda, bizi çox da incitmirdi. Həmin ermənidən xahiş elədim, hər evdən gələndə, cibində çörək gətirirdi, mən də o çörəyi İlqara ötürürdüm. Orada qaldığımız müddətdə İlqara hər gün siqaret və çörək çatdırırdım. Əsirlikdən gələndən sonra getdim onun yanına. Görüşəndə dedi ki, ona nəsə iynə vurublar, bədənində çürümə gedirdi.

Qeyd: İlqar Mehdiyev 1993-cü il avqust ayının 23-də ermənilərə əsir düşüb. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin səyi ilə 1996-ci il mayın 10-da əsirlikdən azad olunub. 1997-ci il fevralın 5-də yaşadığı Sumqayıt şəhərində dünyasını dəyişib.

Söhbət zamanı bəzən adlar yaddan çıxır, Əli Sarıyev əlini stola vurub əsəbləşir, durur ayağa, oturur. Hər dəfə də deyir, mənim başıma o qədər “dubinka” dəyib ki, huş qalmayıb, bəzi hadisələr yadımdan çıxır. Başındakı zərbə yerlərini, boynundakı işgəncə izlərini göstərir…

Ermənilərdən biri mənə dedi ki, 3 nəfər götür gedək, Xocalıda kartof əkməyə. Getmədim, Natiqə də dedim, getməsin. Çünki bilirdim ki, qaçmaq planı var. Kəlbəcərdən Mikayıl, Xocalıdan Natiq, Sahil qəsəbəsindən Rafiq getdilər Xocalıda kartof əkməyə. Mikayıl çoban olub deyə, yolları çox yaxşı tanıyırdı. Onlar üstlərində gedən nəzarətçinin əlindən avtomatı alıb, əlin-ayağını bağlayaraq, qaçmışdılar.

Natiq əsirlikdən gələndən sonra danışırdı. Deyir gəlib elə bir yerə çıxıblar ki, oradan 700-800 metrlik taladan keçərək meşəyə girməliymişlər. Axşamın düşməyini gözləyiblər. Axşam olanda, onları yuxu tutub, bu zaman Mikayıl avtomatı götürüb qaçıb. Yuxudan ayılanda, Mikayılın yanlarında olmadığnı görüblər. Natiq deyir, məcburiyyətdən geri qayıtmaq istəyiblər. Yolda ehtiyatsızlıqdan yıxılan Rafiqin ayağı qırılıb. Nəticədə qaçış baş tutmur və hər ikisi ermənilərin əlinə keçir.

Rafiqin ayağını müalicə etmədikləri üçün qırılmış yerə qurd düşmüşdü. Bir azərbycanlı qız vardı. O, imkan olanda Rafiqin ayağındakı yaranı təmizləyirdi. Sonra ayağı kəsiləsi oldu. Hazırda yaşayıb-yaşamadığını bilmirəm.

Əsirlər arasında Attila Yumak adlı türk də vardı. Hamıya deyirdi ki, yun, dəri ticarəti ilə məşğuldur, sərhəddə azıb, əsir düşüb. 7-8 aydan sonra mənə etibar etdi və dedi ki, o, əslində, zabitdir. Ermənilər Atillanı çox incidirdilər, onu hər gün döyürdülər.

Yeni il “hədiyyə”si

Türmədə 30-a qədər donuz saxlayırdılar. Həsən və Kəlbəcərdən Rəhim kişi ilə donuzlara yemək verirdik. Gündəlik 6 qazan kartofu və 1 qazan da süfrədən qayıdan çörəkləri donuzlara yedirdirdik. Hər dəfə kartoflar qaynayanda, onlardan torbaya doldurub, kəndirlə endirirdim, uşaqlar götürüb yeyirdilər. Bu vəziyyət 6 ay davam etdi. 1994-cü il dekabrın 31-də uşaqlar kartofu kəndirlə qaldıranda, nəzarətçilərdən biri görüb, onları yedikləri yerdə tutmuşdu. Əsirlərdən kartofu kimin verdiyini soruşublar. Onlar bunu kimin verdiyini deməyə bilməzdilər, yoxsa, onlara dəhşətli işgəncə verərdilər. Ermənilər məni türmə nəzarətçilərinin yatdıqları otağa apardı. Malyu adlı erməni soruşdu ki, donuzların yeməyini niyə türklərə verirsən? İnkar etdim. O da dəsmala bürüdüyü “dubinka” ilə məni vurmağa başladı. Dedim, hə, mən vermişəm. “Dubinka” ilə başıma bir zərbə də endirdi. Yıxılmadım. Rus dilində söyüş söydü. Dedi, bu niyə yıxılmadı? Dedim, Malyu, ancaq ayaq üstündə məni öldürə bilərsən. Erməni hirsləndi və başladı məni vurmağa. Qışqıraraq deyirdi ki, ağla, mənsə ağlamırdım. Mənə bəlkə də, “dubinka” ilə 100 zərbə endirdi. Ayaqqabısını çıxardı, altındakı mismarla ayağıma vurdu. O zərbədən sonra sol ayağım hələ də işləmir.

Sonra mənə dedi, paltarlarını soyun. Soyundum. Əynimdə təkcə alt paltarı qaldı. Dedi, çıx çölə, uzan qarın üstə. Bədənim keyimişdi. Uzandım qarın üstünə. Nə qədər qaldım, bilmirəm. Təpiklə ayağıma vurdu, məni yerdən qaldırdılar. Oradan məni birbaşa “kars”a saldılar. “Kars”da 3 gün qaldım. Üşüyəndə, qalxıb idman hərəkətləri edirdim. Bədənim qızanda isə oturub yatırdım. Bir gün qapı açıldı. Slavik adlı erməni içəri girib soruşdu ki, Əli, sağsan? Dedim, hə. Qayıtdı ki, buradan hələ sağ çıxan olmayıb. Yeriyə bilmirdim, kameradan sürünərək çıxdım. Yoldaşlarım məni götürüb, kameraya gətirdilər. Qolumu, ayaqlarımı masaj elədilər. Az sonra “Qırmızı Xaç”ın nümayəndələri məni xəstəxanaya apardılar. Ermənilər ayağımı kəsmək istəyəndə, “Qırmızı Xaç”ın nümayəndəsi Pyer buna imkan vermədi. Onun təkidi ilə “Sərhədsiz həkimlər” təşkilatından İvan Qloss adlı yunan həkim ayağımı əməliyyat etdi.

Türmədə bir erməni vardı, ona “bakinets” deyirdilər, bakılı idi. Vahan həmişə məni ermənilərlə güləşdirirdi. Əsir yoldaşlarım şahiddirlər ki, onların hamısını yıxırdım. Erməni mənə dedi, Əli, burada bir kişi tapılmayacaq səni yıxsın? Soruşdum ki, ermənilərin sayı nə qədərdir? Dedi, 4 milyon. Dedim, biz də 5 milyondan çoxuq, 5 dəfə Azərbaycan çempionu olmuşam. Məni yıxan olmayıb. 4 milyonun içində heç tapılmaz. Dedi, ara, kəs səsini, yoxsa, dilini qopararlar.

Ermənilər gecələr içib kameraya gəlirdilər, döyüşən uşaqlara işgəncə verir, onları alçaldan hərəkətlər edirdilər.

Cəbrayıl rayonundan Əli adlı yaşlı bir kişi vardı. Həmişə yanında bir cavan oğlan olurdu, adını xatırlamıram. Deyəsən, Əli kişinin bacısı oğlu idi. Əsir düşəndə, əynində yalnız alt paltarı olub. Özü deyirdi ki, polisdir. Əsir düşməzdən əvvəl formasını çıxarıb ki, polis olduğunu bilməsinlər.

Ermənilər ən çox 777 saylı briqadadan qorxurdular. O briqadanın adı gələndə, onları doğrudan da, əsməcə tuturdu.

Ermənilər Horadiz döyüşündən sonra köçüb getməyə başlamışdılar. Əsasən, Xankəndinə gedirdilər. Müharibə bir az da davam etsəydi, yəqin hamısı qaçacaqdı. Şuşada uzaq başı 15-16 ailə qalmışdı. Onların da hamısı Azərbaycanın müxtəlif rayonlarından köçənlər idi. Bir qadın tez-tez deyirdi ki, Yevlaxda rahat yaşayırdım, Allah bunların evin yıxsın, gül kimi dolanırdıq.


“Qırmızı Xaç”ın qeydiyyatında olmayan əsirlər

“Qırmızı Xaç”ın qeydiyyatında olmayan əsirləri Şuşadakı tank alayında saxlayırdılar. Onlardan 20 nəfərini görmüşdüm. Bizimlə qarşılaşanda, üzlərini o biri tərəfə çevirirdilər. Ancaq mənim onlara baxmağıma qadağa yox idi. Əsirlikdən gələndən sonra İmişlidən bir oğlanın əsirlikdən azad edilməsinə səbəb oldum. Onun adı “Qırmızı Xaç”ın siyahısında yox idi, həmin oğlanı şəklindən tanıdım. Atası onu Gürcüstan ərazisində təhvil aldı. Ermənilər bizim əsirləri işlədir, onları “Qırmızı Xaç”dan gizlədirdilər. Ermənilər deyirdilər, qeydiyyatsız əsirlərin çoxu Spitakda saxlanılır. Əsir götürülmüş azyaşlı qızları isə Livana və ermənilərın yığcam yaşadıqları başqa ölkələrə satırdılar.

Xocalıda bizim uşaqlara kartof əkdirirdilər. Orada işləyəndə, döyüşən bir erməni dedi ki, buradan qəşəng qız uşaqlarını seçib aparırlar satmağa. Balaca oğlan uşaqlarını da təlim düşərgələrinə aparırdılar, guya döyüşməyi öyrədirdilər. Xankəndində hərbi komendantlıqda əcnəbi dillərdə danışan 7-8 nəfər muzdlu döyüşçü görmüşdüm. Onlar bizi görəndə, danışmırdılar. Hərbi komendant Aşot adlı bir erməni idi. Xankəndində uşaq bağçasında bizim bir yaralı zabitimizi saxlayırdılar. Rusdilli idi. Bir dəfə anamın yanında olanda, həmin zabitlə maraqlandım. Anam pıçıltı ilə dedi ki, onu otaqda asmışdılar, meyitini hara apardılarsa, bilinmədi.

İlham adlı bir vətən xaini də vardı. Əsirlikdən qayıdandan sonra onu həbs edib, güllələnmə cəzası kəsdilər, sonra cəzasını ömürlük həbslə dəyişdilər. O, əsirlikdə olan bizim uşaqlara ermənilərdən betər zülm edirdi. Onları həm özü döyürdü, həm də ermənilərə satıb döydürürdü. Erməni dilində yaxşı danışırdı, biz başa düşmürdük. Bizimlə bir yerdə saxlanılan Alekseyi zorlayırdı. Bir gecə onu təpiklə vurub yerə yıxdım. Səhər Slavikə dedi ki, Əli məni vurub. Slavik də “dubinka” ilə 5-6 zərbə vurdu. Ona söz demək mümkün deyildi. Öz yerliləri olan bir neçə nəfəri də döyüb-zorlamışdı. Əsirlərdən ən çox Atilla, Azər, Abuzər və Rafiqi döyüb-incidirdi. Bir dəfə meşədə odun qırırdıq. Türmə nəzarətçisi Muxtar dedi ki, Əli, get İlhamı döy. Dedim, onu döysəm, məni Slavikə satacaq. Qayıtdı ki, mən sənə deyirəm, get onu döy. Gəldim İlhamın yanına, qalxıb işləməyini tələb etdim. Mənə dedi ki, get buradan, başın bədəninə ağırlıq eləməsin. Bilirdim ki, Muxtarın ermənilərin arasında böyük hörməti var. Buna arxayın olub, İlhamı yerə yıxılana qədər döydüm. Uşaqlar qışqırırdılar ki, Əli, öldür onu. İlhamı çox pis döydüm. Ancaq Muxtar Slavikə nə demişdisə, İlhamı döydüyümə görə mənə heç nə demədi.

Uzunluğu 4-5 metr olan yoğun bir ağacı kəsmişdik. O ağacı təxminən 10-15 metr yuxarı qaldırmaq lazım idi. Nəzarətçilər uşaqları vururdular ki, ağacı aparın. 4 nəfər nə qədər cəhd etsə də, ağacı qaldıra bilmədi. Nəzarətçiyə dedim ki, qoy mən aparım. Ancaq razılıq vermədilər. Çox yalvarandan sonra, ağacı iki nəfərin köməyi ilə aparmağa icazə aldım. Kəlbəcərdən hündür bir oğlan var idi, adı yadımdan çıxıb. Ağacı çiynimizə qoydular, o qabaqda, mən də arxada irəliləməyə başladıq. Sonradan bildim ki, Kəlbəcərdən olan əsir hansısa kənd sovetinin sədri olub.

Keçmiş idmançı yoldaşı ilə görüş

1976-77-ci illərdə İrəvanda Bədən Tərbiyəsi İntitutularının çempionatı keçirilirdi. Yığmada 62 kiloqram çəkidə mən yarışırdım. Həmin çempionatda birinci yerə çıxdım. Onların baş məşqçisi mənə dedi ki, gələn ildə gəl, sənə bir sürpriz olacaq. Növbəti il çempionata Kiyevdə yaşayan Nalbandyan adlı ermənini gətirmişdilər. O, dünya çempionu idi. İkimiz də finala çıxdıq. Finalda bərabər vəziyyətdə 3x3x3 dəqiqə güləşdik. Görüş dayandırıldı. Hakimlər uzun mübahisədən sonra görüşün heç-heçə bitdiyinə qərar verdilər. Başqa göstəricilər üzrə də nəticələrimiz bərabər idi. Ancaq vaxt məsələsi onun xeyrinə oldu…

Xankəndində nəzarətçi ilə yolun kənarında dayanmışdıq. Yanımızdan bir “NİVA” keçdi, maşın bir az gedib, geri qayıtdı. Maşından bir nəfər düşdü. Onu görən kimi güləşçi olduğunu dəqiqləşdirdim. Çünki qulaqları əzik idi. Erməni dilində nə soruşdusa, nəzarətçi dedi ki, türkdür. O adam rus dilində mənə dedi ki, sifətin çox tanış gəlir. Mənim yerimə nəzarətçi cavab verdi ki, keçmişdə güləşçi olub. Harada güləşdiyimi soruşdu. Dedim, sən məni İrəvanda görmüsən. Qayıtdı ki, yadıma düşdü, 62 kiloqram çəkidə güləşirdin. Dedi, indi gedirəm, sabah burada olacaqsan? Nəzarətçi cavab verdi ki, bəli. O adam sabah gəldi, xeyli söhbət elədik. Gedəndə rus dilində dedi ki, biz düşmən olsaq da, səninlə belə bir şəraitdə görüşmək istəməzdim. Maşına oturub getdi. Elə bildim, ürəyimə güllə vurdu. Məni ağlamaq tutdu. Nəzarətçi niyə ağladığımı soruşsa da, ona cavab verə bilmədim, eləcə ağlayırdım…

Xankəndində saxlanılanda, gecələr atamgilin yanında qalmağıma icazə verirdilər. Bir gecə orada olanda, içəri 3 erməni girdi, cavan qızlara sataşmağa başladılar. Birdən Kəlbəcərdən olan cavan bir qız onlara sataşan erməniləri bir-bir götürüb divara çırpırdı. Sonradan bildim ki, pəhləvan imiş. Ermənilər onun əlindən güclə qaçdılar. Ancaq təəssüf ki, o qızın adını xatırlamıram. Əsirlikdə Naxçıvandan bir oğlan da var idi. Ermənilər onu valideynlərinə pulla satmaq üçün Gürcüstana aparmışdılar. O da ayaqyoluna getmək bəhanəsi ilə qaçmışdı. Küçədə rastlaşdığı bir gürcüyə, ermənilərə əsir düşdüyünü və qaçdığını deyib. Gürcü də onu Bakıya gətirmişdi. Oğlanın valideynləri gürcüyə 2 min pul vermişdilər.

Əsirlikdə 1 il 8 ay, 8 gün qalmışam. 1995-ci lin iyun 8-də siyahıda 3-cü mənim adım idi. Qohumlarımız azad olunmağımız üçün vasitəçilərə pul vermişdilər, “Qırmızı Xaç”da bu işdə bizə kömək etdilər.

Əsirlikdən çıxdıqdan sonra, baş verənlər barədə danışmaq mənasızdır… Yəqin ki təsəvvür edirsiniz, xəstəxana və dindirmələr… Bundan sonra isə yeni həyata uyğunlaşmaq…

Səxavət Məmməd

1 yorum:

  1. Çox tesirli...
    Gör indi bilmediyimiz minlerle esirlerin taleleri nece olub. Allah ermenileri dünya ve ahiretde rezil elesin, lenet elesin, min belasın versin.

    YanıtlaSil

Real Time Analytics