Atəşkəs artıq bir neçə ay idi ki, intensiv şəkildə pozulmurdu. Azərbaycan Ordusu durmadan hərbi təlimlər keçirir, şəxsi heyətin döyüş qabiliyyəti, kəşfiyyat bölmələrinin hazırlığının yoxlanışı daha da artırılırdı. Qarşı tərəf də yerində saymırdı. Əldə etdiyim məlumata görə, müdafiə xəttləri möhkəmləndirilir, müdafiənin bütün detalları üzərində işlənilirdi. Azərbaycan tərəfdə Türkiyədən olan konsturkturlar, Ermənistan tərəfdən isə rusiyalı mütəxəssislər işləyirdi. Qarşı tərəfi müşahidə edən bölmələrdən aldığım məlumatda deyilirdi ki, erməni tərəfi durmadan buldozerlərlə torpaq sədlər inşa edir, dərin xəndəklər qazıntısı aparılır. Tovuz hadisələri şəxsən məni təəccübləndirdi. Düşünürəm ki, erməni tərəfi kor nöqtə seçərək hazırlığını tamamlamaq üçün vaxt qazanırdı.
Bunları izləyərək, hesablamalar apararaq paralel hansı işləri görürdüm? Artıq ilkin tibbi yardım çantam hazır idi. Yadıma gəlir, hətta bir dəfə əczaçı dedi, aldıqlarınızdan belə başa düşdüm ki, müharibəyə hazırlaşana oxşayırsınız. Gülmüşdüm.
Bu zaman Ağdamda müharibəyə tam hazırlıq gedirdi. Könüllülər öz hesablarına və ianələr hesabına beton piltələr tökür, postların möhkəmləndirilməsi ilə məşğul olurdular. Həmin beton piltələr təkcə Ağdamda deyil, Tərtər istiqamətində də möhkəmlənmədə istifadə olunurdu. Addım-addım müharibəyə hazırlıq gedirdi. Bu zaman özümün psixoloji hazırlığımla məşğul idim. Bu müharibənin birinci müharibədən yerlə-göy qədər fərqli olacağına, çoxlu sayda şəhid veriləcəyinə də əmin idim. Nə yalan deyim, müharibənin sonunda 3 minə yaxın şəhid verdiyimiz xəbərinə səhv anlaşılmasın, sevinmişdim. Açığı, 3 min yox, daha çox şəhid verəcəyimizi gözləyirdim. Çünki qarşı tərəf müdafiənin bütün detallarını işləmişdi. Üstəgəl, relyef də onların xeyrinə idi. Ən əsası isə təcrübə ciddi sual yaradırdı. Şəhidlər arasında dostlar, tanışlar, qohumlar ola biləcəyini bildiyim üçün psixoloji cəhətdən özümü hər şeyə hazırlamışdım…
Evdən çıxıram
Füzuli istiqamətindən müdafiə xəttini yaracaq bölüyün komandiri, “Bizə toya gedirik, geyin gəl”, – yazmışdı. Şimal istiqamətindəki cavabdehlərdən biri isə, “Gəl ova gedək”, – yazmışdı.
Ayın 26-sı səhər tezdən yuxudan ayılan kimi, “Cəbhə bölgəsinə yollanmaq istəyirəm”, – dedim. Səbəbi soruşulanda, “Gərginlik çoxdur, gözümlə görmək istəyirəm”, – cavabını vermişdim. Dostum Rüfət Rzayev gedəcəyimi biləndə mənə hədiyyəsi olduğunu söylədi. Görüşdük. “Lazım olar”, – deyib, bıçaq hədiyyə etdi. Artıq evə dönüb, tam hazır ruqzaqımı götürüb yola çıxdım. Başqa bir dostuma zəng etdim. Ağdama getmək istədiyimi dedim. Qızının ad gününü yarımçıq qoyub, “Birgə gedək”, – dedi. Yola çıxmışdıq. Yol boyu söhbət belə etmirdik. Beynimizdə özümüzlə söhbət edirdik. Saatlar sonra hər şey dəyişəcək.
Bir saat sonra evə ilk mesajı yazdım. Telefona VPN və VPN-siz işləyə biləcək mesajlaşma proqramını yükləmək lazım olduğunu söylədim. Qarşılığında bu sualla qarşılaşdım: Bəs deyirdin, gərginliyi görmək üçün gedirsən? Demək ki, müharibə başlayır? “Yol uzundur, yatmaq istəyirəm”, – cavabını verdim. Bir müharibə jurnalistləri, bir də əsgərlərin gediş tarixi bəllidir, dönüş tarixi isə məchul. Özüm üçün də hər şeyə hazır idim. Bir qədər sonra əvvəlcədən özlüyümdə müəyyənləşdirdiyim, etibar etdiyim bələdçilərə zəng etdim. Ağdamın müdafiə xətti olacağını düşündüyüm üçün öncə Tərtər istiqaməti üçün Zaur Hətəmovla danışdım. Ardınca Beyləqandan Kamil, Ergi düzündən Müşür, Ağdamdan isə Hüseynov Samillə danışıb çoxlu işimin olduğunu, maşınla bir çox yerləri gəzəcəyimi söylədim. Yol boyu bir neçə nəfərə zəng edib, müharibənin başlama ehtimalını soruşdum. Cavab hər kəsdə belə olmuşdu: Bu hökümət müharibə edən deyil. İnsanların fikrinə hörmətlə yanaşıb informasiya verməkdən çəkinərək sağollaşdım.
Axşam saatlarında artıq Alıbəyli-2 qəsəbəsində idim. Qəsəbədə uşaqdan böyüyə uzun zaman idi məni görənlərin bir zarafatı vardı: “Sən gəlmisənsə, sayaq yataq, səs-küy olacaq”, – deyib gülüşürdük. Axşam saatlarında məni qəsəbədə görən hər kəs bu dəfə zarafatla yox, ciddi şəkildə dedilər, demək, başlayır… Təbii ki, “yox” deyib, yenə zarafat edirdim. Özümlə gətirdiyim ləvazimatları evə qoyub, “Mama, bir işim var”, – deyib, evdən çıxdım.
Sabiq cəbhə xəttinin yaxınlarına gedib, özümə hər iki tərəfi müşahidə edə biləcək yer seçib oturdum.
Səssizlik
Həyatımda hələ belə səssizliklə qarşılaşmamışdım. Ətrafda kəndlər var, bir it hürməzmi? İt belə hürmürdü. Böcəklərin belə səsi gəlmirdi. Səssizlikdən qulağım batırdı. Bunun adına real olaraq istər “Fırtına öncəsi səssizlik”, istər bədiiləşdirib, “Təbiət belə sabaha hazırlaşır”, – deyin. Bildiyim tək bir şey var, 26-sı gecə vahiməli səssizlik hökm sürürdü.
Artıq saat 03:30 radələrində yenidən qəsəbəyə qayıdıram. Yolda insanlar durub. Salamsız-kəlamsız “Nə vaxt başlayır?” sualı verdilər. Əvvəl sualdan yayındım, daha sonra əgər olacaqsa, uşaqları çıxaraq dedikdə, “Uşaqları və qadınları çıxarın”, – cavabını verdim. Qəsəbənin ətrafını da gəzməyə vaxtım olmuşdu. Müharibə başlamadan öncə ilk proqnozum: “Qəsəbəyə bir mərmi belə düşməyəcək”, – olmuşdu. Bunu eşidən 10-dan çox şahidim var. Həqiqətən də, qəsəbənin ön, arxa, sağ və solundakı yaşayış məntəqələri vuruldu, ancaq qəsəbəyə bir mərmi belə düşmədi. Təbii ki, bu qənaətə hesablama ilə gəlmişdim.
Müharibənin olacağını yalnız cəbhə ilə üzbəüz kənddə yaşayan dayıma saat 4-də dedim. Dayım da, uşaqları evindən çıxardı. İlk mərmi düşən həyətlərdən biri də dayımgilinki olmuşdu.
İnsanları küçədə qoyub evə yollandım. Saat 06:00 üçün budulnik qurub yatmağa çalışdım. Çünki bilirdim ki, görüb-görəcəyim elə bu iki saatlıq yuxu olacaq.
Saat 06:00-da yuxudan oyanıb açıqlığa çıxdım. Yolda qoyub gəldiyim insanlar bezib, “Müharibə başlamayacaq”, – deyib evlərinə yatmağa getmişdilər. Bir qədər sonra ilk gurultu səsi gəldi.
Uzun illər atəşkəs pozulanda ancaq avtomat, pulemyot səsinə öyrəşən insanlar top səsi ilə vahimələnmişdilər. Havada “Kukuruznik” görənlər isə təəccüblənirdilər. Hətta lağ da edirdilər ki, bununla müharibə edərlər? Oysa ki “Kukuruznik”lər qarşı tərəfin hava hücumundan müdafiə sistemlərini özünə kilidləyir, PUA-lar isə həmin sistemləri məhv edirdi.
Əvvəlcə tək-tək gələn top səsləri bir anda artilleriya savaşına çevrildi. Bununla da insanların izlədiyi kino başa çatdı, onu real müharibə əvəz etdi.
Hiç yorum yok:
Yorum Gönder