29.11.2021

Qarabağda HƏRBİ FƏALLIQ: Nazirliklər trollaşır, cəmiyyətdə aqressiya artır - Səxavət Məmməd yazır

Dünən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib və bir Azərbaycan əsgəri şəhid olub.

Bu hadisə gözlənildiyi kimi Azərbaycan ictimayətində aqressiya ilə qarşılandı. Sosial şəbəkələrdə mövqeyindən aslı olmayaraq hər kəs qisas alınmasını istədi, tələb etdi.

Erməni tərəfi hadisəni Azərbaycan hərbçiləri arasında baş vermiş insident kimi təqdim etdi. Axşam saatlarında erməni tərəfinin verdiyi itkilərin və yaralıların da məhz qarşı tərəf arasında spirtli içki qəbulundan sonra baş vermiş davadan qaynaqlandığı Azərbaycan tərəfindən qeyd edildi. İki ölkənin son dərəcə ciddi qurumları bu cür hadisə üzərindən, sözün əsl mənasında, bir-birilərini trollamaqla məşğul oldular.

Azərbaycan cəmiyyətinin aqressiyası başa düşüləndir. Çünki müharibədən, daha dəqiq desək, Rusiya-Azərbaycan-Ermənistan arasında imzalanan 3 tərəfli bəyanatdan dərhal sonra müharibənin bitdiyi elan olundu. Məsələ ondadır ki, həmin bəyanat münaqişəni, problemi çözən bir sənəd deyil. İki ölkə arasında sülh müqaviləsi hələ də imzalanmayıb. Nəinki sülh müqaviləsi imzalanıb, heç bu bardə danışıqlar belə başlamayıb.

Bütün bunları nəzərə aldıqda insanların təəccüblənməsi çox qəribə gəlir. Sülh müqaviləsi imzalanana qədər bu tip hadisələr olacaq, zaman-zaman gərginlik artacaq, bəzən isə sakitlik höküm sürəcək. Hər an lokal döyüşlərin olma ehtimalı var və bu olacaq da. Bu, bəzən Azərbaycan və Ermənistan istəmədən də olacaq. Çünki Qarabağ hazırda militar bir ərazidir. Ərazidə Azərbaycan və Ermənistan qoşunları ilə yanaşı, tanınmasa da, faktiki olaraq ərazidə olan separatçı rejimin terrorçuları mövcuddur. Bundan əlavə, Rusiya sülhməramlı libasında Qarabağdadır. Türkiyə də həmçinin. Bunlardan başqa Fransa da Qarabağda erməni əsilli komandirləri ilə təmsil olunur. Bu, rəsmi deyil, etibarlı mənbələrdən əldə edilən məlumatdır. Çox güman ki, ərazidə İranın maraqlarını təmin edəcək güclər də mövcuddur. Son dərəcə kiçik bir ərazidə bu qədər təmsilçinin olması, təbii ki, problem yaradacaq. Azərbaycan və Ermənistan istəməsə belə, ərazidə təmsil olunan istənilən güc gərginlik yarada bilər. Hətta düşünürəm ki, dünən baş verən hadisələr də Ermənistan və Azərbaycan tərəfinin istəyi, arzsu ilə baş verməyib.

Hadisələr nə vaxt baş verdi? İki ölkə xarici işlər nazirlərinin görüşü zaman. İddia etmək olar ki, iki ölkə arasında sülh danışıqlarının başlamasını istəməyən güclər də bu addımı ata bilər. Tətiyi çəkən əl erməni terrorçusu ola bilər, ancaq əmr verən kimdir? Önəmli olan bu məsələdir. Düşünürəm ki, məhz bu səbəbdən də iki ölkənin yepyekə qurumları bir-birini trollama yolunu tutdu.

Azərbaycan ictimaiyyəti yenə köhnə günlərdəki kimi davrandı. Öncə şəhidi ağladı, kövrəldi, daha sonra erməni əsgərlərinin ölümünə sevindi, “leş var”, “gəbərdi” kimi sözlər havada uçuşdu. Bu nə qədər davam edəcək? Bizdən bir nəfər onlardan bir nəfər prinsipi ilə? Hər gün gərginlik, hər gün kimlərinsə evində ah-nalə, hər gün qarşı tərəfdən ölən və yaralananlara baxıb orqazm olmaq? Şəxsən mən sülhdən sonra heç nə olmamış kimi Ermənistanla cici-bacı olmağın tərəfdarı olanlardan deyiləm. Sülh deyəndə də bəzi insanlar yalnış anlayır. Düşünürlər ki, bu, barışıqdır. Qətiyyən! Sülh hər iki ölkəninin bir-birinin ərazi bütövlüyünü tanıması, sərhədləri müəyyən etməsi, torpaq iddiasından vaz keçməsi deməkdir. Küsülü şəxslər barışandan sonra dost olacaq da deyə bir anlayış yoxdur.

Rusiya sülhməramlı qüvvələri əraziyə girəndə bunları göz önünə almaq lazım idi. Romantik insanlar var ki, deyir, Rusiya sülhməramlılarını dərhal ərazidən çıxarmalıyıq. Onları əraziyə sən salmışdın ki? Ümumiyyətlə, istər Azərbaycan, istər Ermənistan Rusiya sülhməramlılarını arzulayırdı?

Müharibənin üzərindən bir il keçir, Azərbaycan cəmiyyəti hələ də eyforiyadadır. Eyforiyadan ayılmadığı üçün də proseslərdən kənarda qalıb, kənarda saxlanılır. Proseslərin tez bir zamanda yekunlaşması üçün xalq prosesə cəlb edilməlidir. Yoxsa bu xəmir hələ çox su aparacaq…

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics