28.11.2021

Qanunilərin "QANUNİ OĞURLUQ"LARI: Eldəniz Səlimov Xaçmaz meşələrini məhv edəndə polis hara baxırdı? - Səxavət Məmməd yazır

Azərbaycanda millət vəkilləri nə qədər seçildiklərini iddia etsələr də, əslində təyin olunduqlarını özləri hər kəsdən yaxşı bilirlər. Qanunvericilərin “qanuni oğurluqları” elə buradan başlayır.

Bir neçə gündür ki, deputat Eldəniz Səlimovun polis əməkdaşını döyməsi ölkə gündəmində ən çox müzakirə edilənlər sırasında yer alıb. “Deputat polisi döyüb”. Burada da bir qanunauyğunluq pozulub. Qanunauyğunluq polisin mitinq, aksiya iştirakçısını, jurnalisti döyüməsi idi. Ən azı gözümüz, qulağımız buna öyrəşmişdi. Bu dəfə isə döyülən tərəfdə polisdir.

Məlum olur ki, deputat polisin qanuni tələbinə məhəl qoymayıb. Bacısı oğluna xəbərdarlıq edən polisi evindən çağırıb, söhbət əsnasında qəfil vurub, xəsarət yetirib.

Qanunverici orqanda təmsil olunan, işinin adı qanun qəbul etmək olan adam qanunun tələbini yerinə yetirəni döyür. Təəccübləndikmi? Yox! Təsadüfi təyin olunan birinin bu əməli törədəcəyi niyə təəccübləndirsin? Bu, Eldəniz Səlimovun ilk qanun pozuntusudur? Bunun da cavabı “yox”dur.

Xaçmazda meşələrin məhv edilməsinin başında məhz bu adam dururdu. Uzaq tarix deyil. Bir neçə həftə əvvəl Eldəniz Səlimovun Xaçmazda meşələrin qırdırması, torpaqları mənimsəməsi ilə bağlı mətbuatda çoxlu sayda yazılar dərc edildi. O zaman Xaçmaz rayon Prokurorluğu, polisi niyə bir araşdırmaya başlamırdı? Deputatın qanunsuz əməlləri barədə niyə qanuni tədbir görmürdü ki, indi həmin deputat da hüquq mühafizə orqanı əməkdaşını döysün?

Türkiyəlilərin belə bir misalı var – Kəsər dönər, sap dönər, gün gələr hesab dönər. Hüquq mühafizə orqanları deputatın qanunsuz əməlinə reaksiya verməyəndə, deputat da hüquq mühafizə orqanının əməkdaşını döyər.

Dəfələrlə olub ki, icra başçıları kabinetlərində həbs olunublar. Korrupsiya ilə əldə edilmiş malları, mülkləri ortaya çıxıb. Məsələ ondadır ki, həbs olunan icra başçılarının o əməlləri ilə bağlı mətbuatda dəfələrlə və illərlə məqalələr dərc edilib. Nədənsə o zaman hüquq mühafizə orqanları hərəkətə keçmir. Qanun elə burada da pozulmuş olur. Əgər icra başçıları o qədər yeyib-talayırsa, bunun iki cavabı var: Ya həmin rayondakı hüquq mühafizə orqanlarının rəhbərləri kordur, görmür, ya da əlbirdirlər. Hər iki halda da onlar cəzalandırılmalıdırlar. Bizdə isə nədənsə bunu görmürük.

Eldəniz Səlimovun təkcə polisi döyməsi yox, Xaçmaz meşələrini viran qoyması da araşdırılmalıdır. Hüquq mühafizə orqanları mətbuatda gedən yazılara görə müəllifləri yox, səslənən faktları və iddiaları nəzarətə götürməlidir.

Pandemiya dövründə qanunu ən çox məhz məmurlar, deputatlar pozub. Toyların qadağan edildiyi vaxt AMEA prezidenti nəvəsinə toy etdi. Orada kimlər iştirak edirdi? Elə Eldəniz Səlimovla eyni partiyanı parlamentdə təmsil edən Siyavuş Novruzov. Onun Ombudsman həyat yoldaşı Əliyeva Səbinə. O Ombudsman ki, işi dövlət funksiyalarının daşıyıcısı olan vəzifəli şəxslərin üzərində birbaşa parlament nəzarətini həyata keçirməkdir.

Pandemiya başlayandan ən çox deputatlar insanları məsuliyyətli olmağa, qaydaları pozmamağa çağırırdı. Nə məlum olur? Qaydaları pozanların xalqa ağıl verənlər olması. “Qaydalar onları pozmaq üçündür” ifadəsi var. Açıq görünür ki, bu ifadəyə birinci əməl edənlər elə qaydaları, qanunları qoyanlardır.

Deputatlar bəzən inciyir ki, xalq onları təhqir edir, onlara “təyin olunmuş” deyir. Əgər deputatlar, Ombudsman qaydaları pozacaqsa, xalqdan niyə etibar umurlar?

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics