Qiymətlər qalxır, maddi durum getdikcə pisləşir, əhali sürətlə müflisləşir. Qiymət artımı isə Avropa ilə müqayisə edilir. Maaşa, pensiyaya gələndə isə Avropa olur düşmən. Qiymət artımına hərə bir cür don geyindirir. Mətbuat qiymətlər dəyişib, rəsmi qurumlar isə qiymətlər tənzimlənib deyir. Xalq isə günü necə yola verəcəyini, yeni “Əli”lər və “Vəli”lər axtarır ki, papağı dəyişsin.
Bəhanələrdən biri də budur ki, xalq post müharibə dövründə dövlətə yardım etməlidir. Xalq müharibə dövründə az yardım etdi? Ona bir sağ ol deyən oldu? Şəxsən mən eşitmədim. Ümumiyyətlə, xalq niyə dövlətə yardım etməlidir? Dövləti qurub ki, daim yardım etsin? Hər şey güllük-gülüstanlıq olanda dövlət xalqa yardım edirdi? Xalqın cibini doldururdu? Yox! Əksər məmurlar milyonçu oldu. Ölkədən xaricə pullar çıxarıldı. Xalq elə indiki xalq idi. Yenə qayğılarla əlləşirdi. Pulun bol gəldiyi vaxtda xalq yada düşmürdü, dövlətin xərcləri artanda yada düşür?
Hökumətin qərarlarını gülməli, məntiqsiz bəhanələrlə don geyindirənlər bilmirdi ki, torpaqlar işğaldan azad ediləndə, quruculuq işləri üçün milyardlarla vəsait lazım olacaq? Müharibəyə hazırlaşmaq təkcə silah-sursat almaq anlamına gəlmir. Nəticələrinə də hazırlaşmaq anlamına gəlməli idi. Hökumət bunu niyə planlamayıb? Daha bir sual. Ermənistana təzminat davası açılacağı deyilir. Yaxşı o puldan xalqa nəsə çatacaq? Axı xalqın cibindən çıxır hər şey.
Qarabağ müharibəsi fərdlərlə fərdlərin müharibəsi olmayıb. Bunu trollar da, ekspertlər də, hər kəs anlamalıdır. Müharibə iki ölkə arasında olub və Azərbaycan dövləti birinci müharibədə məğlub olub. Məğlubiyyətin nəticəsi də dövlətin məsuliyyətindədir. İkinci savaşda zəfər qazanıb. Hökumət planlamasında bunları nəzərə almalı idi.
İşıq qalxır, qaz qalxır, anında pensiya və maaşlar da qalxır deyirlər. Qiymət qalxımı bütün əhaliyə, maaş və pensiya artımı yalnız bir kəsimə xitab edir. Adamlar tanıyıram ki, 10 ildir eyni maaşı alır. Maaşında bir faiz belə qalxım olmayıb, ancaq qiymətlər bir neçə dəfə qalxıb. Bu vətəndaş nə etməlidir? Bəzən deyirlər ki, ölkədən insanlar niyə gedir, onları məzəmmət edənlər də var. İnsan bir dəfə həyata gəlir. İnsan kimi yaşamaq da hər kəsin haqqıdır. Niyə getməsin? Niyə əzab, zülm, qayğılarla yaşasın?
Təhsildən danışmağa dəyməz, səhiyyə ölüb götürəni yox, cəmiyyət kukla kimi oynadılır, Ermənistanı söy, Rusiyanı söy, İranı söy. Bəs yaşamaq? Bəs gələcək? Bəs planlar? Heç biri yoxdur. Plan demişkən, planlamada Azərbaycan hökuməti ilə insanı eyni durumdadır. Azərbaycan insanı cibinə və durumuna baxıb gələcəklə bağlı plan qura bilmir. Tək fərq hökumətin planlamasının olmamasının kefindən olmasındadır.
Bir dəfə miqren ağrıları ilə bağlı həkimə sual verdim ki, bu ağrılardan nə vaxt canım qurtaracaq? Dedi, iki halda bu ağrılardan canını qurtara bilərsən, bir – öz-özünə keçəcək. İki – ölürsən və heç nə hiss etmirsən. Azərbaycan insanı da belədir. Bütün bunlardan yalnız öldükdə canını qurtara bilir. Ölü cəmiyyət üçün tək çıxış yolu elə ölməkdir. Kimsə öləndə elə belə demirlər ki, öldü canını qurtardı.
Hiç yorum yok:
Yorum Gönder