29.11.2021

Məramını unudanlar və sülh adı altında min hoqqadan çıxanlar - Səxavət Məmməd yazır

Qarabağ müharibəsinin aktiv fazası üçtərəfli bəyanatla yekunlaşdı. Rusiya əraziyə sülhməramlı kimi daxil oldu.

Məsələ ondadır ki, sülhməramlılar ilk gündən bəyanatın müddəalarına əməl etmədi. Erməni silahlıları hələ də ərazidə qalır, postlarında qondarma Dağlıq Qarabağın bayrağı dalğalanır. Bəzi yerlərdə isə Ermənistan bayrağını görürdük. Cəmiyyətimizdə Rusiya sülhməramlılarının əraziyə girməyini böyük sevinclə qarşılayan qruplar oldu. Bu insanlar Rusiya sülhməramlılarının niyyətinin və məramının sülh olması ilə bağlı min bir arqument gətirirdi. Ancaq unudulurdu ki, imperiya dağlısa da, hələ də imperialistliyindən geri çəkliməyən Rusiya heç vaxt bir əraziyə sülh məramı ilə girə bilməzdi. Rusiyanın Ukraynada törətdikləri onun hələ də SSRİ sevdasında olmasının bariz nümunəsidir. SSRİ dağılsa da, indiki Rusiya ittifaqdan ayrılmış ölkələrin hər birinin ərazisində münaqişə ocaqları yaradaraq bu dövlətlərə təzyiqini saxlamış olurdu.

Rusiya müharibə zamanı nə qədər səssiz görünsə də, bir neçə təxribata yol verdi. Rusiyanın ilk təxribatı Naxçıvan istiqamətində helikopterin vurulması idi. Rusiya ilk dəfə açıq şəkildə göstərdi ki, “oyun”dadır və yaxın müddətdə müdaxilə edəcək. Digər təxribat isə noyabrın 9-da gecə Abşeron rayonu istiqamətində raketin havada vurulması oldu. Hələ də o raketin hansı istiqamətdən atıldığı sual olaraq qalır. Bundan əlavə, Azərbaycan rəsmi olaraq Şuşaya atılmış “İsgəndər-M” raketinin necə, kim tərəfindən atılmasının cavabını tələb etsə də, Rusiya buna cavab verməkdən boyun qaçırır. Bütün bunları törədən Rusiyanın Qarabağda məramının sülh olmasını düşünmək absurddur.

Son zamanlar nələri oxuyuruq: “Rusiya hərbçiləri Laçın dəhlizindən silah və hərbi texnikanın keçidinə şərait yaradır”, “Rusiya Ermənistanı silahlandırır”, “Rusiya Qarabağda yaşayan ermənilərə su daşıyır”, “Rusiya Qarabağda 50 metrlik bayraq qaldırır”…

Rusiya üçtərəfli bəyanatın 4-cü bəndinə nəinki əməl edib erməni silahlılarını ərazidən çıxarır, əksinə əraziyə hərbçilər gətirməsinə şərait yaradır.

Rusiyanın Ermənistanı silahlandırmasına gələk.

Rusiya XİN sözçüsü Maria Zaxarova buna münasibət bildirirək deyib ki, bu, Rusiyanın suveren hüququdur. Əslində, Zaxarova haqlıdır. Ancaq bu məsələnin bir “əmma”sı var. Rusiya sülhməramlı kimi ərazidədir. Sülhməramlı missiyanı üzərinə götürən ölkənin tərəflərdən birini silahlandırması onun rəsmən “yanlılıq” etməsi anlamına gəlir. Müşahidələr və Rusiyanın münaqişələrdəki davranışı onu göstərir ki, Rusiya ərazidə daimi qalmaq niyyətindədir. Bəlkə də Ermənistana satılmış göstərilən silahları özləri üçün bölgəyə daşıyırlar. Əgər bu belədirsə, bunun adı hərbi baza qurmaqdır.

Rusiyanın bölgədə hərbi baza qurmasının bütün işartıları görünməkdədir. Bəli, Rusiyanın bölgədən çıxması üçün konkret bir tarix göstərilib, ancaq bu artırıla bilər və bunun neçə dəfə olacağı heç bir sənəddə qeyd olunmayıb. Bundan əlavə, Rusiya sülhməramlılarının ərazidən çıxarılması ilə bağlı heç bir mexanizm yoxdur. Bu, SSRİ-yə bənzəyir. İttifaq respublikalarının ayrılmaq hüququ var idi, ancaq bunun mexanizmi göstərilməmişdi. Respublikaların ittifaqdan ayrılması barədə qısa olaraq “qanlı-qadalı oldu” yazmaq kifayət edər.

Bəzən insanlar sülhməramlıların necə fəaliyyət göstərməsi barədə müxtəlif suallar verirlər. Əslində, bunun cavabı Əfqanıstandadır. Əfqanıstanda Azərbaycan və Türkiyə sülhməramlıları bu missiyanın necə həyata keçirilməli olduğunun bariz nümunəsini göstərirlər. “Taliban” kimi adı terrorla qoşa çəkilən qüvvə belə sülhməramlıların fəaliyyətinə mane olmur. Çünki sülhməramlı qüvvələr tərəf yox, müəyyən bir missiyanı həyata keçirirlər. Rusiyanın fəaliyyətində bitərəflik görmək mümkündür? Qətiyyən! Münaqişəni banisi, onu idarə edən, müharibənin başlamasına və bitməsinə “xeyir-dua” verən ölkə heç bir zaman bitərəf olmayacaq. Təkcə Rusiya üçün deyil, güclü dövlətlər üçün maraq, təsir və təzyiq altında saxlamaq hər şeydən öndə gəlir.

Azərbaycan tərəfi Laçın dəhlizinə heç cür nəzarət edə bilmir. Bəli, elektron optik və digər termal texniki vasitələrin köməyi ilə 24 saat müşahidə altında saxlayır. Məsələ ondadır ki, bu yalnız baxmaqla kifayətlənilən bir prosesdir. Heç cür müdaxilə imkanı yoxdur. Azərbaycanın müdaxiləsi bəyənat, nota verməyə çatır. Bir müddət əvvəl Azərbaycan tərəfi rəsmi olaraq Rusiya hərbçilərinin Laçın dəhlizindən canlı qüvvvə, silah və hərbi texnikanın keçidinə şərait yaratmasını açıqladı. Nəticəsi nə oldu? Azərbaycan, nədənsə, Qarabağdan daha çox sərhədə fokuslanıb. Bəli, bu, təzyiq vasitəsidir, ancaq heç bir işə yaramadığını görürük. Ortada danışıq yoxdur və sülh müqaviləsi ilə bağlı bir işartı da görmürük. Belə olan halda, nə qədər münaqişə və müharibə bitib deyilsə də, əslində, heç nəyin bitmədiyi ortaya çıxır.

Azərbaycanın tək çıxış yolu balansı qorumaq üçün əməli addımlar atmaqdan keçir. Görünən odur ki, Rusiya ərazidən xoşluqla çıxmayacaq. Buna görə də var gücü ilə çalışıb sülhməramlı qüvvələrin tərkinə başqa bir ölkəni, daha dəqiq desək, Türkiyəni cəlb etməliyik. Yoxsa bu xəmir çox su aparacaq…

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics