Qarabağ müharibəsinin aktiv fazası üçtərəfli bəyanatla yekunlaşdı. Rusiya əraziyə sülhməramlı kimi daxil oldu.
Məsələ ondadır ki, sülhməramlılar ilk gündən bəyanatın müddəalarına əməl etmədi. Erməni silahlıları hələ də ərazidə qalır, postlarında qondarma Dağlıq Qarabağın bayrağı dalğalanır. Bəzi yerlərdə isə Ermənistan bayrağını görürdük. Cəmiyyətimizdə Rusiya sülhməramlılarının əraziyə girməyini böyük sevinclə qarşılayan qruplar oldu. Bu insanlar Rusiya sülhməramlılarının niyyətinin və məramının sülh olması ilə bağlı min bir arqument gətirirdi. Ancaq unudulurdu ki, imperiya dağlısa da, hələ də imperialistliyindən geri çəkliməyən Rusiya heç vaxt bir əraziyə sülh məramı ilə girə bilməzdi. Rusiyanın Ukraynada törətdikləri onun hələ də SSRİ sevdasında olmasının bariz nümunəsidir. SSRİ dağılsa da, indiki Rusiya ittifaqdan ayrılmış ölkələrin hər birinin ərazisində münaqişə ocaqları yaradaraq bu dövlətlərə təzyiqini saxlamış olurdu.

