20.07.2023

Rusiya parçalanır, yoxsa qabığını dəyişir? - Hadisələrə BAXIŞ

Ayını ilana bənzətmək nə qədər doğrudur, bilmirəm. Rusiya ayı kimi yaralıdır.

Yaralı ayının isə nə edəcəyini təxmin etmək o qədər çətin deyil. İmperiyaları ilana bənzətmək mümkündür. Çünki tarixə baxdıqda görürük ki, imperiyalar dağılmır, sadəcə olaraq qabığını dəyişir, yeni şəkil alır. Rusiya bu qəzəblə çox irəli gedə bilməz. Çünki Rusiyanın bu aqressivliyi özünü məhvə apara bilər. Məntiq onu deyir ki, Rusiya var gücünü qoyub Ukrayna müharibəsini həll etsə, ardınca Polşaya girməlidir. Rusiyanın buna gücü çatarmı? Bu, mümkün görünmür. İndiki mərhələdə Rusiya şəklini dəyişməyə məcbur görünür.

Putin Ukraynaya hücum əmri verdikdən qısa zaman sonra anladı ki, ordu onun əmrlərini icra edəcək səviyyədə deyil. Orduya ayrılan pullar yeyilib, döyüş hazırlığı aşağı səviyyədədir, ordu strateji tapşırıqları heç taktiki səviyyədə belə yerinə yetirə bilmir. Putin anladı ki, orduda reform lazımdır. Döyüş apara-apara Putinin "time out" götürmək şansı yox idi. Reform etmək üçün Rusiya nə etməli idi? Suriyada, Afrikada döyüşən, faktiki olaraq nizami ordudan daha çox döyüş təcrübəsinə malik olan "Vaqner"i prosesə cəlb etməkdən başqa şans yox idi. "Vaqner" xüsusilə Baxmut istiqamətindəki döyüşlərdə son dərəcə uğurlu əməliyyatlar həyata keçirdi və şəhəri tamamilə işğal edə bildi. Düzdür, bu zaman kifayət qədər itkilər də verdi. Ancaq etiraf etmək lazımdır ki, nizami ordu bunu bacara bilməzdi. "Vaqner" bunu həm də kimlərlə həyata keçirdi? Türmədən, küçədən yığılanlarla... İtirəcəyi heç nəyi olmayan şəxslərlə... 

Bir neçə gün əvvəl ukraynalıların bir paylaşımı diqqətmi çəkdi. Bir rus hərbçisi əsir düşüb. Yaşlı, əyninə hərbi forma geyindirilmiş bomj. Ukraynalılar özləri belə yazırdı ki, Rusiya daxilini təmizləməklə məşğuldur. Təmizlik məsələsi təkcə Rusiya ilə bağlı səslənmir. Hətta Qərbin bir çox ekspertləri də deyirdi ki, Ukrayna-Rusiya müharibəsi təmizlikdir. Həm köhnə silahlar sıradan çıxarılır, invertardan silinir, həm də potensial cinayətkarlar savaş meydanında xərclənir. Məsələyə təmizlik yönündən baxsaq, bu, çox məntiqli görsənir.

Rusiya-Ukrayna müharibəsində təkcə Vaqneri yox, ondan əvvəl Çeçenistan prezidenti Ramzan Kadırovun dəstəsini də cəlb etmişdi. Çeçenlər daha çox Mariapolda aktiv oldular. Müharibə davam edən zaman Rusiya ordusu reform həyata keçirməyə başladı. Onlar reform edən zaman ərazidə döyüşən daha çox muzdlular idi. "Vaqner" döyüşlərə başlayandan bir müddət sonra təminatla bağlı problemlərin yaşandığını Priqojin dilə gətirirdi. Baxmutun işğalı yekunlaşandan sonra Vaqnerlə Rusiya müdafiə nazirliyinin münasibətləri kəskinləşdi. Priqojin hətta arxadan onların artileriya ilə vurulduğunu da bildirmişdi. Şoyqu bütün könüllü silahlılar müdafiə nazirliyinə tabe olmalıdır əmrini imzaladıqdan sonra "Vaqner"dən başqa digərləri bu əmrə tabe oldular.

"Vaqner" rəhbəri Priqojin öz üzərinə qarşı haqsızlığı aradan qaldırmaq üçün ölkə daxilinə doğru hərəkət edir. Artıq Rostovu nəzarətə götürüblər. Baş verənlərlə bağlı belə bir fikir formalaşıb ki, Rusiyada vətəndaş müharibəsi başlayıb. Obyektiv yanaşma isə bunun olmadığını deyir. Çünki vətəndaş müharibəsi üçün birinci növbədə vətəndaşlar ayağa qalxmalıdır.

Rusiya tarixinə nəzər saldıqda Priqojinin etdiyinin analogiyasına rast gələ bilirik. Stepan Razinin rəhbərlik etdiyi üsyan Priqojinin etdiyindən o qədər də fərqlənmir. Razinin yaşadığı dönəmdə muzdlu döyüşçülərin təşkilat kimi qeydiyyatdan keçməsi mümkün deyildi, adına quldur deyirdilər. Bir çoxları da dövlətin qara işlərini görməklə məşğul idi.

Priqojin kimdir? 

Dövlətin qara işlərini gördürdüyü şəxsdir. Razin kəndləri qarət etmək üçün yola çıxıb, daha sonra kəndlilərin simvoluna çevrilərək siyasiləşmişdi. Priqojin də generalları cəzalandırmaq üçün yola çıxıb, siyasiləşmə ehtimalı var mı? Mümkünsüz heç nə yoxdur. Sadəcə baş verənlər Rusiya dövlətinin öz oyununa daha çox bənzəyir. "Vaqner" vasitəsilə ölkəni potensial cinayətkarlardan Ukraynada təmizləyən Putin, elə həmin "Vaqner" vasitəsilə daxildə siyasi iddiaları baş qaldıranları və "şişmiş" generalları təmizləmək istəyəcək. Rusiya tarix boyu vətəndaş müharibələri, üsyanlar görüb. Çox maraqlıdır ki, Rusiya tarixinin ən çətin dönəmlərində bu tip hadisələr baş verib və ardınca toparlanma yaşanıb.

Tarixə baxsaq, Rusiyada baş verən vətəndaş müharibələrindən və üsyanlardan dərhal sonra Cənubi Qafqaz təhlükə altına düşüb. Ona görə də hadisələrə hissi yox, məntiqi yanaşmaqda və ağıllı addımlar atmaqda fayda var.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics