Eynən 80-ci illərin sonunda da ermənilər mitinqlər təşkil edir, ayrılmaq istədiklərini bəyan edirdilər. Elə bu proseslərin sonu olaraq müharibə baş verdi və Azərbaycan torpaqları işğal edildi.
Hər nə qədər proseslərin əvvəli 80-ci illərin sonlarında baş verənlərə oxşasa da, sonu eyni olmayacaq.
Hazırda Xankəndində baş verən proseslər nəyə xidmət edir?
Bilirik ki, Qarabağdakı separatçı rejimin rəhbərliyi birbaşa Moskvanın direktivləri ilə hərəkət edir. Moskva görəndəki Araik Arutunyan tək verilən tapşırıqların öhtəsindən gələ bilməyəcək, erməni milyarder Ruben Vardanyanı Qarabağa transfer etdi. Rəsmi Bakı Ruben Vardanyanı nəinki qəbul etmədi, hətta onun Qarabağdan getməsi üçün Rusiya ilə münasibətləri korlamağı göz önünə aldı. Nəticə etibarı ilə Ruben Vardanyan Qarabağdakı separatçı rejimdə tutduğu postdan getməli oldu. Ancaq Ruben Vardanyan vəzifədən getsə də, öz fəaliyyətini davam etdirdi, hətta bu yöndə iş görmək üçün iki təşkilat formalaşdırdı. Ruben Vardanyandan boşalan posta Qurqen Nersisyan gətirildi. Azərbaycan mediası nədənsə Qurqen Nersisyanın fəaliyyətinə diqqət ayırmır. Məsələ ondadır ki, hazırda Qarabağda baş verən mitinqlərin əsas təşkilatçısı, canfəşanlıq edən Qurqen Nersisyandır. Hazırda Qarabağda Araik Arutunyan, Ruben Vardanyan və Qurqen Nersisyan arasında sanki kim daha çox Rusiyanın maraqlarına xidmət edəcək yarışı gedir.
Keçirilən mitinqlərin mahiyyətinə baxanda ermənilərin müstəqillik, azadlıq istəklərindən daha çox Rusiyaya təzyiq durur. Mitinqlər Rusiya sülhməramlılarının qərargahının önündə təşkil ediləcək, əsas tələb də Rusiyanın onlara daha çox yardım etməsi yönündədir. Dolayısı ilə Rusiya bu mitinqlərlə özünə qalibi hazırlamış olur.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya sülhməramlılarının 2025-ci ildə çıxmalı olduğunu dilə gətirib. Rəsmi Bakı da bir neçə dəfə Rusiya sülhməramlılarının fəaliyyətindən narahat olduğunu bildirib. Xüsusilə Ərdoğanın məlum açıqlamasından sonra Qarabağda aktivlik daha da artıb. Moskva artıq fərqindədir ki, Ermənistan və Azərbaycan 2025-ci ilin may ayında rahatlıqla "Sülhməramlılar qalsın" deməyəcək. Ona görə də, vəziyyəti gərginləşdirmək yolu seçib. Hesab edirəm ki, mitinqlərin sayı və miqyası artdıqdan sonra ruslar ərazidən çıxmaqlarının təhlükəli olacağını bildirəcəklər. Hətta məsələni elə həddə çatdıra bilərlər ki, heç ölkələr razılıq verməsə belə ərazidə qalmaq xətti tutacaqlar.
Sual oluna bilər ki, ruslar niyə hərbi qarşıdurma yox, mülki xətt seçir?
Hərbi gərginlik Rusiyaya sərf etmir. Çünki Rusiya anladı ki, Qarabağdakı separatçı rejimin silahlıları hər dəfə atəşkəsi pozduqdan, təxribat törətdikdən sonra Azərbaycan tərəfinin cavabı ağır olur. Misal üçün bir yaralıya qarşı 4 ölü, bir yaralıya qarşı 2 ağır yaralı, bir yaralıya qarşı qərargahın, avtoparkın vurulması halları yaşanıb. Rusiya da bilir ki, separatçı rejimin silahlıları Azərbaycan ordusu qarşısında tab gətirə bilmir. Separatçı rejimin silahlılarının hər dəfə itki verməsi Qarabağdakı erməniləri psixoloji cəhətdən sındırır, ümidsizləşdirir. Qorxu hissi orada yaşayanlara məsələnin mənasız olduğunu deyir. Ona görə də, Rusiya mülkiləri hərəkətə gətirir.
Mülkilərin hərəkətə gətirilməsi Rusiya adına effektivdir. Belə ki, bu məsələnin dünya mediasına çıxarmaq da rahatdır, dəstək almaq da. Bundan əlavə Moskva bilir ki, Bakı mülkilərə qarşı heç bir addım atmayacaq. Müharibə vaxtı belə mülkilərin məhvi yönündə addım atılmamışdı.
Rusiya həm Azərbaycanın zəif, həm də dünyanın həssas damarından girir.
Bilirik ki, yaxın günlərdə Brüsseldə Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında görüş keçiriləcək. 44 günlük müharibədən sonra, hətta bir qədər irəli getsək 20 ildən çox atəşkəs dönəmində belə Moskva xaric bütün görüşlərdən ya əvvəl, ya da dərhal sonra təmas xəttində atəşkəs pozulub, təxribatlar törədilib. Dolayısı ilə Moskva indiki məqamda Xankəndini ayağa qaldıraraq tərəflərə mesaj verir ki, problemin açarı ondadır.
Ukrayna ilə aparılan müharibə Rusiyanın əl-qolunu bir qədər bağlayıb. Ona görə də, Moskva dolayı yollarla prosesə müdaxilə edir. Beləliklə, proses uzanır. Bu isə Ermənistanın maraqlarına nə qədər uyğundursa, Azərbaycanın maraqlarına qətiyyən uyğun deyil. Rəsmi Bakı anlayıb ki, vaxtın uzanması ancaq Ermənistana sərf edir. Ona görə də, Azərbaycan problemin qısa zamanda həllində maraqlıdır.
Azərbaycan ilin sonuna kimi prosesi yekunlaşdırmaq xəttini seçib. Yaşananlardan anladığımız odur ki, danışıq, diplomatik, xoşluqla məsələ həllini tapmayacaq. Ona görə də, hərbi müdaxilə qaçınılmazdır.
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder