20.07.2023

Cənubi Qafqaz, yoxsa Bermud üçbucağı?

Bildiyimiz kimi Cənubi Qafqazda üç ölkə mövcutdur. Cənubi Qafqaz ölkələri olan Azərbaycan, Gürcüstan və Ermənistan yalnız 1918-ci ildə 34 günlük ayrı-ayrılıqda yox, birgə müstəqil olublar.

Adı gedən ölkələr müstəqil olsalar da, əslində böyük güclərin gözündə Cənubi Qafqaz bir regiondur. Tarix boyu bu region hər zaman böyük dövlətlərin maraqları daxilində olub. Cənubi Qafqaz regionu həm komunikasiya yollarının kəsişməsində yerləşir, həm Aralıq dənizinə çıxışı var.

Üç Cənubi Qafqaz ölkəsi həm də üç böyük imperiyanın (tarix boyu fərqli adlarla) hökm etmək istədiyi bir region olub. İran, Rusiya və Türkiyə bu regionu öz tərkib hissəsi kimi görüb, zaman-zaman bu istək uğrunda savaşıblar da.

Rusiya SSRİ dağılan ərəfədə münaqişə ocaqları yaradaraq regiona hökm etməyə başladı. İran isə tam fərqli yön seçdi. Şiə faktorundan istifadə edərək Azərbaycanda möhkəmləyə başladı, ardınca Ermənistanla iqtisadi və siyasi əlaqələr qurdu, ən sonda isə siyasi baxımdan boşluqda olan Gürcüstan azərbaycanlıları arasında dini təbliğatı gücləndirdi və Gürcüstana da yerləşdi. İş o yerə çatdı ki, Gürcüstandakı məscidlərə axundları iran təyin edir. Bu iki ölkədən fərqli olaraq Türkiyə yalnız Azərbaycan və Gürcüstanda fəaldır. Türkiyə ilə Ermənistan münasibətlərinin olmaması Türkiyənin bu regiona təsir gücünü digərlərinə nisbətən aşağı edir.

Türkiyə qısa zamanda Ermənistana yerləşib, iqtisadi əlaqələri quracağı təqdirdə ən ciddi fiqurlardan birinə çevrilə bilər. Məsələ ondadır ki, Rusiya və İran da bunun fərqindədir. Ona görə də, maksimum çalışırlar ki, Türkiyə ilə Ermənistan münasibətləri soyuq qalsın.

Rusiya Qarabağ faktorundan istifadə edərək nə Ermənistandan, nə də Azərbaycandan çıxmaq istəmir. Ona görə də, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına mane olur, Qarabağdakı separatçıları da Azərbaycanın üzərinə qaldıra bilir.

Azərbaycanın istər əhali, istər iqtisadi potensialı imkan verir ki, Gürcüstan və Ermənistandan daha öndə ola bilsin. Azərbaycan bu potensialından düzgün istifadə edərək, regiona özü də hökm edə bilər. Yalnız belə olan təqdirdə üçlük rahat nəfəs ala bilər.

İndiki məqamda Çindən İngiltərəyə qədər uzanacaq İpək yolu layihəsi təkcə regiona qonşu olan ölkələri yox, Qərb və ABŞ-ni də Cənubi Qafqaza gətib. Bütün böyük güclər iqtisadi divident qazanmaq üçün regionda aktiv fəaliyyətə keçib. Bu aktivliyin gərginliyə keçməsi də məntiqə uyğundur. Siyasi gərginlik əgər diplomatik yolla həllini tapmayacaqsa, bu yerini hərbi gərginliyə verə bilər.

Yeri gəlmişkən region ölkələrinin aktiv silahlanması gələcəkdə olması ehtimal olunan hərbi münaqişələrə görədir desək, yanılmarıq. Rəsmi Bakı prezident İlham Əliyevin dili ilə bəyan etdi ki, Azərbaycan ordusunun elit bölmələrinin sayı ən azı iki dəfə artırılıb. İndiki halda belə Azərbaycan ordusu həm Qarabağ, həm də Ermənistanla müharibə aparmağa qadirdir. Elit bölmələrin sayının artırılması yalnız gələcəyə yönəlik addım ola bilər. Hesab edirəm ki, bu baxımdan məntiqli addımdır.

Cənubi Qafqazda yeni müharibə ocağının yaranması, yaxud qonşu dövlətlərdən birinin başqa biri ilə müharibə aparması regionun siyasi xəritəsinin dəyişdirilməsinə gətirib çıxaracaq. Dolayısı ilə bəzi ölkələr parçalana, bəziləri müstəqilliyini itirə bilər. Dövlətlər özlərini bundan sığortalamaq üçün müdafiə xərclərini artırmağa məcburdur.

Regionda bu təhlükəni ən çox hissə edən ölkə İran və Ermənistandır. Ona görə də, İran aqressiv davranır. İranın daxilində etnik qrupların aktivləşmə ehtimalını da nəzərə alsaq, İran təhlükənin nə qədər böyük olduğunun fərqindədir.

Ukrayna müharibəsi istənilən nəticəni verməsə, tərəflər Cənubi Qafqazda güclərini sınamağa qalxa bilərlər. Bu isə Cənubi Qafqazı cəhənnəmə çevirə bilər.

Cənubi Qafqazda vəziyyət elə bir həddədir ki, nə proqnozlaşdırmaq olmur, nə də hansı dövlətin hansı dövlətin yanında axıra qədər alacağını demək. Cənubi Qafqaz sanki Bermud üçbucağıdır. Gəlmək istəyənləri, maraqları olanları böyük və kiçikliyinə baxmadan içinə çəkir. Ən əsası daimi uğur qazanmaq imkansızdır.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics