20.07.2023

Danışıqlardan savaşa keçid - Gərginliyin səbəbləri

Danışıqlar mərhələsi artıq yerini yenidən silaha verib.

Azərbaycanla Ermənistanın anlaşacağını çoxları gözləyirdi, sülh müqaviləsi olmasa da, çərçivə sazişinin imzalanacağı proqnozlaşdırılırdı.

Reallıq bunların qısa zamanda baş verməyəcəyini deyirdi.

Sual yaranır, ardıcıl görüşlər, müsbət mesajlar niyə dalana dirəndi, şərti sərhəddə və təmas xəttində atışmalar çoxaldı?

Regionun militar olmasını nəzərə alsaq və regionda maraqları olan güclərin çoxluğu hazırkı vəziyyətin yaranmasına gətirib çıxarır. Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyəndə bir çoxları bundan feyziyab olurdu. Məsələ ondadır ki, Nikol Paşinyanın nə deməsinin heç bir hüquqi əsası yoxdur. Dövlətlərarası münasibətlər sözlərlə, şifahi bəyanatlarla yox, sazişlərlə, müqavilərlərlə tənzimlənir. Ümumiyyətlə, bu regionda Paşinyanın hansısa sözü ilə heç nə tənzimlənmir. Regionun tənzimlənməsi böyük güclərlə uzlaşmadan keçir.

Rusiya faktoru

Rusiya 300 ildir ki, bu regiondadır və çıxmaq istəmir. Rusiyanın Ermənistanda hərbi bazası, Qarabağda sülhməramlı adı altında ordusu var. Gürcüstan hakimiyyəti isə Rusiyanın vassalıdır. Rusiyanın Ukraynada apardığı müharibə, ona qarşı tətbiq edilən sanksiyalar bir çox ölkələrin iştahanı qabardıb. ABŞ və Avropa İttifaqı Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyirlər. Bunun üçün də müxtəlif planlar qururlar. Rusiya özü də bilir ki, münaqişə həll olacağı təqdirdə bu regionda qala bilməyəcək. Çünki ABŞ və Avropa İttifaqı kimi böyük layihələr, iqtisadi inkişaf sözü verə bilməyəcək. Ona görə də əlində olan vəasitlərdən istifadə edərək gərginliyi artırmaq xətti tutub.

İran faktoru

İran regionun sahibi olduğunu düşünür. İranla Rusiya hər nə qədər üzdə tərəfdaş kimi görünsə də, arxa fonda bir-biriləri ilə rəqabət içərisindədirlər. İran nə iqtisadi, nə də hərbi baxımdan regionu əlində saxlaya bilər. Regionda maraqları olanlar arasında bəlkə də ən zəifi İrandır. Ancaq regionun qarışması və qan çanağına dönməsi baxımdan bəlkə də ən təhlükəlisi də İrandır. İran regiona sabitlik gəlməsini istəmir. Təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açıq şəkildə dilə gətirdi ki, İran Zəngəzur dəhlizinə mane olur. İran ciddiyə alınmayacaq dövlət deyil. İran bilir ki, Azərbaycanla Ermənistan arasında və Qarabağdakı ermənilərlə Azərbaycan arasında münasibətlər düzəlsə, istədiyini həyata keçirə bilməyəcək. Çünki İran kimi ölkələr qandan qidalanır. Rusiya kimi İran da gərginliyin artması üçün əllərindəki vasitələrdən, ərazidəki adamlarından istifadə edir.

Qərb faktoru

ABŞ Ermənistanla Azərbaycan arasında vasitəçilərsiz danışıqların baş verməsini və həll yolunun tapılmasını istəyir. Avropa İttifaqı regionun inkişafı xəttini əsas götürür, əhalinin həyat səviyyəsinin qalxması üçün layihələr həyata keçirəcəyini bildirir. Təkcə "inkişaf" sözünün özü İran və Rusiyanın qıcıq olmasına səbəb sayıla bilər. Qərbin ən zəif cəhəti sahədə olmamasıdır.

Pekindən Londona nəzərdə tutulan İpək yolu türk zolağından keçir. Bu yolun üzərində olub da inkişaf etməmək mümkün deyil. Orta Asiyadakı türk dövlətləri ilə yanaşı, Azərbaycan və Türkiyə bu yoldan çox ciddi dividentlər götürə bilər. Güclü, varlı Azərbaycan nə Rusiyaya lazımdır, nə də İrana... Ona görə də var gücləri ilə çalışırlar ki, tərəflər arasında anlaşma olmasın, sərhəd və Qarabağda silahlar susmasın.

Laçındakı sərhəd-buraxılış məntəqəsindəki olayın videogörüntülərinə diqqətlə baxdıqda açıq şəkildə görürük ki, hadisə planlaşdırılıb. Hesab edirəm ki, bu cür hadisələr nə ilkdir, nə də son...

Müharibə, müharibədən sonrakı əməliyyatlarda onu göstərdi ki, Azərbaycan problemlərini yalnız sahədə həll edə bilir. Masaya bel bağlamaq, diplomatik yolla problemlərin həll olacağını gözləmək ən azı sadəlövlük olardı. Ona görə də, rəsmi Bakı sahədə aktivliyi artırmalı, təzyiq rıçaklarını işə salmalıdır. Antiterror əməliyyatı isə həmişə masada olmalıdır.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics