20.07.2023

Sülh danışıqları, Paşinyanın qorxuları - TƏHLİL

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bir neçə masa qurulub. Kişiniyovdakı görüş sadəcə olaraq Brüssel masasının davamı idi.İ

stər Azərbaycanda, istərsə də Ermənistanda bəziləri iddia edirdi ki, Kişiniyovda hansısa sənəd imzalana bilər. Əslində bu sənədin imzalanmayacağı Brüssel görüşündən məlum idi. Yəni, Paşinyanın "sənəd imzalanmayacaq" deməsinə bunun heç bir aidiyyatı yoxdur. Çünki elə Brüssel görüşündə bildirilmişdi ki, tərəflər Kişiniyovdakı görüşdən sonra yenə Brüsseldə görüşəcəklər.

Məsələ ondadır ki, Paşinyan bəlkə də, səmimi şəkildə sülhün olmasını istəyir, ancaq Rusiyanın təzyiqi və daxildən gözlənilən təhlükə onu oynamağa məcbur edir. Rusiyanın təzyiqi məlumdur. Gələk daxildən görünən təhlükəyə. Ermənistan müstəqilliyini elan edəndən bu yana bəlkə də daxildə dövlət adamlarına və siyasətçilərə qarşı ən çox terror törədilmiş ölkədir. Ermənistanda nazirlərə, parlament sədrinə, parlamentin özünə, siyasi partiya rəhbərlərinə qarşı terror aktları törədilib və bu əməllərin hamısı ciddi nəticə verib. Paşinyan təkcə özünü yox, həm də hakimiyyətini düşünür. Sülhə qısa zamanda imza atarsa başına gələcəklərin fərqindədir. Ona görə də, bir dediyi digəri ilə uyöun gəlmir. Beləcə stiuativ qərarlarla vaxtı uzatmağa çalışır. Vaxtın uzadılması isə Rusiyanın da marağındadır.

Rusiya digər böyük güclərdən fərqli olaraq sahədədir. Ermənistanda hərbi bazası mövcuddur, Qarabağda isə sülhməramlı adı altında fəaliyyət göstərir. Dolayısı ilə digər güclərlə qarşılaşdırdıqda Rusiya rəqiblərindən bir baş üstün görünür. Qarabağ münaqişəsinin əsasını qoyan, münaqişəni lazım gəldikdə alovlandıran, lazım gəldikdə isə yumşaldan rəsmi Moskva problemin asanlıqla çözülməsini istəmir. Rusiya da bilir ki, regionda onu saxlayan tək səbəb problemin varlığıdır. Rusiyanın təsir dairəsində olan regionlara baxdıqda görürük ki, Moskva harda varsa, orda problem var. Bir anlıq düşünək, münaqişə yoxdur. Region dövlətləri inkişaf xətti tutacaq, hərbi xərclər azaldılacaq, iqtisadi göstəricilər, əhalinin rfah səviyyəsi qalxacaq. İndiki məqamda istər Azərbaycan, istər Ermənistan ilk növbədə müdafiə xərclərini düşünür, yeni silahlar almağa çalışır.

Müharibədən sonra Rusiya Zəngəzur dəhlizi ilə bağlı niyyətini açıq şəkildə ortaya qoymurdusa, indiki məqamda bunu gizlətmir. Bəli, Rusiya Ukraynaya hücumla Qərb yolunu bağlamış oldu, şərqə üz tutması qaçınılmazdır. Zəngəzur dəhlizi onlar üçün nəfəslikdir. Yeri gəlmişkən əvvəllər Paşinyan Zəngəzur dəhlizi ilə bağlı neqativ fikirlər səsləndirirdi, açılmayacağını bəyan edirdi. Kişiniyovdakı görüşdən sonra "regional kommunikasiyalar açmağa hazırıq" deyib. Dolayısı ilə deyə bilərik ki, kommunikasiyalarla bağlı məsələnin həlli yaxın tarixdə baş verəcək.

Zəngəzur dəhlizinin açılmasına əsas mane olan tərəf Fransa idi. Çünki Çindən Londona qədər uzanacaq nəqliyyat xətti iqtisadi əlaqələri sürətləndirəcək, daşımaları asanlaşdıracaq, rentabelli olması yol üstündəki ölkələrin inkişafına təkan olacaq. Məsələ ondadır ki, yeni xətt həm də köhnə yolların rentabelliyini aşağı salacaq. Misal üçün Suveyş kanalı. Suveyş kanalında əsas payçılardan olan Fransa ordan itirəcəyini konpensasiya etmək üçün yeni yola göz dikib. Regionda Fransanın tək təsir edə biləcəyi ölkə isə Ermənistandır. Dolayısı ilə Fransa Zəngəzur dəhlizinin açılmaması üçün çox çalışdı. İndiki məqamda Paşinyanın "hazırıq" deməsi o anlama gəlir ki, Rusiya ilə Fransa yol üzərindən uzlaşma əldə ediblər.

Hər bir ölkə regionda öz maraqlarını təmin etmək üçün təmsil olunur. Başa düşməliyik ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında vasitəçi olmağa çalışan ölkələr regionu, regionda yaşayan xalqları yox, öz maraqlarını düşünürlər. Ona görə də, sülh müqaviləsinin imzalanmasında tələsməyə gərək yoxdur. Çünki Azərbaycan sərhəddini şərti də olsa bərpa edib, faktiki olaraq Qarabağı öz daxilinə alıb. Sülhə tələsən, sülhə can atan Ermənistan olmalıdır. Maraqlıdır ki, sülh müqaviləsinə ən çox ehtyacı olan Ermənistan daha çox naz edir.

Rəsmi Bakı masada əlini gücləndirmək üçün sahədə daha çox çalışmalıdır. Azərbaycan sülh danışıqları ilə paralel Qarabağdakı separatçı rejimi sıradan çıxarmalı, qeyri-qanuni silahlıları mülkiləşdirməlidir. Onların Qarabağda varlığı həm sülhə, həm də regiondakı sabitliyə hər zaman təhditdir.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics