20.07.2023

Düşmənçiliyi alovlandıran faktlar: Xarabalıqlar odun üzərinə benzin oldu... - Səxavət Məmməd yazır

Azərbaycan əsgərinin təpiklənməsi videolarına baxdım. Yadıma bir neçə gün əvvəl olmuş bir söhbət düşdü.

Aqil Abbasın kitab təqdimatında Hacı Elməddinlə (Birinci Qarabağ müharibəsində könüllü olaraq 16 yaşından qatılıb, dəfələrlə yaralanıb, Ağdam istiqamətində müharibənin canlı arxivlərindən biridir) ayaqüstü söhbət etdik. Dedi, birgə yaşayışla bağlı verəcəyin suallara cavab verərəm, sonra da sənə sual verərəm ki, yaşaya bilərəm? Əgər mənim verdiyim sualın birinə “hə” cavabı versən, bu ölkədən gedərəm.

Obyektiv olmaq üçün Ermənistana düşmən yox, tərəf yazırıq. Şəxsən mən buna həmişə əməl etmişəm. Çalışıram vəziyyətə kənardan, hətta bölgəyə yad adam kimi yanaşım. Ancaq gerçəklik ondan ibarətdir ki, alınmır, alına bilməz.

İki xalqın arasına qan girib, iki xalq arasında sözün əsl mənasında düşmənçilik toxumu əkilib. O toxum qanla elə suvarılıb ki, çayır kimidir. Qazıb atsan, bir müddət sonra həm yerindən çıxacaq, atdığın yerdə yenə cücərəcək. Deyir, çayırın bir çöpü illərlə quş yuvasında susuz qalır, yerə düşüb su görən kimi yenə cücərir. Ermənilərlə Azərbaycan xalqı arasındakı düşmənçilik də çayır kimidir. Bitər, qurtarar, alınar, düzələr dediyin anda yenidən alovlanır.

Təkcə qandırmı, bu dümənçiliyi alovlandıran? Əsla!

Bir milyona yaxın qaçqın. Çadır şəhərciklərində, vaqonlarda, ümumi tualeti, hamamı olan yataqxanalarda, baxçalarda yaşamışlar, böyümüşlər.

Təkcə çətinliklərdə yaşamaqdırmı, bu düşmənçiliyi alovlandıran? Qətiyyən!

Dağılmış evlər, xarabalıqlar odun üzərinə benzin oldu.

Bəzən deyirdilər ki, indiki nəslin uşaqları döyüşməyəcək, vuruşmayacaq. Müharibə zamanı həmin bivec kimi qələmə verilən uşaqlar döyüşə Xocalının qisasını almağa gedirik deyirdi.

Düşmənçilik genetikamıza oturub. Bir şey ki, millət adı söyüş, təhqir kimi istifadə olunur. Onlar pisə, pisliyə türk deyir. Azərbaycan xalqı da pisə, pisliyə, aşağılığa erməni deyir. Erməni oğlu, erməni kimi. Ən pis şeyin oxşatmasıdır erməni. Bəzi bölgələrimiz var ki, ən ağır sözlərdən biri olan oğraş (illər öncə cinayət məcəlləsində hətta oğraşlıq maddəsi də var idi) sözünü uşağı oynadanda deyirlər, ancaq erməni demirlər. Ana, bacı, söyüşündən sonra bəlkə ən ağır söyüş ermənidir. Təsəvvür edin, Azərbaycan ailəsi Xankəndinə gəzməyə gedir, uşaq getmə deyilən yerə gedir, mütləq şəkildə ailədən biri, “ermənisən, niyə söz eşitmirsən(?)” – deyəcək. Elə ermənilərin içərisində.

Müharibə vaxtı, əsirlərə Beyləqana, Bərdəyə, Gəncəyə, Ağdama salam dedirdirdi Azərbaycan əsgərləri. Bəzi videolar da çıxmışdı. O zaman erməni tərəfi kənarda qalmışdı, Azərbaycandakılar qan-qan edirdi ki, bu beynəlxalq hüquqa ziddir. Hüquq, özü də beynəlxalq hüquq? Varmı? Yaşadığımız dövrdə ən mənasız, ən dəxilsiz, ən yarasız şeydir o beynəlxalq hüquq. Ukrayna-Rusiya müharibəsi başlayana qədər bu cür yanaşmalara haradasa haqq qazandırırdım. Jurnalist obyektiv olar, jurnalist tərəf tutmaz deyən adamlar ukraynalılardan daha artıq ukraynalı oldular. Nəinki dövlətlərin, elə insanların da dostu yox, maraqları olurmuş.

Sentyabr ayında sərhəd toqquşması zamanı erməni hərbçilərinin güllələnməsi videosu yayılmışdı. Az qalsın azərbaycanlılar həmin hərbçiləri məhkəməyə versin. Nəymiş, əfəndim? Beynəlxalq hüquqa ziddir. Lap kobud formada deyəcəm, ölüb öldürmək meydanında hüquq hərliyən olur axı. Yalnız meyitlərin təhqir olunmasına haqq qazandırmıram. Müharibə zamanı mülki həyatda ən sakit, qarışqanı tapdalamayan insanın içindən belə bir canavar çıxa bilir. Bunun onlarca, hətta yüzlərcə misalı, faktı var.

Əsgərin təpiklənməsi videosundan sonra ən çox yazılan şeylərdən biri də bu oldu ki, biz kökəldib göndəririk. Haqsız da deyil bunu yazanlar. Müharibə xaric, Azərbaycan dövləti əsir düşənləri bəsləyib. Bəzən azərbaycanlılara tanınmayan haqlar onlara tanınıb. Beynəlxalq aləm, təşkilatlar bizdən küsməsin, söz deməsin deyərək, mərhəmətli, humanist olduğumuzu dünyaya sübut etməyə çalışmışıq.

İki əsgər yoxa çıxıb. Araşdırılası mövzudur. Öncə vaxtı…! Əsgərlərdən birinin videosu bir neçə gün əvvəl yayılır ki, acdır, yemək istəyir. Guya digəri axtarılır. Necə olur ki, Ermənistan hüquq mühafizə orqanlarının tapmadığı əsgəri, yolla keçənlər tapır. Gülüncdür. Məhz Ermənistan hüquq mühafizə orqanları o əsgəri mülkilərin qabağına atıblar ki, tapdalayın. Qisas alırlar! Armen Gözəlyanın gündəyməzinə dəyən güllənin qisasını Azərbaycan əsgərinin sifətinə vurulan təpiklə çıxırlar.

Deyim nə olacaq? Azərbaycan əsgəri də o qisası başqa cür çıxacaq. Başqaları kimi klaviatura arxasından “qaz vermirəm”, çağırış heç etmirəm. İllərdir bu proses belə davam edir. Reallıq budur.

Münaqişənin qalıqları zamanı bilirsiniz nələr olacaq? Haradasa meşədə bıçaqlanmış meyit, hansısa yolun qırağında güllələnmiş cəsədlər xəbərlərə çıxacaq. Cinayət işləri açılacaq, bəzi qatillər tapılmayacaq, bəziləri tapılacaq, məhkəmələr olacaq…

Kimsə sual verəcək ki, bu nə qədər davam edəcək? Yeni müharibə olmasa, bu prosesləri görənlərin hamısı ölüb bitənə qədər.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics