16.04.2016

Qadın döyüşçü: O döyüşdə 19 erməni öldürdük, hamısının qulağını öz əllərimlə kəsdim - Müsahibə

Yaxşı iş heykəl kimidir, hər yerdən görünər. Həmsöhbətimizin də Qarabağ uğrunda gedən döyüşlərdə atdığı addımlara hansı tərəfdən yanaşsaq bir ad vermək olar-sədaqətdən doğan şücaət.

Bu dəfəki müsahibimiz Milli Qəhrəman Yelmar Edilovun həyat yoldaşı Reyhan Edilovadır.


-Necəsiz, Reyhan xanım?

-Yaşamağa çalışıram.

-Reyhan xanım, Yelmarlı günlərə qayıdaq... Yelmarı döyüşə aparan yol haradan başladı?

-1992-ci ildə Yelmarı xüsusi təyinatlı bölüyə komandir təyin etdilər. Yelmarın batalyonu Ağdam və Ağdərənin kəndlərindən başladı döyüşlərə. Əsgərlərin çoxu könüllülər idi. Mən o vaxt zona prokurorluğunda dəftərxana müdiri işləyirdim. Yoldaşım Yelmar Edilovdan başqa 4 oğlum da döyüşürdü. Qərvənd, Gülçülük ətrafında gedən döyüşlərdə ermənilərə imkan vermədilər ki, oraları işğal etsinlər. Qərvənddə Yelmargil 75 erməni öldürdülər. Gülçülükdə, pambıqlıq deyilən sahədə özüm saymışam ölüləri.Yelmara xəbər çatmışdı ki, ermənilər Qərvəndə pambıqlıq tərəfdən girəcəklər. Yelmar ağacların üstündə pulemyotlarla erməniləri gözləyirdi. Ermənilər orada çox itki verdi.

- Bəs sizi döyüşə atılmağa nə vadar etdi?

-Yelmar 7-ci bölüyə komandir təyin olunandan sonra zona prokuroru Şükür Rzayevin yanına gəldi. Ona dedi ki, Reyhanı öz yanıma aparacağam, mənim dəftərxana işlərimi görsün. Batalyona gəlib dəftərxanada işləməyə başladım. Ancaq adım dəftərxana rəisi idi. Yelmar və 4 oğlumla sürünürdüm.

Qaraqaşlar döyüşündə batalyon mühasirəyə düşmüşdü. Vəziyyət çox pis idi. Uşaqlar hamısı su borusunun içindən o üzə keçmişdi.Yelmarla mən qalmışdım. Ermənilər artıq yaxınlaşırdı. Gördüm ki, Yelmar gah mənə baxır, gah da tapançasına. Hiss etdim ki, məni vurmaq istəyir. Dedi ki, mühasirədir. Bu borudan keçə bilməyəcəksən. Səni öldürməliyəm ki, əsir düşməyəsən. Yalvardım ki, məni öldürmə, keçəcəyəm borudan. Borunun içindən gur su axırdı. Şərtləşdik ki, borudan keçib uşaqlara çatmasam, vur məni. Mən o tərəfə keçəndən 2 saat sonra Yelmar gəldi. Dedi ki, erməni komandirini vurdum.

-Bilirəm ağır sualdır, amma soruşacağam. Yelmar Edilov necə şəhid oldu?

-Yelmar Kərik döyüşündə öldü. Kökəltmə də deyirlər ora. Səhər saat 8-də ratsiya ilə zəng gəldi. Zəng edən briqada komandiri Hacı idi. Dedi ki, Yelmar, ermənilər Kökəltmə tərəfdən hücuma keçiblər.Yelmar bu xəbərdən sonra söylədi ki, uşaqlara döyüş həyəcanı ver. Hər döyüşə getməzdən əvvəl mənə nəsə tapşırırdı. Onun bir adəti var idi. Fikirləşəndə həmişə burnunu tuturdu. Zarafatca dedim, nə olub, yenə burnunu qucaqlamısan? Dedi, Reyhan, batalyonu qoyma dağılsın. Acıqlandım ki, sən elə hər dəfə ölümü arzulayıb gedirsən, bir dəfə də uğurlu bir şey danış. Dedi olan şeydi, neyniyə bilərəm. Qələm- dəftər istədi.Yerli adamlara verdiyi silahların siyahısını yazdırdı ki, it-bat olmasın. Tapşırdı ki, ölsəm bunları al,təhvil ver hökumətə. Mən də getmək istədim, icazə vermədi. Bunlar döyüşə gedəndən sonra dura bilmədim. 

Allahverən adlı sovet sədri (icra nümayəndəsi-r) var idi. Onu çağırtdırdım. Dedim məni apar döyüş gedən yerə. O bildirdi ki, maşınım ağ rəngdədir, ermənilər vuracaqlar. Ratsiya ilə çağırdım, gizir Cavanşir cavab verdi. Dedi vəziyyət çox pisdir. Ermənilər çoxdur, bizə yardım gəlməlidir, ancaq gəlib çıxmır. Oradan Allahverənlə evə qayıtdım. Uşaqlar yemək yeyəndə Ədalətin batalyonundan bir oğlan gəlir onların yanına. Deyir əmi, Yelmara batalyonda hamı əmi deyirdi, sizin qırdığınız erməniləri, vurduğunuz tankları başqa batalyon sayıb siyahıya alır. Yelmar dözməyib gedir ora. O oğlan özü girir səngərə, bu zaman ermənilər Yelmarı qrantomyotla vururlar.

Bir aşbaz qadın var idi, gəlib məndən soruşdu ki, Yelmardan xəbər var? Dedim, yaxşıdır. O gedəndən sonra nəsə şübhələndim. Gizir Cavanşirə zəng elədim, dedi, erməniləri qırmışıq, Kökəltmə bizdədir. Yelmar həmişə deyirdi, mən öləndən sonra adımdan istifadə edən şərəfsizdir. Bir maşın gəldi, məndən soruşdu ki, Yelmar evdədir? Cavab verdim ki, döyüşdə. O bildirdi ki,Yelmar yaralanıb. Ağlım çıxdı başımdan. Kökəltməyə çatanda bir əsgər dedi ki, Reyhan xala, Yelmar əmini ermənilər qrantomyotla vurublar, tikələri səpələnib ətrafa. Qorxudan heç kim ora gedə bilmir. Batalyonda hamı ağlayırdı. Soruşdum, kim məni aparar Yelmarın vurulduğu yerə? Əlağalı kəndindən Zahid var idi, onun oğlu məni apardı ora, oğlanın adı yadımdan çıxıb. Getdim Yelmarın vurulduğu yerə... (Qəhərlənir) Yelmarın 75 tikəsini ədyalın arasına yığdım. Yelmarın tikələrini gətirdik Xındırıstana. Yuyulası deyildi... Tabut düzəltdirib tikələri yığdıq içinə. Bir gün saxladıq Xındırıstanda. Əvvəl dedilər, Xındırıstanda torpağa tapşırılsın. Ancaq həmin gün Heydər Əliyev Firuz Mustafayevi göndərdi ki, Yelmar Edilov Fəxri xiyabanda dəfn ediləcək. Elə o gün Yelmar Edilova Milli Qəhrəman adı verildi. Aprelin 10-u Yelmarın ad günü idi, 11-də şəhid oldu.

-Bu ağır itkidən sonra cəbhəyə qayıtdınız.

-Yelmarın ölümünün 6-cı günü yuxu gördüm. Dedi, nə yatmısan, batalyon dağılır. Yası anamgildə idi. Evimiz yox idi. Deyirdi, sənə Xankəndində ev alacağam. Səhər tezdən durub uşaqlara xəbər etdim ki, gedirik batalyona.Uşaqlar eşidəndə ki, Reyhan xala gəlib hamı qayıtdı- 175 nəfər.

- Necə batalyon komandiri oldunuz?

-Yelmarın yerinə başqa birini qoymaq istəyirdilər. Getdim Nəcməddin Sadıqovun yanına. Dedilər, o ancaq rusca danışır. Salam verdim. Dedi , zdrastuvuy. Soruşdum, dədən var? Dedi: “Da”. Nənən var? Dedi: “Da”. Acıqlandım ki, mənlə öz dilimizdə danış. Dedi, sən danış, mən başa düşürəm. Soruşdum Yelmarı tanıyırsan? Cavab verdi ki, əlbəttə. Bildirdim ki, Yelmarın batalyonuna mən komandir gəlmək istəyirəm. Elə o dəqiqə Nəcməddin Sadıqov ratsiyanı götürüb briqada komandiri Hacıya zəng edib tapşırdı ki, Reyhan Edilovanı Yelmarın batalyonuna komandir təyin et.

-Çıraqlının azad olması haqda danışın.

-Briqada komandiri Hacı mənə zəng edib bildirdi ki, Çıraqlı kəndini azad etmək sənlikdir. 175 nəfəri düzüb dedim, ay uşaqlar, bilirsiniz, Yelmarın qanı harada tökülüb. Kim istəyir ki, Yelmarın qanına erməni ayağı dəyməsin, mənimlə gəlsin. 175 nəfərdən 32 –si qabağa çıxdı. Yerdə qalanlara əmr etdim ki, bizə mane olmayın. Çıraqlının ayaq tərəfində iki hissəyə bölünüb, hücuma keçdik. Qızğın döyüş başladı. Tacir adlı bir əsgər var idi, o bir neçə erməni tankını partlatdı. O döyüşdə 19 erməni öldürdük, hamısının qulağını öz əllərimlə kəsdim. O əməliyyatdan sonra Çıraqlı azad olundu.

- Atəşkəsdən sonra nə işlə məşgul oldunuz?

-Atəşkəsdən sonra Heydər Əliyev şəxsən məni Ağdamın Dördyol qəsəbəsinə icra nümayəndəsi təyin etdi.18 ilə yaxın orada çalışdım. Nizamı Sadıqov icra başçısı təyin olunduqdan sonra, məni işdən çıxartdı. Hazırda nəvələrimlə məşğulam.

-Nəvələrinizdən Yelmarın adını daşıyan varmı?

-Var. Ailəmizdə daha bir Yelmar böyüyür...

Səxavət Məmməd
interpress.az
2014 

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics