6.04.2016

Ağdamdan xəbər var — REPORTAJ + FOTOLAR

Ermənilərin topdan açdığı atəş Ağdamın Baharlı qəsəbəsində 3 evin həyətinə düşüb.
 
Top mərmilərinin düşdüyü ərazidə ölən və yaralananlar olmasa da, evlərə xeyli ziyan dəyib
 
 
 
 
Ölkə.Az xəbər verir ki, aprel ayının 1-i gecə saat 03:00 radələrində cəbhənin Ağdam istiqamətində ermənilər top və minamiyotdan atəş açmağa başlayıb. Azərbaycan tərəfi düşmənin hərbi obyektlərini nişan alsa da, ermənilər tam əksinə yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutub.
 
Ən çox top mərmisinə tuş gələn yaşayış məntəqəsi isə Ağdamın Baharlı qəsəbəi olub. Qəsəbədə 3 evin həyətinə mərmi düşüb.
 
Ölkə.Az-ın reportyor qrupu top mərmisinə tuş gələn evlərdə olub.
 
Öncə Baharlı qəsəbəsi 73 nömrəli evdə olduq. Top mərmisi evin həyətyani ərazisinə, evlə 10 metrlik yerə düşüb. Həyət sulu olduğu üçün partlayış o dərəcədə effektli olmayıb. 73 nömrəli evin yalnız divarları və bir pəncərəsi qırılıb. Top mərmisinin qəlpələri isə yaxınlıqdakı evlərin üzərinə düşüb. Ev sahibi evdə olsa da, xoşbəxtlikdən heç kəsə ziyan dəməyib.
 
73 nömrəli evdən çıxıb, top mərmisinin düşdüyü digər həyətə gedirik.
 
199 nömrəli evin həyətinə düşən topla evin məsafəsi 3-4 metrdir. Düşən top mərmisi 199 nömrəli qarşıdakı evin arasına düşüb. Hər iki evin divarları qəlpədən deşik-deşik olub. Qonşular arasındakı dəmirdən çəkilən hasar isə tamamilə məhv olub. 199 nömrəli evin həyətindəki 2 otaqlı digər yaşayış evi isə top qəlpələrinin dəyməsindən sonra yaşanmaz hala gəlib. Divarın bir tərəfindən girib, digər tərəfindən top mərmisinin qəlpələri evin üst hissəsini də dağıdıb.
 
Ağdam rayon Yusifcanlı kənd sakini, Baharlı qəsəbəsində 199 nömrəli evin sahibi, riyaziyyat müəllimi olan Quliyeva Nəzakət Rza qızı baş verənlərlə bağlı Ölkə.Az-a danışıb:
 
"1 aprel gecə saat 03-də atışma başladı. Tam səmimi deyirəm, həyat yoldaşım, qızlarımla evdə idik, qətiyyən qorxu hissi keçirtmirdik. Qorxmamağımıza səbəb odur ki, görünür ordu ordu ilə döyüşür. Ölüm-itim olar, yaralı olar müharibədə bu normal haldır. Biz haradan bilək ermənilər alçaqca iş görəcək, dinc əhalini atəşə tutacaq. Düzdü alçaqlıq onların xislətində var amma müharibənin qaydasıdır, ordu orduyla döyüşər.
 
Səhərə yaxın pəncərənin qarşısından alov keçdi və dəhşətli gurultu. Yaxşı ki, top mərmisi düşən istiqamətdə nə biz tərəfdə, nə də qonşu tərəfdə pəncərə yox idi. Yoxsa ölən və yaralanan olardı. Özümüz evdən çıxmamışıq, qızlarım qorxdu deyə, qohumların evinə yerləşdirib gəldik. Onlar uşaqdı, müharibə görməyib, ancaq biz odun-alovun içərisində böyümüşük".
 
199 nömrəli evdən ayrılıb top mərmisi düşən digər evə gedirik.
 
Top mərmisinə tuş gələn digər ev isə 305 nömrəli evdir. Top mərmisi 305 nömrəli evin bir neçə metrliyinə düşüb. 305 nömrəli evin həyətinə düşən top mərmisi digər iki evə nisbətən daha çox ziyan vurub. Qonaq otağının bir neçə metrliyinə düşən top mərmisinin ziyan vurmasının əsas səbələrindən biri də evin pencərəli hissəsi istiqamətində düşməsidir. Evin iki pəncərəsi, divarları və iç hissəsi darmadağın olub. Maraqlısı ondadır ki, həmin zaman ev sakinləri evdən bir qədər kənarda, məhlədə atışmanı izləyirmiş. Ev sahibi Ziyəddin bildirir ki, yaxşı ki, hamımız evdən kənarda atışmaya baxırdıq, yoxsa evdən salamat adam çıxmazdı.
 
Ağdam rayon Yusifcanlı kənd sakini Əliyev Ziyəddin Düşkar oğlu 305 nömrəli evin sahibidir. Əliyev Ziyəddin bildirdi ki, hadisə gecə saat 03:00 radələrində baş verdi. Ermənilər bizim tərəfi top atəşinə tutdu, uşaqları yığıb məhlənin digər tərəfinə yığışdıq. Elə o zaman top həyətimizə düşdü. Uşaqları evə gətirmədən qohumların evinə yığdım. Gəlib gördüm ki, ev dağılıb. Bizimkilər onların hərbi obyektlərini vurur, ermənilər isə kortəbii şəkildə top atəşinə tutmuşdu. Onlar elə bilir biz qorxacğıq. Biz Ağdamda güllə altında böyümüşük, bir qardaşım da Əliyev Cəfər Qarabağ müharibəsində şəhid olub. Sadəcə uşaqlardan qorxurduq, onları da qohumların evinə yerləşdirib, işimizlə məşğuluq".
 

Baharlı qəsəbəsində olarkən hər kəsin adi günlərdə olduğu kimi işi ilə məşğul olduğunu müşahidə etdik. Baharlıda həyat davam edir, sadəcə biraz guppultulu...
 
 
Səxavət Məmməd
Ağdam, Baharlı qəsəbəsi
 
 
 
 
 
















































 
 
 
 
 
 
 
 
 
 
 
 

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics