Müsavat Partiyasından qalmaqallı ayrılışından sonra tez-tez ölkə mediasının gündəminə gələn Qubad İbadoğlu Ölkə.Az-ın bugünkü müsahibidir.
Siyasi və elmi fəaliyyəti, şəxsi həyatı barədəki suallarımızı cavablandıran ADR hərəkatının sədri Qubad İbadoğlu ilə geniş müsahibəni saytımızın oxucularının diqqətinə çatdırırıq.
- Salam Qubad bəy, necəsiniz?
- Salam bəy. Hər şey yaxşıdır.
- Bir il Azərbaycandan uzaqda yaşadınız və sonradan vətənə geri döndünüz. Adaptasiya olmaq çətin olmadı?
- Həyatımın böyük hissəsini Azərbaycanda yaşamışam. ABŞ-a gedəndə də çətin olmur. Bir-iki gün təsir edir. Saat dəyişikliyi və iqlim dəyişikliyi. Bir də yol yorğunluğu olur. Ondan sonra hər şey qaydasına düşür. ABŞ-da ailəmlə birlikdə idim. Bakıya gələndən sonra görürəm ki, uşaqlar əziyyət çəkirlər, gündüzlər də yatırlar. Hələ yerli şəraitə tam uyğunlaşa bilməyiblər.
- Müsavat Partiyasının qurultayından bir müddət sonra Azərbaycandan getdiniz. Müsavat Partiyasının başqanı seçilməməyiniz buna səbəb oldu? Başqan seçilsəniz qalardınızmı?
- Təbii ki, Müsavat başqanı seçilsəm qalardım. Müsavat başqanı seçilsəydim yəqin ki, belə uzunmüddətli səfərləri qəbul etməzdim. Bu o demək deyil ki, fəaliyyətimizi ancaq Azərbaycanda davam etdirməliyik. Beynəlxalq səviyyədə də bizim görə biləcəyimiz işlər var. O baxımdan qısa müddətli səfərləri həmişə dəyərləndirmək lazımdır və həmin səfərlərdə iştirakı məqsədə uyğun hesab edirəm. Təbii ki, bu səfərim planlaşdırıldığı kimi olmadı. Əslində 5 aylıq bir səfərə getmişdim. Bu səfər həqiqətən hər bir partiya sədri, hərəkat rəhbəri və yaxud QHT təmsilçisi üçün çox faydalı bir səfər idi. Hesab edirəm ki, heç bir partiya sədri və ya hərəkat sədri bundan imtina etməzdi. Çünki o səfərin verdiyi faydaların, xüsusən də siyasətçilər üçün əhəmiyyəti kifayət qədər çoxdur. Bu səfər imkan verir ki, ABŞ-ın siyasi həyatı ilə tanış olasan, dövlət orqanları ilə təmasda olasan. Eyni zamanda ABŞ-da yerləşən beynəlxalq nüfuzlu analitik mərkəzlərdə siyasi ekspertlərlə müzakirələr aparasan. Bütün bunlar həmişə baş vermir, belə şanslar həmişə olmur. Ona görə də, düşünürəm ki, əgər belə bir səfərə imkanları olsa, digərləri də gedə bilərdi.
Bu səfərdə fərdi dəvətdən söhbət gedir. Bu proqramda dəvət fərdidir və buraya hər bir şəxsi dəvət etmirlər. Səfər çərçivəsində qlobal səviyyədə dünyadan 6 nəfər dəvət almışdı. Səfər müddətində ümumi proqramlarımız və görüşlərimizlə yanaşı, fərdi görüşlərimiz də var idi. Proqram kifayət qədər nüfuzlu idi və konqres maliyyələşdirirdi. Proqram bitəndən sonra başqa bir dəvət oldu. Dövlət departamentinin xətti ilə DUKE Universitetindən təklif aldım və növbəti 6 ay ABŞ-da qaldım. Bütövlükdə 1 il ərzində 2 proqramım yekunlaşdı. Birinci proqramın daha çox siyasi nöqteyi nəzərdən faydaları oldu. İkinci proqramsa həm peşəkar, həm də elmi-pedoqoji inkişafım üçün çox əhəmiyyətli və dəyərli idi.
- Artıq Azərbaycandasınız. İşlərinizi burada davam etdirməlisiniz.
- Təbii.
- Hansı planlarınız var? Həm hərəkat sədrisiniz, həm də İqtisadi Tədqiqatlar Mərkəzində çalışırsınız.
- İqtisadi Tədqiqatlar Mərkəzində ekspert kimi çalışıram. İqtisadi Tədqiqatlar Mərkəzi hal-hazırda fəaliyyətini dayandırıb.
- Səbəb?
- Mən burada olmayanda İqtisadi Tədqiqatlar Mərkəzinin problemləri daha da artdı. Bildiyiniz kimi mərkəzin ofisində Baş Prokurorluq reyd keçirdi. Mərkəzin ofisində avadanlıqları, texnikanı, kompüterləri və digər texniki avadanlıqları götürdülər. Bütün bunlarla yanaşı, maliyyə və kargüzarlıq sənədlərini götürdülər. Maliyyə və kargüzarlıq sənədlərimiz hələ də prokurorluqdadır. Biz onları geri ala bilməmişik. İqtisadi Tədqiqatlar Mərkəzinin bank hesablarından 1 il 9 aydan sonra həbs götürüldü, ancaq bank hesabında olan vəsaitlərdən istifadə məhduddur. Problem qalır. Bank hesablarından istifadə üçün biz yenidən Ədliyyə Nazirliyinə müraciət etməliyik. Bizim köhnə qrantların qeydiyyatı ilə bağlı bildiriş almalıyıq. Bu gün sənədlər bizdə olmadığı üçün Ədliyyə Nazirliyinə müraciət etmək imkanlarına da malik deyilik. O dövrdə vergi borcları ilə bağlı, Vergilər Nazirliyinin iştirakı olmadan prokurorluq özünün apardığı heç bir əsası olmayan, heç bir yoxlama olunmayan bir proses nəticəsində vergi cəriməsi tətbiq etmək üçün Vergilər Nazirliyinə müraciət etdi. Hal-hazırda vergi cəriməsi ilə bağlı da problemlər qalır. İqtisadi Tədqiqatlar Mərkəzinin düşdüyü bu vəziyyətdə biz artıq onun fəaliyyətini bərpa etmək üçün resurslara malik deyilik. İşləmək imkanlarımız yoxdur. Ona görə də, daha çox müstəqil ekspert kimi fəaliyyət göstərirəm. Mərkəz adından bizim tədqiqatlarımız kifayət qədər fundamental və hərtərəfli istiqamətlərdə gedirdi. Bu gün təəssüf ki, heç bir tədqiqat, araşdırma aparmaq, eyni zamanda lazım olan istiqamətdə tövsiyyələr hazırlamaq imkanlarına malik deyilik.
Azərbaycan Demokratik Rifah hərəkatı hazırda ən çox vaxt ayırdığım, məşğul olduğum təşkilatdır. Hərəkatın fəaliyyəti üçün yenə də problemlər yaradılır. Ədliyyə Nazirliyinə dövlət qeydiyyatından keçmək üçün 2 dəfə müraciət etməyimizə baxmayaraq Ədliyyə Nazirliyi imtina edib. Artıq üçüncü dəfə sənədlərimizi hazırlayırıq. Qeydiyyata almamaq üçün hər dəfə də texniki səbəblər göstəriblər. Hiss olunur ki, bunun arxasında siyasi qərar var. Çalışırlar ki, hərəkatı qeydiyyata götürməsinlər. Hərəkat ictimai birlik formasında müraciət edib. Bu siyasi partiya və hərəkat deyil. Bu baxımdan da ictimai birliklərin qeydiyyatı haqında qanununa müvafiq olaraq sənədlərimizi hazırlayıb təqdim etmişik. Təəssüflər olsun ki, hər dəfə ay yarımdan sonra imtina cavabı almışıq. Hərəkatın təşkilatlanması istiqamətində fəaliyyətimiz davam edir. Hazırda rayonlara səfər edirik. Yerlərdə təşkilat üzvləri ilə görüşürük. Eyni zamanda növbəti dövr üçün fəaliyyət proqramının icra vəziyyətini yoxlayırıq. Çünki fəaliyyət proqramında əsas məsələlərdən biri təşkilatlanma, şəbəkələnmə, profilləşmədir. Bunu rayon səviyyəsində həyata keçiririk. Mərkəz səviyyəsində əsas işimiz Ali Məclisin növbəti toplantısına hazırlaşmaqdan ibarətdir. May ayının əvvəlində tədbir keçirəcəyik və Ali məclisin strukturlarını formalaşdıracağıq. Komissiyalarını yaradacağıq. Hər bir komissiya öz istiqaməti üzrə proqram və konsepsiyaların işlənməsinə cəlb olunacaq. Yaxın dövr üçün planlarımız bundan ibarətdir.
Bilirsiniz ki, mən həm də Mədən Sənayesinin Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq idarə heyətinin üzvüyəm. Ona görə də, fəaliyyətim yalnız Azərbaycandakı işimlə məhdudlaşmır. Həm də beynəlxalq səviyyədə, region səviyyəsində fəaliyyət göstərirəm. Təşkilatda Avrasiyanı təmsil edirəm. Öhdəliklərim var. Bu baxımdan da vaxtımın bir hissəsini Avrasiya regionunda Mədən Sənayesinin Şəffaflıq Təşəbbüsü məsələsinə həsr edirəm. Bununla bağlı da müəyyən səfərlər olur. İyunun 1-də idarə heyətinin növbəti toplantısı Oslo şəhərində olacaq. Toplantının gündəliyinə Azərbaycan məsələsini də daxil etmişik. Azərbaycanın son bir ildə bu təşəbbüs çərçivəsində götürdüyü öhdəliklər var. Həmin öhdəliklərin qiymətləndirilməsi növbəti idarə heyətinin gündəliyində duran əsas məsələlərdən biridir. Bilirsiniz ki, Azərbaycan bir il bundan əvvəl vətəndaş cəmiyyətinin prosesdə iştirakında məhdudiyyətlərə görə öz statusunu itirib. İndi statusun bərpa edilməsi yönündə işlər gedir. Bu bir başlanğıcdır. Hazırki vəziyyətdə düşünürəm ki, Azərbaycanın statusunun qaytarılması yetərli ola bilər.
Beynəlxalq səviyyədə işim davam edir. Mədən Sənayesinin Şəffaflıq Təşəbbüsü təşkilatında 8 ölkənin təmsilçisiyəm. İdarə heyətində çox vacibdir ki, Azərbaycanı təmsil edim. Yeri gəlmişkən, Azərbaycan məsələsində yalnız özünün öhdəliklərinin müzakirəsi deyil, gələcəkdə Ermənistanın da bu təşəbbüslə qoşulması gözlənilir. Biz bunu da diqqətdə saxlayırıq. Ermənistanın bu təşəbbüsdə iştirakı ilə bağlı bizim görə biləcəyimiz işlər var. Ermənistanın bu təşəbbüsdə iştirakına qarşı qoyulacaq müəyyən şərtlərimiz var. Bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk.
- Prezident əvf sərəncamı imzaladı. Arif Hacılının 2 müavini həbsdən çıxdı. Xüsusilə Tofiq Yaqublu həbsdən çıxandan sonra AXCP-yə barışıq üçün səsləndi, ancaq Müsavatdan çıxanlar və çıxarılanlara səsləniş olmadı.
- Tofiq bəy o istiqamətdə müəyyən təkliflərə malikdir. Bizə təkliflər edib, müzakirə etmişik, ancaq bu gün əsas məsələ Müsavatın daxilindəki demokratiya məsələsidir. Bu yalnız Tofiq bəyin təşəbbüsü ola bilməz. Hesab edirəm ki, bu təşəbbüsü dəyərləndirmək üçün təşkilatın özünün daxilində müəyyən müzakirələr, demokratik qərarların qəbulu proseduru olmalıdır. İndiki halda Tofiq bəyin barışdırıcı missiyası məqbuldur, ancaq bunun proseduru, mexanizmi olmalıdır. Əslində o zaman Müsavat Partiyasının qurultayından sonra əsas tələblərimizdən biri o idi ki, Müsavat Partiyası yenidən qurultay keçirsin, yenidən azad və ədalətli seçki vasitəsi ilə özünə rəhbər seçsin. O zaman biz növbədənkənar qurultayın çağırılması ilə bağlı fəaliyyətə başlayanda, məni və tərəfdarlarımı partiyadan çıxardılar. Çünki onlar öz zəifliklərini bilirdilər. Bilirdilər ki, yenidən növbədənkənar qurultaya getsələr, bu qurultayda dəstək qazanmayacaqlar. Bundan sonrakı dövrdə birgə fəaliyyətin yeganə mexanizmi ondan ibarətdir ki, növbədənkənar qurultay olmalıdır. Əgər buna iradələri çatırsa, növbədənkənar qurultay keçirsinlər. Bu zaman nəyisə müzakirə edə bilərik. Hələ ki, bu məsələ gündəmdə deyil. Əslində Müsavat məsələsi bizim üçün geridə qalan bir məsələdir. Biz geriyə baxmaqla gələcəyi görə bilmirik. Ona görə də, geriyə baxmaq niyyətində də deyilik. Gələcək Aydındır. Azərbaycanın gələcəyini Azərbaycan Demokratik Rifah Hərəkatının fəaliyyətində görürəm. Hesab edirəm ki, bu hərəkat Azərbaycanın gələcəyi üçün daha önəmlidir və daha böyük faydalar verə bilər.
- Azərbaycan Demokratik Rifah Hərəkatının üzvlərindən bir çoxu mediaya açıqlamasında hərəkatın partiyaya çeviriləcəyini deyir. Siz necə düşünürsünüz?
- Bizim fəaliyyət proqramımız 2016-cı il üçün qəbul olunub. Bu il üçün hərəkatın partiyaya çevrilməsi məsələsi nəzərdə tutulmayıb. Əgər növbəti ildə belə bir təşəbbüs, təklif olunacaqsa və üzvlər buna dəstək verəcəklərsə, hərəkatın rəhbər orqanlarında bunu müzakirə edib qərar qəbul edərik. İndiki halda mətbuatda belə bir müzakirələr gedir, bu mətbuat üçün maraqlı bir mövzudur. Ancaq bizim görüşlərimizdə, o cümlədən, rəhbər orqanlardakı müzakirələrdə bu məsələ gündəlikdə deyil. Hesab edilir ki, indiki dövr siyasi partiyaya transformasiya üçün əlverişli deyil. Çünki Azərbaycanda siyasi partiyaların böhranı var. Hərəkat daha böyük formatdır. Biz bu hərəkat çərçivəsində fəaliyyətimizi davam etdirmək niyyətindəyik.
- Ötən il Azərbaycanda 2 dəfə devalvasiya baş verdi. Son zamanlar daha bir devalvasiyanın ola biləcəyi deyilir.
- Hazırda mövcud məzənnə siyasəti yenidən devalvasiya baş verəcəyi barədə əsaslar yaratmır. Çünki dövriyyədə geniş mənada pul kütləsini məhdudlaşdırıblar. Çox sadə bir proses baş verib. Əhalidə və biznes strukturlarında nə qədər manat olub, hamı dollara dəyişib. Dollar satan banklar əhalidən manatları yığıb və həmin o manatları Mərkəzi Banka verib, dollar alıb. Mərkəzi Bank manatı alıb ambarlara yerləşdirib. İndi dollar manat mübadiləsi pozulub. Çünki dollar manat mübadiləsini əvvəlki səviyyəyə qaytarmaq üçün gərək təkrar olaraq manata ehtiyac yaransın. Hələ də bu proses baş vermir. Ölkədə manat qıtlığı var. Bu da işgüzar aktivliyi məhdudlaşdırıb, alıcılıq qabiliyyətini aşağı salıb. Bu baxımdan da devalvasiya məsələsi hazırki dövrdə gündəmdən çıxıb. Bu proses uzun müddətli davam edə bilməz. Bunun davam eləməsi həm də ümumdaxili məhsulun tənəzzülünü sürətləndirəcək. Artıq bilirik ki, birinci rübün nəticələrində 3,5%-lik enmə var. Bu iqtisadiyyatı daha da kiçildəcək. Bu siyasət bir tərəfdən manatın möhkəmlənməsinə xidmət edirsə, digər tərəfdən də Azərbaycan üçün çox vacib olan iqtisadi artımı saxlayıb, iqtisadi tənəzzülü şərtləndirib. Hesab edirəm ki, yalnış siyasətdir. İstənilən halda bu siyasət davam edir. Bu siyasət çərçivəsində yeni siyasətdən danışmağa dəymir.
- Son baş verən proseslərdə Azərbaycanda idiniz. Qarabağda yenidən döyüşlər başlamışdı. Bir neçə uğurlu əməliyyat oldu və sonradan dayandırıldı.
- Bir neçə nəticələr əldə etdik. Birincisi, o bilindi ki, ermənilər hərbi cəhətdən zəifdir. Bəlli oldu ki, Azərbaycan ordusu işğal olunmuş torpaqlarını geri qaytarmağa qadirdir. Hesab edirəm ki, bu kifayət qədər ciddi bir nəticədir. İkincisi, Azərbaycanda fədakarlıq, həmrəylik Qarabağın qaytarılması uğrunda səylər ictimai səviyyədə genişləndi. Hətta biz o dövrdə şəhidlərimizi toyla, bayramla qəbul etdik. Eyni zamanda, başa düşdük ki, şəhidlərsiz torpaqlarımızı azad edə bilməyəcəyik. Həmin zamanda həm də bir fədakarlıq gördük ki, hər bir Azərbaycan vətəndaşı vuruşmağa, döyüşə getməyə, hətta şəhid olmağa hazırdır. Bunlar müsbət tərəflər idi. Üçüncüsü, gördük ki, Azərbaycan öz ərazisini işğaldan azad etmək üçün müharibə apararsa, Azərbaycana Rusiyadan başqa beynəlxalq aləmdən ciddi təpkilər olmayacaq. Beynəlxalq səviyyədə böyük dövlətlər bu məsələdə ya susdular, ya da Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər.
Təəssüf ki, mənfi tərəflər də oldu. Mənfi nəticə ondan ibarət idi ki, gördük ki, Rusiya hələ də bu bölgədə güc sahibidir. Rusiya bizim xoşməramlı, öz torpaqlarımızı azad etmək istiqamətində fəaliyyətimizə əngəllər törədir. Azərbaycan ordusunun geri çəkilməsində Rusiyanın rolunu müşahidə etdik. Bu təbii ki, bizi təəssüfləndirdi.
- Son proseslərdə müxalifətlə iqtidarın birliyi müşahidə edildi. Ancaq əməliyyatlar dayandırılandan sonra xoşa gəlməyən hallar baş verdi.
- Əslində Qarabağda hərbi əməliyyatlar davam edərdisə Azərbaycanda hamı bir həqiqəti qəbul edirdi ki, bu qədər şəhidin olması mümkündür. Çünki Azərbaycan öz torpaqlarının azad olması üçün vuruşur. Bu proses də qəbul olunan idi. Artıq görəndə ki, bu əməliyyatlar başlayır və qısa müddət sonra dayanır və əməliyyatların dayandırılmasında başqa ölkələrin təsiri görünür, onda insanlar öz mövqelərində dəyişiklik etdilər. Müəyyən nəticələr var, yüksəkliklər əldə olunub və ordumuz orada istehkamlar qurub. İstənilən halda, niyə bu qədər şəhid oldu sualı sülh dövrünün sualıdır. Müharibə davam etsə idi, bu suallar bu günlərdə bu qədər aktual olmayacaqdı. Çünki yüksələn xətt üzrə fədakarlıq davam edirdi. İnsanlar özü də hər hansı yolla olursa olsun, bu prosesə dəstək olmağa hazır idi.
Hiç yorum yok:
Yorum Gönder