9.04.2016

Ellada Umudlu: Təcavüzkarların anasını ağlatmışıq, düz etmişik - Müsahibə

Ellada Umudlu, hər kəs bu xanımı AzTV-də yayımlanan "Səngər" verlişindən tanıyır. Ellada Umudlu təyinatla 10 il “Dövlətnəşrkom” sistemində işləyib. 1993-cü ilin noyabr ayının 24-də AzTV-də Hərbi vətənpərvərlik şöbəsinin müdiri kimi işə başlayıb. 2005-2006-cı illərdə iflic keçirməsi ilə bağlı yataq xəstəsi olub. 2007-ci ildə işdən ayrılıb. Atəşkəsə qədər 11 dəfə müharibədə, döyüş meydanlarında çəkiliş edib. Qarabağ müharibəsi veteranıdır. AzTV-də çalışdığı illərdə yayımlanan "Səngər" verlişinin həm müəllifi, həm də aparıcısı olub. Bu illərdə Ellada Umudlu hər ay ən azı 3-4 dəfə ön cəbhəyə ezam olunub. Səngərlərimizi qarış-qarış tanıyır… Hazırda ali məktəbdə pedaqoji fəaliyyətlə məşğuldur.

Aprel ayının 1-dən başlayaraq cəbhədə qızğın döyüşlər başladı. Səngərdə ordumuz, informasiya məkanında isə jurnalistlərimiz ermənilərlə müharibə aparır. İnformasiya müharibəsi və cəbhə bölgəsinə yollanan jurnalistlərin necə işləməsi ilə bağlı ömrünün 14 ilini səngərlərdə əsgərlərimizlə reportajlarda keçirən Ellada Umudlu fikirlərini bizimlə bölüşdü.
Ölkə.Az Ellada Umudlu ilə müsahibəni sizə təqdim edir.
- Salam. Necəsiniz?
- Salam, oğul, yaxşıyam, bir az da küskünəm. Cəbhədə baş verənlərlə bağlı ayın 4-də Ali Baş Komandanımıza da, müdafiə nazirimizə də müraciət etdim. Heç bir cavab almadım. Sidq ürəklə ön cəbhədə olmaq istərdim ki, hansısa bir oğlumuzun əvəzində güllə mənə dəyərdi…
- Bəzən cəbhədə gedən proseslərlə bağlı bilərəkdən və ya bilməyərəkdən yalnış informasiyalar yayan media qurumlarımız oldu.
- Əgər bu gün torpağımızda müharibə gedirsə, ön cəbhədə ordumuz, arxa cəbhədə isə biz jurnalistlər qələmimizlə düşmənlə haqq işimiz uğrunda mübarizə aparırıqsa, “Mən” sözü önə keçməməlidir. Yəni hər gördüyümüzü, hər eşitdiyimizi “Hamıdan birinci mən deyim” naminə oxucuya, tamaşaçıya təqdim etməməliyik. Bu ölüm-dirim savaşında ön cəbhə ilə bağlı nə yazsaq, efirdə hansı kadrı göstərsək, milli mənafeyimizi, dövlətimizin, ordumuzun, xalqımızın mənafeyini önə çəkməliyik. Yoxsa hər yüksəkliyin vəziyyətini, hər səngərin görüntüsünü, hərbi sirr sayılan reallıqları yayımlasaq, onda düşmən kəşfiyyatına kömək etmiş olarıq ki?! Yəni, biz sosial şəbəkələrdə yayımladığımız hər bir informasiyanı, hər bir görüntünü, reallığı özümüzdən əvvəl düşmənin gözü ilə oxumalı, düşmənin gözü ilə yazdığımıza qiymət verməliyik. Əgər erməni nəzəri ilə oxuduğumuz, gördüyümüz məlumat bizi kədərləndirərsə, onda o məlumatları yazmağa, yaymağa, paylaşmağa dəyər. Yoxsa əlimizə keçən hər materialı əlüstü yazaraq paylaşım ediriksə, düşmənin dəyirmanına su tökmüş oluruq.
Təxminən 19-20 ilin söhbətidir. İşğal altında olan rayonlarımızın bizdə olan kəndlərindəki mövqelərimizdən “Səngər”in növbəti sayını hazırlamağa getmişdik. Verilişin müəllifi və aparıcısı mən, rejissoru Taleh İsmayıl, operatoru rəhmətlik Səyyad Məmmədov idi. Hərbi hissəyə qayıtdıqda yüksək rütbəli, dilimizdə demək olar ki, danışa bilməyən bir nəfər bizə belə bir irad tutdu ki, “…mən Azərbaycan kanallarına baxıram, heç bir kanal tamaşaçıya doğru-düzgün məlumat vermir, efirdə ancaq yaxşı şeylər göstərilir. "Noxsanlar" yox…samokritika yox”.
Sonra da əlində tutduğu qəzeti açdı və bizə bir yazı göstərib “Material belə olar”- dedi. “Bu yazıda reallıq var, reallıq” Qəzeti alıb “real” yazıya baxdıq. Məqalə təxminən belə başlayırdı: “Saat “x”da Bakıdan çıxdıq. “X” rayonuna Bakıdan düz “x” kilometr idi. Saat “x” da “X” rayonuna çatdıq. “x” nömrəli korpus rayondan “x” kilometr məsafədə, sağda yerləşirdi. Əvvəllər bu binada “x” idarəsi yerləşib. Biz “x” yerdəki təchizat anbarına da baş çəkdik. Orada qış üçün “x” sayda əsgər çəkməsi, “x” qədər sursat, ərzaq və s. vardı”
Qəzeti yiyəsinə qaytarıb dedim ki, kaş elə hər kəs gördüklərini, çəkdiklərini efirə bizim kimi versin, ancaq düşmənə kəşfiyyat xarakterli bu qədər təsadüf edilir.
- Bu son günlər baş verən müharibə olaylarında bəzi sosial şəbəkələr Müdafiə Nazirliyinin mətbuat xidmətini operativ məlumat yaymamaqda qınadılar. Necə düşünürsünüz, belə məqamlarda necə hərəkət etmək lazımdır?
- Bəlkə dediklərim çoxlarının xoşuna gəlməyəcək, ancaq dediyimin üstündə dururam. Müdafiə Nazirliyində işləyən şəxslər dövlətimizin təmsilçiləridir. Ordu dövlətin onurğa sütunudur. Ordunun yerinə yetirdiyi hər bir tapşırığın, hər bir vəzifənin mahiyyətini Ali Baş Komandanımız, müdafiə nazirimiz bilir. Odur ki, ordu hər yetən tərəfindən müzakirəyə qoyulmamalıdır. Bizim bilmədiyimiz şeylər ola bilər. Bəlkə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin bu gün mediaya vermək istəmədikləri xəbərlər elə dövlət sirridir ki, onu yayımlasalar, bu, düşmənin xeyrinə olar. Deyirlər, itkilərimiz barədə dəqiq məlumat yaysınlar. Biz itkilərimizi deyib niyə düşməni sevindirməliyik? Onsuz da biz erməni deyilik ki, itkilərimizi ört-basdır edək, xalqdan gizlədək. Biz şəhidlərimizi dəfn edirik, sahibinə çatdırırıq. Ancaq itkilərimizin sayını bu gün də deməyin əleyhinəyəm. Bu gün səbr etməliyik. Bu günlər mediamız tələsməkdənsə, tələsməməyə üstünlük versinlər. Elə bir məlumat ola bilər ki, hansısa media qurumu onu tez və dəqiq əldə edər, tələsib verər, ancaq sonradan o məlumat bizim dövlətin əleyhinə çevrilər.
- Son hadisələrdə mülki əhali ilə əsgərlərin vəhdətini gördük. Əsgərlərimiz onlara dəstəyin olmasını görəndə çox sevinirdilər.
- Arxa cəbhədən səngərə gedən vətən təəssübü çəkən hər bir kəs, əsgərlər üçün böyük ruh yüksəkliyi verir. İllərlə buna şahid olmuşam.
- Cəbhədə son baş verən müharibə zamanı siz Bakıda olmusunuz. Bakıdakı ab-hava necə idi?
- Ciddi deyirəm, son bir həftədə gördüyüm ab-hava 24 ildən bəri arzuladığım ab-hava idi. Hamıda bir birlik havası var idi. Hamıda bir yumruq olmaq ab-havası vardı, böyüklü-kiçikli sanki hamı çəkici bir zindana vurmağa köklənmişdi. Bunu gözümlə görüb, hiss etdim.
- Hadisələr zamanı mediamızı izləmisiniz. Bu dəfə razı qaldınız?
- Yenə də, tam yox. Ümumilikdə yenə də razı qalmadım. Yazılarda mətnaltı sözlərdən istifadə edirdilər. Belə məqamlarda kimlərəsə söz atmaq lazım deyil Hansısa bir azərbaycanlı hansısa bir xarici ölkədə nədəsə günahkar çıxıbsa, bunu bu kəsəkəsdə çoxmu ehtiyac var yayımlamağa?
Belə bir söz var, deyir, dostluğumuz dost yerində, düşmənçiliyimiz düşmənçilik yerində, ancaq gəl bu yükü birləşib dağa qaldıraq.
Bu gün çiynimizdə Qarabağ yükü var. Bəzi gənclərimizi qınamıram. Onlar müharibəni görməyib, necə başladığını bilmir. Əslində ötən əsrin 80-ci illərinin sonundakı Qarabağ müharibəsi 1987-ci ilin payızında Aqembekyanın “Humanite” qəzetinə müsahibəsində “Dağlıq Qarabağ bizimdir, biz dənizdən dənizə böyük Ermənistan yaradacağıq” dediyi gündən başlayıb.
- Jurnalistlərin hərbi sahədə təkmilləşməsi üçün nə etmək lazımdır?
- Kimsə mənimlə razılaşmaya bilər. Hərbi jurnalist deyilən insan üçün müəyyən şərtlər qoyardım. Hərbi jurnalistin atası da, anası da azərbaycanlı olmalıdır. Əgər birinin anası ermənidirsə, atası azərbaycanlıdırsa, ondan hərbi jurnalist olmayacaq. Süd var. O erməni südünü əmib gəlib dayısına güllə atacaqmı, ya erməninin əleyhinə yazacaqmı? Cürbəcür dinlərə, təriqətlərə xidmət edən adamın nə hərbidə, nə də hərbi jurnalistikada işi yoxdur. Sonra…hərbi jurnalist dilimizi gözəl bilməlidir. Adi bir söz başqa çalar verə bilər. Ən azı hərbi terminləri bilməlidirlər, hərbidən anlayışları olmalıdır. Bu gün hərbi sözünün nə olduğunu bilməyən bəzilərini tanıyıram ki, haradansa hərbi forma tapıb, geyinib əyninə, əlinə mikrofon alıb, gedib 1-2 əsgərlə şəkil çəkdirib gətirib saytlarda yayımlayır. İldə də bir-iki dəfə din dəyişib. Belələrini orduya hərbi jurnalist adı ilə buraxmaq təhlükəlidir.
- Elələri var heç əsgər getməyib gəlib ağıllı - ağıllı hərbidən yazır.
- Bu gün o qədər hərbidən yazanlar var ki, əsgərlik çəkməyib. Əsgərlik çəkməyən adam əsgərdən necə yaza bilər? Səngər görməyən, səngərin nə olduğunu bilməyən adam səngərdən, döyüşdən nə yaza bilər?
- 1993-cü ildən əsgərlərlə bir yerdəsiniz. Yəqin son zamanlar da əsgərlərimizdən xəbəriniz var.
- Var. Ardıcıl olaraq 3 oğlum əsgər olub. Açığı, heç birinin yanına getməmişəm. İllərlə səngərdə olmuşam, ancaq oğlanlarım əsgər gedəndən mən də sanki mənən onlarla birgə əsgərlik çəkdim. Hər yemək çəkəndə onların da payını çəkirdim mexaniki… Oğlu xidmətdə olan anaların hamısı xidmətdədir...
- Ordumuz 1993 və 2016.
- Çox böyük fərq var. Dəyişilməyən bir şey var, pafos üçün demirəm, qeyrətli oğlanlarımızın vətən təəssübü! 1993-cü ildə səngərdə, döyüş meydanında gördüyüm oğlanların çoxu bu gün həyatda yoxdur. Bəzən deyirlər, 1993-94-cü illərdə ordumuz zəif idi. Bu fikrin əleyhinəyəm. 1993-1994-cü illərdə də ordumuz var idi, ruh yüksəkliyi də var idi. Həmin ordumuz təşəkkül tapa-tapa gəlib bugünkü ordu səviyyəsinə çatıb. O ordunun ki, bu gün ordumuzun adı gələndə artıq erməninin ali baş komandanı da quyruğunu qısır. Birdən-birə nizami ordu yaranmır. İstər 1993-cü il olsun, istər də 2016-cı il olsun, ön cəbhədə bu gün dayanan əsgər, o gün dayanan əsgərin davamçısıdır. Fərq ordumuzun təşəkkül tapmasında, nizami orduya çevrilməsindədir. Fərq ondadır ki, bu gün Sarkisyan deyir, bizim ağlımıza da gələ bilməzdi ki, Azərbaycanda belə sivil silahlar var. Adamda gərək ağıl olsun ki, onun ağlına ağıllı şeylər gəlsin. Ağlı olan prezident özgə torpaqlarında aparıb öz millətini qırdırarmı? Sarkisyan hələ çox təəccüblənəcək.
- Bir müddətdir ki, hərbi jurnalistikadan uzaqlaşmısınız.
- Cismən. Mənən hər zaman səngərdəyəm.
- Son hadisələrlə bağlı daha nə deyərdiniz?
- Biz heç kəsin torpağına girməmişik. Bizim sərhədimiz pozulub. Biz heç kəsin dövlətinə təcavüz etməmişik. Bəziləri yazmağa başladı ki, ermənilərin anaları ağlayır, narazılıq edir. Erməni anası ilə bizim düşmənçiliyimiz yoxdur. Bizim düşmənimiz təcavüzkarın anasıdır. O təcavüzkarın anası ki, bu gün özünü yazıq donda göstərir ki, mənim oğlum ölüb.
Xeyir, sənin oğlun durduğu yerdə ölməyib, sənin oğlun mənim torpağımda ölüb. Mənim torpağıma təcavüz etdiyi üçün ölüb. Sən erməni anası deyilsən, sən erməni təcavüzkarının anasısan. Sən xalq adını çəkmə. Bu gün erməni təcavüzkarı var, erməni xalqı yoxdur. Xalq sözünü erməniyə bulaşdırmayaq. Biz bu gün erməni anasının balasını öldürməmişik, biz Xocalıda hələ doğulmamış türk övladını öldürən erməni təcavüzkarlarını, qəsbkarlarını öldürmüşük. Belələrini doğana isə ana demirlər, başqa şey deyirlər. Təcavüzkarların anasını ağlatmışıq, düz etmişik. Torpağımıza susadıqca, yenə də öldürəcəyik.
Səxavət Məmməd
Fotolar: Nurlan Gülməmmədov
Ölkə.Az

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics