Çox düşünürdüm ki, nə üçün Azərbaycana qarşı ikili standartla yanaşırlar, niyə haqlı olduğun halda həmişə haqsız vəziyyətə düşürsən. Dünən bir tədbirdə bunun əyani şahidi oldum.
Ötən gün Bakı şəhərində təhlükəsizlik sahəsinə həsr olunmuş bir tədbir keçirilirdi. Tədbirdə Litva səfirliyinin nümayəndələri və Slovakiyadan olan mütəxəssislər iştirak edirdilər. Azərbaycandan isə 3 deputat, hərbi ekspertlər və təhlükəsizlik sahəsindən yazan jurnalistlər iştirak edirdi.
Söz verildi deputatlardan birinə. Deputat zaldakı nümayəndələrin əcnəbi olduğunu görən kimi dərhal hücum diplomatiyasına keçdi. Litvadan və Slovakiyadan olan nümayəndələrin üzlərini uşaq kimi danlamağa başladı: “Fransa imperialistdir, Fransa ermənipərəstdir, Fransa bu regionda nə gəzir”. Əcnəbilər bir-birinə qəribə şəkildə baxır, Azərbaycandan olan iştirakçılar isə başını aşağı salıb deputatın yerinə utanır, bəziləri gülməkdən özünü güclə saxlayırdı. Əl-qərəz, təxminən 10-15 dəqiqə deputat mütəxəssisləri danlayıb, şanlı bayrağımızı Parisdə dalğalandırıb sözünü bitirəndən sonra moderator deputata dedi ki, bu şəxslərin heç biri fransız deyil, bu nümayəndələr hamısı elə ən çox imperializmdən əziyyət çəkən adamlardır. Azərbaycanlı, əcnəbili hamı gülməyə başladı. Hətta deputat Litvadan olan nümayəndəyə əl uzatdı ki, guya üzrxahlıq edir, adam əlinə əl vermədi.
Bir neçə nəfər çıxıb çölə biabırçılığın daha çox davam etməsini görməmək üçün siqaret çəkirdik. Həmin deputat getmək üçün çölə çıxdı. Ürəyimdə fikirləşdim ki, yəqin etdiyi səhvi anlayıb, utandığından məclisi tərk edir. Deyir, sən saydığını say, gör fələk nə sayır. Deputat çöldə dayananlardan birinə üzünü tutaraq, məğrur-məğrur gülümsəyərək dedi ki, necə pazladım onları?
Təsəvvür edirsiniz, adam utanmaq yerinə hələ etdiyi hərəkətin önəmli olması ilə qürrələnirdi.
Kimsə deyəcək ki, deputatın adını niyə çəkmirsiniz. Deputatın adını çəkmək çox asandır, sadəcə adı çəkilən zaman məsələnin mahiyyəti qalacaq kənarda, deputat hədəf olacaq. Sırf diqqəti mahiyyətə ayırmaq üçün ada ehtiyac görmürəm.
Mahiyyət nədir? Azərbaycanı belə təmsil edirlər. Litvalını fransız kimi danlayırlar, imperializmdən ən çox əziyyət çəkəni imperialist adlandırırlar. İştirak etdikləri tədbirin adını belə oxumurlar. Əsas odur, aldıqları tezisə uyğun xaricini danlasınlar, ikili standartdan danışsınlar. Lap haqlı ol, belə vəziyyətdə kim sizi ciddiyə alar?
Nümayəndələrdən birinə sual verdim ki, özünüzü imperialist kimi necə hiss edirsiniz? Qəhqəhə çəkərək cavab verdi ki, bir-iki saatlıq olsa da, özümü imperialist kimi hiss etməyim çox möhtəşəmdir.
Hər şeyimiz belədir. Məntiq yox, obyektiv yanaşma yox. Gədəbəydə insanlar etiraz edir. Erməni mətbuatının manşetindən düşmürük. Laçın dəhlizində ekoloji aksiya zamanı göyərçini boğub öldürənin videosu və ekoloji fəlakətə qarşı aksiyada qadının gözünə sıxılan gözyaşardıcı qaz. Hər dəfə yazanda ki, Azərbaycan özünü Qarabağda yaşayan ermənilər üçün cəlbedici etməlidir, ardınca mütləq bir qeyri-adi hadisə ilə gündəmlərinə gəlirik.
Dağın başında etiraz edilir, xarici qüvvə izi axtarışına düşülür. Soruşmaq ayıb olmasın, xarici qüvvə ölkəyə təsir etmək istəsə, dağın başında nə edir ki, Bakıda təxribat törətmək o qədər çətindir? Deyirlər, bunlardan yazmaq olmaz. Hər kəsin bildiyi şeydən heç kim yazmasın, nə dəyişir? Sənin manşetini xarici güclər bəzəsin, Ermənistan mediasının manşetini gerçəklər. Azərbaycan insanını Ermənistan mediasının qucağına kim və niyə itələyir? Məqsəd nədir?
İcra başçısı etiraz edənlərə deyir ki, yaşlı qadınsan, niyə evinə getmirsən? Adama deyərlər ki, Azərbaycanda pensiya yaşından xəbərin yoxdur? Adamların çörəyi təbiətdən, torpaqdan çıxır, lap yaşı da çoxdur, sənə nə var?
İcra başçıları və digər məmurlar qulluqçu olduqlarını unudurlar. Dövlət qulluqçuları. Reallıq hissinin itməsi budur. Qulluqçu özün şah hesab edəndə, əlbəttə ki, kameraya deyəcək ki, kənara çəkil, pis düşürəm. Rayonun problemi artıq ölkə xaricində müzakirə edilir, icra başçısının dərdi gözəl düşmək dərdidir. Yeri gəlmişkən, icra başçısının aksiya edənlərə bir baxışı var, gəl görəsən. O baxışı “Kurtlar Vadisi”ndə Polad Ələmdar Çakıra baş qaldıran Xalidin qardaşının başını kəsərkən “ben racon kesmem, kafa keserim” deyərək atmışdı.
Hər şeyi süpürün yatağın, palazın altına, gizlədin, nəsə dəyişəcək? Yox, əksinə bu tip məsələlər müzakirə olunmadıqca aqressiya daha da artacaq, enerji yığılacaq və bu enerji bir gün mütləq şəkildə bir yerdən çıxacaq.
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder