Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tarixinə bnəzər salsaq, tərəflər arasında hansısa razılığın əldə olunma ehtimalı yarandığı zaman Ermənistanda mütləq hakimiyyət çevrilişi baş verib. Hazırkı reallıq ondan ibarətdir ki, tərəflər sülhlə bağlı müsbət fikirlər səsləndirir. Şifahi razılığın olduğunu da deyə bilərik. İlk dəfə Ermənistan Nikol Paşinyanın dili Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi.
Bundan əlavə, ilk dəfə Brüsseldə konkret bir vaxt müəyyən edilmişdi ki, sərhədlərin delimitasiyası ilə bağlı komissiya işə başlayacaq. Düzdür, tərəflər komissiyanın yaradıldığını bildirsə də, fəaliyyətə başlamayıb. Açığı, yaxın zamanda başlayacağı da sual altındadır.
Ermənistanda adına “revanşist” dediyimiz qüvvələr mitinqlərə, küçə yürüşlərinə start verib. Açığı, bunun arxasında Rusiyanın dayandığı heç kimə sirr deyil. Bunu niyə əminliklə deyirik? Çünki münaqişənin həll olunmasını istəməyən tərəf məhz Rusiyadır. Rusiya bölgənin əldən çıxmasını qətiyyən istəmir. Ukraynadakı hadisələrin gedişatı onu göstərir ki, Qərb bloku Rusiyanı bütün istiqamətlərdə neytrallaşdırmaq istəyir. Ermənistan XİN rəhbərinin ABŞ-yə dəvət edilməsi onu deməyə əsas verir ki, Qərb Ermənistanda da Rusiya ilə mübarizə aparmaq niyyətindədir.
Ukraynaya baxdıqda Rusiyanın əli Ermənistanda daha güclüdür deyə bilərik. Birincisi, Ermənistanda Rusiyanın hərbi bazası var. İstənilən ölkədə başqa bir ölkənin hərbi bazasının olması hər zaman təhdid elementidir.
Paşinyanı devirmək o qədər də asan olmayacaq. Çünki Qarabağda məğlub olan liderə erməni cəmiyyəti yenidən etimad göstəribsə, onun yıxılması o qədər sadə ola bilməz. Rusiya və onun arxasında durduğu revanşist qüvvələr Ermənistanda heç vaxt dinc yolla hakimiyyəti ələ ala bilməz. Ona görə də Ermənistanda hadisələrin getişatı sırasında silaha əl atılması ehtimalı var və buna hazır olmaq lazımdır.
Təkcə Ermənistanda yox, həm də Qarabağda və sərhəddə revanşistlər fəaliyyət göstərir. Kəlbəcər istiqamətində atəşkəs pozulur və maraqlıdır ki, bunu ermənilərin özləri də etiraf edirlər. Hətta İrəvanda mitinq edənləri Qarabağa səsləyirlər ki, gəlib Qarabağı qorusunlar.
Bundan başqa, Qarabağdakı qanunsuz erməni silahlı dəstələri mühəndis-istehkam işi ilə məşğul olurlar. Səngərlər qazır, bəzi istəqamətlərdə isə möhkəmləndirmə işləri aparırlar. Maraqlı olan budur ki, ermənilər mühəndis-istehkam işlərini Rusiya sülhməramlılarının nəzarəti, mühafizəsi altında həyata keçirirlər.
Düşünürəm ki, bu, müharibə səbəbdir. Ancaq Azərbaycan məsələni hələ ki müharibə ilə həll etmək niyyətində deyil. Çünki bunun üçün zəmin yaranmayıb. Ermənistanda hadisələrin inkişaf tempinə görə Azərbaycan ordusu tam döyüş vəziyyətinə gətiriləcək. Bu təkcə Ermənistanla Azərbaycan arasında olan problemə görə yox, yarana biləcək təhlükəni önləmək üçün edilməlidir.
Hadisələrin gedişi onu göstərir ki, ABŞ-Rusiya qarşıdurmasını Ermənistanda da izləyə bilərik. Əgər mitinq və aksiyalar silahla əvəz olunsa nəinki yeni müharibə, regionda siyasi sərhədlərin dəyişmə ehtimalı da ola bilər.
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder