14.05.2022

Rusiya Qarabağ probleminin "açar"ını öz əlindən buraxmaq istəmir - Səxavət Məmməd yazır

İkinci Qarabağ Müharibəsinin nəticəsi özü ilə birgə yeni reallıqlar da gətirib.

Tərəflər yeni reallıqlara ayaq uyduraraq siyasətlərini qururlar.

Bu siyasət yaxın, orta və uzaq vədəlidir.

Ermənistan Paşinyanın dili ilə tez-tez sülhdən, yeni reallıqlardan danışır. Paşinyanın çıxışları yaxın vədədə gözə kül üfürmək kimidir. Belə ki, hər çıxışında sülh deyir, ancaq hər dəfə də işin içinə bir əmma qatır. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deməklə yanaşı, Qarabağdan silahlıların çıxarılmasına qarşı çıxır. Erməni xalqının hüququndan bəhs edir. Yeni reallıqlara uyğunlaşan erməni siyasi elitası, əslində, köhnə siyasəti yeniləyərək davam etdirməkdədir. Sadəcə olaraq prosesin uzadılması üçün iş görülür. Sülh üçün hansısa addım atılıb? Yox! Delimitasiya və demarkasiya ilə bağlı komissiya işə başlamalıdır. Əslində, bu da yenilik deyil. Rusiyadakı tərəflərin görüşündə də bu barədə razılıq əldə olunuşdu.

Ermənistanda baş verən hadisələrə baxanda keçmiş yada düşür. Tərəflər arasında hansısa bir razılaşmaya yaxın hal olanda dərhal çevriliş, çevrilişə cəhd baş verir, bunlar baş tutmasa belə, ən azı, mitinqlər təşkil edilir. Yəni mən istəyirəm, xalq istəmir. Cümlədəki “xalq”ı “Rusiya” kimi də oxuya bilərik.

Erməni tərəfi təkcə bununla da işini bitmiş saymır. Son zamanlar Qarabağda baş verən hadisələrə diqqət edəndə açıq şəkildə görünən odur ki, əgər bu siyasət uğurla yekunlaşsa, Qarabağda Ermənistanla Azərbaycan yox, Rusiya ilə Azərbaycan üz-üzə qalacaq. Diqqət etmək lazımdır. Artıq atəşkəs xəbərləri Rusiyanın dilindən səslənir. Hadisələrlə bağlı Rusiya Ermənistandan daha aqressiv reaksiya verir. Azərbaycan ordusu hansısa addım atmağa cəhd edəndə qarşsında erməni silahlıları yox, məhz ruslar peyda olur. Fərruxdan öncə isə proses fərqli idi. Ruslar tərəf kimi yox, “ağsaqqal” kimi davranırdı.

İndi nə baş verir? Bir qədər geriyə gedək.

Azərbaycana məxsus maşın karvanının qarşısı kəsildi, erməni “polis”lərlə yoxlama həyata keçirildi və bu, Rusiya Müdafiə Nazirliyi tərəfindən yayımlandı. Bu azmış kimi, əhalinin yolkəsmə aksiyasını da təşkil etdilər. Buradan çıxan nəticə: Rusiya münaqişəni başladan, istədiyi vaxt yumşaldıb, istədiyi vaxt gərginləşdirib, istədiyi vaxt da davam etdirən tərəfdir. Fərrux istiqamətində də eyni proses baş verdi. Azərbaycan ordusu 55 dəqiqəyə əməliyyatı bitirdi. Ardınca ruslar ərazidə peyda oldu və təminatda problem yaratdı. Fərrux kəndində cəmi bir ailə üçün xeyli sayda qüvvə yeridərək guya kəndi qoruyurlar. Bir neçə gün əvvəl Azərbaycan ordusu Tərtər rayonunun Seyidsulan kəndi istiqamətdə boş mövqelərə yerləşməyə cəhd etdi, əslində, daha çox bunun imitasiyasını həyata keçirdi. Qarşısında kim bitdi? Rusiya sülhməramlıları. Baş verənlərə baxanda Ermənistan da Rusiyanın bu fəaliyyəti üçün əlindən gələni edir.

Orta vədədə prosesin bu şəkildə davam edib Qarabağda Rusiya ilə Azərbaycanın üz-üzə qalması və vəziyyətin kəskinləşməsi hesablana bilər. Proses kəskinləşdiyi təqdirdə isə Rusiya qondarma respublika qura və onu tanıya bilər. Bu, erməni tərəfinin uzun vədəli planı üçün də keçərlidir.

Burada əsas məsələ Azərbaycanın hansı addımlar atacağıdır. Azərbaycanın qısa vədəli planında sülh sazişinin imzalanması var. Azərbaycan tərəfi bunun üçün 5 prinsipini təklif edib və Ermənistan da bunu qəbul edib. Orta vədəli plan, hətta proses tam istənildiyi kimi həyata keçərsə, uzun vədəli plan Qarabağın dağlıq hissəsinə qaçqınların köçürülməsi ola bilər.

Plan baş tutmasa və vəziyyət kəskinləşsə, nələr ola bilər? Azərbaycan tərəfinin əlində hansı rıçaqlar var? Birincisi, antiterror. Türkiyənin Şuşa Bəyannaməsinə sadiqliyi ilə bunu həyata keçirə bilər. Bu təkcə erməni silahlılarına qarşı yox, həm də rusların ərazidən çıxarılması bahasına başa gələ bilər. Təbii ki, bunun üçün Azərbaycan arxasına təkcə Türkiyəni yox, həm də müharibdə olduğu kimi İngiltərə və İsraili almalıdır. Yəni təkbaşına və Türkiyə ilə birgə bunun baş tutması heç inandırıcı görünmür.

Bu məsələdə ən son ehtimal isə Zəngəzurdur. Müharibədən sonra Azərbaycan işğal altındakı rayonları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu adı altına iki yerə böldü. Qarabağı anladıq. Bəs niyə məhz Zəngəzur yox, Şərqi Zəngəzur? İllər sonra belə bir sual ortaya çıxacaq: Zəngəzurun şərqi varsa, bəs qərbi hanı? Yəni bilavasitə o adla Azərbaycan Ermənistana bir mesaj da yollamış olur ki, tarixi torpaqlar nə vaxtsa gündəmə gələ bilər. Dolayısı ilə proseslərin gedişində Qarabağ məsələsi düyünə düşsə, Azərbaycana qarşı ərazi iddiası irəi sürülsə, pis halda hansısa qondarma qurum yaradılması planlaşdırlsa, Azərbaycan məhz o ad altına münaqişəni Ermənistan ərazisinə daşıya biləcək. Düzdür, Azərbaycan tərəfi bu barədə heç bir fikir səsləndirmir, ancaq erməni tərəfi vəziyyəti kəskinləşdirsə, bunu çıxışlarda, bəyanatlarda, rəsmi olmasa belə, hakimiyyətin sözçülərinin (politoloq, siyasi şərhçi, partiya sədrləri) dilində eşidə bilərik.

Əslində, Paşinyan “sülh, sülh” deməklə həm də bunu hesablayır. Prosesin öz ölkəsinin ərazisinə keçməməsi üçün çıxışlar edir.

Görünən odur ki, Rusiya Qarabağ probleminin “açar”ını öz əlindən buraxmaq istəmir. Rusiya Ukraynada məğlub olsa, regional güc olmaq üçün mütləq bir neçə münaqişə ocağının açarını öz əlində saxlamağın vacibliyini anlayır. Əgər bu açarlar əldən çıxsa, Rusiyanın varlığı ilə yoxluğu bilinməyəcək.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics